NKPI

Maraqlı Məlumatlar

Qobustan rayonu

 

Qobustan 1920-ci ildən 1930-cu ilə qədər Mərəzə rayonu kimi fəaliyyətdə olmuşdur. 1930- cu ildə Şamaxı rayonu təşkil edildikdə Mərəzə rayonu da onun tərkibinə birləşdirilmişdir. 1943-cü ilin oktyabr ayında Mərəzə rayonu Şamaxı rayonundan ayrılaraq 01.01.1960-cı ilə qədər ayrıca rayon kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə isə Mərəzə zonası 1990-cı ilin aprel ayında Şamaxıdan ayrılmış, Qobustan rayonu təşkil olunmuşdur. Qobustan qəsəbəsi 1983-cü ildə neftin xaricə nəqli üçün yaradılmış Duvannı stansiyası əsasında formalaşmışdır. Azərbaycan neftinin xaricə ilk ixracı bu stansiyadan həyata keçirilmişdir.

Relyefi

         Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsi Bakıdan 101 km məsafədə olub, Azərbaycanın Şərqinin alçaq dağlıq sahəsində, Böyük Qafqazın cənub şərq qurtaracağında yerləşir. Şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı və onun qolu Acıdərə çayı, Aladaş yaylası, cənubda Girdədağ (648 m), Hərəmi (300 m) və Mişov dağları (palçıq vulkanı), şərqdə süngürdağ (676 m), Keçiqaya (641 m) və Böyük Siyaku (786 m) kimi alçaq dağlar ilə hüdudlanır. Ərazinin orta hündürlüyü 600-700 m, maksimal hündürlüyü isə 1500 m-dir. Şimalda Baş Qafqaz silsiləsinin qolları olan Aladaş, Kəmçi, Taxtayaylaq silsilələri (Gümbudağ 1286 m, Kətəndağ 980 m, Yurtandağ 898 m) yerləşir. Qərb Sündü, Nabur, Mərəzə silsilələri ilə əhatə olunur. Mərkəzdə Çeyrankeçməz depressiyası (çökəkliyi) yerləşir. Ərazinin iqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlim tipinə aiddir.

Geoloji quruluşu

         Ərazinin şimalında Tabaşir, qalan yerlərdə, əsasən, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

         Ərazi Respublikanın ən seyrək çay şəbəkəsinə malikdir. Çayların mənbələri müxtəlif yüksəkliklərdədir: Pirsaat, Qozluçay, Çeyrankeçməz, Gilgilçay, Cəngiçay, Sumqayıtçaydır. Pirsaat başlanğıcını Böyük Qafqazın şərq kənarından (2400 m) götürür, Sumqayıtçay öz mənbəyini 2000 m yüksəklikdən (Gülümdostu dağı) alır. Ceyrankeçməz Ərəb-Şahverdi kəndi yaxınlığından (800 m) başlayaraq Sanqaçal stansiyası yaxınlığında Xəzərə tökülür. Gilgilçay Gülümdostu dağının yamacından (1980 m) başlayır. Xilmilli, Nabur, Sündü, Cəyirli, Çalov, Təklə, Çuxalı kəndləri mineral bulaqlarla zəngindir.

Landşaftları və bioloji müxtəlifliyi

         Ərazini torpaqları, əsasən, şabalıdı və açıq şabalıdı, boz-qonur, şorakətvarı boz-qonur torpaqlardır. Geniş otlaqlara malik Qobustan Azərbaycanın əsas qışlaqlarındandır.

         Dağ kserofitləri, yarımsəhra və quru bozqur bitkiləri geniş yer tutur. Heyvanları: tülkü, canavar, boz dovşan, adi çölsiçanı, ilan, kərtənkələ və s.

Quşları: kəklik, göyərçin və s.

Tarixi

         Azərbaycanın ən qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan “qobu” quru və ya müvəqqəti su axarı olan dərə, yarğan landşaftlarına deyilir. Başqa mülahizələrə görə “qobu” sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, müqəddəs yer mənasında ərəbcə “qabustan” sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub “Qabu” – Allaha yaxın, “stan” isə məkan mənasını verir. Beləliklə, “Qabustan” çox müqəddəs ad və məna kəsb edir. Yaşlı və dindar adamların sözlərinə görə yay aylarında Qobustanın səmasında “ağ yol” uzanır. Bu “yol” Məkkəyə qədər gedir. Keçmişdə Kəbəyə “Həcc ziyarəti”nə gedənlər bundan kompas kimi istifadə edirmiş.

