NKPI

Maraqlı Məlumatlar

FRANKLİN DELANO RUZVELT – BÖYÜK SİYASƏTÇİ, MÜDRİK DÖVLƏT BAŞÇISI

 

Franklin Delano Ruzvelt 1882-ci il yanvarın 30-da anadan olmuşdur.

İlk mürəbbiyəsi Reynxart Franklinə alman dilini öyrədir və ibtidai məktəb bilikləri verirdi.

O, 1899-cu ildə Harvard Unuversitetinə daxil olur. Universitetdə maksimum sayda kurslara, ilk növbədə humanitar elmlər sahəsindəki kurslara yazılır.

1903-cü ildə Franklin, Universiteti bitirərək bakalavr diplomu aldı.

1902-ci ildə Franklin qatarda uşaqlıqdan tanıdığı, Teodor Ruzveltin qardaşı qızı Eleonora ilə rastlaşır və özünə çox yaxşı həmsöhbət tapır. Onlar mütəmadi olaraq görüşürlər. Franklin onu sevir, o da bu sevgiyə müsbət cavab verir.

1905-ci ilin martın 17-də ABŞ-ın prezidenti Teodor Ruzvelt Nyu-Yorka gəldi ki, müqəddəs Patrik günü paradı qəbul etsin və qardaşı qızı Eleonoranın toyunda iştirak etsin. Dəlicəsinə bir-birini sevən cütlük bu günü ona görə seçmişdi ki, prezidentə toyda iştirak etmək asan olsun.

1907-ci ildə Franklin Ruzvelt hüquq məktəbini bitirir. 1910-cu ildə Nyu-Yorkda ştatın loqislaturasına deputat seçilir.

1917-ci il noyabrın 5-də F.Ruzvelt yenidən senator seçilir. 1913-cü il yanvarın ortasında ABŞ-ın yeni prezidenti V.Vilson F.Ruzvelti yanına çağıraraq söhbət edir və ona ABŞ-ın dəniz nazirinin müavini vəzifəsini təklif edir. Franklin Ruzvelt böyük məmnunluqla bu təklifi qəbul edir. Artıq 1913-cü ilin martında 30 yaşı yenicə tamam olan Franklin dəniz nazirinin müavini olur.

1921-ci ilin avqustunda Franklin idarə etdiyi yaxta ilə balıq ovuna çıxmışdı. O, tarazlığını itirərək suya yıxılır, bir neçə saniyənin içində soyuq su bədənini dondurur. Onu tez sudan çıxarsalar da, qeyri-iradi titrəmədən uzun müddət özünə gələ bilmir.

1921-ci il avqustun 12-də Franklin artıq ayağa qalxa bilmirdi, ayaqları sözünə baxmırdı. O, sinəsinə qədər iflic olmuşdu, hətta əlinə karandaş da ala bilmirdi.

Bu illərdə Franklin Ruzveltin ətrafında etimad göstərilmiş köməkçilər dərnəyi yarandı ki, ona da Xou rəhbərlik edirdi. Franklin çox tezliklə anladı ki, o, ağır xəstəliyə düçar olub və bütün qətiyyətini mobilləşdirməklə onunla mübarizə apara bilər. Sonralar Ağ Evin həkimi olmuş R.Makintayr yazmışdı: “Heç kim və heç vaxt görmədi ki, o, intizamını zəiflədib”.

Franklin saatlarla məşq edirdi. O, hər bir əlverişli şəraitdə göstərmək istəyirdi ki, sağalmağa doğru gedir.

Bu illər ərzində Franklin olduqca çox oxuyar, xüsusən də Amerika tarixinə aid kitablardan öyrənərdi. Əgər oxuduğu kitab onu maraqlandırırdısa, Franklinin həyat yoldaşı Eleonora müəllifi axtarır, onu evə dəvət edirdi. Müəlliflərlə söhbətlər onların ideyalarını aydınlaşdırırdı.

1922-ci ildə F.Ruzvelt Amerika tikinti şurasının prezidenti seçildi və altı ildə çalışdı ki, iyirminci illərin tikinti bumu xaosunda planlaşdırmanın rüşeymlərini yaratsın.

1928-ci ildə seçkilərdə F.Ruzvelt yenidən Nyu-York ştatnın qubernatoru seçildi. Bütün ölkədə respublikaçılar qalib gəlsə də, Franklinin demokrat olaraq qubernator seçkisində qalib gəlməsi onun şəxsi qələbəsi idi.

1932-ci il noyabrın 8-də prezident seçkiləri Franklin Ruzveltin qələbəsi ilə başa çatdı. Onun rəqibi Q.Quver 15,7 milyon səs topladığı halda, Ruzvelt 22,8 milyon səs qazandı.

