NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - BƏNÖVŞƏ

 
Kolların dibində boynunu büküb,
Güllərin incəsi, incə bənövşə.
Bahardan gətirib ilk sevinc, müjdə,
Qönçədən gözəlsən, incə bənövşə.
 
Yazda sevənlərin bəxtinə bir bax,
Ətirə qərq olur hər bağça, hər bağ.
Gənclərin hər dəfə görüşdən qabaq,
Qəlbinin açılan eşqi, bənövşə.
 
Tikansız güllərin şahı sənsən, sən,
Sevənin sevənə hədiyyəsisən.
Sən əhdi-peymanın nişanəsisən,
Qızlara elçisən, elçi, bənövşə.
 
Təbiət elçi tək tək səni seçdi,
Aşiqlər səninçün canından keçdi.
Gözəllər donunu səndən biçibdi,
Gözəldən gözəlsən, incə bənövşə.
 
Səmadan almısan gözəl rəngini,
Dəyişdin həyatın öz ahəngini.
Bəzədin qızların baş çələngini,
Xoşbəxtlik tacı sən, qönçə bənövşə.
 
Dinlə sözlərimi, unutma bunu,
Kolların dibində bükmə boynunu.
Bu qədər utanma, söylə arzunu
Sən də gözlərmisən elçi, bənövşə?
 
Sevgi çiçəyidir bu zərif çiçək,
Hər güldən kövrəkdir, hər güldən göyçək.
Gəlin onu sevək, hey əzizləyək,
Sevgiyə şahiddi, incə bənövşə.
 
Vaqifin sözünə qulaq asın siz,
Bənövşə dərəndə tələsməyin siz,
Dərsəniz, qəlbini incitməyin siz,
İncisə, barışmaz incə bənövşə.

2016-08-29   4019