Təbiət abidələri və mədəni irsi

       Ərazi mədəni, bioloji və geoloji təbiət abidələri ilə çox zəngindir. Dünyanın və Azərbaycanın ən gözəl və ən nəhəng palçıq vulkanları burada yerləşir. Ərazinin ən maraqlı geoloji təbiət abidələri: Nərimankənddə karst mağarası (“Peyğəmbər mağarası”), Sündü kəndində karst mağaraları (“Kühüldağ”), Poladlıda “Kühül”, Sündü kəndində maraqlı əfsanəyə malik “Ağlayan qaya” və bir-birindən gözəl və möhtəşəm palçıq vulkanlarıdır. Ərazinin palçıq vulkanlarından Nardaran-Axtarma (Nardaran k.), İlanlı (Şıxzəyirli k.), Çəyirli (Çəyirli k.) vulkanları çox maraqlıdır. Qobustan sakral ərazilər  - müqəddəs dağlar ilə də zəngindir. Onlar Bayanata, Qaiblər, Şaiblər dağlarıdır. Bu dağların zirvələrində övliyya məzarları mövcuddur. Bundan başqa ərazi müqəddəs və şəfaverici yerlər kimi ziyarət edilən yetmişdən çox pir, sufi dərvişlərinin məzarları, ocaqlar, türbələr (Mərəzədə “Diri-baba” (1402), Naburda “Pir-Əbdülkərim türbəsi”, “Sofi-Həmid türbəsi” (XIV əsr), “Şeyx-Əyyub türbəsi” (XVII əsr) mövcuddur. Ərazi həmçinin qədim məscidlər (Sündü k.,XIV əsr), karvansaralar (Mərəzədə “Şah-Abbas karvansarası”, Xilmillidə karvansara qalıqları), qədim qalalar (Cəyirli kəndində “Gavurqala”, Nabur kəndində “Növürqala”, Şıxlarda “Cavanşir qalası”, Kolanı və Bədəlli kəndlərində qalacıq), qədim yaşayış məskənləri (Dağ Kolanı yaxınlığında Allah-Əkbər dağında “Şeyxbörkü (bərgü)” qədim yaşayış yeri, poladlı kəndində “Kühül” qaya evləri, Qılıcan sahəsində “Şəhərgah”), istehkamlar ilə də zəngindir. Bu abidələr içərisində “Diri-Baba” türbəsi xüsusilə seçilir. Kvadratşəkilli günbəz sərdabələr formasındakı bu türbə 1402-ci ildə Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilmiş, 1965-ci ildə Misir Ərəb respublikasının Prezidenti C.Əbdül Nasir Azərbaycanda olarkən türbəni ziyarət etmiş, onun bərpasını sovet rəhbərlərindən xahiş etmişdir. Buradakı qəbiristanlıqların birində islamdan əvvəlki dövrlərə təsadüf edən, uzunluğu 2.5 – 3 m olan sal daşlardan yonulmuş xüsusi formalı nəhəng qəbirüstü abidələr yerləşir.

         “Mərəzə”, “nəbur”, “cuxanlı”, “cəmcəmli” kimi yerli xalçaları ilə dünyada məşhur olan Qobustan həmçinin şirvan xalçaçılıq mərkəzlərindən biridir.

Arxeoloji abidələri

         Mərəzə qəsəbəsi yaxınlığında orta əsrlərə aid Qobustan yaşayış yeri.

         Poladlı kəndi yaxınlığında Antik dövrə aid Kolanı yaşayış yeri, Şərar nekropolu. Bəklə kəndi yaxınlığında Antik dövrə aid küp qəbirləri. Çalov kəndi yaxınlığında Antik dövrə aid qəbiristanlıq, ilk orta əsrlərə aid Çalov yaşayış yeri. Cəyirli kəndi yaxınlığında ilk orta əsrlərə aid Cəyirli yaşayış yeri. Şıxzahırlı kəndi yaxınlığında ilk orta əsrlərə aid Şıxzahırlı kurqanı. Sündü kəndi yaxınlığında Tunc Dövrünə aid Qədirtəpə kurqanı, Quyulu mağaralar. Qəhlə dağında orta əsrlərə aid mağaralar (8 ədəd).

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-11   6297