NKPI

Maraqlı Məlumatlar

KİMYANIN ƏSAS TERMİNLƏRİ VƏ ANLAYIŞLARI

 

Kimya – maddələrin tərkibi, quruluşu, xassələri, alınma üsullarını, bir-birinə çevrilməsi və çevrilmə proseslərini idarəetmə üsullarını öyrənən bir elmdir.

Fiziki cisimlər nədən ibarətdirsə, onlar maddə adlanır.

Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.

Sabit fiziki xassələrə (sıxlığa, ərimə və qaynama temperaturuna və s.) malik olan maddələrə saf maddələr deyilir.

İki və daha artıq saf maddədən ibarət olan sistemlərə qarışıqlar deyilir.

Eynicinsli qarışıqlar - tərkibindəki maddələrin hissəcikləri gözlə və mikroskopla görünməyən qarışıqlardır.

Müxtəlifcinsli qarışıqlar - tərkibindəki maddələrin hissə-cikləri gözlə və mikroskop ilə görünən qarışıqlardır.

 

“Atom-molekul təlimi”nin əsas müddəaları

  1. Maddələr molekullar və atomlardan təşkil olunur;
  2. Molekullar arasında boşluqlar vardır ki, onun da ölçüsü maddənin aqreqat halından və temperaturdan asılıdır;
  3. Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperatur ilə düz mütənasibdir;
  4. Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri vardır;
  5. Molekullar atomlardan təşkil olunur, atomlar da molekullar kimi daim hərəkətdədir;
  6. Bir atom növü başqasından öz kütləsinə və xassələrinə görə fərqlənir;
  7. Molekullar fiziki hadisələr zamanı dəyişməz qalır, lakin kimyəvi çevrilmələrdə parçalanır, atomlar isə kimyəvi çevrilmələr zamanı da parçalanmır.
  8. Bərk halda molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində molekullar olur;
  9. Qeyri-molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində atomlar və ya başqa hissəciklər olur.

 

Molekul – molekulyar quruluşlu maddənin kimyəvi xassələrini və tərkibini özündə saxlayan ən kiçik hissəciyidir.

Atom – maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir.

Müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəciyə atom deyilir.

Nüvəsinin yükü (protonların sayı) eyni, kütlələri  (protonların və neytronların cəmi) müxtəlif olan eyni  kimyəvi elelmentin atomları izotop adlanır.

Nüvəsinin yükü (yaxud protonlarının sayı) eyni olan atomlar növünə kimyəvi element deyilir.

Kimyəvi elementlərin nisbi atom kütləsi onun təbii izotoplarının orta atom kütləsinin karbon atomu(12C) kütləsinin 1/12-nə olan nisbətidir.

Müxtəlif növ atomlardan əmələ gəlmiş maddələrə mürəkkəb maddələr deyilir.

Eyni növ atomlardan əmələ gəlmiş maddələrə bəsit maddələr deyilir.

Maddə tərkibinin kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışı kimyəvi formul adlanır.

1799-cu ildə fransız kimyaçısı C.L.Prust tərəfindən kəşv olunmuş “maddə tərkibinin sabitliyi” qanunu: Alınma üsulundan asılı olmayaraq molekulyar quruluşlu kimyəvi birləşmələrin tərkibi və xassələri sabit olur.

Kimyəvi formulların və kimyəvi işarələrin qarşısında yazılan ədəd əmsal adlanır.

Kimyəvi element atomlarının özünə müəyyən sayda başqa element atomlarını birləşdirmək qabiliyyətinə valentlik deyilir.

Maddə molekulunun atom kütlə vahidi ilə ifadə olunmuş kütləsinə molekul kütləsi deyilir.

Molekulyar quruluşlu maddənin molekul kütləsinin karbon atomu kütləsinin 1/12-nə olan nisbətinə nisbi molekul kütləsi deyilir.

 

Karbon izotopunun (12C) 12 qramındakı atomların sayı qədər hissəciyi(atom, molekul, ion) olan maddə miqdarı mol adlanır.

1811-ci ildə A.Avoqadro tərəfindən təklif olunmuş Avoqadro qanunu: Eyni şəraitdə (temperatur və təzyiq eyni olduqda) müxtəlif qazların bərabər həcmlərində bərabər sayda molekul olur.

Şərait eyni olduqda eyni sayda qaz molekulları eyni həcm tutur- istənilən qazın bir molunun normal şəraitdə (00C temperaturda və 101,3 kPa təzyiq) tutuduqları həcmlər bərabər olub 22,4 litrdir.

İstənilən qazın müxtəlif şəraitdə molyar həcmi həmin şəraitdəki həcminin maddə miqdarına olan nisbəti ilə hesablanır:

Qazın həcmi litr ilə ölçüldükdə molyar həcmin vahidi l/mol olur.

 

Bir maddənin başqa maddəyə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr deyilir.

Bir maddənin başqa maddəyə çevrilməsi ilə nəticələnən hadisələrə kimyəvi hadisələr deyilir.

Kimyəvi hadisələrə kimyəvi reaksiyalar deyilir.

Kimyəvi reaksiyaların kimyəvi formullar, işarələr və əmsallar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir.

 

Maddə kütləsinin saxlanması qanunuKimyəvi reaksiyalara daxil olan maddələrin kütlələri cəmi reaksiyada alınan maddələrin kütlələri cəminə bərabərdir.

Eyni bir kimyəvi elementin müxtəlif bəsit maddə əmələ gətirməsi hadisəsinə allotropiya, əmələ gəlmiş bəsit maddələrə allotropik şəkildəyişmələr deyilir.

Bir maddədən bir neçə yeni maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara parçalanma reaksiyaları deyilir.

İki və daha çox maddənin birləşməsi ilə gedən reaksiyalara birləşmə reaksiyaları deyilir.

Maddələrin oksigen ilə qarşıılıqlı reaksiyasına oksidləşmə reaksiyası deyilir.

Oksigenin oksidləşmə dərəcəsi -2 olan və biri oksigen olmaqla, iki elementdən ibarət mürəkkəb maddələrə oksidlər deyilir.

İstiliyin ayrılması ilə gedən kimyəvi reaksiyalara ekzotermik reaksiyalar deyilir.

İstiliyin udulması ilə gedən kimyəvi reaksiyalara endotermik reaksiyalar deyilir.

Kimyəvi reaksiyalarda ayrılan və ya udulan istilik miqdarına kimyəvi reaksiyaların istilik effekti deyilir.

İstilik effektinin qiymətinin, reaksiyaya girən və alınan maddələrin aqreqat halının göstərildiyi reaksiya tənliklərinə termokimyəvi tənliklər deyilir.

Maddələrin oksigenlə qarşılıqlı təsiri zamanı çoxlu miqdarda istilik və işıq ayrılması ilə gedən reaksiyalara yanma reaksiyası və ya sadəcə yanma deyilir.

1kq yanacaq yandırıldıqda ayrılan istiliyin miqdarı (kC ilə) onun istilik törətmə qabiliyyəti adlanır.

Turşuların hidrogenlə birləşən atom və atomlar qrupuna turşu qalığı deyilir.

Bəsit maddə atomlarının mürəkkəb maddənin atomlarından birini əvəz etməsi ilə gedən reaksiyalara əvəzetmə reaksiyaları deyilir.

Mürəkkəb maddəni bəsit maddələrə parçalamaqla onun tərkibinin öyrənilməsinə analiz üsulu deyilir.

Bəsit maddələrdən mürəkkəb maddənin alınması ilə tərkibin öyrənilməsinə sintez üsulu deyilir.

Bir və ya bir neçə maddə hissəciklərinin başqa maddələtin hissəcikləri arasında yayılması prosesinə həllolma deyilir.

Bir və ya bir neçə maddənin digər maddədə paylanmasından alınan qarışıqlar dispers sistemlər adlanır.

Həllolan maddələrlə həlledicidən ibarət olan bircinsli sistemə məhlul deyilir.

