NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -41

Su və daraq

Sən heç sözə baxan su şırnağı görmüsən? Adi daraq vasitəsi ilə suyu idarə etməyi yoxla.

Nə lazımdır?

1) Quru plastik daraq.

2) Vanna otağında və ya mətbəxdə kran.

Xüsusi şərt.

Sənin saçların quru olmalıdır.

Eksperimentin icra ardıcıllığı.

1) Kranı aç və onu yavaş-yavaş elə bur ki, suyun olduqca nazik şırnağı alınsın.

2) Adi plastik darağı götür və 1-2 dəqiqə saçını dara.

3) Sonra darağı yavaş-yavaş su şırnağına yaxınlaşdır – şırnağa toxunmadan.

Nə baş verir?

Su şırnağı yavaş-yavaş darağın istiqamətinə doğru əyilir.

Nə üçün belə olur?

Sən saçlarını darayırsan, saçlardan elektronlar darağa keçir və ona mənfi yük verir. Sən mənfi yüklənmiş darağı suya yaxınlaşdırdığın zaman o, suyun müsbət yükünü cəzb edir. Həm də cazibə o qədər güclü olur ki, su şırnağı darağa doğru əyilir.

2020-06-07   34560