NKPI

Maraqlı Məlumatlar

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

(1908-1975) 

Murtuza Fətulla oğlu Nağıyev 1908-ci il mayın 5-də Cənubi Azərbaycanın Sərab şəhərində, yoxsul ailədə dünyaya gəlmişdir. Oxumağın ləzzətini Nağıyev ilk dəfə leytenant Şmidt adına maşınqayırma zavodunda çilingər köməkçisi işləyərkən hiss etmişdi. O, bu zavoda 1921-ci ildə gəlmişdi. 1923-cü ildə fabrik zavod şagirdliyi (FZŞ) kursunu bitirib, fəhlə peşəkarlığını artırmışdı. 1926-ci ildə o, Azərbaycan Dövlət Universiteti nəzdində fəhlə fakultəsinə daxil olur və oranı dekanlığın əla rəyi ilə bitirir. Təhsilin davam etdirməyə can atan Nağıyev Moskvaya gedir və 1929-cu ildə eyni vaxtda iki ali məktəbin - Moskva Ali Texniki Məktəbinin və Mədən Akademiyasının (indiki İ.Qubkin adına Neft və Qaz İnstitutu) tələbəsi olur. Lakin Moskvada təhsilini başa vura bilmir və Bakıya qayıdır. Bütün bunlara baxmayaraq, istedad istedadlığında qalır. 1932-ci ildə Azərbaycan Sənayə İnstitutunun tələbəsi olan Nağıyev böyük həvəslə tədris prosesinə qatılmaqla yanaşı elmi tədqiqata da maraq göstərir və bu səhədə ilk addımlarını atır. Elmi maraqlarına gəlincə o, hələ gənc yaşlarında aktual problemləri müəyyənləşdirə bilirdi. Həmin vaxtlar aktual problemlərin mərkəzində ölkənin böyük ehtiyac duyduğu əlavə benzinin alınmasına imkan verən termiki krekinq prosesinin problemləri dururdu. Problemin kəskinliyini hiss edən Nağıyev bununla əlaqədar dəfələrlə mətbuatda çıxış etmiş, o cümlədən, 1933-cü ildə «Neft texnikası uğrunda» qəzetində «Bizə antidetonasion keyfiyyətli benzin lazımdır» adlı məqaləsini dərc etdirmişdir. Bu istiqamətdəki tədqiqatların ilk ciddi nəticəsi benzinin yeni üsulla-buxar fazalı krekinq üsulu ilə alınmasının kəşfi oldu. Həmin kəşfinə görə gənc alim hələ tələbə ikən, 1934-cü ildə SSRİ-nin müəlliflik şəhadətnaməsini almışdır. Müvəffəqiyyətdən ruhlanan Nağıyev 1934-1935-ci illərdə neft emalı qurğularının müxtəlif elementlərinin-injektorların və ejektorlarının hesablanması metodlarını işləyib hazırlamışdır.

