NEFT KİMYA PROSESLƏRİ İNSTİTUTU

Institutun tarixi

AKADEMİK Y.H.MƏMMƏDƏLİYEV ADINA NEFT KİMYA PROSESLƏRİ İNSTİTUTUNUN YARANMASININ VƏ İNKİŞAFININ  QISA TARİXİ

Azərbaycan neft kimya və kimya sənayesinin flaqmanı olan AMEA-nın akademik Y.H.Məm­mədəliyev adına Neft Kimya Prosesləri İnstitutu (NKPİ) böyük və şərəfli inkişaf yolu keçmişdir. XIX əsrin ikinci yarısında Azərbaycanda neftlə zəngin yataqların kəşf edilməsi və keçən əsrin 20-ci illərində neftin sonrakı intensiv hasilatı və emalı, neft emalında və neft kimyasında fundamental, təcrübi tədqiqatların intensivləşdirilməsi məsələsini qarşıya qoymuşdur. Bununla əlaqədar olaraq, 1920-ci ildə “Azneft” Birliyi nəzdində Mərkəzi Kimya Laboratoriyası yaradılmış və onun ilk rəhbəri İ.F.Qutt olmuşdur (1924-1933-cü illərdə). 1929-cu ildə bu laboratoriyanın bazasında V.V.Kuybışov adına Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradılmışdır. Bu İnstitutun direktorları 1933-1936-cı illərdə M.A.Kapelyuşnikov, 1940-1942-ci illərdə T.Ə.Tahirova və 1942-1944-cü illərdə N.A.Lutsenko olmuşdur. 1929-cu il indiki NKPİ-nin yaranması tarixi hesab olunur.

1946-cı ildə AzNTİ bazasında iki sərbəst İnstitut yaradılmışdır: Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Neft Çıxarma Elmi-Tədqiqat İnstitutu (AzNÇETİ).

AzNEETİ- nin direktorları 1945-1951-ci illərdə H.H.Haşımov, 1951-1959-cu illərdə V.S.Əliyev olmuşdur.

1959-cu ildə akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə AzNTİ, Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun bir sıra laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində Neft Kimya Prosesləri İnstitutu yara­dılmışdır. İnstituta 1959-1962-ci illərdə M.F.Nağıyev, 1962-1987-ci illərdə isə V.S.Əliyev rəhbərlik etmişdir.Yeni yaradılmış bu institut respublikada və ölkədə ən böyük və aparıcı elmi mərkəzə çev­rilmişdir. NKPİ-yə 1962-ci ildə akademik Y.H.Məmmədəliyevin adı verilmiş və 1967-ci ildə İnstitut “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

1965-1969-cu illərdə NKPİ-nin bəzi elmi şöbələrinin və laboratoriyalarının bazasında daha beş elmi-tədqiqat institutu, yaradılmışdır:

- akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

- akademik M.F.Nağıyev adına Kimya Texnologiyalarının Nəzəri Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu);

- ÜİET Qaz Emalı İnstitunun Azərbaycan filialı;

- NKPİ-nin Sumqayıt filialı(indiki Polimer Materialları İnstitutu)

- Radiasiya Tədqiqatları Sektoru (indiki Radiasiya Problemləri İnstitutu)

Beləliklə, NKPİ faktiki olaraq Azərbaycanda kimya elminin və sənayesinin yaranmasına və inkişafına böyük təkan vermişdir.

1987- 2011-ci illər ərzində instituta akademik M.İ.Rüstəmov rəhbərlik etmişdir.

2011-ci ildən İnstituta akademik V.M.Abbasov rəhbərlik edir.

85 illik fəaliyyəti dövründə İnstitutun alimlərinin elmi işləri Azərbaycan neftlərinin tədqi­qinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və kata­lizatorların yaradılmasına, kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, neftkimya sintezi sahəsində fundamental tədqiqatların aparılmasına və Azərbaycan neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib hazırlanmasına həsr olunmuşdur.

Neftin tədqiqi və emalı sahəsində aparılan elmi tədqiqatların inkişafında və milli kadrların hazırlanmasında bir çox tanınmış rus alimləri öz töhfəsini vermişdir. Onların arasında: L.Q.Qur­viç, N.D.Zelinski, S.S.Namyotkin, M.A.Kapelyuşnikov, İ.F.Qutt, V.F.Qerr, K.P.Lixuşin, M.A.Plotko, N.İ.Çernojukov, A.A.Quxman, K.V.Kostrin və b. göstərmək olar. Eyni zamanda institutda müxtəlif illərdə məşhur azərbaycan alimləri Y.H.Məmmədəliyev, M.F.Nağıyev, V.S.Əliyev, A.M.Quliyev, V.S.Qutırya, M.A.Dalin, R.H.İsmayılov, S.C.Mehdiyev, B.Q.Zeynalov, İ.M.Orucova, Ş.M.Məmmə­dov, S.M.Əliyev, B.A.Dadaşov, M.Ə.Mərdanov, S.Ə.Sultanov, R.H.Rizayev və b. fəaliyyət göstər­mişlər. Uzun müddət İnstitutda akademiklər A.H.Əzizov və D.B.Tağıyev çalışmışlar.