Yaxşı həll olan, az həll olan, praktiki həll olmayan maddələr;

1000 ml (1 l) suda 10 q-dan çox həll olan maddələr yaxşı həll olan, 10-0,01 q həddində həll olanlar az həll olan, 0,01 q-dan az həll olanlar praktiki həll olmayan maddələrdir.

Duru və qatı məhlullar: Məhlulun müəyyən həcmində otaq temperaturunda həll olan maddənin miqdarı az olduqda ona duru məhlul, çox olduqda isə qatı məhlul deyilir.

Müəyyən temperaturda həll olan maddənin daha həll ola bilmədiyi məhlula doymuş məhlul deyilir.

Müəyyən temperaturda həll olan maddənin əlavə miqdarının həll ola bildiyi məhlul doymamış məhlul adlanır.

Həllolma əmsalı: Müəyyən temperaturda 1000 ml həlledicidə həll olmuş maddənin qramlarla miqdarına həllolma əmsalı deyilir. Həllolma əmsalının hesablanma düsturu:

 Bərk maddə hissəciklərinin su molekulları arasında bərabər paylandığı asılqanlara suspenziya deyilir.

Maye hissəciklərinin su molekulları arasında bərabər paylandığı asılqanlar emulsiya adlanır.

Məhlulun qatılığı:

Məhlululun müəyyən həcmində (və ya kütləsində) həll olmuş maddənin kütləsi və ya miqdarı onun qatılığı adlanır.

Həll olan maddənin kütlə payı:    Həll olmuş maddənin kütləsinin məhlulun kütləsinə olan nisbətinə həll olmuş maddənin kütlə payı deyilir.

ω- kütlə payı

mx- həll olmuş maddənin kütləsi

mM =məhlulun kütləsidir. ( mM = mx + msu)

Kütlə payı faiz ilə də hesablana bilər:

Molyar qatılıq:  Həll olmuş maddə miqdarının məhlulun həcminə olan nisbətinə onun molyar qatılığı deyilir.

nx- həll olmuş maddənin miqdarı, mol ilə;

V- məhlulun həcmi, litr ilə;

M- molyar kütlə, q/mol ilə;

C- molyar qatılıq, mol/l .

 

Oksid: Oksigenin oksidləşmə dərəcəsi -2 olan biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir.

Peroksidlər: Oksigen atomlarının öz aralarında birləşdiyi, elementlərin oksigenlə əmələ gətirdiyi digər biləşmələr peroksidlər adlanır.

Duz əmələgətirməyən oksidlər:

Turşular və əsaslarla qarşılıqlı təsirdə olmayan oksidlərə duz əmələ gətirməyən oksidlər deyilir.

Duz əmələgətirən oksidlər:

Turşular və ya əsaslarla qarşılıqlı təsirdə olub duz və su əmələ gətirən oksidlərə duz əmələgətirən oksidlər deyilir.

Əsasi oksidlər: Turşularla və turşu oksidləri ilə qarşılıqlı təsirdə olub duz əmələ gətirən oksidlərə əsasi oksidlər deyilir.

Turşu oksidləri:  Əsaslar və əsasi oksidlərlə qarşılıqlı təsirdə olub duz əmələ gətirən oksidlərə turşu oksidləri deyilir.

Amfoter oksidlər:  Həm turşularla (və ya turşu oksidləri ilə), həm də əsaslarla (və ya əsasi oksidlərlə) qarşılıqlı təsirdə olub duz əmələ gətirən oksidlərə amfoter oksidlər deyilir.

Dəyişmə reaksiyaları: Mürəkkəb maddələr arasında tərkib hissələrinin dəyişməsi ilə gedən kimyəvi reaksiyalara dəyişmə reaksiyaları deyilir.

Hidratlaşma reaksiyaları: Turşu oksidlərinin su ilə reaksiyaları hidratlaşma reaksiyaları adlanır.

Əsaslar: Tərkibində metal atomu ilə birləşmiş bir və ya bir neçə hidroksil (OH) qrupu olan mürəkkəb maddələrə əsaslar deyilir.

Qələvilər: Suda həll olan əsaslara qələvilər deyilir.

Neytrallaşma reaksiyaları: Əsaslarla turşuların arasında normal duz və su alınması ilə gedən dəyişmə reaksiyalarına neytrallaşma reaksiyaları deyilir.

Amfoter əsaslar: Həm turşularla, həm də qələvilərlə reaksiyaya girib duz və su əmələ gətirən əsaslara amfoter əsaslar deyilir.

Turşular: Metal atomu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddələrə turşular deyilir.

Turşuların əsaslığı: Turşuların əsaslığı metal atomu ilə əvəz oluna bilən hidrogen atomlarının sayına bərabərdir.

Normal duzlar: Turşu molekulunun tərkibindəki hidrogen atomlarının metal atomları ilə tam əvəz olunması nəticəsində alınan duzlara normal duzlar deyilir.

Turş duzlar: Turşu molekulundakı hidrogen atomlarının metal atomları ilə qismən əvəz olunması nəticəsində alınan duzlara turş duzlar deyilir.

Əsasi duzlar: Tərkibi metal atomları, hidroksil qrupları və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə əsasi duzlar deyilir.

İkiqat duzlar: Turşu molekulundakı hidrogen atomlarının iki müxtəlif metal atomları ilə tam əvəz olunması nəticəsində alınan duzlara ikiqat duzlar deyilir.

Qarışıq duzlar.  Metal atomlarının eyni vaxtda iki müxtəlif turşu qalığı ilə birləşməsindən alınan duzlara qarışıq duzlar deyilir.

Kristallaşma suyu: Kristalların tərkibinə kimyəvi birləşmə halında daxil olan suya kristallaşama suyu deyilir.

Dönməyən reaksiyalar: Reaksiyaya daxil olan maddələrin  tamamilə sərf olunması ilə axıra qədər gedən reaksiyalara dönməyən reaksiyalar deyilir.

Dönən reaksiayalar;  Eyni şəraitdə bir-birinə əks olan, hər iki istiqamətdə gedən reaksiyalara dönən reaksiyalar deyilir.

Aktivləşmə enerjisi:  Molekulların kimyəvi reaksiyaya daxil olması üçün malik olduğu enerjiyə fəallaşma enerjisi deyilir.

Homogen reaksiyaların sürəti: Vahid zamanda reaksiayaya daxil olan və ya alınan maddələrdən birinin molyar qatılığının dəyişməsinə homogen reaksiyaların sürəti deyilir.

Kinetik əyrilər:

Reaksiyaya girən maddələrin və alınan məhsulların qatılığının zamana görə dəyişməsinin qrafik ifadəsinə kinetik əyrilər deyilir.

Katalizator:

Reaksiyanın sürətini artıran, lakin prosesin sonunda özü kimyəvi dəyişməz qalan maddəyə katalizator deyilir.

Katalitik reaksiyalar:

Katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik reaksiyalar deyilir.

Homogen kataliz:

Katalizator reaksiyaya girən maddələrlə eynicinsli olduğu reaksiyalar homogen katalitik reaksiyalar adlanır.

Heterogen kataliz:

Katalizator reaksiyaya girən maddələrlə müxtəlifcinsli olduqda reaksiyalar heterogen katalitik reaksiyalar adlanır.

Kimyəvi tarazlıq halı:

Dönən reaksiyalarda düzünə gedən reaksiya sürətinin əksinə gedən reaksiya sürətinə bərabər olduğu hala kimyəvi tarazlıq halı deyilir.

Tarazlıq qatılığı:

Reaksiyada iştirak edən maddələrin tarazlıq halındakı qatılığına tarazlıq qatılığı deyilir.

D.İ.Mendeleyevin kəşf etdiyi dövri qanun (1869-cu il):

Bəsit maddələrin, eləcə də elementlərin əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri onların atom çəkilərinin artmasından dövri surətdə asılıdır.