1935-ci ildə institutu bitirən Nağıyev Vano Sturua adına Bakı krekinq zavoduna göndərilir. Burada o, 1938-ci ilə kimi qısa bir müddətdə mühəndis fəaliyyətinin bütün mərhələlərini keçir əvvəlcə sex rəisinin müavini, daha sonra mühəndis-konstruktor və zavodun baş mühəndisi vəzifələrində çalışır. Istehsalatda işləmək tədqiqatçı «damarı» da özünü göstərirdi. Krekinq prosesini dərindən öyrənən Nağıyev onun təkmilləşdirilməsi üçün bir sıra təkliflər irəli sürür. Elmə olan maraq getdikcə artırdı. Bu, zavod rəhbərliyinin gözündən yayınmadı. 1937-ci ildə Nağıyev Neft Emalı Elmi Tədqiqat İnstitutuna (AETNEİ) keçirdilər. Artıq 1939-cu ildə Nağıyevin dərc olunmuş tədqiqatını bir neçə məziyyətinə görə ilk əsər adlandırmaq olar, çünki bu əsərdə sonradan hamının başa düşdüyü kimi, kimya texnologiyası nəzəriyyəsinin bir neçə bölməsinin predmeti olan məsələlər həll olunurdu. Yalnız böyük zəhmətsevərlik və istedadı hesabına qısa bir vaxt ərzində, təxminən bir ildən bir qədər çox müddətə Nağıyev kimya texnologiyasının ümumi nəzəriyyəsində ən mühüm tədqiqatlardan birini həyata keçirir. Bu, elmin çox-çox sonra geniş inkişaf etmiş riyazi modelləşdirmə və kimyəvi proseslərin sistemli analizi kimi sahələrində ilk iş, yeni istiqamətin-resirkulyasiya prosesləri haqqında təlimin başlanğıcı oldu. Həmin işdə ən mürəkkəb struktura malik kimya texnologiyası obyektlərində tez və dəqiq hesablamalar aparılırdı. Riyazi modelləşdirmənin müjdəçisi olan bu əsərdə ilk dəfə kimya sənayəsi üçün riyazi model işlənilmişdi. İlk dəfə olaraq texnoloji kompleksin ayrı-ayrı aparatların məcmusu kimi deyil, onların qarşılıqlı təsir və əlaqəsi baxımından vahid sistem kimi riyazi təsvir metodu, başqa sözlə, proseslərin tədqiqinə sistemli yanaşma təklif olunurudu. Təqiqatda həmçinin ilk dəfə kimyəvi prosesin intensifikasiyasının əsas şərti-ilkin xammalın aşağı dərinlikdə çevrilməsi ilə işin aparılması dürüst ifadə edilmişdir. Nağıyev dərk edirdi ki, bu zərurət kimyəvi reaksiyaların özünün təbiəti ilə bağlıdır və bununla hesablaşmaq lazım gəlirdi. Kimyanın obyektiv qanunlarına görə, sürətləndirilmiş rejim şəraitində kimyəvi prosesin intensifikasiyası yolverilməzdir.

Termiki krekinq tədqiqatlarını davam etdirən Nağıyev tezliklə əldə etdiyi nəticələri 1940-cı ildə Moskvada müdafiə etdiyi «Resirkulyasiyalı krekinq zamanı benzin çıxışının tədqiqi» mövzusunda namizədlik dissertasiyasında ümumiləşdirdi.

1940-cı ildə o, M.Əzizbəyov adına AzSİ-nin neft zavod mexanikası kafedrasının dosenti olur və burada krekinq texnologiyası və proses və aparatların hesablanması kursu üzrə mühazirə oxuyur. Topladığı materialı ümumiləşdirən Nağıyev 1941-ci ildə özünün ilk monoqrafiyasını «Krekinq texnologiyası və aparatların hesablanması»nı dərc etdirir. Hadisələri dərk etmək, onların mahiyyətinə varmaq həvəsi onu yenidən elmi fəaliyyətə qaytarır. 1942-ci ildən SSRİ EA-nın Azərbaycan Filialına (1945-ci ildən Azərbaycan EA) baş elmi işçi kimi qəbul olunduqdan sonra o, ömrünü tamamilə elmə həsr edir. O, burada kimya texnologiyasının müxtəlif proseslərinə dair çoxsaylı dərin tədqiqatlar aparır. Onlardan bəzilərinin nəticələri 1943-cü ildə çapdan çıxmış və Y.H.Məmmdəliyevlə birgə yazılmış «Aviasiya yanacaqlarının kimyası və texnologiyasının müasir vəziyyəti» kitabına daxil edilmişdir.

O, 1994-cü ildə «Krekinq prosesinin kinetikasının və texnologiyasının əsas məsələlərinin tədqiqi» mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra, 1945-ci ildə isə professor adına layiq görüldü.

Sürətlə inkişaf edən alim tanınır, nüfuz qazanır, həm də bacarıqlı elm təşkilatçısına çevrilir. 1946-cı ildə Nağıyevə Neft İnstitutunun rəhbərliyi tapşırılır və o, həmin instituta 10 il başçılıq edir.

Kimyəvi kinetika sahəsində işini davam etdirən Nağıyev sənayə reaktorlarının hesablanmasına kinetik aslılıqların tətbiqinin nəzəri prinsiplərini işləyib hazırlayır və bu mövzuya 1950-ci ildə nəşr olunan, tezliklə nadir biblioqrafik nüsxəyə çevrilən «Sənayə sistemləri kinetikasının əsasları» monoqrafiyasını həsr edir.

