NKPI

Maraqlı Məlumatlar

“Peyğəmbər” poeması – Zəlimxan Yaqub ucalığının inikası -9

PEYĞƏMBƏR YAŞINA
ÇATANA QƏDƏR
 
Onun gəlişindən
qabağa düşdü
Ata ayrılığı,
ana həsrəti.
Dünyada kədərlə,
qəmlə görüşdü,
Gördü körpəlikdən
hər məşəqqəti.
“Ata!”deyiləndə
doldu gözləri,
“Ana!” deyiləndə
yandı sözləri.
Əriş-arğac oldu
baxışlarında
Dərdin cığırları,
qəmin izləri.
Ata kölgəsindən
əli çıxan kəs
Əmi kölgəsinə
pənah gətirdi.
Ürəklər yandırdı
çəkilən nəfəs,
Qəlbinə bir ağrı,
bir ah gətirdi.
Qan qada da gördü,
savaş da gördü,
Savaşlar içində
qan-yaş da gördü.
Onu az güldürüb,
çox ağlatdılar,
Həyəcan da gördü,
təlaş da gördü.
Bütə tapınanlar,
haqdan sapanlar,
Ağacdan, taxtadan
ilah yapanlar,
Körpə sinəsinə
köz basdıranlar,
Yerə diri-diri
qız basdıranlar,
Şeytanla dost olub,
şərə varanlar,
Cansız əşyalara
can axtaranlar,
Zülmü biləklərdə
zəncir edənlər,
Əxlaqı, vicdanı
təhqir edənlər,
Günaha bələnib,
küfrə batanlar,
Kölə insanları
alıb-satanlar
Ona zaman-zaman
əzab verirdi.
Qəlbində suallar
sıralanırdı,
Bütün sorğulara
cavab verirdi.
Heç vaxt qoşulmadı
pis adətlərə,
Meylini vermədi
nəhs adətlərə.
Ana təbiətin
vergisi kimi
Alnında müqəddəs
nuru saxladı.
Ürəyi, idrakı,
ağlı, vicdanı
Zirvə qarı kimi
duru saxladı.
Ürəkdə məhəbbət,
nəfəsdə sevgi,
Duyub-eşitdiyi
hər səsdə sevgi.
Varlığı aləmə
ətir payladı,
Sevildi güllərin
butası kimi.
Birliyə çağırdı
doğmanı, yadı,
Əxlaq dünyasının
atası kimi.
Hamının qəlbinə,
ruhuna yatdı,
Yatmış vicdanları
nurla oyatdı
Peyğəmbər yaşına
çatana qədər.
Zamanın bətnində,
vaxtın canında
Bir işıq, bir ziya
hazırlanırdı.
Ulu peyğəmbərlər
kəhkəşanında
Xatəmül-Ənbiya
hazırlanırdı.
Arzular dalınca
səhralar gəzər,
Səfərə çıxardı
Məkkədən Şama.
Yerlərə, göylərə
yetirib nəzər,
Həmsöhbət olardı,
sirdaş olardı
Ulduzlu gecəyə,
Aylı axşama.
Dünyanın dərdinə
ortaq olardı,
Dünyanın qəmindən
keçib-gedərdi.
Tanrı məqamında
qərar tutmağa
Məhəmməd Əmindən
keçib-gedərdi.
Aylarla yorğunluq,
illərlə zəhmət,
Qəflə karvan-karvan
yük aparardı.
Dünyanın yükünü
cavan Məhəmməd
Qəlbində daşıyıb
tək aparardı.
Gözü tox, nəfsi tox,
nəfəsi halal,
Saflıqda ad alıb,
ün qazanardı.
Özündən xəbərsiz
peyğəmbərliyə
Ömür qazanardı,
gün qazanardı.
Nə qədər arzuya,
diləyə çatdı,
Səsi ərşə çatdı,
fələyə çatdı.
Mərtəbə-mərtəbə
mələyə çatdı
Peyğəmbər yaşına
çatana qədər.
Beləcə yaşadı
çiçək ömrünü,
Beləcə yaşadı
mələk ömrünü.
Beləcə uzatdı
gödək ömrünü
Mürşidim, əfəndim,
ərənim mənim.
Qurutdu gözlərin
axan yaşını,
Kəsdi tayfaların
sərt savaşını.
Müqəddəs Kəbənin
qara daşını
Yenidən Kəbəyə
hörənim mənim.
Nurdan ayrılmadı
nurlu həyatda,
Haqq tapdı kamını
o uca zatda.
Batinin altında,
yeddinci qatda
Yeni bir batini
görənim mənim.
Ruhu ipək olub,
qəlbi zər olub,
Hər sözü bu gün də
təzə-tər olub.
Qırx ilin başında
peyğəmbər olub,
Peyğəmbər çiçəyi
dərənim mənim.

2020-06-18   32554