NKPI

Maraqlı Məlumatlar

“Peyğəmbər” poeması – Zəlimxan Yaqub ucalığının inikası -8

PEYĞƏMBƏRİN ÜRƏYİ
Ağ libası iki adam qar dolu qızıl bir ləyənlə yanıma gəldi.
 Məni tutub köksümü yardılar. Qəlbimin içindən qara və
laxtalanmış bir qan parçasını çıxarıb atdılar!
Hz.Peyğəmbər
(M.Asim Köksal, “İslam tarixi”, II cild, səh.39)
Gül-çiçək naxışlı
göy çəmənlərin,
Ulduz haşiyəli
üfüqlərin də,
Göylərə dirənən
ağ zirvələrin,
Günəş təmtəraqlı
şəfəqlərin də,
Dolu dənizlərin,
dəli çayların,
Yerin də, göyün də,
asimanın da,
Əski tarixləri,
yeni çağların,
Hər günün, saatın,
hər zamanın da,
Dillərin, dinlərin,
təriqətlərin,
Qadir Allahın da,
Peyğəmbərin də,
Sevincin, şadlığın,
toy düyünlərin,
Hər cür ayrılığın,
dərdi-sərin də
Bircə mərkəzi var,
bircə mərkəzi ─
Ünvanı ürəkdi,
adı ürəkdi.
Ulu Yaradanın
yaratdıqları
Nə varsa, hər şeyin
dadı ürəkdi.
Payızın, baharın,
çiçəyin qarın
Rəngi təravəti,
ətri ürəkdi.
Bütün sevənlərin,
sevilənlərin
Sevgisi, istəyi,
xətri ürəkdi.
Alim ürəyində
duyğu, düşüncə,
Şair ürəyində
şəriyyət yaşar.
Şəhid ürəyində
Vətən sevgisi,
Qazi ürəyində
hərarət yaşar.
Cəllad ürəyində
qan hərisliyi,
Aşiq ürəyində
məhəbbət yaşar.
Ürəklər içində
bir ürək də var,
İşığı Tanrıdan,
hünəri Haqdan;
Eşqi, möcüzəsi
min illər boyu
Silinməz könüldən,
düşməz dodaqdan.
Peyğəmbər ürəyi ─
nur içində nur,
Məhəbbət, mərhəmət,
əzəmət, qürur!
Peyğəmbər ürəyi ─
qədimdən-qədim.
Mən onun sehrinə
dalmaq, düşünmək,
Mən onun sirrini
bilmək istədim.
İlk dəfə dünyanın
ilk peyğəmbəri
Adəmin köksündə
döyünüb ürək.
Allahın, bəndənin
məhəbbətinə
Sirdaş olmasıyla
öyünüb ürək.
İbrahim ürəyi,
Musa ürəyi,
İsmayıl ürəyi,
İsa ürəyi...
Dünya nizamlanıb,
sahmana düşüb,
Taxt qurub ən böyük
ürəklər üstə.
Çalıb havasını,
deyib sözünü,
Ən şirin arzular,
diləklər üstə.
Məhəmməd böyüyür
bir məhəllədə,
Zaman gələcəyə
səsləyir onu.
Hələ yanındadı
süd anasının,
Ana doğmasıtək
bəsləyir onu.
Hər gün gözlərinin
üstə saxlayır,
Bilir ki, yanında
anası yoxdur.
Körpələr sevgiylə
böyüməlidir,
Sevgisiz həyatın
mənası yoxdur.
Çəkir qayğını
ulu bir zatın,
Onun süd anası
Həlimə xatın.
O hardan bilsin ki
kimə süd verir,
O nədən bilsin ki,
kimdi böyüyən? ─
Könüllər sultanı,
ruhlar fatehi,
Bir dinə özüldü,
himdi böyüyən.
Hələ çoxlarının
xəbəri yoxdur,
Beş-altı yaşında
körpədir hələ.
Görənlər “Nə gözəl
uşaqdır!”deyir,
Heyrətlə başını
tərpədir hələ.
Bir gün süd qardaşı
Abdullah ilə
Quzu otarırdı
çöldə Məhəmməd.
Möcüzə baş verdi,
birdən möcüzə,
Göydənmi atıldı,
yerdənmi çıxdı,
O iki ərmişlə
gəldi üz-üzə.
Ağ libas geyinən
bu iki nəfər
Məhəmməd özünə
gələnə qədər
Torpağın üstünə
yıxdılar onu,
Əlini, qolunu
tutub, saxlayıb,
Yüngülcə torpağa
sıxdılar onu.
Dünyanın ən mahir
cərrahlarıydı,
Yardılar köksünü
bir an içində,
Bir ürək çırpındı
bir can içində.
Qapqara qan vardı
qəlbin içində,
Gözə görünürdü
bir ləkə kimi.
O, “şeytan qanı”ydı,
atılmasaydı,
Qalardı ürəkdə
təhlükə kimi!
Qarın suyu ilə
arındırdılar,
Körpə ürəyini
qoyub yerinə
Qoyub yerinə
Körpə bala kimi
barındırdılar.
Qardan pak eləyib
qəlbi, ürəyi,
Çatdılar müqəddəs
diləklərinə!
Tanrı göndərmişdi
Məhəmməd üçün,
Belə buyurmuşdu
mələklərinə:
“Gedin, Məhəmmədin
yarın köksünü,
Qəlbinin içində
bir laxta qan var,
Qoy bilsin indidən,
onun qəlbini
Yuyan, təmizləyən,
bir qurtaran var!
Peyğəmbər ürəyi
təmizdən-təmiz,
Qar kimi ─ ağdan da
ağ olmalıdır.
Təbiətdə ipək,
xislətdə mələk,
Görkəmdə möhtəşəm
dağ olmalıdır!
Şeytandır dünyanın
evlər yıxanı,
Şeytandır dünyanın
ara vuranı.
Şeytanı içindən
atdırmasaydım,
Göndərə bilməzdim
ona Quranı!!!
Ləkəli ürəklə,
havalı başla
Dünyanı sahmana
salmaq çətindir.
Əgər gedirsənsə
sabaha doğru,
Şeytanla baş-başa
qalmaq çətindir.
Mən onu qovmuşam
öz dərgahımdan,
Atmışam qəlbimdən
Peyğəmbərin də.
Onun fitvasıyla,
şeytanlığıyla
Nə qədər gəmilər
batdı dərində.
Ən şirin arzuya,
diləyə çatmaq,
Taleyi güldürüb,
ömrü uzatmaq,
Duyan könüllərdə
nur kimi qalmaq,
Tanrı dərgahına
qalxıb ucalmaq,
Dünyanı tufandan,
xilas eləmək,
İnsanı şeytandan
xilas eləmək,
Sevginin üstündə
qurub həyatı,
Nur ilə doldurub
bu kainatı,
Ürəkdə haqq odu
qalamaq üçün,
Sevgini sevgiyə
calamaq üçün
Peyğəmbər ürəyi
gərəkdir mənə!
Allah sevgisiylə
daşan, qaynayan
Bir bəşər ürəyi
gərəkdir mənə!!!”

2020-06-17   32502