Dövri qanunun müasir ifadəsi;

Kimyəvi elementlərin, eləcə də onların əmələ gətirdiyi bəsit və mürəkkəb maddələrin forma və xassələri atomların nüvə yükünün artmasından dövri surətdə asılıdır.

Energetik səviyyə:

Bir-birindən enerjisinə görə fərqlənən elektron örtüklərinə energetik səviyyələr deyilir.

Baş kvant ədədi:

Energetik səviyyənin nömrəsini göstərən tam ədəd n baş kvant ədədi adlanır.

Elektromənfilik:

Atomun birləşmədə rabitə elektronlarını özünə cəzbetmə xassəsinə elektromənfilik deyilir.

 

İonlaşma enerjisi:

Neytral atomdan nüvəyə ən zəif birləşmiş elektronu qoparmaq üçün lazım olan enerjiyə ionlaşma enerjisi deyilir.

Elektrona hərislik:

Neytral atoma bir elektron birləşərkən ayrılan enerjiyə elektrona hərislik deyilir.

Kimyəvi rabitə: Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır.

Valent elektronları: Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir.

Kovalent rabitə: Ümumi elektron cütünün əmələ gəlməsi ilə yaranan kimyəvi rabitəyə kovalent rabitə deyilir. Kovalent rabitə əsasən iki müxtəlif  mexanizmlə əmələ gəlir:

1. Mübadilə mexanizmi.

2. Donor-akseptor mexanizmi.

Qeyri-polyar kovalent rabitə: Elektromənfiliyi eyni olan atomlar arasında ümumi elektron cütünün əmlə gəlməsi hesabına yaranan kovalent rabitəyə qeyri-polyar kovalent rabitə deyilir.

Polyar kovalent rabitə: Müxtəlif qeyri-metal atomları arasında rabitəni əmələ gətirən ümumi elektron cütünün atomlardan birinə doğru şəkilməsi ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir.

σ rabitə: Elektron buludları rabitə əmələ gətirən atomların mərkəzlərini birləşdirən xətt üzrə örtülərsə, belə rabitəyə siqma rabitə deyilir.

π rabitə: Kimyəvi rabitəni əmələ gətirən atomların mərkəzlərini birləşdirən oxun hər iki tərəfində orbitalların yandan örtülməsi hesabına yaranan kovalent rabitəyə pi rabitə adlanır.

Valentlik - element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir.

İon rabitəsi: Elektrostatik cazibə qüvvəsinin təsiri nəticəsində ionlar arasında yaranan kimyəvi rabitəyə ion rabitəsi deyilir.

Metal rabitəsi: Nisbətən sərbəst elektronların metal ionları ilə qarşılıqlı təsiri nəticəsində yaranan rabitəyə metal rabitəsi deyilir.

Hidrogen rabitəsi: Bir molekulun hidrogen atomu ilə digər molekulun daha güclü elektromənfi elementinin atomu arasında əmələ gələn rabitəyə hidrogen rabitəsi deyilir.

Atom orbitallarının hibridləşməsi: Müxtəlif orbitalların kombinasiyasından eyni enerjili və eyni formalı yeni orbitalların əmələ gəlməsi prosesinə hibridləşmə deyilir.

sp hibridləşmə: hibridləşmə prosesində bir s- və bir p- orbitalı iştirak edirsə, 180°-li bucaq altında yerləşmiş iki eyni formalı sp hibrid orbitalı əmələ gəlir.

sp2 hibridləşmə: hibridləşmə prosesində bir s- və iki p- orbitalı iştirak edirsə, bir müstəvi üzərində 120°-li bucaq altında yerləşmiş üç eyni formalı sp2 hibrid orbitalı əmələ gəlir.

sp3 hibridləşmə: hibridləşmə prosesində bir s- və üç p- orbitalın iştirakı ilə fəzada 4 hibrid orbitalın yaranması prosesinə sp3 hibridləşmə deyilir.

İon kristal qəfəsləri: Düyünlərində ion rabitələrlə birləşmiş müsbətyüklü və mənfiyüklü ionlar olan kristal qəfəslərə ion kristal qəfəsləri deyilir.

Molekul kristal qəfəsləri: düyünlərində ayrı-ayrı molekullar olan kristal qəfəslərə molekul kristal qəfəsləri deyilir.

Düyünlərində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəslərə atom kristal qəfəsləri deyilir.

Metal kristal qəfəsləri: Düyünlərində bir-birilə ümumiləşdirilmiş elektronlarla əlaqələnmiş  ayrı-ayrı atomlar və ya metal ionları olan kristal qəfəslərə metal kristal qəfəsləri deyilir.

Maddə tərkibinin sabitliyi qanunu: Molekulyar quruluşlu hər hansı saf maddə, olduğu yerdən və alınma üsulundan asılı olmayaraq, həmişə sabit vəsfi və miqdari tərkibə malikdir.

Qeyri-molekulyar quruluşlu maddələr sabit tərkibə heç də həmişə malik olmur. Onların tərkibi alınma üsulundan və şəraitdən asılıdır.

Oksidləşmə-reduksiya reaksiyalarıValent elektronlarının elektromənfiliyi az olan atomlardan elektromənfiliyi çox olan atomlara keçməsi və ya yerdəyişməsi nəticəsində gedən proseslərə oksidləşmə-reduksiya reaksiyaları  deyilir.

Elektronun verilməsi prosesinə oksidləşmə, özünə birləşdirilməsi prosesinə isə reduksiya deyilir.

Özünə elektron birləşdirən atomlar və ya ionlar oksidləşdirici, elektron verənlər isə reduksiyaedici hesab olunur.

Oksidləşmə dərəcəsi: oksidləşmə dərəcəsinin qiyməti məlum element atomundan başqa element atomuna keçmiş və ya ona tərəf yerini dəyişmiş elektronların sayı ilə müəyyən olunur.

Oksidləşmə-reduksiya reaksiyalarının növləri:

  1. Atomlararası və ya molekullararası oksidləşmə-reduksiya reaksiyaları
  2. Molekuldaxili oksidləşmə-reduksiya reaksiyaları
  3. Disproporsiya və ya öz-özünə oksidləşmə-reduksiya reaksiyaları
  4. Konmutasiya və ya əks öz-özünə oksidləşmə-reduksiya reaksiyaları

 

Elektrolitlər: Suda məhlulları elektrik cərəyanını keçirən maddələrə elektrolitlər deyilir.

Qeyri-elektrolitlər. Suda məhlulları elektrik cərəyanını keçirməyən maddələrə qeyri-elektrolitlər deyilir.

Elektrolitik dissosiasiya: Elektroliti suda həll edildikdə və ya əridildikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir.

Kristalhidrat və kristallaşma suyu: Tərkibində kimyəvi rabitə ilə birləşmiş su olan kristal maddələrə kristalhidratlar, kristalların tərkibinə daxil olan suya isə kristallaşma suyu deyilir.

Elektrolitik dissosiasiya nəzəriyyəsinin əsas müddəaları :

  1. Elektrolitlər- suda həll olmuş və ya əridilmiş halda ionlarına ayrılan maddələrdir.

İonlar – müsbət və ya mənfi yükə malik atomlar və ya atomlar qrupudur.

  1. İonlar həm quruluşu həm də xassələrinə görə atomlardan fərqlənir.
  2. Elektrolit məhlulunda və ərintisində ionlar daim xaotik hərəkət edir. Həmin məhluldan və ya ərintidən sabit elektrik cərəyanı keçirildikdə müsbət yüklənmiş ionlar katoda, mənfi yüklənmiş ionlar isə anoda tərəf hərəkət edir.

Elektrolitik dissosiasiya nəzəriyyəsi baxımından turşulara və əsaslara aşağıdakı kimi tərif vermək olar:

Turşular - suda məhlullarda dissosiasiya etdikdə kation olaraq yalnız hidrogen ionları əmələ gətirən mürəkkəb maddələrdir.

Dissosiasiya zamanı anion olaraq yalnız hidroksil ionları əmələ gətirən elektrolitlərə əsaslar deyilir.

