NKPI

Xəbərlər

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” mövzusunda V respublika konfransı keçirilib

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransı keçirilir.

Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və bunun 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 12-ci maddələrində öz əksini tapdığını vurğulayıb. Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq internet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev ölkəmizdə insanların söz və internet azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini və bunların ölkəmizdə fərdi məlumatların qorunması məsələsini aktuallaşdırdığını söyləyib.

Ümumiyyətlə, Azərbaycanda insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına yönəlmiş, ən müasir tələblərə cavab verən möhkəm qanunvericilik bazasının yaradıldığını qeyd edən Ramiz Mehdiyev bu hüquq və azadlıqların dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb. Akademik bildirib ki, fərdi məlumatların mühafizəsi məsələləri elmi problem kimi multidissiplinar xarakter daşıyır və buna görə də digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları üzrə tədqiqatçılar fərdi məlumatların mühafizəsi proseslərini dərindən araşdırmalı, geniş intellektual imkanlara malik metod və alqoritmlər işləməli, müvafiq proqram məhsulları hazırlamalıdırlar.

Akademik Ramiz Mehdiyev konfransa təqdim edilən məruzələrin fərdi məlumatların mühafizəsinin texnoloji, hüquqi, təşkilati, sosial-iqtisadi və kulturoloji aspektlərinə həsr olunduğunu bildirib və konfransda iştirak edən müvafiq dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakını yüksək qiymətləndirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib. Nazir müavini informasiyanın elm, siyasət, dövlət və onun institutları ilə birbaşa əlaqəli olduğunu qeyd edib, onun dövlətin sosial bazasını formalaşdırdığını bildirib.

“Kibertəhlükəsizlik sahəsində baş verən qlobal dəyişikliklər dövlət sektoru və digər sahələri əhatə edir”, – deyən E.Vəlizadə respublikada informasiya təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində bu sahədə bir sıra əsas beynəlxalq standartların qəbul edildiyini diqqətə çatdırıb. O bildirib ki, bu da dövlət və özəl strukturlarda informasiya təhlükəsizliyi üzrə bir sıra tədbirlərin görülməsinə imkan verib.

Tədbirin akademiyanın İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə AMEA–nın və institutun rəhbərliyinə təşəkkürünü bildirən Elmir Vəlizadə ölkədə bu cür konfransların keçirilməsinin müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov konfransın əhəmiyyətini qeyd edərək ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması istiqamətlərində görülən işlər haqqında məlumat verib. Məruzəçi təmsil etdiyi qurumun ölkə rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini bildirib.

A.Əhədov Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, mümkün təhdidlərin qarşısının alınması istiqamətində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin etmək məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradıldığını qeyd edib. O, informasiya cəmiyyətinin inkişafına dair strategiyanın qəbul edilməsi istiqamətində tədbirlər planının həyata keçirildiyini bildirib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika üzrə elmlər doktoru İqbal Babayev konfransın yeni çağırışlar baxımından xüsusi əhəmiyyət daşıdığını və beynəlxalq miqyasda informasiya təhlükəsizliyinin təminatı sahəsində yeni yanaşmaların ortaya qoyulmasına şərait yaratdığını söyləyib. İ.Babayev AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Memorandumun imzalanmasında İnformasiya Texnologiyaları İnstitutunun xüsusi rola malik olduğunu deyən alim onun elmi araşdırmalardan əməliyyat-axtarış tədbirlərində istifadə, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

İ.Babayev gömrük sahəsinin multidissiplinar xarakter daşıdığını söyləyib, DGK-nın akademiyada müxtəlif sahələrdə aparılan elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarının yaradılmasına maraqlı olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Dövlət Gömrük Komitəsində informasiya və kommunikasiya texnologiyaları üzrə layihələr əsas strateji istiqamətlərdən birini təşkil edir və bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması sahəsində mühüm addımlar atılıb.

O bildirib ki, fərdi məlumatların təhlükəsizliyi məqsədilə təşkilatlarda məlumatların mühafizəsinə cavabdeh struktur bölmə yaradılmalı, ölkə üzrə məlumat mühafizəsi mərkəzləşdirilmiş şəkildə dövlət qurumları tərəfindən funksional idarə edilməli, ölkəmizdə vahid milli informasiya təhlükəsizliyi metodologiyası işlənib tətbiq edilməlidir.

Müasir dövrdə konfransın mövzusunun aktuallığını və tədbirin əhəmiyyətini qeyd edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söyləyib.

Azərbaycanda informasiya təhlükəsizliyi və onun hüquqi təminatının qarşıda duran ən aktual məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qloballaşan dünyada fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışıb. Süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafının fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaratdığını bildirib.

Qeyd edilib ki, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi vacib amillərdən biridir. O, ölkədə vətəndaşlara məxsus sosial informasiya və dövlət resurslarının qorunmasının vacib olduğunu, bu sahədə qabaqcıl dövlətlərin təcrübələrinin öyrənilməsinin zəruri olduğunu qeyd edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkəmizdə dövlət qurumlarında İKT-nin tətbiqi işinin genişləndirilməsi, vahid şəbəkə infrastrukturu əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması məqsədilə tədbirlər görüldüyünü, informasiya təhlükəsizliyinin yüksəldilməsinin daim diqqətdə saxlanıldığını bildirib. Akademik Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm sənədlərin qəbul edildiyini söyləyib.

R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını bildirib.

Daha sonra konfrans işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktik problemləri” bölmələri üzrə davam etdirib.

2019-11-30   88