NKPI

Maraqlı Məlumatlar

Abşeron rayonu

 

Abşeron rayonu Azərbaycan Respublikasında, Xəzər dənizinin qərb sahillərində, Böyük Qafqazın cənub - şərq  qurtaracağında yerləşir. Qərbdən Qobustanla həmsərhəd olan Abşeron yarımadasının uzunluğu təxminən 60 km, ən geniş yerdə eni 30 km-dir. Abşeron rayonunun relyefi, əsasən, təpəli düzənlik və dağlıqdır. Ərazinin əsas zirvələri Bayanata (588 m), Kənizdağ (393 m), Otmanbozdağı (389 m), Kərkəs dağı (383 m), Şabandağ (354 m), İlxıdağ (336 m), Qovundağ (328 m), İslamdağ (315 m), Qaraislam (312 m) dağlarıdır.

Sahilboyu hissə okean səviyyəsindən 28 m-dək aşağıdadır. Maksimal hündürlük şimal – qərbdə 393 m. Olan Kənizədağdır. Müalicə əhəmiyyətli mineraı sular (Suraxanı, Şıx) vardır. Ərazidən iki çay – Ceyrankeçməz, Sumqayıtçay çayları keçir.

Flora

          Ərazinin florası 800-dən çox növ ilə təmsil olunur. Yarımada ərazisində iyirmiyə qədər nadir bitki növləri yayılmışdır. Burada qafqaz quşsəhləbi, xəzər səhləbi, parlaq kladoheta, itikənarlı süsən, qışdaçiçəkləyən şternbergiya  kimi Qafqaz endemlərinə rast gəlinir. Abşeronda qaya dovşanalması, şamaxı tıs-tısı, iran ilankölgəsi kimi dünyanın heç bir yerində deyil, yalnız Azərbaycanda olan bitkilərə də rast gəlmək mümkündür. Bakı cuzqunu, bakı gəvəni, tükcüklü şivay, alovlu gəvən kimi bitkilərə isə dünyada və Azərbaycanda yalnız Abşeronda rast gəlinir.

          Yarımsəhra landşaft tipinə aid olmasına rəğmən burada bir çox ağac və kol növlərinə də rast gəlinir. Ərazinin əsas kol bitkiləri itburnu, dovşanalması, iberiya doqquzdonu, pallas murdarçası, öldürgən və s. bitkilərdən ibarətdir.

Çempion ağaclar

Abşeron yarımadasının digər nadir təbiət abidələri onun veteran ağaclarıdır. Burada yaşı 300 – 500 il olan onlarla püstə, zeytun, əncir, dağdağan və ardıc ağacları nüsxəsinə rast gəlinir.

Fauna

          Burada məməlilər canavar, tülkü, boz dovşan, adi kirpi, qulaqlı kirpi, qırmızıquyruq qum siçanı, ərəbdovşanı və s. canlılarla təmsil olunur. Sürünənlər sinfi, əsasən, tısbağalar, pulcuqlular və ilanlar ilə təmsil olunur. Bunlar aralıq dənizi tısbağası, xəzər tısbağası, bataqlıq tısbağası, qafqaz kələzi, xəzər gekkonu, uzunayaq şneyder kərtənkələsi və s. canlılardır.

         Ərazidə aşağıdakı nadir və nəsli kəsilməkdə olan növlərə rast gəlinir: çöl pişiyi, ceyran, safsar, ilanyeyən dəmircaynaq, adi göydimdik, ağdöş qaraördək, sultan toyuğu, poru, fərat capağanı və s.

Geoloji təbiət abidələri.

          Palçıq vilkanlarından qızmar maqma əvəzinə brekçiya – sərin lilli kütlə qarışığı axır. Vulkan palçığı mikroelementlərlə zəngindir. O, təbabətdə və kosmetologiyada istifadə edilir.

          Yer kürəsindəki 800-dən çox palçıq vulkanlarının 400-ə qədəri və ən gözəlləri Azərbaycanda yerləşir.Onların bir qismi hündürlüyü 1000 m-ə çatan dağları (Torağay, Güzdəkbozdağı, Otmanbozdağı, Kənizədağ, Ayrantökən və s.), bir qismi xırda gölməçələr toplusunu (Damlamaca), bir qismi gölü (Zığ), bir qismi Mars səthini (Daşgil, Qobu Bozdağı, Güzdək bozdağı) xatırladır.