1936-ci il noyabr seçkiləri Ruzveltə ağlasığmaz dərəcədə üstünlük gətirdi. Ona 27 752 309 seçici səs vermişdi, rəqibi Landon isə cəmi 16 682 524 səs toplamışdı.

1937-ci il yanvarın 20-də Ruzvelt leysan yağışı altında prezident andı içdi.

Ruzveltin hərbi assiqnavasiyaları ölkənin milli gücünü artırdı, ordu 220 min nəfər artdı, aviasiya 8500 təyyarəyə malik oldu.

1939-cu il sentyabrın 1-də alman diviziyaları Polşanın içərilərinə doğru irəlilədi. Almanlar Polşa şəhərlərini bombalayır, qocalar, qadınlar və uşaqlar məhv olurdu. Hiddətlənmiş Franklin Ruzvelt İngiltərə, Fransa, İtaliya, Almaniya və Polşaya müraciət göndərir: “Dinc əhalini havadan rəhmsizcəsinə bombalamaq insanlığın vicdanını dərindən sarsıtdı. Ona görə də hərbi əməliyyatlarda iştirak edə biləcək hər bir hökumətə müraciət edirəm. Onlar açıq təsdiq etsinlər ki, hərbi qüvvələri heç vaxt və heç bir şəraitdə dinc əhalini havadan bombalamayacaq. Təcili cavab tələb edirəm. ABŞ-ın prezidenti Franklin Delano Ruzvelt.

1940-ci il iyunun 15-də ilkin tədqiqatlarla inandırılmış Ruzvelt atom silahı üzərində işə başlamaq haqqında əmr verdi. İyunun 17-də ABŞ hökuməti bəyan etdi ki, Avropa ölkələrinin idarəçiliyinin qərb yarımkürəsində başqa əllərə keçməsini tanımır.

İyunun 25-də Fransa təslim oldu və İngiltərə yenilməz vermaxt qarşısında tək qaldı.

ABŞ  hesab edirdi ki, Hitler ordusuna 6 ay vaxt lazımdır ki, İngiltərəni zəbt etsin və daha 6 ay lazımdır ki, öz mövqelərini möhkəmləndirsin. Deməli, ABŞ-ın bir il vaxtı var ki, yaxşı hazırlaşsın.

Çerçill hər halda Vaşinqtonu aktiv fəaliyyətə sövq etməyə çalışırdı.

Franklin Ruzveltin şəxsi taleyi təlatümlü beynəlxalq hadisələrlə sıx bağlı idi. Onun Ağ Evdə ikinci dəfə prezidentlik müddəti sona yaxınlaşırdı. Amerika Birləşmiş Ştatlarında tarixi prezident mövcud idi – heç bir adam heç bir vaxt üç dəfə ardıcıl olaraq prezidentliyə öz namizədliyini irəli sürməyə nail olmamışdı. Bu, Franklin üçün çətinliklər yaratmışdı: onun prezidentlik müddəti sona yaxınlaşdıqca demokratik partiyada didişmələr başladı, pərdəarxası maxinasiyalar gücləndi, siyasətçilər yeni namizəd axtarmağa başladılar. Konqres də ona tabe olmamağa başladı.

1940-cı il iyulun 15-də Çikaqoda konvent açıldı. Amma Ruzveltin öz namızədliyini irəli sürüb-sürməyəcəyi dəqiq deyildi.

1940-cı il noyabrın 5-də 50 milyon amerikalı səsvermədə iştirak etdi. Namizədlər Ruzvelt və Uilki idi. Ruzvelt 27 243 466, Uilki 22 304 755 səs almışdı. 58 yaşlı Franklin Ruzvelt üçüncü prezidentlik dövrünə olduqca böyük siyasi təcrübə ilə başlayırdı. Artıq İngiltərənin bütün ehtiyatları tükənməkdə idi və Çerçill dekabrın 9-da Ruzveltə göndərdiyi müraciətində vəziyyətin çox ağır olduğunu və ABŞ-dan daha sərfəli şərtlərlə kömək gözlədiyini bildirdi.

1941-ci il avqustun 9-da Atlantik okeanında Ruzvelt və Çerçillin tarixi gizli görüşü oldu və üçgünlük danışıqlar nəticəsində “Atlantika xartiyası” imzalandı.

Ruzvelt hesab edirdi ki, “Atlantika xartiyası” dünyada Amerika hökmranlığının proqram sənədidir.

1941-ci il noyabrın 7-də Ruzvelt elan etdi: “Bu gün mən aydınlaşdırdım ki, Sovet İttifaqının müdafiəsi Birləşmiş Ştatların müdafiəsi üçün çox əhəmiyyətlidir”.

