NKPI

Maraqlı Məlumatlar

“Peyğəmbər” poeması – Zəlimxan Yaqub ucalığının inikası -35

MƏN ÜZÜMÜ SƏNƏ TUTUB YAZIRAM
Ey kitab əhli! Sizə kitabda ( Tövratda
və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu
bildirən, bir çoxunu da sizə bağışlayıb
üstünü vurmayan (və ya sizdən bir çoxunu
bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq
Allah tərəfindən sizə bir nur və açıq-aydın
bir Kitab (Quran) gəldi.
(“əl-Maidə” surəsi, 15-ci ayə)
Ruhumun qanadı,
başımın tacı,
İmanlı şerimin
əriş-arğacı,
Xəstə üəyimin
müalicəsi,
Yaralı könlümün
inləyən səsi,
Sönən gözlərimin
nuru, işığı,
Çalxalanan ömrümün
yar-yaraşığı,
Həyatın çövhəri,
eşqin uğuru,
Dizimin taqəti,
qəlbimin nuru,
Mən nə deyirəmsə,
səndən deyirəm,
Mən nə yazıramsa,
səndən yazıram.
Mən üzümü
sənə tutub yazıram,
Mən üzümü
sənin kimi varlığa
Sənin kimi dinə
tutub yazıram.
Tanıyıram öz səmtimi,
qibləmi,
Yönsüzləri gətirməkçün
bir yönə
Mən üzümü
yönə tutub yazıram.
Saflığından götürmüşəm
mayamı,
Qüdrətindən binə
tutub yazıram.
 
Uzaq yollar
Bəzirganlı, Xocalı,
Bu yolların söz sahibi
ozanlar.
Nədən bilsin bahar nədir,
qış nədir,
İlahinin düz yolundan
azanlar.
Günahkara Qıl körpünün
altı var,
Gecə-gündüz qır qaynadır
qazanlar.
 
Allahsızı qovuşdurmaz
Allaha
Nə dualar, nə çəkilən
azanlar.
Bəxtəvərdi ömrü boyu
haqq deyib,
Ömrü boyu Haqq eşqinə
yazanlar!
 
İman yerim, güman yerim,
yurd yerim,
Təbib yerim, dərman yerim,
dərd yerim,
Səndən başqa kimdi mənim
pənahım? –
Bir gün sənsiz açılmasın
sabahım,
Mən üzümü sənə tutub,
yazıram,
Mən üzümü səndən gələn
sədaya,
Səndən gələn ünə tutub
yazıram!
 
Ey ulu Tanrının
əziz bəndəsi,
Allahın diliylə
danışan insan,
Yerlərin ləngəri
göylərin səsi,
Varlığı Allahdan
bir nişan insan.
 
Ey ulu göylərin
yeddi qatıyla
Könül dostu kimi
dil tapan insan,
Ömrünün, gününün
hər saatıyla
Nurlu könüllərə
yol tapan insan.
 
Məkkə möcüzəsi,
Kəbə memarı,
Sehrdən yoğrulan,
sirr olan insan,
Miskinlər həmdəmi,
yetimlər yarı,
İşığı dünyayla
bir olan insan.
 
İlki də, sonu da
bilən, bildirən,
Ey insan nəslinin
son peyğəmbəri,
Sonuncu peyğəmbəri,
olsa da adın,
Bəşərin öndəri,
ön peyğəmbəri.
 
Allahdan bəndəyə
müjdələr verən,
Ən uca elçisən,
ya Rəsulullah!
İnsana insanlıq
yolu göstərən
Ən böyük ölçüsən
ya Rəsulullah!
 
Sənə salam üçün,
ehtiram üçün
Pak əllər üzlərin
xidmətindədir.
Eşqinlə yaranmış
saf insan üçün
Günəş gündüzlərin
xidmətindədir.
 
Eşqinlə çırpındı,
yandı, əridi
Haqqın işığına
bürünən mələk.
Bütün mələklərin
bəxtəvəridi
İlk dəfə gözünə
görünən mələk.
 
Dilində dil açan
Quran ayəsi
Könlündə çalxalanan
dərya yaratdı.
Düşəndə üstünə
Haqqın sayəsi
Dünyada ikinci
dünya yaratdı.
 
İşıqdı məscidin,
nurdu məzarın,
İşıq peyğəmbərim,
nur peyğəmbərim!
Quran ayəsində,
Haqq kəlamında
Düzülüb saplara
dürr, peyğəmbərim!
 
Bərəkət sünbüldən,
dəndən başlanıb,
Ucalıq Tanrıdan,
dindən başlanıb,
Mənimçün bu dünya
səndən başlanıb,
Eşqi dənizlərdən
gur peyğəmbərim!
 
Bəndə poza bilməz
Haqq yazanları,
Zülmət qucaqlayar
yol azanları
Tanrıya ucalan
bu azanları
Nuruna bələyib
nur, peyğəmbərim!
 
Hər bəndə qəlbini
nurtək ağ elə,
Haqqa əyiləni
qaldır, dağ elə,
Aqillər yolunu
çilçıraq elə,
Ocağın gur yansın,
gur, peyğəmbərim!
 
İstəkli bəndənə
verməzsən əzab,
Müşkül suallara
səndədir cavab.
Quranın Qurandı,
kitabın kitab,
İsrafıl çalsa da sur,
peyğəmbərim!
 
Üzümü üzlərin
səcdəsinə qat,
Sözümü sözlərin
səcdəsinə qat,
Mən birəm, yüzlərin
səcdəsinə qat,
Müqəddəs Quranın
üzündən öpüm.
 
Nuru şərbət kimi
içib gedərsən,
Könüldən-könülə
köçüb gedərsən,
Hayandan yeriyib
keçib-gedərsən,
Sən keçən yolların
izindən öpüm.
 
Sən mənim ruhumun
laylası, şeri,
Zəvvar ziyarətindən
qalarmı geri?
Göstər qədəmlərin
toxunan yeri,
Gəlim, ayağının
tozundan öpüm.

2020-07-16   32553