Dissosiasiya zamanı həm H+ , həm də OH- ionları əmələ gətirən elektrolitlərə amfoter hidroksidlər deyilir.

Normal duzlar – suda məhlullarda dissosiasiya etdikdə müsbət yüklənmiş metal (və ya ammonium) və mənfi yüklənmiş turşu qalığı ionlarına dissosiasiya edən mürəkkəb maddələrdir

Turş duzlar- suda məhlullarda dissosiasiya etdikdə müsbət yüklənmiş metal (vəya ammonium) və hidrogen, mənfi yüklənmiş turşu qalığı ionlarına dissosiasiya edən mürəkkəb maddələrdir

Dissosiasiya dərəcəsi: Dissosiasiya etmiş molekulların sayının məhluldakı həll olmuş molekulların ümumi sayına olan nisbətinə dissosiasiya dərəcəsi deyilir.

α = n/N

Dissosiasiya dərəcəsi 3 amildən asılıdır. 1. elektrolitin təbiəti; 2. elektrolit məhlulunun qatılığı; 3. temperatur.

Temperatur artıqca zəif elektrolitlərin dissosiasiya dərəcəsi də artır. Qüvvətli elektrolitlərin dissosiasiya dərəcəsi isə temperatur artdıqca azalır.

Dissosiasiya sabiti: Dissosiasiya sabiti ionların qatılıqları hasilinin ionlara ayrılmamış molekulların qatılığına olan nisbətinə bərabərdir.

Elektrolitlərin suda məhlullarının qarşılıqlı təsirinə ion reaksiyaları, belə reaksiyaların tənliklərinə isə ion tənlikləri deyilir.

İon mübadiləsi reaksiyaları: Əgər ion reaksiyaları zamanı ionların yükü dəyişmirsə, belə reaksiyalar ion mübadiləsi reaksiyaları adlanır.

Duzların hidrolizi: Duzu əmələ gətirən ionlar ilə su molekullarının qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlərin əmələ gəlməsi ilə gedən reaksiyalara duzların hidrolizi deyilir.

Elektroliz – elektrolit məhlulundan və ya ərintisindən sabit elektrik cərəyanı keçirdikdə elektrodlarda baş verən oksidləşmə-reduksiya reaksiyalarıdır.

Filiz: Sənayedə metalları almaq üçün yararlı olan təbii birləşmələr filiz adlanır.

Pirometallurgiya yüksək temperaturda reduksiyaedicilərlə (C, CO, H2, aktiv metallar) metalların filizlərdən reduksiyası prosesidir.

Metalların filizlərdən aktiv metallarla (Al, Mg, Na) və hidrogenlə reduksiyasına müvafiq olaraq, metallotermiya və hidrogenotermiya deyilir.

Hidrometallurgiya metal birləşmələrinin məhlul halına keçirilməsi və həmin məhluldan metalların elektroliz və ya nisbətən az aktiv metallarla reduksiyası prosesidir.

Elektrometallurgiya metal birləşmələrinin ərintilərinin elektrolizi ilə metalların alınması prosesidir.

Ərintilər: Metallar üçün xarakterik olan xassələrə malik iki və ya daha çox metaldan, ya da metaldan və qeyri metaldan ibarət sistemlərə ərintilər deyilir.

 

Metalların elektrokimyəvi gərginlik sırası

Li, K, Ca, Na, Mg, AI, Zn, Cr, Fe. Ni, Sn, Pb, H, Cu, Hg, Ag, Pt, Au

 

Korroziya- metalların və onların ərintilərinin ətraf mühitin təsiri nəticəsində kimyəvi və elektrokimyəvi dağılmasıdır.

Qalvanik element öz duzlarının məhlullarına salınmış iki metal elektrodun metal məftil ilə qapanmasından alınan sistemdir.

Metalların elektrik cərəyanını keçirməyən mühitlə qarşılıqlı təsiri nəticəsində dağılmasına kimyəvi korroziya deyilir.

Metalın və ya ərintinin sistem daxilində qalvanik cütlər əmələ gətirməsi və elektrik cərəyanının yaranması nəticəsində metalların dağılmasına elektrokimyəvi korroziya deyilir.

Qələvi metallar dövri sistemin IA qrupunda yerləşən metallardır. Təbiətdə birləşmələr şəklində tapılır;

NaCl - daş duz, xörək duzu və ya qalit mineralı.

Na2SO4·10H2O - qlauber duzu və ya mirabilit.

NaNO3 – çili şorası

Qələvi torpaq metalları dövri sistemin IIA qrupunda yerləşən Ca, Sr, Ba və Ra  metallarıdır. Təbiətdə Ca birləşmələr şəklində tapılır;

CaCO- kalsit(əhəngdaşı, tabaşir və mərmərin əsas tərkib hissəsi)

CaCO3·MgCO- dolomit

CaSO4·2H2O - gips

 

Sönməmiş əhəhng - CaO, sönmüş əhəng - Ca(OH)2.

Əhəng südü - südə oxşayan asılqanolub, artıq miqdarda götürülmüş sönmüş əhəngin su ilə qarışdırılmasından alınır.

Əhəng suyu - kalsium-hidroksidin şəffaf məhluludur. O, əhəng südünü süzməklə alınır.

Xlorlu əhəng - sönmüş əhənglə xlorun arasında gedən reaksiyadan alınır.

Təbii gips - CaSO· 2H2O

Yandırılmış(yarımsulu) gips - (CaSO4)2 · H2O

Ölü gips - CaSO4

Suya müvəqqəti codluq verən ionlar: Ca+2, Mg+2, HCO3

Suya daimi codluq verən ionlar: Ca+2, Mg+2, SO4–2, Cl

İonitlər- tərkibində xarici mühitin ionları ilə dəyişilə  bilən mütəhərrik ionlar olan bərk maddələrdir.

İonitin tərkibindəki mütəhərrik ion kation olduqda kationit, anion olduqda isə anionit adlanır.

Codluq 2 mmol/l-dən az olan su yumşaq, 2-dən 10-dək olan orta codluqlu, 10mmol/l-dən yuxarı olan su isə cod su sayılır. Dəniz suyunun codluğu 32,5 mmol/l-dir.

Alüminium amalqaması- alüminiumun civə ilə məhluludur.

Termit- tozşəkilli alüminiumla dəmir yanığının qarışığıdır (8Al + 3Fe3O4)

Alüminium əsasən düralüminium və silumin (alüminiumun silisiumla ərintisi) kimi ərintilər şəklində tətbiq edilir.

Saf metal şəklində alüminium elektrik naqillərinin və müxtəlif kimyəvi aparatların hazırlanmasına sərf olunur. Polad və çuqun məmulatları korroziyadan qorumaq məqsədilə onların səthlərini alüminiumla örtürlər.

Mis: Saf misdən elektrik naqilləri, kabellər düzəldilməsində və istilik mübadiləsi aparatlarında istifadə edilir.

Sink: Sink əsasən polad məmulatlarda qoruyucu örtük materialı kimi istifadə edilir.

Sink mislə (bürünc), alüminiumla və nikellə olan mühüm ərintilərin alınmasında, həmçinin sink-kömür qalvanik elementlərinin istehsalında tətbiq edilir. Sink berili (əsas tərkibi ZnO) boya kimi geniş tətbiq edilir.

Xrom: Xromdan metalkəsən alətlərin hazırlanmasında istifadə edilir. 12%-ə qədər xromu olan paslanmayan poladın istehsalında, korroziyanın qarşısını almaq məqsədilə müxtəlif polad məmulatın xromlaşdırılması üçün istifadə edilir.

Dəmir: Saf dəmirdə tez maqnitləşmək və maqnitsizləşmək qabiliyyəti olduğu üçün o, transformatorlar, elektrik motorları, elektromaqnitlər və mikrofon membranlarının hazırlanmasında tətbiq edilir. Dəmirin əsas ərintiləri - polad və çuqundur.