Prezident SSRİ-yə köməyin geniş planını təqdim etdi. Öz məsləhətçilərinin çox böyük heyrətinə səbəb olan planı o, 1941-ci ilin sonunda elan etdi: neytral ölkələrin bütün yun məmulatını almaq. O, belə fikirləşirdi: a) mümkündür ki, ruslar almanları dayandıra bilərlər; b) əgər belə olsa, qış kampaniyası qaçılmazdır; c) qış həmişə Rusiyaya hücum edən ordu üçün ağır olur; ç) qış geyim forması üçün almanlara çoxlu yun lazım olacaq; d) onlara bunu almağa imkan verməmək. Bu ağıllı, düşünülmüş planın həyata keçib-keçmədiyi haqqında heç nə məlum deyil.

1941-ci il noyabrın ortalarında Ruzvelt əla bilirdi ki, Yaponiya yaxın vaxtlarda müharibəyə başlayacaq.

1941-ci il dekabrın 7-də Yaponiya elan etmədən Uzaq Şərqdə və Sakit okeanda Amerika və İngiltərənin tabeliyində olan yerlərə hücum etdi. Ruzvelt dekabrın 8-də konqresdən xahiş etdi ki, Yaponiyaya müharibə elan etsin və bu təklif qəbul olundu.

1941-ci il dekabrın 11-də Hitler ABŞ-a müharibə elan etdi. Buna cavab olaraq Ruzvelt konqresdən xahiş etdi ki, Almaniya və İtaliyaya müharibə elan edilməsinə icazə versin . Konqres prezidentin xahişini qəbul etdi.

1942-ci il mayın sonunda Ruzvelt sovet nümayəndə heyəti ilə danışıqlar apardı. O, qəti olaraq sovet nümayəndə heyətinə vəd verdi ki, 1942-ci ildə ikinci cəbhə açılacaq. Lakin ikinci cəbhə 1942-ci ildə açılmadı. 1943-cü ilin mayında Ruzvelt Stalinə təklif etdi ki, Berinq boğazı rayonunda “ağılların görüşü” keçirilsin. Amerika ştabları 1943-cü il iyulun sonu, avqustun əvvəlində prezidentə məlumat verdilər ki, ikinci cəbhənin açılmasını ləngitmək olmaz. 1943-cü ilin avqustunda Kvebekdə Ruzvelt və Çerçilin təcili konfransı çağırılır. Avqustun 23-dəki iclasda Ruzvelt xüsusi qeyd etdi ki, Birləşmiş Millətlərin qoşunları Berlinə ruslardan gec daxil olmamalıdır.

1943-cü il noyabrın 13-də Ruzvelt “Ayova” linkorunda ABŞ-ı tərk edərək təxminən 3 həftə yol gedərək Tehranda Stalin və Çerçillə görüşə gəlir.

Tehranda əldə olunan saziş ABŞ, SSRİ və İngiltərənin birliyini təsdiq etdi. 

1944-cü ilin oktyabrında Birləşmiş Millətlər bütün cəbhələrdə böyük uğurlar qazandı və Ruzvelt çox bacarıqla qələbələr haqqında məlumatları siyasi dövriyyəyə buraxdı. Noyabrda Ruzveltin qələbəsi çox da möhtəşəm deyildi. O, 25,6 milyon, Dyui isə 22 milyon səs qazanmışdı.

1945-ci il yanvarın 20-də Ruzvelt prezident andı içdi və 22-də gizli olaraq Yaltaya getdi. Fevralın 4-11-də Stalin, Çerçill və Ruzveltin iştirakı ilə tarixi Yalta konfransı keçirildi. Burada Almaniyanın gələcəyi müzakirə olundu.

Yaltada qərara alındı ki, 1945-ci il aprelin 25-də Birləşmiş Millətlər Təşkilatı (BMT) yaratmaq üçün konfrans çağırılsın. Hökumət rəhbərləri Almaniyanın gələcək işğal zonalarını təsdiq etdilər.

ABŞ-a qayıtdıqdan sonra konqresdə bu konfrans haqqında məlumat verən prezident onun qərarlarının əhəmiyyətini də qeyd etdi.

1945-ci il aprelin 12-də Franklin Ruzvelt dünyasını dəyişdi.

Dünyanın ən güclü dövlətlərindən biri olan, hazırda faktiki olaraq dünyada hökmranlıq edən ABŞ bu uğurları üçün onun tarixində müstəsna rol oynamış Franklin Ruzveltə borcludur.

Dahi şəxsiyyətlərin həyat dərslərindən istifadə etmək hər zaman faydalıdır.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-10-25   41597