Nağıyevin elmi fəaliyyəti respublika alimlərinin diqqətindən yayınmır. 1952-ci ildə o, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir və sonradan bölmənin akademik-katibi, vitse-prezident və Akademiyanın akademik-katibi kimi məsul vəzifələrdə çalışır.

Güclü kimyaçı-texnoloq kollektivləri ilə şöhrət qazanmış Moskva, Leninqrad, Novosibirsk, Yaroslavl, Kiyev və digər şəhərlərin alimləri Nağıyev orijinal elmi əsərləri ilə yaxşı tanış idilər və özünü də bu şəhərlərdə çağırılan çoxsaylı konfranslara dəvət edirdilər. Nağıyevin adı dünyada da sürətlə tanınmağa başlayırdı. Xaricə səfər etməyin o qədər də asan olmadığı 1956-cı ildə Nağıyev nüfuzlu alim kimi Filadelfiyada keçirilən kataliz üzrə beynəlxalq konqresə dəvət alır. Nəticələri 1939-cu ildə dərc olunmuş tədqiqatlarını o bir çox başqa işləri ilə yanaşı, demək olar ki, 20 il ardıcıl şəkildə davam etdirmişdir. Bu müddət ərzində onlar müstəqil fənn, özünün prinsipləri, qanunları, müddəaları olan kimya texnologiyası nəzəriyyəsinin yeni bölməsi kimi formalaşmışdı. Həmin bu tədqiqatlar üzrə məruzəsində Nağıyev ilk dəfə xaricdə konqres iştirakçılarını özünün yeni nəzəriyyəsi ilə tanış edir. Məruzə ABŞ-ın elmi ictimaiyyətinin böyük marağına səbəb olur və nüfuzlu «Kemikl injenerinq progress» jurnalında dərc olunur. 1958-ci ildə Moskvada, SSRİ EA-nın nəşriyyatında buraxılmış «Kimya texnologiyasında resirkulyasiya prosesləri haqqında təlim» monoqrafiyasının məzmunu da sözügedən tədqiqatlara həsr olunmuşdu. Bu, dünya elmi ədəbiyyatında resirkulyasiyaya dair ilk monoqrafiya idi. Özünün nəzəri müddəaları və orijinal yanaşmasına görə monoqrafiya xarici alimlərin diqqətini cəlb edir və 1964-cü ildə ingilis dilində Londondakı «Perqamon Press» nəşriyyatında çapdan çıxır.

Nağıyev təliminin müddəaları, o cümlədən kimyəvi-texnoloji obyektlərin modelləşdirlməsi və onların öyrənilməsinə sistemli yanaşma 1960-cı illərin əvvəllərində resirkulyasiya proseslərinin tədqiqatçıları sırasına müxtəlif ölkələrin bir çox alimlərini cəlb etdi. Bu sahələrdə Nağıyevin prioriteti hamı tərəfindən etiraf olundu.

Texnoloji qurğuya bütöv vahid kimi yanaşan Nağıyev həm maddi, həm də istilik resuslarının səmərəli istifadəsinə böyük əhəmiyyət verirdi. Hələ 1950-ci illərdə o, istilik ötürülməsi sahəsində  tədqiqatlara başlamış və istidəyişdirici aparatlar sistemindən optimal istifadə metodunu yaratmışdı.

1960-ci illərdən kimya sənayəsinin inkişafı ilə əlaqədar kimyəvi istehsalın intensifikasiyası məsələləri daha böyük əhəmiyyət kəsb etdi və onların həllini sürətləndirmək məqsədilə Nağıyev institut yaradılması təklifini irəli sürdü.