Çuqun tərkibində 1,7%-dən çox karbon, həmçinin silisium, manqan, kükürd, və fosfor olan dəmir ərintisidir. Çuqunu domna peçləri adlanan xüsusi peçlərdə dəmir filizlərindən alırlar.

Polad tərkibində 0,1-1,7% karbon və az miqdarda  silisium, manqan, kükürd və fosfor olan dəmir ərintisidir.

Halogenlər dövri sistemin VIIA qrupunda yerləşən elementlərdir. Halogen sözü duzdoğuran deməkdir.

Javel suyu NaCl+ NaClO + H2O

Ağardıcı əhəng- CaCl2 + Ca(ClO)2 + H2O

Xlor kağız və parçaların ağardılmasında, içməli suyun dezinfeksiya edilməsində, müxtəlif pestisidlərin istehsalında, xlorüzvi maddələrin və həlledicilərin alınmasında, xlorid turşusunun sintezində istifadə edilir.

Flüor üzvi birləşmələrin flüorlaşdırılmasında istifadə edilir

Yod tibbdə, məsələn yod tinkturası kimi yaraları dezinfeksiya etmək üçün, yod birləşmələri zob xəstəliyinin müalicəsi üçün, brom birləşmələri(KBr, NaBr) isə əsəb sistemini sakitləşdirmək üçün vacibdir.

Kükürdün iki əsas allotropik şəkildəyişmələri var; Kristallik və plastik kükürd.

Suyu sulfat turşusunun üzərinə tökmək olmaz.

Kuporos yağı qatı sulfat turşusuna deyirlər.

Kükürd kibrit istehsalında, kauçukun vulkanlaşdırılmasında, tibbdə məlhəmlərin hazırlanmasında, karbon-disulfidin, sulfat turşusunun istehsalında, bitki zərərvericiləri və xəstəlikləri ilə mübarizədə istifadə edilir.

Sulfat turşusu boyaların, mineral gübrələrin, partlayıcı maddələrin, süni ipəyin, qlükozanın, turşuların, duzların istehsalında misin elektrolitik alınmasında, neft məhsullarının təmizlənməsində, akkumulyatorlarda elektrolit kimi tətbiq edilir.

Hidrogen sulfidli (H2S) təbii sular müalicə məqsədilə (hidrogen sulfid vannaları) istifadə olunur.

Azot hava həcminin 78%-ni təşkil edir. Azot kimyəvi proseslər aparılarkən inert mühitin yaradılması üçün istifadə edilir. Maye azot soyuducu sistemlərdə tətbiq edilir. Azot əsasən NHsintezi üçün, ammonyak da nitrat turşusu və digər azotlu birləşmələrin istehsalında tətbiq edilir. Ammonyak gübrə kimi ammonyaklı suyun alınmasında, tibbdə və gündəlik həyatda istifadə olunur. Ammonyaklı su(ammonyakın suda 10%-li məhlulu) məişətdə “naşatır spirti” adlanır. Ammonyakdan qaynaq işlərində, partlayıcı maddələrin alınmasında istifadə edilir.

Ammonium duzları- NH4NO3, (NH4)2SO4 azot gübrəsi kimi istifadıə edilir. NH4NO3 həmçinin partlayıcı maddələrin (ammonal) istehsalında , NH4Cl metalların lehimlənməsində istifadə edilir.

Nitrat turşusu başqa turşularda həll olmayan metalların (Cu, Pb, Ag) həll edilməsində, dərmanların, plastik kütlələrin, fotoqrafiya vasitələrinin, zərhəlin, kollodiumun, sellüloidin alınmasında tətbiq edilir.

Fosfor: Fosforun 3 allotropik şəkildəyişməsi mövcuddur. Ağ fosfor P4, qırmızı fosfor (P)n, qara fosfor (P)n.

Qırmızı fosfor kibrit istehsalında, ağ fosfor müharibə zamanı yandırıcı bombalarda və döyüş zamanı tüstü pərdəsi yaratmaq üçün tətbiq olunur.

Fosfor (V) oksiddən suuducu maddə kimi istifadə edilir.

H3PO4 mineral gübrələrin – fosfatların alınmasında tətbiq edilir.

Mineral gübrələr: Bitkilərin tərkibinə 75-ə qədər müxtəlif elementlər daxildir. Bu elementlər makroelementlər və mikroelementlər şəklində iki yerə bölünür.

Makroelementlər: C, O, H, N, P, S Mg, K, Ca və s.

Mikroelementlər: Fe, Mn, B, Cu, Zn, Mo, Co və s.

Azot zülalların tərkibinə daxildir. O, çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır. Azotlu gübrələr xüsusən yaz vaxtı bitkilərə lazımdır.

Fosfor nuklein turşularının tərkibinə daxildir. Reproduktiv orqanların (çiçəklər, meyvələr) böyüməsi və inkişafı zamanı fosfor zəruridir.

Kalium fotosintez prosesini sürətləndirir, şəkər çuğundurunda şəkərin, kartofda nişastanın toplanmasına, dənli bitkilərin gövdəsinin möhkəmlənməsinə kömək edir.

Gübrələr əsas qida elementinə görə 3 növ - azotlu, fosforlu, kaliumlu olur.

Gübrələr tərkibinə görə iki cür - sadə və kompleks olur

Gübrələr mənşəyinə görə iki cür - mineral və üzvi gübrələr olur.

Gübrələr aqreqat halına görə iki cür- bərk və maye (ammonyaklı su) olur.

 

Karbonun 4 allotropik şəkildəyişməsi mövcuddur; almaz, qrafit, fülleren və karbin. Yalnız qrafit elektrik cərəyanını keçirə bilir.

Adsorbsiya və desorbsiya: Qaz halında olan və ya həll olmuş maddələrin bərk maddələrin səthi tərəfindən udulmasına adsorbsiya, həmin udulmuş maddələrin ayrılmasına isə desorbsiya deyilir.

Karborund SiC çox bərk maddədir. Ondan cilalayıcı kimi istifadə edilir.

Aktiv kömür tibbdə həb şəklində istifadə edilir.

Almaz qazma baltalarının ucluqlarının hazırlanmasında, şüşənin kəsilməsində, cilalayıcı tozların hazırlanmasında, qrafitdən elektrotexnikada elektrodlar hazırlanmasında, metalları əritmək üçün tigellər, həmçinin karandaş hazırlanmasında  istifadə edilir.

Hisdən kauçukun vulkanlaşmasında, boyalar və ayaqqabı kremlərinin hazırlanmasında istifadə edilir.  Ağac kömürü qara barıt istehsalında və həmçinin adsorbent kimi, daş kömür, koks, metallurgiya proseslərində reduksiyaedici kimi tətbiq olunur.

Karbondan metil spirtinin, sintetik benzinin və kalsium-karbidin alınmasında istifadə edilir.

Bərk yanacağın qaz halına çevrilməsinə yanacağın qazlaşdırılması deyirlər(közərmiş kömürdən su qazının alınması).

Karbon-monooksid (dəm qazı - CO) güclü zəhərdir. O, hemoqlobinlə oksigenə nisbətən, daha möhkəm birləşir və qan oksigeni orqanizmin toxumalarının hüceyrələrinə daşıya bilmir (oksigen aclığı yaranır). Dəm qazı yanacağın natamam yanması nəticəsində əmələ gəlir.

Quru buz CO2 soyuducu agent kimi istifadə edilir. Karbon qazından karbamid, yuyucu vasitələr, dərmanlar alınmasında, yanğın söndürülməsində istifadə edilir. Ondan sənayedə sodanın alınmasında, üzvi turşuların alınmasında və alkoqolsuz içkilərin hazırlanması üçün istifadə edilir.

Silisium yer qabığında yayılmasına görə oksigendən sonra ikinci yeri tutur. Qum və gil kimi tanıdığımız təbii birləşmələrin tərkibində olur. Amorf və kristallik silisium məlumdur.

Silisium yüksək dərəcədə istiyədavamlı və turşuyadavamlı silisiumlu poladların hazırlanmasında istifadə edilir. Silisium kristalları yarımkeçirici kimi geniş tətbiq edilir.

