NKPI

Maraqlı Məlumatlar

BİTKİLƏRDƏN DƏRMAN HAZIRLANMASININ ÜSULLARI

 

Bitkilərdən çıxarılması nəzərdə tutulan təsiredici maddələrin xarakterindən və kimyəvi təbiətindən asılı olaraq, həmçinin onların istifadəsinin əlverişli olması üçün dərman bitkilərindən dərman hazırlanmasının üsulları müəyyən edilmişdir.

 

1. Soyuq su ilə cövhər

 Xırdalanmış bitki üzərinə otaq temperaturunda olan müəyyən miqdarda su əlavə olunaraq (bir yemək qaşığı xırdalanmış bitki, bir stəkan su) 6-8 saat saxlanılır, sonra cunadan süzülür.

 

2. İsti cövhər

Xırdalanmış bitki hissələri qaynar su ilə dəmlənir, 10-20 dəqiqə saxlanılır və süzülür. Bitkinin və suyun miqdarı eləcə də istifadə dozası dərman bitkisinin növündən və təyinatından asılıdır.

 

3. Həlim

Xırdalanmış bitki hissələri üzərinə qaynar su əlavə olunaraq, 15-30 dəqiqə qaynadılır, bir o qədər müddət də saxlanılır və süzülür. Bitkilərin qabığını, kökünü, kökümsovlarını, gövdənin oduncağını, həmçinin seliyə malik ağac hissələrinin üzərinə otaq temperaturunda olan su əlavə etmək, 5-8 saat saxlamaq və 15 dəqiqə qaynatmaq məqsədə uyğundur.

 

4. İmalə üçün cövhər

5-6 yemək qaşığı bitkinin üzərinə (çobanyastığı, bağayarpağı və s.) 1,5 litr qaynar su əlavə olunur, 15-30 dəqiqə saxlanılır və süzülür.

 

5. Vanna üçün cövhər

50 qram məsləhət görülən bitki, 4-5 litr qaynayan suya əlavə olunur, 15-20 dəqiqə saxlanır, süzülür və 37oC temperaturda olan su ilə dolu vannaya qtaraq vanna qəbul edilir.

 

6. Kompreslər

Kompres üçün iri doğranmış bitki xammalı az miqdarda qaynar su ilə qarışdırılaraq qaynadılır, əmələ gələn isti sıyığı kətan parça kəsiyi üzərinə qoyulur, ağrıyan yerə yun parça ilə sarılır.

 

7. Tinktura

Zəif təsir edən bitkidən tinktura spirt ilə (40%-li və 70%-li) 1:5 nisbətində hazırlanır. Güclü təsir edən xammaldan tinktura spirt ilə 1:10 nisbətində hazırlanır.

Xammal üzərinə lazımi miqdarda spirt əlavə olunaraq, kip bağlanan qabda, tez-tez qarışdırmaqla, 7-10 gün qaranlıq (gün düşməyən) yerdə saxlanılır və filtr kağızdan süzülür. Bitki xammalının qalığı sıxılır, yenidən süzülür və birinci filtrata qatılır. Müəyyən müddətdən sonra çöküntü əmələ gəldikdə tinktura yenindən filtrlənir.

 

8. Toz

Bitkilərin təzə hissələri kölgədə, hava dəyişən yerdə qurudulur. Yaxşı qurudulmuş xammal toz halında, az miqdarda su və ya süd ilə qarışdırılmaqla istifadə olunur.

 

9. İslatma dərmanı

 İslatma dərmanı uyğun bitkilərin su ilə hazırlanmış cövhərlərindən istifadə olunur. Soyuq və ya isti cövhərdə yaxşı isladılmış kətan salfetka ağrıyan yerə qoyulur. Salfetka qurumadan tez-tez dəyişdirilir.

 

10. Şirələr

 Xırda doğranmış bitki ət maşınından və ya şirəçəkən maşından keçirilərək qapalı qabda, soyuducuda saxlanır. Bəzi bitkilər, məsələn, əzvayın şirəsi sıxılan kimi dərhal istifadə olunur.

 

11. Sürtkü

 Xırda doğranmış bitki toz halına salınır, ərimiş donuz piyi, vazelin və balıq yağı (bərabər miqdarda götürülmüş) ilə qarışdırılır. Bir hissə toza iki hissə qarışıq piy götürülür.  

2015-10-10   5846