NKPI

Xəbərlər

Sabahin alimləri

Fevral ayının 15-17 tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının binasında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkəti tərəfindən birgə təşkil olunan “Sabahın alimləri” VI Respublika Müsabiqəsi keçirilmişdir.

Bakı şəhəri “Bakı Britaniya Məktəbi” Tam Orta İnnovasiyalar Məktəbindən Fərəczadə Fərəc Vuqar oğlu və Bakı Avropa Liseyindən İbrahimova Fidan Qasım qızı AMEA Neft-Kimya Prosesləri İnstitutunun Baş texnoloqu İsmayıl Teyyub oğlu İsmayılovun rəhbərliyi ilə apardiqları tədqiqat işi Kimya üzrə birinci yerə layiq görülmüşdür. Qaliblərə Mükafatı Bilik Fondunun icraçı direktoru Oktay Səmədov təqdim etmişdir.

Müsabiqənin rəsmi saytında verilən məlumata əsasən qeyd edək ki, Bakı, Sumqayıt, Mingəçevir, Qax, Balakən, Şirvan, Şəki, Ucar, Gəncə, Lənkəran şəhərlərinin ümumtəhsil məktəblərindən 302 şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik və kompüter elmləri üzrə ümumilikdə 125 layihə ilə iştirak etmişdir.

Tədbirdə iştirak edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edərək, respublikamızda bu sahənin inkişafı üçün yaradılan geniş imkanları diqqətə çatdırıb. Müsabiqə ilə əlaqəli müsahibə verən AR Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” müsabiqəsinə böyük maraq göstərildiyini, iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını bildirib.

2017-02-20   4496