Silisium-dioksiddən kərpic, keramik məmulatlar və şüşə istehsalında istifadə edilir.

Na2SiO3 silikat yapışqanı kimi tətbiq edilir.

Adi pəncərə şüşəsi - Na2O·CaO·6SiO2

Çətinəriyən şüşə (kimyəvi və ya kaliumlu şüşə) K2O·CaO·6SiO2

Büllur şüşə K2O·PbO·6SiO2

Kvars şüşə SiO2

 

Üzvi kimya - kimyanın karbon birləşmələrini və onların çevrilmələrini öyrənən bölməsidir.

İzomer: Tərkibi və molekul kütləsi eyni, lakin kimyəvi quruluşu müxtəlif olan və buna görə də bir-birindən xassələrinə görə fərqlənən maddələr izomerlər adlanır.

Tərkibi və molekul kütləsi eyni olan, lakin molekullarının quruluşu və xassələri ilə fərqlənən bir neçə maddənin mövcud ola bilməsi hadisəsinə izomerlik deyilir.

Karbohidrogenlər: iki elementdən- karbon və hidrogen atomlarından ibarət olan üzvi birləşmələrə karbohidrogenlər deyilir.

Alkanlar: CnH2n+2 ümumi formuluna malik olan, hidrogen və başqa atom birləşdirməyən karbohidrogenlərə doymuş karbohidrogenlər və ya alkanlar (parafinlər) deyilir.

Karbon atomlarında orbitalların hibridləşməsi –sp3 tiplidir.  Karbon atomları arasındakı rabitənin uzunluğu 0,154 nm-dir.

 

Tsikloparafinlər tsiklik quruluşlu karbohidrogenlərdir. Ümumi formulu CnH2n. 5 və 6 üzvlü tsikloparafinlər naftenlər (nafta-türk mənşəli söz olub, neft deməkdir) adlanır.

 

Alkenlər: Molekulunda karbon atomları arasında bir ikiqat rabitəsi olan doymamış karbohidrogenlər alkenlər adlanır. Ümumi formulu CnH2n

İkiqat rabitəli karbon atomlarında orbitalların hibridləşməsi –sp2 tiplidir. C=C arasındakı rabitənin uzunluğu 0,134nm-dir.

Polimerləşmə: Çoxlu sayda eyni molekulların birləşərək daha iri molekullar əmələ gətirməsi prosesinə polimerləşmə reaksiyası deyilir.

Dien karbohidrogenləri: Molekullarında iki ikiqat rabitəsi, ümumi formulu CnH2n-2 olan üzvi birləşmələr dien kkarbohidrogenləri (alkadienlər) adlanır.

Təbii kauçuk makromolekulları izopren (2-metilbutadien-1,3) molekulları manqalarından ibarətdir.

Alkinlər: Asetilen və onun homoloqlarıdır. Asetilen sırası karbohidrogenlərində karbon atomları arasında bir üçqat rabitə olur. Ümumi formulu CnH2n-2   n ≥ 2

Üçqat rabitəli karbon atomlarında orbitalların hibridləşməsi –sp tiplidir. C≡C arasındakı σ rabitənin uzunluğu 0,120nm-dir.

 

Aromatik karbohidrogenlər (arenlər): Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. Benzolun homoloqlarının ümumi formulu CnH2n-6   n ≥6. Karbon atomlarında orbitalların hibridləşməsi –sp2 tiplidir. Benzol halqasında karbon atomları arasında rabitənin uzunluğu 0,140nm-dir.

 

Təbii qaz: Təbii qazın tərkibində CH80-97%, C2H6 0,5-4%, C3H8 0,2-1,5%, C4H10 0,1-1%, C5H12 0-1%, N2 və başqa qazlar olur.

Neftlə birlikdə çıxan qazlar: Bu qazları səmərəli istifadə etmək üçün onları üç fraksiyaya ayırırlar.

  1. Qaz benzini (əsasən C5H12 və C6H14 qarışığı)
  2. Propan və butan qarışığı
  3. Quru qaz (metan və etan qarışığı)

Mayeləşdirilmiş C3H8 və C4H10 məişətdə, avtomobillərdə yanacaq kimi istifadə edilir.

Daş kömür: Daş kömür bərk yanacaq olub, üzvi mənşəli faydalı qazıntıdır.

 

Neft: Sənayedə neft iki cür emala uğradılır: 1. Neftin ilkin emalı;  2. Neftin ikinci emalı.

1. Neftin ilkin emalı onun rektifikasiya kolonlarında fraksiyalı distilləsindən ibarətdir. Fraksiyalı distillədən alınan fraksiyalar aşağıdakılardır.

  1. 40o- 200oC Qazolin (benzin) fraksiyası
  2. 150o- 250oC Liqroin fraksiyası
  3. 180o- 300oC Kerosin fraksiyası
  4. 275oC-dən yuxarı Qazoyl (dizel)fraksiyası

Distillədən sonra qalan qalıq mazutdur.

Mazut vakuum altında qovularaq vakuum qazoyluna və qudrona ayrılır.

2. Neftin ikinci emalına neftin özü deyil, 1-ci emaldan alınan kerosin, qazoyl, mazut uğradılır. İkinci emal zamanı benzinin çıxımı artırılır.

Vazelin: maye və bərk karbohidrogenlərin qarışığından ibarət olub, tibbdə istifadə olunur.

Bərk parafin: Bərk karbohidrogenlərin qarışığından ibarətdir.

Qudron uçucu olmayan bərk kütlə olub asfalt almaq üçün istifadə edilir.

 

Spirt: Molekullarında karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir neçə hidroksil qrupu(OH) olan üzvi maddələrə spirtlər deyilir. Radikalın quruluşuna görə 3 növ spirt var:

1. Doymuş spirtlər

2. Doymamış spirtlər

3. Aromatik spirtlər

Doymuş biratomlu spirtlərin ümumi formulu CnH2n+1OH (R–OH). Burada  karbohidrogen radikalı ilə bir OH qrupu birləşib.

Molekullarında karbohidrogen radikalı ilə birləşmiş bir neçə hidroksil qrupu olan üzvi birləşmələr çoxatomlu spirtlərə aiddir. İki OH qrupu olan spirt ikiatomlu (etilenqlikol - CH2OH–CH2OH), üç OH qrupu olan spirt üçatomlu (qliserin - CH2OH–CHOH–CH2OH) spirt adlanır.

 

Fenollar. Hidroksil qrupları benzol nüvəsi ilə birləşmiş olan aromatik karbohidrogenlərin törəmələri fenollar adlanır. (C6H5OH). Burada C6H5 - fenil radikalı adlanır.

 

Aldehid: Molekullarında (–CHO) və ya –C(O)–H funksional qrupu (aldehid qrupu)  olan üzvi maddələrə aldehidlər deyilir.  Ümumi formulu CnH2nO. Aldehidlər oksidləşdikdə karbon turşuları alınır.

 

Karbon turşuları: Molekullarında karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir neçə karboksil qrupu olan üzvi maddələrə karbon turşuları deyilir.  –COOH karboksil qrupu.

Doymuş birəsaslı karbon turşularının ümumi formulu CnH2n+1COOH və ya R–COOH.

Doymamış birəsaslı karbon turşularının ümumi formulu

CnH2n-1COOH və ya R-COOH. n ≥2. məsələn, akril turşusu (propen turşusu)

CH2=CH–COOH

 

Mürəkkəb efirlər: Turşular və spirtlər arasında suyun ayrılması ilə gedən reaksiyalarda əmələ gələn üzvi maddələr mürəkkəb efirlər adlanır.

Ümumi formulu CnH2nO2 və ya R–COOR1

R–COOH + HO–R1  ↔ R–COOR+ H2O

 

Yağlar: Yağlar üçatomlu spirt olan qliserinin və ali karbon turşularının əmələ gətirdiyi mürəkkəb efirlərdir. Bu birləşmələrin ümumi adı triqliseridlərdir. 