          Alovunun hündürlüyü 100 m-ə çatan, partlayışla müşayiət olunan güclü püskürmələr zamanı yüz milyonlarla m3 həcmə malik brekçiya 100 – 200 m qalınlıqda yüz hektarlarla sahəni tutur. Güzdək Bozdağının püskürməsi zamanı (1953)alovun şüaları 10 km məsafədən görünmüşdür. Abşeron yarımadası və arxipelağı ərazisində 44 palçıq vulkanı yerləşir.

        Böyük Qafqaz sıra dağları məhz Abşeron yarımadasında Yasamal dağları, Yasamal vadisində bitir. Onların adları öz xarakterlərinə çox uyğundur. Qovundağ, İlxıdağ, Ağburun, Kərkəs, Qaraquş, Dəvəboynu, Qaraqışlaq və s..Yarımadada 30-a yaxın göl mövcuddur. Buradakı Yanardağ, Masazır duz gölü, neft buruqları unikal geoloji abidələrdəndir.

Palentoloji təbiət abidələri

Azərbaycanın iki palentoloji abidəsi Abşeron ərazisində yerləşir. Bunlar “Binəqədi Dördüncü Dövr fauna və flora ərazisi” (180 min il əvvəl) və “Pirəkəşkül Üçüncü Dövr Faunası” (30 mln. il əvvəl). Binəqədi qır gölündən toplanan 43 məməli, 110 quş, 2 sürünən, 107 böcək növü öyrənilmişdir. “Pirəkəşkül Faunası” dəniz məməlilərindən, sürünənlərdən, balıq və quşlardan ibarətdir.

          Abşeronun mədəni tarixi onun təbiəti kimi zəngin və rəngarəngdir. Burada müxtəlif dövrlərə aid arxeoloji abidələr, qaya təsvirləri, kurqanlar, yaşayış yerlərinin qalıqları, qəbiristanlıqlar mövcuddur. M.ə. III minilliyə aid Ümidqaya abidəsi, Dəmir Dövrünə aid yaşayış yerləri, qayalarda Tunc Dövrünə (m.ə.III – II minilliklər) aid petroqliflər, insan və heyvan rəsmləri daş alətlər insanların burada çox qədim dövrlərdən məskunlaşdığını, əkinçilik, maldarlıq, toxuculuqla məşğul olduğunu göstərir.

          Abşeronun Qobustan ərazisindən üzərində latın dilində yazılmış kitabədə deyilir ki, imperator Domisian Sezar Avqust Germanlının dövrü (m.ə.84 – 96) Lütsi Yuli Maksimin XII ildırım sürətli legionu buradan keçmişdir. Qobustan kitabəsi miladın I – III əsrlərində dünyanın geosiyasi vəziyyətinin bir relikt ekspozisiyasıdır.

          Abşeron həmçinin dini inancların həm mərkəzi, həm də qovşağı olmuşdur. Yarımadada İslam dininin qurucusu Məhəmməd Peyğəmbərin yaxın əqrəbalarının  müqəddəs məzarları yerləşir. Bunlar yeddinci imam Musa əl-Kazımın qızları və səkkizinci imam Musa əl-Rizanın bacıları Hükeymə (Həkimə) xanım və Rəhimə xanımın məqbərələridir.

          Azərbaycanın 18 xanlığının biri (Bakı Xanlığı) Abşeron yarımadası ərazisini əhatə edirdi. XVIII əsrin 40-cı illərində yaranmış bu feodal dövlətə 39 kənd daxil idi. Xanlıqdakı 100-ə qədər neft quyularından ildə 240 min puddan (1 pud = 16.38 kq) çox neft çıxarılırdı. Xanlığın mərkəzi olan Bakıda pul kəsilirdi. Bakının ilk xanı I Mirzə Məhəmməd (1747-1768) olmuşdur.     

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-08   6367