Belə elmi müəssisənin təşkili üçün baza, əsasən, Nağıyevin çoxsaylı tədqiqatları, onun rəhbərlik etdiyi laboratoriya və şöbələr zəmnində artıq mövcud idi. Təklif bəyənildi və 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu yaradıldı. Bu, həmin dövrdə Sovet İttifaqında belə profilli yeganə institut idi. İnstitutun direktoru vəzifəsində artıq ən mürəkkəb aktual məsələlərin həllinə qadir olan və görkəmli alim kimi taninan M.F.Nağıyev təyin edildi. Bu illərdə Nağıyevin elmi fəaliyyəti təkcə əvvəlki tədqiqatların davamlı inkişafı ilə deyil, həm də yeni metod, prinsiplər, yanaşmalar və geniş nəzəri ümumiləşdirilmələrin yaradılması ilə əlamətdar idi. Bunlardan biri vahid riyazi model əsasında qlobal optimallaşdırılmasına yeni metodoloji yanaşmadır. Lakin bu metod da zamanını qabaqlamışdı. Hesablama texnikasının səviyyəsi qlobal optimallaşdırma məsələsinin həllinə imkan vermirdi. Nağıyev beyni, belə demək mümkünsə, onun qlobal və qabaqlayıcı təfəkkür tərzi vaxtından əvvəl nəzəri prinsiplərin yaradılmasına gətirib çıxarırdi ki, bunların da həmin illərdə həyata keçirilməsi mümkün deyildi. Məsələnin həlli axtarışında Nağıyev həyata keçirilməsi daha asan olan, üç ardıcıl mərhələdə aparılan, lakin vahid qlobal məqsədə tabe edilən üç səviyyəli optimallaşdırma metodunu təklif edir.

Kimyaçılar, adətən, xammaldan birbaşa, bir çevrilmə ilə mümkün qədər çox məhsul əldə etmək istəyirlər, lakin bu zaman, bir qayda olaraq, yüksək temperaturlar, təzyiq, çox vaxt baha başa gələn katalizator daha optimal hesab edilir. Öz növbəsində, belə sürətləndirilmiş rejim çoxlu tullantıların əmələ gəlməsinə, katalizatorların, avadanlığın və s. tez yeyilməsinə gətirib çıxarır. Kimyəvi tədqiqatlara  belə yanaşma ənənəvi və sanki, dəyişilməz idi. Nağıyev ənənəvi yanaşma ilə kimyəvi prosesdə axıra qədər açılmamış imkanları görə bildi və göstərdi ki, ilk baxışda paradoksal səslənsə də, əldə edilmiş optimallığı artırmaq mümkündur. O, prosesin effektivliyinin yüksədilməsi şərtlərini ona resirkulyasiya parametrləri ilə təsir göstərmək metodunu tapdı. Belə yanaşma Nagıyevin bütün tədqiqatlarının leytmotividir. 1970-ci illərin əvvəllərində o, topladığı materialı ümumiləşdirir, onu yeni prinsiplər, postulatlar, teoremlər şəklinə salır. Bu ümumiləşdirmələr onun 1970-75 ci illərdə çapa hazırladığı və Moskvada “Nauka “nəşriyyatında bir-birinin ardınca çıxan “Resirkulyasiya nəzəriyyəsi və kimyəvi proseslərin optimalliğının yüksədilməsi”, «Əks-əlaqəli kimyəvi sistemlər haqqında etüdlər» monoqrafiyalarında əksini tapmışdır. Artıq ağır xəstə olduğu vaxt «Kimyəvi resirkulyasiya» monoqrafiyasını çapa hazırlaya bilmişdi. Həmin monoqrafiya 1978-ci ildə, ölümündən sonra nəşr olundu. Ümumilikdə, Nağıyev 300-dən çox elmi əsərin, o cümlədən, 30-dək monoqrafiyanın müəllifidir.

Bu illərdə alimin xülasə etdiyi əsas prinsip klassik kimyanın ənənələrini rədd edərək, kimyəvi prosesin öyrənilməsinə yeni tərzdə yanaşmağa imkan verən superoptimallığın ümumiləşdirici prinsipi olmuşdur. Bu, reaktorun məhsuldarlığının maksimum həddə çatdirilması, tullantıların isə minimuma endirilməsi şəraitində prosesin aparılmasını nəzərdə tutur. Katalitik proseslərdə o, katalizatorların hesablanmasına yeni yanaşma tələb edir. O, kimyəvi proseslərin aparılmasının başlanğıc şərtləri haqqında da yeni postulat irəli sürür.