Triqliseridləri əsasən palmitin, stearin, olein və linolen turşuları əmələ gətirir. 

Bərk yağlar əsasən ali doymuş karbon turşuları ilə - stearin C17H35COOH, palmitin C15H31COOH və ya bəzi başqa turşularla qliserindən əmələ gəlmişdir.

Maye yağlar əsasən ali doymamış karbon turşuları - olein C17H33COOH, linol C17H31COOH və ya linolen C17H29COOH turşuları ilə  qliserindən əmələ gəlir.

 

Sabun: Ali karbon turşularının (C10-C21)  Na və K duzları sabunun əsas tərkib hissəsidir.

Adi sabun əsas etibarilə palmitin, stearin və olein turşularının duzaları qarışığından ibarətdir.

Bərk sabun ali karbon turşularının Na duzudur. C17H35COONa.

Maye sabun isə ali karbon turşularının K duzudur. C17H35COOK

Sabun almaq üçün öncə yağ hidrolizə uğradılır. Hidrolizdən alınan karbon turşusuna soda və ya NaOH ilə təsir etməklə duz(sabun) alırlar.

 

Sintetik yuyucu vasitə: Sintetik yuyucu maddələr ali spirtlərlə sulfat turşusunun turş mürəkkəb efirinin natrium duzlarıdır.  R–CH2–OSO3Na (natrium alkilsulfat)

Sintetik yuyucu vasitələr sabunlardan fərqli olaraq cod suda yaxşı yuyurlar. Çünki onların Ca və Mg duzları da

[(R–CH2–OSO3)2Ca, (R–CH2–OSO3)2Mg] suda yaxşı həll olur.

 

KARBOHİDRATLAR (Saxaridlər): Ümumi formulu Cn(H2O)m .   (n və m ≥ 4)

Quruluşuna görə karbohidratlar 3 yerə bölünür.

1. Monosaxaridlər ( qlükoza, fruktoza, riboza, dezoksiriboza və s. )

  • Aldozalar (aldehid qrupu olan- qlükoza, riboza, dezoksiriboza)

  • Ketozalar (keton qrupu olan-fruktoza)

Qlükoza C6H12O6, Fruktoza(meyvə şəkəri) C6H12O6, Riboza C5H10O5, Dezoksiriboza C5H10O4

2. Disaxaridlər (saxaroza, maltoza, laktoza)

Saxaroza C12H22O11  α-qlükoza və β-fruktoza qalıqlarından ibarətdir

Maltoza C12H22O11 (səməni şəkəri) – iki α-qlükoza qalıqlarından ibarətdir.

Laktoza C12H22O11 (süd şəkəri) - α-qlükoza və β- qalaktoza qalıqlarından ibarətdir.

3. Polisaxaridlər (nişasta, sellüloza)

Nişasta (C6H12O5)α-qlükoza qalıqlarından ibarətdir.

Sellüloza (C6H12O5) β-qlükoza qalıqlarından ibarətdir.

Nişasta sellülozadan fərqli olaraq qiymətli qida maddəsidir.

 

AZOTLU ÜZVİ BİRLƏŞMƏLƏR: Azotlu üzvi birləşmələrdən ən əhəmiyyətliləri nitrobirləşmələr, aminlər, amin turşular və zülallardır.  

Nitrobirləşmələr:

Molekulunda bilavasitə C atomu ilə birləşmiş nitroqrup –NO2 olan üzvi birləşmələr nitrobirləşmələr adlanır. Ümumi formulu R–NO2, məsələn, CH3NO2, C2H5NO2.

 

Aminlər:

Ammonyak molekulunun hidrogen (H) atomlarının karbohidrogen radikalı ilə əvəz olunmasından alınan üzvi birləşmələr aminlər adlanır.

  • Birli amin CH3–NH2

  • İkili amin (CH3)2–NH

  • Üçlü amin (CH3)3N

Anilin:

Anilin aromatik aminlərin ən sadə nümayəndəsidir. C6H5NH2

 

Aminturşular

Molekulunda amin –NH2 və karboksil –COOH qrupu olan üzvi birləşmələr aminturşular adlanır.

Ümumi formulu NH2–CH2–COOH

Aminturşular zülalların əmələ gəlməsində iştirak edir.

–NH2 və –COOH qruplarının sayından asılı olaraq üç növü var.

1. Monoaminkarbon     NH2–R–COOH

2. Diaminmonokarbon (NH2)2–R–COOH

3 Monoamindikarbon  NH2–R–(COOH)2

Amin turşular molekullarında həm əsasi –NH2, həm də turşu –COOH qrupları saxladığı üçün onlar üzvi amfoter maddələrdir.

 

Zülallar:

Zülallar – amin turşuların qalıqlarından ibarət olan polimerlərdir (polipeptidlər)

Zülallar bütün canlı orqanizmlərin tərkibinə daxildir.

Həllolma qabiliyyətinə görə zülallar 2 cür olur:

Həllolan (alobulyar) zülallar – hemoqlobin (qanın zülalı), albumin (yumurtanın zülalı), insulin (mədəaltı vəzinin zülalı) və s.

Həllolmayan (fibrolyar) zülallar – fibrion (təbii ipəyin zülalı), kollagen (əzələ zülalı). Bu zülallar sapşəkilli olur.

Zülal molekulunun ilkin, ikinci, üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.

 

İri molekullu birləşmələr (Polimerlər):

Polimer – tərkibində bir-birilə kovalent rabitə ilə birləşmiş çoxlu sayda təkrarlanan monomer halqalarından ibarət maddələrdir.

Monomer – polimer almaq üçün istifadə olunan kiçik molekullu birləşmələrdir.

CH2=CH2             –CH2–CH2

monomer                 monomer manqası

nCH2=CH2     →   (–CH2–CH2–)n

etilen(monomer)    polietilen (polimer)

Polimerlər bir neçə əlamətlərinə görə təsnif edilir.

1. Mənşəyinə görə:

a) təbii plomerlər – nişasta, sellüloza, zülallar, təbii kauçuk

b) süni polimerlər – sellüloza asetatları və nitratlar

c) sintetik polimerlər – polietilen, polipropilen, butadien kauçuku, polistirol, lavsan.

2. Quruluşuna görə:

a) xətti polimerlər – sellüloza, amiloza (nişasta), lavsan, aşağı təzyiqdə alınmış polietilen

b) şaxəli polimerlər – yüksək təzyiqdə alınmış polietilen, amilopektin (nişasta), qlikogen

c) fəza quruluşlu tikilmiş (tor şəkilli) polimerlə – fenolformaldehid qətranı, rezin (vulkanlaşdırılmış kauçuk).

Xətti və şaxəli polimerlər əriyir və üzvi həlledicilərdə həll olur.

Torşəkilli polimerlər isə ərimir və üzvi həlledicilərdə həll olmur.

1) Termoplastik polimerlər – qızdırıldıqda yumşalır və formasını asan dəyişir. Soyuduqda yenidən bərkiyir və verilən formanı saxlayır. İkinci, üçüncü dəfə qızdırdıqda yenidən yum­şalır, yeni forma alır və s. Bunlara nümunə olaraq polietilen, polipropilen, polivinilxlorid, polistirol, polimetilmetakrilat göstərilə bilər.

2) Termoreaktiv polimerlər – qızdırıldıqda əvvəlcə yumşalır, sonra tədricən plastikliyini itirir və əriməyən, həll olmayan polimerlərə çevrilir.

Çünki qızdırıldıqda xətti polimerlərin makromolekulları bir-birilə birləşərək fəza qurluşlu (üçölçülü və ya torşəkilli) poli­merlərə keçir. Belə polimerlər təkrar emal olunmur. Məsələn, fenolformaldehid qətranı.

Kauçuklar: Kauçuklar – vulkanlaşdırıldıqda rezinə çevrilən yüksək elastikliyə malik polimerlərdir.

Təbii kauçuk - heveya ağacının şirəsindən alınan poliizoprendən ibarətdir. Bu kauçuk - sis izomerliyə malikdir.

