NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - TƏBİƏTİN NƏĞMƏSİ

 
Təbiətin sonsuz səslər ahəngi,
Allah yaratdığı böyük nemətdi.
Əgər bu ahəngi pozmasa insan,
Həmişə zövq alar Allah payından.
 
Elə ki, pozulur səslər ahəngi,
Başlanır ruhların əzablı dövrü.
Pozulmuş ahəngdən dəhşət yaranır,
Həzin musiqilər tamam yox olur.
 
Təbiət səsləri min bir çalarlı,
Onu duyanlar da çox zəngin, varlı.
Qulaq ver bulağın şırıltısına,
İncə yarpaqların xışıltısına.
 
Diqqət et küləklər əsdiyi zaman,
Zövq al təbiətin bu mahnısından,
Dinlə şəlaləni uca zirvədən,
Özünçün pay götür sən bu sədadan.
 
Gör necə çırpılır sular daşlara,
Musiqi yaranır bu çırpıntıda.
Gör necə incədir bulağın səsi,
Beləcə yaranır eşqin nəğməsi.
 
Gör nə məlahətlə oxuyur bülbül,
Bu nəğmə sevgidi, məhəbbətdi, bil.
O olub aşiqi qızıl güllərin,
Olarmı əvəzi bu nəğmələrin?
 
Qaranquş bahardan xəbər gətirir,
O, gələn bahara nəğmələr deyir.
Beləcə, yaranır gözəl nəğmələr,
İnsanın ruhuna rahatlıq verir.
 
Ən böyük nəğməkar dənizin özü,
Mirvari dalğalar nəğmənin sözü.
Bu şaqraq dalğalar şahə qalxanda,
Oxuyar dəniz də, yer də, səma da.
 
Elə ki, dalğalar tam sakitləşir,
Bilin ki, göy dəniz zümzümə edir.
Təbiət gözəldi öz nəğməsilə,
İnsana zövq verir o, nəğməsilə.
 
Qoymayın təbiət batsın kədərə,
Həsrət qatmayaq biz o nəğmələrə.
Çalışın təbiət nizamlı qalsın,
Dünyada ən gözəl bəstəkar olsun.
 
Yaratsın insana gözəl nəğmələr,
Belə olan zaman dünya saf qalar.
Əzəldən anadır bizə təbiət,
Onun nəğmələri ən gözəl nemət.
 
İkinci nəğməkar müqəddəs Ana,
Yaradan laylalar bəxş etdi ona.
Ana təbiətlə Ana birləşdi,
Möhtəşəm laylalar belə yarandı.
 
Bu gözəl birliyi siz əziz tutun,
Müqəddəs birliyə siz sadiq olun.
Bu hər iki varlıq Allahın payı,
Qoruyun hər zaman bu varlıqları.
 
Mən də təbiəti müqəddəs bildim,
Onun nəğməsinə heyran kəsildim.
Ruhuma ruh qatdı onun nəğməsi,
Beləcə, fəth etdi ruhum göyləri.
 
Vətən təbiəti bir başqa aləm,
Ondan bəhrələndi mənəvi dünyam.
Əzəldən ruhuma hopdu muğamat,
Muğamat həyatın özündə həyat.
 
Yoxdur muğamatı yaradan insan,
Təbiət pay alıb onu Allahdan.
Muğamat yaradan məkan müqəddəs,
Muğamat yaradan insan müqəddəs.
 
Muğam təbiətin möcüzəsidir,
Allah qüdrətinin təntənəsidir.
Xanın da payı var bu təntənədə,
Allahın səsi var onun səsində.
 
Odur ki, səslərin Allahı oldu,
Muğamda Allahlıq zirvəsi qaldı.
Həmişə dünyada zirvəni sevin,
Həyatda zirvələr yolçusu olun.
Zirvələr həmişə olur müqəddəs,
Onu duymayanlar təmiz, pak olmaz.

2016-08-26   35858