Hazırda institutda öz elmi məktəblərini yaratmış və dünya miqyasında elmi uğurları ilə tanı­nan akademiklər M.İ.Rüstəmov, M.Ə.Məmmədyarov, V.M.Abbasov, müxbir üzvləri F.İ.Səmədova, N.F.Canıbəyov, H.M.Əlimərdanov, Z.H.Əsədov və onlarla elmlər doktoru fəaliyyət göstərir.

Bu alimlərin fundamental tədqiqatlarına əsasən yeni elmi istiqamətlərin bünövrəsi qoyulmuş, ölkəmizə dəyərli töhfəsini vermiş neft emalı, neft kimyası sahəsində mütəxəssislər, kimyaçı-texnoloqlar məktəbi yaranmışdır.

Son illərdə İnstitutun fəaliyyəti nəticəsində ənənəvi istiqamətlərdə aparılan tədqiqatlarda yeni, daha mühüm nəticələrə nail olunmuşdur. Onlardan aşağıdakıları göstərmək olar:

  • neftlərdə yüksəkmolekullu heteroatomlu və asfalt-qatran birləşmələri, onların mikroelement tərkibi və həmçinin oksigen, azot tərkibli birləşmələri öyrənilmiş, Azərbaycan neftlərinin keyfiy­yətinə dair məlumat bankı yaradılmışdır;
  • riforming benzininin benzol fraksiyasının hidrogenləşməsi, alkilləşməsi və katalitik krekin­qin yüngül benzin fraksiyasının hidrotəmizlənmə proseslərindən, oktan ədədini qaldıran oksigen­ləşdirilmiş əlavələrdən istifadə etməklə tərkibində aromatik karbohidrogenlərin, benzolun və kükür­dün miqdarına görə Avro-4 və Avro-5-in müasir tələblərinə cavab verən yüksək keyfiyyətli avto­mobil benzinləri alınmış, aşağı keyfiyyətli kokslaşma benzinlərini prosesə cəlb etməklə yüksək ok­tanlı benzinlərin resursları genişləndirilmişdir;
  • neftin çıxarılmasında və emalında istifadə olunan yeni effektiv kimyəvi maddələr yaradıl­mışdır (korroziyaya və duzçökməyə qarşı polifunksional inhibitorlar, ərpin qarşısını almaq üçün maddələr, deemulqatorlar və s.);
  • yeni monomerlər-akril turşularının bi- və tritsiklik efirləri, həmçinin yüksək istismar xassələ­rinə malik lak-boya kompozisiyaları və yapışqan materialların alınmasında tətbiq tapmış fenolun calaq olunmuş oliqomerlərinin yeni alınma üsulları işlənib hazırlanmışdır;
  • dərman preparatlarının istehsalı sahəsində istifadə olunan məhsullar almaq üçün stirol və onun törəmələrinin selektiv hidrovinilləşmə prosesləri üçün yüksək effektli katalizatorlar işlənib ha­zırlanmışdır;
  • bioloji-aktiv ağ naftalan yağının alınma texnologiyası işlənmiş və təcrübə-sənaye miqya­sında mənimsənilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 23.10.2014-cü ildə “Ağ Naftalan yağı”nı dərman preparatı kimi qeydiyyata almışdır (DV № 14-01177). Bu, Azərbaycan Milli Elmlər Akademiyası tarixində rəsmi qeydiyyata alınmış ilk dərman preparatıdır. Bu preparat burun-boğaz xəstəliklərinin, o cümlədən allergik rinitin, paradontozun, I-III dərəcəli yanığların, də­ri xəstəliklərinin, o cümlədən pullu dəmrovun, qadın xəstəlilərinin, dayaq-oynaq hərəkəti aparatı xəstəliklərinin və s. müalicəsində əvəzsiz dərman və eyni zamanda təbii kosmetik vasitədir. İndi onun Almaniya və Səudiyyə Ərəbistanında istifadəsinin təşkili üçün işlər aparılır.
  • ağ Naftalan yağının müxtəlif fraksiyalarının funqisid xassələri, onların respublikamızda, əsasən, Naxçıvanda bitən dodaqçiçəkli fəsiləsinin efir yağları ilə kompozisiyaları tədqiq olunmuş və yüksək antimikrob təsirli kompozisiyalar yaradılmışdır.
  • struktur quruluşu tənzimlənmiş polimer və sopolimerlərin sintezi üzrə aparılan məqsədyönlü tədqiqatlar nəticəsində stirolun və digər monomerlərin radikal polimerləşməsində effektli tənzimlə­yici kimi yeni sərbəst stabil radikal (4-karbok-siamid-2,2,5,5-tetrametilpirrolidin-1-oksil) aşkar olunmuşdur;
  • keçid metallarla modifikasiya olunmuş seolit katalizatorları üzərində alkil-tsikloheksanların metanol və paraizomerin üstünlük təşkil etdiyi ksilolun izomerlərinə dehidroalkilləşmə və dehidro­disproporsionallaşma, həmçinin, yüksək disperslənmiş nanokompozit və homogen katalizatorların iştirakı ilə alkenilaromatik, doymamış körpüvari karbohidrogenlərin və tsikloolefinlərin maye faza­da induksiyalaşdırılmış oksidləşməsi ilə ketonlara, diollara, laktonlara, asetallara, ikiəsaslı turşu­lara cevrilmə reaksiyaları kimi yeni istiqamətlər inkişaf etdirilmişdir;
  • butadienin müxtəlif stereospesifik polimerləşməsi prosesləri üçün kobalt- və nikel-üzvi ditiotörəmələr əsasında (katalitik ditiosistemlər), yeni homogen və heterogenləşdirilmiş bifunk­sional katalizatorların alınmasının elmi əsasları işlənmiş və sənaye sınaqları keçirilmişdir. Məlum analoqlardan fərqli olaraq, bu katalizatorlar 10-20 dəfə yüksək məhsuldarlığa malikdirlər.

