NKPI

Интересные Факты

Xızı rayonu

 

Müasir Xızı rayonu 1930-cu ildə yaranmışdır. O, şimaldan Siyəzən və Quba, şərqdən Şamaxı, cənubdan Qobustan, cənub-şərqdən Abşeron rayonları ilə həmsərhəddir. Əsasən Xızı yaylasında yerləşən rayonun şərq hissəsi Giləzi dili ilə Xəzər sularına çıxır. Rayonun mərkəzi olan Xızı qəsəbəsi Bakıdan 104 km məsafədə yerləşib paytaxta ən yaxın səfalı ərazidir. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur. Əsas dağları Dübrar (2205 m), Kəmçi (1026 m), Şərəkü (958 m), Bəybəyim (935 m), Şıxandağ (801 m) və Böyük Siyaku (786 m) dağlarıdır. Əsas çayları Ataçay, Cəngiçay, Kənda, Tuğçay, Dizavarçay, Kerban və Qarabulaq çaylarıdır. Ərazidə Altıağac Milli Parkı və Vəhşi Təbiətin Reabilitasiya Mərkəzi mövcuddur.

Ərazinin etnik palitrasını azərbaycanlılar və tatlar (dağlılar) təşkil edir.

Rayonun ikinci böyük yaşayış məntəqəsi Ataçayın sahilində yerləşən, çox mənzərəli bir landşafta malik olan Altıağacdır. Ərazinin adı Şirvanşahlar Dövlətinin paytaxtı olan Şamaxıdan 42 km – “altı ağaclıq” məsafədə yerləşməsindən qaynaqlanır (1 ağac 7 km-ə bərabərdir).

Landşaftları və bioloji müxtəlifliyi

        Xızı rayonu Azərbaycanın iri meşəlik ərazilərə malik olduğu rayonlardandır (9931 ha, 6%). Ərazi həddən artıq bioçeşidlik, landşaft və ekosistem müxtəlifliyinə malikdir. Ərazidə meşə, meşə çöl, bozqır (çöl), bozdağlar, bozqır dağlar, subalp, alp ekosistemləri mövcuddur.

Flora

        Meşə dendroflorası, əsasən, iberiya palıdı, şərq vələsi, şərq fıstığı, adi göyrüş, qarağac, armud, gözəl ağcaqayın, ardıc, doqquzdon, birgöz kimi ağac və kollardan ibarətdir. Dağətəyi seyrək meşəliklərdə söyüdyarpaq armud, yemişan, qaratikan, dovşanalması, ölməzkol,adi zirinc, itburnu kimi ağac-kol növləri bitir.

          Çay kənarları adi nar, pallas murdarçası, yulğun, çaytikanı və rus itüzümü kollarından ibarətdir. Burada tək-tək qara əncirə, çox nadir, endem və nəsli kəsilməkdə olan növ fərat qovağının bir neçə nüsxəsi qalmışdır.

Fauna

          Ərazinin faunası da çox zəngindir. Məməlilərdən avropa cüyürü, qonur ayı, qaban, adi vaşaq, yenot, boz dovşan, tülkü, daşlıq dələsi, canavar və s..Quşlardan adi qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, boz kəklik, qaratoyuq kimi növlərə rast gəlinir.

      Rayonun Tıxlı kəndi yaxınlığındakı keçmiş Şıxlar kənd qəbiristanlığında yerləşən türbə - ziyarətgah, 300-500 yaşlı qəbirlər mövcuddur. Bu türbənin Şeyx Heydər türbəsi (XV əsr) olduğu ehtimalı vardır. Bəzi mənbələrə görə Şeyx Heydər türbəsinin Səfəvilər İmperiyasının yaradıcısı I İsmayılın atası Şeyx Heydərin məzarıdır. Şeyx Heydər Şirvanşah Fərrux Yasar ilə Təbərsaran döyüşündə (1488) həlak olmuş və burada – müqəddəs Beşbarmaq dağı ilə uzbəüz ərazidə dəfn olunmuşdur. Sonralar Şirvanşahlar dövlətini məğlub edən I İsmayıl Səfəvi atasının qəbri üzərində türbə tikdirmiş, orada Şıxlar kəndini saldırmış, məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-09   38148