Bu prinsipin  həyata keçirilməsi intensiv işləyən, yığcam avadanlıqlı tullantısız istehsalın, yəni resurslara qənaət edən və ekoloji baxımdan təmiz istehsalın yaranması deməkdir. Nağıyevin işləyib irəli sürdüyü nəzəri müddəalar kimyəvi tədqiqatların təşkilinin və kimyəvi istehsalın yaradılmasının mahiyyətcə yeni, daha yüksək pilləsi, kimyanın və kimya texnologiyasının təkamülündə böyük elmi dəyər kəsb edən növbəti mərhələdir.

Alimin istedadı təkcə tədqiqat işləri ilə məhdudlaşmırdı. Bacarıqlı elm təşkilatçısı uzun illər respublikanın akademik institutlarına rəhbərlik etmişdir. 1946-cı ildən 1956-cı ilə kimi Neft İnstitutunun direktoru, 1959-cu ildən 1961-ci ilədək Neft Kimyası Prosesləri İnstitutunun, 1965-ci ildən ömrünün sonunadək Elmlər Akademiyasının özünün yaratdığı Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru olmuşdur. Bu instituta M.F.Nağıyevin adı verilmişdir.

Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətində M.F.Nağıyev bir sıra məsul vəzifələrdə çalışmışdır. 1956-57-ci illərdə o, fizika-texnika bölməsinin akademik-katibi, 1957-59-cu illərdə vitse-prezident, 1961-ci ildə Akademiyanın akademik-katibi işləmişdir.

M.F.Nağıyev elmi-təşkilatı fəaliyyəti ilə yanaşı Azərbaycan SSR Ali Sovetinin və Bakı şəhər sovetinin deputatı kimi ictimai işlə də məşğul olmuşdur.

Özünün bilik və təcrübəsini M.F.Nağıyev elmi və mühəndis-texniki kadrlarının hazırlanması işinə sərf etmişdir. Bir çox illər o, respublikasının ali məktəblərində kurs mühazirələri oxumuş, diplom işlərinə rəhbərlik etmişdir. O, həmçinin 4 elmlər doktoru, 27 elmlər namizədi hazırlamışdır. M.F.Nağıyev məktəbi 4 akademik yetirmişdir.

M.F.Nağıyevin dərin elmi bilikləri və geniş erudisiyası elmi jurnalların redaksiyalarının da diqqətini cəlb edirdi. 1952-ci ildə o, Azərb. SSR EA-nın Məruzələri, 1961-ci ildə «Neft kimyası» jurnalı redaksiya heyətinin üzvü, 1965-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Heyətinin üzvü seçilmişdir. 1961-ci ildən ömrünün sonunadək 15 il müddətində «Azərbaycan Kimya jurnalı»nın baş redaktoru idi.

Kimyanın və kimya texnologiyasının bir çox məsələlərini dərindən bilən alim kimi M.Nağıyev bir sıra elmi şuraların SSRİ Nazirlər Soveti yaninda Elm və Texnika Komitəsinin «Kataliz və onun tətbiqi» şurasının, SSRİ EA-nın «Kinetika və Kataliz» şurasının üzvü, Azərb SSR EA-nın «Reaktorlar nəzəriyyəsi və kompleks kimyəvi proseslərin işlənilməsi» Elmi Şurasının sədri, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi attestasiya komissiyası plenumunun üzvü, Neft Konqresinin SSRİ Milli Komitəsinin üzvü, 1958-62-ci illərdə o, Neft Konqresi Daimi şurasının SSRİ-dən üzvü, 1959-63-cü illərdə Qarşılıqlı İqtisadi Yardım Şurasının iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə daimi komissiyasının kimya sənayesi üzrə üzvü, 1962-67-ci illərdə Azərb SSR EA-nın beynəlxalq əlaqələr üzrə komissiyasının sədri olmuşdur.

Akademik Murtuza Nağıyev 1975-ci il yanvarın 28-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Təltiflər:

1956-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adı

1969-cu ildə “Lenin” ordeni

“Oraq və Çəkic” qızıl medalı

“Sosialist Əməyi” Qəhrəmanı adı

“Qırmızı Əmək Bayrağı” ordeni

“Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı

“Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanlar”-ı

“Azərbaycan SSR Əməkdar Elm Xadimi” Fəxri adı

2015-12-19   42838