İnstitutda müasir və perspektiv texnikanın tələblərinə cavab verən, yüksək keyfiyyətli, mürəkkəb efir tipli yeni sürtkü yağları yaradılmışdır. Sintez olunan yeni efirlərdə «quruluş-xassə» asılılığı sistematik tədqiq olunmuş və bu sinif maddələrin elmi əsasları işlənib hazırlanmışdır. Bu yağlar müvafiq sınaqlardan müvəffəqiyyətlə keçmiş, aviasiya yağlarının əsası kimi, xüsusi şəraitdə işləyən kompressor yağları kimi, hərbi texnikada istifadə edilən xüsusi təyinatlı yağlar və s.kimi tövsiyə olunmuşdur. İkiəsaslı turşular əsasında yüksək temperatura davamlı inhibitorlar sintez edilmiş və xüsusi təmizlənmiş mineral yağlara əlavə edilməklə atmosfer korroziyasından yüksək müdafiə qabiliyyətinə malik konservasiya mayesi işlənib hazırlanmışdır. İnstitutda aparılan ənənəvi tədqiqat işləri ilə yanaşı, neft kimya və neft emalı prosesləri üçün ekoloji cəhətdən zərərsiz ion-maye texnologiyalarının yaradılması, neft və ağır neft qalıqlarının asfalt-qatran birləşmələrdən və metallardan ifratkritik ekstraksiya üsulunun tətbiqi ilə təmizlənməsi, neft xammalı əsasında bioyanacaq və yanacaq komponentlərinin, neftçıxarma, neft emalı sənayesi və su hövzələrinin təmizlənməsi üçün müxtəlif reagentlərin nanokarbonlu materialların alınmasının yeni texnologiyalarının işlənilməsi, karbohidrogenlərin oksidləşməsi proseslərində füllerenlərin tətbiqi və s. kimi elmi istiqamətlərdə də tədqiqatlar aparılır:

