NKPI

Maraqlı Məlumatlar

1905-ci ildə kimya üzrə Nobel mükafatçısı - IOHANN FRIDRIX VILHELM ADOLF FON BAYER

 

Iohann Fridrix Vilhelm Adolf fon Bayer Prusiya ordusunun zabiti olan, coğrafiya və  atmosferdə işığın sınmasına aid elmi işlərin müəllifi olmuş İohan Yakob Bayerin böyük oğlu idi.

Bayer 1853-cü ildə Fridrix Vilhelmin gimnaziyasını bitirdikdən sonra Berlin Universitetinə daxil olur və iki il ərzində riyaziyyat və fizikanı öyrənməklə məşğul olur. Bir il orduda xidmət etdikdən sonra Heydelberq Universitetinin tələbəsi olur və Robert Bunzenin rəhbərliyi altında kimyanı öyrənməyə başlayır. Əvvəlcə o, fiziki kimya ilə məşğul olur, amma, sonra üzvi kimya ilə maraqlanaraq Fridrix Avqust Kekulenin Heydelberqdəki laboratoriyasında çalışır. Burada Bayer arsenin üzvi birləşmələrinin öyrənilməsi sahəsində tədqiqatlar aparır və bu isə görə ona doktorluq dərəcəsi verilir.

1858-ci ildən o, iki il ərzində Kekule ilə birlikdə Belçikada Qentsk Universitetində çalışır, sonra Berlinə qayıdır və Berlin ali texniki məktəbində kimyadan mühazirə oxuyur. 1872-ci ildə Bayer Strasburqa köçür və Strasburq Universitetinin professoru olur.

1875-ci ildə Yustus fon Libix öldükdən sonra Bayer bu məşhur üzvi kimyaçının sələfi olaraq Münxen Universitetinin kimya professoru vəzifəsini tutur.

1885-ci ildə Bayerin 50 yaşı tamam olan gün onun Almaniya qarşısındakı böyük xidmətləri nəzərə alınaraq ona irsi titul verilir.

Bayerin elmi işləri əsasən sintetik üzvi kimyaya və stereokimyaya aid olur. Bayerin ilk əhəmiyyətli işi XIX əsrin 50-ci illərinin sonunda Bunzenin laboratoriyasında aldığı ən sadə arsen üzvi birləşmələrin tədqiqatına  həsr olunmuşdu. Bayer barbitur turşusunu və barbituratları kəşv etmişdi (1864). 1866-cı ildə indiqonun reduksiyası ilə izatın  almışdır.

Ammoniakın asetaldehid ilə kondensasiyasını apararaq Q.E. Armstronq ilə eyni zamanda benzolun sentrik formulunu təklif etmişdir.

1888-ci ildə struktur nəzəriyyəsinə sis-trans-izomerliyi daxil etmiş, 1896-cı ildə bir sıra terpenlərdə sis-trans izomerliyi müşahidə etmişdir. O, 1905-ci ildə “üzvi kimyanın inkişafinda və üzvi boyalar və hidroaromatik birləşmələr sahəsində işləri sayəsində kimya sənayesinin inkişafında xidmətlərinə görə” Nobel mükafatına layiq görülmüşdür.

Onun aşağıdakı təltifləri də var:

  • London Kral Cəmiyyətinin Devi medalı;
  • Berlin Elmlər Akademiyasının üzvü;
  • Alman kimya cəmiyyətinin üzvü;
  • Libx medalı.

1911-ci ildə alman kimyaçılar cəmiyyəti Adolf fon Bayerin adına mükafat və medal təsis etmişdir. 1835-ci ildə oktyabrın 31-də Berlində doğulmuş  Bayer 1917-ci ilin avqustun 20-də vəfat etmişdir.

2015-10-04   36642