Sintetik kauçuklar:

a) Butadien-1,3-dən alınan kauçuklar.

b) İzopren kauçuku: Bu kauçukun monomeri təbii kauçukun monomeri ilə eynidir. Yəni izoprendir.

c) Xlopren kauçuku.

d) Butadien-stirol kauçuku: Bu kauçuk birgə polimerləşmə yolu ilə alınır.

Rezin (kauçukun vulkanlaşdırılması)

Təbii və sintetik kauçukların xassələrini yaxşılaşdırmaq üçün onları rezinə çevirirlər.

Bundan ötrü kauçukları vulkanlaşdırırlar, yəni kükürd ilə 130-140oC-də qızdırırlar. Bu zaman kauçukdakı ikiqat rabitələr açılaraq kükürd (S) həmin yerdən polimerə birləşib kauçuk molekullarını bir-birinə “tikir” və beləliklə fəza quruluşlu (üçölçülü) polimer rezin alınır.

Liflər: Liflər - əyrilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir.

Təbii liflər bitki və heyvan orqanizmlərindən təbii yolla alınır.

Süni liflər təbii liflərdən onların kimyəvi çevrilməsi ilə alınır.

Sintetik liflər sintetik polmerlərdən alınır.

  1. Lavsan – tereftal turşusu ilə etilenqlikolun polikondensləşməsindən alınır.

  2. Naylon – adipin turşusu və heksametilendiaminin polikondensləşməsindən alınır.

  3. Enant – aminenant turşusunun polikondensləşməsindən alınır.

  4. Kapron – 6-aminkapron turşusunun polikondensləşməsindən alınır.

 

KATİONLARA VƏ ANİONLARA AİD KEYFİYYƏT REAKSİYALARI

Təyin olunan ion

Reaktiv

Reaksiyanın əlamətləri

1

2

3

Kationlara aid reaksiyalar

H+

İndikatorlar:

   1. Metil narıncısı

   2. Lakmus

Məhlulun rənginin dəyişməsi:

  1. Çəhrayı
  2. Qırmızı

Ba2+

 

SO42–

Ağ xırda kristallik çöküntü, hətta nitrat turşusunda həll olmur – BaSO4

Ag+

Cl

Kəsmiyə bənzər, ağ, hətta nitrat turşusunda həll olmayan çöküntü – AgCl

Fe2+

OH

Çirkli yaşıl rəngli çöküntü – Fe(OH)2

[Fe(CN)6]3–

Tünd göy rəngli çöküntü  - Fe3[Fe(CN)6]2

Fe3+

OH

Tünd qonur rəngli çöküntü – Fe(OH)3

[Fe(CN)6]4–

Tünd göy rəngli çöküntü – Fe4[Fe(CN)6]3

CNS

Qırmızı qan məhlulu Fe(CNS)3

Zn2+

OH– az miqdarda, damcı – damcı

Ağ çöküntü – Zn(OH)2, və ya H2ZnO2 -  qələvinin artıq miqdarında həll olur.

Me2+[Zn(OH)4]2–  məhlulu əmələ gəlir.

Al3+

OH–  az miqdarda, damcı - damcı

Ağ çöküntü – Al(OH)və ya H3AlO qələvinin artıq miqdarında həll olur. Bu zaman Me+[Al(OH)4] – məhlulu əmələ gəlir.

Cr3+

OH–  az miqdarda, damcı - damcı

Bozumtul mavi çöküntü – Cr(OH)3, və ya H3CrO3 – qələvinin artıq miqdarında həll olur  və Me+[Cr(OH)4] –  birləşməsinin  məhlulu əmələ gəlir.

Cu2+

OH–   

Mavi həlməşik şəkilli çöküntü  - Cu(OH)2

Alov üzərində sınaq

Alovun zümrüdü yaşıl rəngə boyanması

Ca2+

CO32–

Turşularda həll olan ağ çöküntü -  CaCO3

Alov üzərində sınaq

Alovun kərpici qırmızı rəngi

NH4+

OH 

Ammonyak iyi

Na+

Alov üzərində sınaq

Alov parlaq sarı rəngə boyanır

K+

Alov üzərində sınaq

Alov çəhrayı – bənövşəyi rəngə boyanır (göy şüşədən baxdıqda görünür)

OH 

İndikatorlar:

1. lakmus,

2. metil narıncısı,

3. fenolftalein

Məhlulun rənginin dəyişməsi:

  1. göy rəngə
  2. sarı rəngə
  3. moruğu

Cl

Ag+

Kəsmiyə bənzər, hətta nitrat turşusunda həll olmayan ağ çöküntü – AgCl

H2SO4 (qatı)

Suda yaxşı həll olan rəngsiz, kəskin xarakterik iyli qaz HCl

Br

Ag+

Hətta nitrat turşusunda həll olmayan, sarımtıl, kəsmiyəbənzər çöküntü – AgBr

H2SO4 (qatı)

Xarakterik iyli, suda yaxşı həll olan, rəngsiz qaz -HBr

J

Ag+

Hətta nitrat turşusunda həll olmayan, kəsmi-yəbənzər çöküntü AgJ

H2SO4 (qatı)

Xarakterik iyli, suda yaxşı həll olan, rəngsiz qaz -HJ

Cl2

Yodun boz rəngli məhlulu.

Cl2 + nişasta (kleyster)

Nişastanın göyərməsi

S2–

H+

Lax yumurta iyli qaz – H2S

Cu2+

Qara çöküntü - CuS

Pb2+

Qara çöküntü - PbS

NO3

Cu0, H2SO(qatı)

Xoşagəlməz iyli, qonur qaz – NO2

SO42–

Ba2+

Hətta nitrat turşusunda həll olmayan ağ, xırda kristallik çöküntü – BaSO4

SO32–

Ba2+

Nitrat turşusunda həll olan, ağ xırda kristallik çöküntü – BaSO3

 

H+

Kəskin iyli, fuksin məhlulunu və mürəkkəbi rəngsizləşdirən qaz – SO2

CO32–

H+

İysiz, yanmanı dayandıran, əhəng suyunu bulandıran qaz – CO2

PO43–

Ag+

Qələvi mühitdə sarı çöküntü  - Ag3PO4

CH3COO

H2SO4 (qatı), H+

Xarakterik iyli, uçucu asetat turşusu – CH3COOH

 

Bəzi kimyəvi rabitələrin uzunluğu və enerjisi (20oC-də)

Rabitə

Uzunluğu

nm

Enerji

kCoul/mol

Rabitə

Uzunluğu

nm

Enerji

kCoul/mol

C – C

0,154

348

C – F

0,135

488

C = C

0,134

614

C – Cl

0,177

330

C ≡ C

0,120

839

C –  Br

0,194

288

C – H

0,109

413

C – J

0,214

216

C – O

0,143

360

S – H

0,134

368

C = O

0,121

724

N – N

0,148

160

C – N

0,147

293

N = N

0,124

418

C = N

0,127

615

N ≡ N

0,109

947

C ≡ N

0,115

761

N – O

0,137

176

 

Molekul daxili və molekullararası qarşılıqlı təsirin orta enerjisi

Qarşılıqlı təsirin tipi

Qarşılıqlı təsirin enerjisi kCoul/mol

Kovalent əlaqə

200 – 800

ion əlaqəsi

40 – 400

ion–dipol qarşılqlı təsiri

4 – 40

Dipol–dipol qarşılıqlı təsiri

0,4 – 4,0

Hidrogen əlaqəsi

4 – 40

 

Hüceyrənin kimyəvi tərkibi

Birləşmələr

Miqdarı, %

Həmin qrupa daxil olan məlum birləşmələrin sayı

Su

70 – 80

1

Nuklein turşuları

6 – 9

1000

Zülallar

13 – 17

3000

Karbohidratlar

3 – 5

50

Lipidlər

1 – 10

40

Qeyri-üzvi duzlar

1

10

Digərləri

2

500

 

 

2015-10-12   26854