NKPI

Interesting Informations

Bitkilər – Xalq Təbabətində – 126

Bitkilərdən istifadə qaydaları – XIX

- Adi boymadərən xalq təbabətində hələ qədimdən istifadə olunan dərman bitkisidir. Onun çiçəkləri dəmlənərək qanaxmalarda qankəsici dərman kimi istifadə edilirdi.

- Müasir dövrdə də bu bitkidən qankəsici, menstrual tsikli nizamlayan, laktasiyanı artıran, əsəbləri sakitləşdirən, sidik ifrazını gücləndirən qiymətli dərman vasitəsi kimi istifadə edilir.

- Ev şəraitində adi boymadərənin əsasən isti sulu dəmləməsi hazırlanır. Bunun üçün quru xammalı 15,0:200,0 nisbətində qaynar su ilə su hamamında (ümumi qayda üzrə) 15 dəqiqə dəmləyib, 45 dəqiqə otaq temperaturunda soyutduqdan sonra süzürlər. Alınmış çıxarışdan gündə 2-3 dəfə, hər dəfə 70-80 ml qəbul edilir. Orqanizmdə baş verən zədələnmələrə, babasil qanaxmalarına, uşaqlıq boynunun, eroziyasına qarşı 15,0:200,0 nisbətində adi boymadərən xammalından hazırlanmış həlimdən istifadə edilir.

- İri atpıtrağının kökləri təbabətdə tərlədici, sidikqovucu vasitə kimi böyrəklərdə və sidik kisəsində daş olduqda, həm də qastrit və mədə yaralarının müalicəsində istifadə olunur. Bu məqsədlə bir çay qaşığı (təxminən 5 qram) xırdalanmış iri atpıtrağı kökünü 2 stəkan suda gecə isladır, səhər süzür və gün ərzində qəbul edirlər. Dermatitlərdə və qaşınan səpkilərdə, selikli qişanın iltihabında da ağzı qarqara etmək üçün iri atpıtrağı dəmləməsindən istifadə olunur: Bir xörək qaşığı xırdalanmış iri atpıtrağı kökünü 2 stəkan suda 30 dəqiqə qaynadır və süzürlər.

- Saçın tökülməsinə qarşı isə 30 qram iri atpıtrağı kökü və 70 qram gicitkan yarpağı, qarışığını 200 ml suda dəmləyib, bu dəmləmədən saçı yumaq üçün istifadə edirlər.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-04-08   32484