  • nanodispersləşdirilmiş Ni, Mo saxlayan katalizatorların tətbiqi ilə polimer tullantıları (po­lietilen, polietilentereftalat) və mazut qarışığı əsasında açıq neft məhsulunun çıxımının 60%-dən 90%-ə qədər yüksəldilməsinə imkan verən hidrokrekinq prosesi işlənilmişdir;
  • CO2-nin unikal xassələrindən istifadə edərək, institutda neftdə asfaltenlərin və ağır neft qalıqlarının ayrılması üsulu yaradılmış və patentləşdirilmişdir;
  • alternativ qeyri-neft xammalı (metanol, CH4, sintez-qaz və s.) əsasında yanacağın alınması istiqamətində geniş tədqiqatlar aparılır;
  • bərpa olunan xammal-Azərbaycan bitkiləri xammalı (pambıq, qarğıdalı, soya, günəbaxan yağları) əsasında biodizel yanacaqlarının alınmasının yeni üsulları tədqiq olunur. Transeterifikasi­ya və eterifikasiya üsulları ilə bitki yağlarının triqliseridlərindən monoalkil efirlərinin alınması üsulları işlənib hazırlanmışdır. Alınmış efirlərin və onların  mineral dizel yanacaqları ilə 10-20%-li kompozisiyalarının xassələri öyrənilmiş və qarışıq xammalın (mineral dizel distillatı/bitki yağı) birgə emalı metodu ilə yeni nəsl perspektiv dizel yanacağının alınmasının mümkünlüyü tədqiq edil­mişdir;
  • dünyada ilk dəfə neft fraksiyalarının sintetik karbon turşularına oksidləşməsi prosesində C60-C70 füllerenlərin katalitik xüsusiyyəti aşkar edilmişdir. Füllerendən Mn naftenatın promotoru kimi istifadə edildikdə, sinergetik effekt aşkarlanmış, nəticədə katalizatorun sərfi 30 dəfəyə qədər azaldılmışdır;
  • ilk dəfə olaraq molekulunda 5 kobalt və ya nikel atomu saxlayan azotlu komplekslər və onla­rın Co-, Ni- və Cr- naftenatlarla kompozisiyalarının sintetik naften turşularının alınması prosesində katalitik aktivliyi yoxlanılmış və maye fazada naften konsentratının oksidləşməsi ilə 33% çıxımla sintetik neft turşularının alınması imkanı aşkar olunmuşdur.

İon-maye texnologiyalarının işlənməsi sahəsində tədqiqatlar hal-hazırda aşağıdakı istiqamət­lərdə aparılır:

  • neft-kimya proseslərində həlledici və ya katalizator kimi istifadəyə yararlı yeni ionmayelə­rinin sintezi;
  • oliqomerləşmə və polimerləşmə proseslərinin ion-maye katalizi;
  • neft fraksiyalarının ion-maye tərkiblərlə selektiv təmizlənməsi;
  • neftyığma və neftdispersləşdirici qabiliyyətli ion maye və calaq ion-maye tipli səthi aktiv maddələrin alınması.

Nanotexnologiyaların yaradılması sahəsində institutda aparılan işlər aşağıdakı istiqamət-lərdə həyata keçirilir:

  • nanokataliz (nanodispers oksidlərin alınması və s.);
  • nanokatalizatorlardan istifadə etməklə karbohidrogenlərin və onların fraksiyalarının çev­rilməsi;
  • nanopolimerlərin və nanopolimer kompozit materialların alınması və tədqiqi;
  • ağır neft qalıqları, polimer tullantıları, təbii qaz və s. əsasında nanokarbon borularının və koksun alınma üsullarının işlənməsi;
  • müxtəlif təyinatlı nanokarbon-mineral adsorbentlərin alınma üsullarının işlənməsi;
  • nanokatalizatorların və nanokarbon materiallarının yeni rasional alınma üsullarının işlən­məsi.

Hal-hazırda institut kifayət qədər yüksək ixtisaslı elmi potensiala malikdir, tədqiqatları yük­sək səviyyədə aparmağa imkan verən, daima təzələnən müasir cihaz və avadanlıqlarla təchiz olun­muşdur.

2000-ci ildən başlayaraq, NKPİ-də rus və ingilis dillərində “Neft kimyası və neft emalı pro­sesləri” jurnalı, və  2013-cü ildən isə AMEA-nın Rəyasət Heyətinin “Elm dünyası” adlı elmi-küt­ləvi jurnalı buraxılır.

NKPİ-nin alimləri gənc nəslin təhsilində fəal iştirak edir, respublikanın bir çox ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olurlar.

Akademik Y.H.Məmmədəliyevin adını fəxrlə daşıyan Neft Kimya Prosesləri İnstitutunda 1985-ci ildə alimin 80 illik yubileyi ilə bağlı onun xatirə kabinet-muzeyi yaradılmışdır. 2012-ci il­dən bu muzey memorial muzey kimi fəaliyyət göstərir.

Bu muzey AMEA və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan yeganə muzeydir.

Muzeydə alimin həyat və fəaliyyətini, elmdə əldə etdiyi nəaliyyətlərini əks etdirən ekspo­natlar, akademikin müxtəlif konfrans və simpoziumlarda öz səsi ilə çıxışları müasir tələblərə cavab verən səviyyədə  nümayiş etdirilir.