NKPI

Maraqlı Məlumatlar

HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s) - DÜNYA TARİXİNİN ƏN ALİ İNSANI

XXI əsrdə din elə bir qüvvəyə çevrilmişdir ki, onunla hesablaşmadan nə dünyanı, nə də ayrı-ayrı ölkələri idarə etmək mümkün deyil. Bu baxımdan, İslam dini sakitlik və sülh dini olmaqla böyük təsir gücünə malikdir. “Qurani-Kərim”ın ayələrində deyilir ki, müsəlmanlar mümkün olduqca sülhə can atmalıdırlar.

Məhəmməd ibn Abdullah İslam dininin peyğəmbəridir. Müsəlmanlar onun ən son peyğəmbər olduğuna və özünə Allah tərəfindən Quranın vəhy edildiyinə inanırlar. Ərəb dilində adı Məhəmməd ibn Abdullah (Abdullah oğlu Məhəmməd) deyilir. Müsəlmanlar onun adını andıqdan sonra tez-tez «sallahu əleyhi və səlləm» cümləsini söyləyirlər. Yazılışda isə «s.ə.s.», «s.ə.v.» və ya «s.a.» olaraq qısaldılan bu ifadə qısaca, «Allahın salamı onun üzərinə olsun» mənasını verir. Türk-islami ədəbiyyatda isə Hz.Məhəmməd (s.ə.v.) olaraq yazılır. Məhəmməd ərəbcədə «tərif» kökü olan «həmd» felindən törənibdir. Həmişə tərif olan, insanlar tərəfindən təriflənən mənasını verir. Ayrıca xalq tərəfindən Mustafa və ya Əhməd adı ilə də yad edilir. Əhməd ərəbcədə «daha çox təriflənən» mənasını verir. Quranda daha çox təriflənən mənasında istifadə edilən Əhməd sözü, din adamlarına görə, xüsusi ad olaraq verilmişdir və Əhməd adının Quran istinadı ilə Məhəmmədin digər bir adı olduğu iddia edilir.

Qurana görə, Məhəmmədin gələcəyi Tövratda və İncildə bildirilmişdir. İslam peyğəmbəri bir hədisində belə demişdir: «Mənim adım Quranda Məhəmməd, İncildə Əhməd, Tövratda Ahyeddir».

Əgər biz Məhəmməd Peyğəmbərə (s.ə.s.) digər istənilən tarixi şəxsiyyətlərlə müqayisədə baxsaq, heç şübhəsiz, onu dünyanın tanıdığı ən böyük dühalardan biri kimi qəbul etməliyik.

Xristian Maykl Xart «Dünyanın yüz dahi adamı» kitabında (Moskva, «VEÇE», 2000, 543 səh.) dünyanın bütün mövcudluğu dövründə yaşamış yüz dahi şəxsiyyəti seçmiş və siyahıda birinci yeri Məhəmməd Peyğəmbərə (s.ə.s.) vermişdir. Hətta İsa Peyğəmbəri bu siyahıda üçüncü yerdə göstərmişdir (İsaak Nyutondan sonra). Bunun da əsasında Məhəmməd Peyğəmbərin (s.ə.s.) əlçatmaz dahiliyi durur. Fikirlərimi əsaslandırmaq üçün həmin kitabdan «Məhəmməd» adlı bölməni tərcümə edib oxuculara çatdırmağı məqsədəuyğun hesab edirəm:

«Mənim siyahımda Məhəmmədin adının dahi tarixi şəxsiyyətlər sırasında birinci yerdə olması bəzi oxucuları təəccübləndirə, bəzilərində etiraza səbəb ola bilər. Lakin o, tarixdə yeganə şəxsiyyətdir ki, həm dini, həm ictimai-siyasi sahədə çox uğurla fəaliyyət göstərmişdir. Məhəmməd (s.ə.s.) aşağı sosial mənşəli olsa da, dünyanın ən böyük dinlərindən birinin yaradıcısına və qeyri-adi uğurlar qazanmış siyasi liderə çevrildi. İndi onun ölümündən on üç yüz illik keçsə də, yaratdığı dinin təsiri dünyada olduqca güclüdür».

Bu kitabın əksər personajları böyük mədəniyyət mərkəzlərində doğulmuş, yüksək tərbiyə almış, tarixdə əsas rol oynamış sivil xalqlar arasında yaşamışdılar. Məhəmməd (s.ə.s.) 571-ci ildə aprelin 20-də Məkkədə, Ərəbistanın cənubunda doğulmuşdur. Atası Abdullah ibn Abdulmuttalib, anası Mədinənin Harzəc qəbiləsindən Nennacələrdən Vəhab ibn Abdumənafın qızı Aminədir. Məhəmməd dünyaya gəlməmişdən atası vəfat etmişdir. Onun himayəsini babası Abdul-muttalib üzərinə götürdü və nəvəsinə o zamana qədər kimsəyə verilməmiş «Məhəmməd» adını verdi. Məhəmməd o vaxt Məkkədə olan Bəni Sad qəbiləsindən Həlimə adlı bir qadına əmanət edilir. Bundan əvvəl Məhəmmədi Əbu Zəhəbin nökəri Süveybə əmizdirirdi. Məhəmməd üç yaşına qədər anası Aminənin nəzarəti altında süd anası Həlimeyi Sadiyyənin yanında qalır, daha sonra Məkkə şəhərinə, anasının yanına gətirilir.

Məhəmməd altı yaşında olarkən anası Aminə və baxıcısı Ümmi Eymənlə birlikdə qohumlarını görmək üçün Mədinəyə getdi. Bir ay Mədinədə qaldıqdan sonra Məkkəyə qayıtdıqda Ebvaya (Çifədən 37 km uzaq) çatanda anası vəfat etdi və orada dəfn edildi. Nökərləri Ümmi Eymən onu Məkkəyə gətirib babası Abdulmuttalibə verdi. Babası isə Məhəmmədi himayə olunmaq üçün oğlu Əbu Talibə verdi. Əbu Talib və xanımı Məhəmmədə çox yaxşı baxırdılar. Öz uşaqları ac olsa da əvvəlcə Məhəmmədi doyuzdurardılar. Məhəmməd Əbu Talibin xanımına «O, mənim anam kimi idi» deyərdi. O vaxt bura təhsildən, sənətkarlıqdan, ticarət mərkəzlərindən uzaq, geridə qalmış bir region idi. Məhəmməd altı yaşında yetim qaldı, kasıblıqla böyüdü və tərbiyə aldı. O, 25 yaşında varlı dul qadınla evləndikdən sonra maddi vəziyyəti yaxşılaşdı. Lakin, hətta onun qırx yaşı olanda da hələ demirdilər ki, Məhəmməd dahi şəxsiyyətdir.

O vaxt ərəblərin çoxu bütpərəst idi və çoxallahlığa etiqad edirdi. Məkkədə, həqiqətən də, az miqdarda yəhudi və xristianlar vardı. Ola bilər ki, Məhəmməd (s.ə.s.) Vahid, Qüdrətli Allah, Dünyanın sahibi haqqında ilk dəfə məhz onlardan eşitmişdi. O, 40 yaşına çatanda inandı ki, Vahid, Həqiqi Allah onunla Cəbrayılın vasitəsilə danışır və adamlar arasında həqiqi dini yaymaq üçün Məhəmmədi (s.ə.s.) öz rəsulu etmişdir.

Məhəmməd (s.ə.s.) üç il ərzində yeni dini yaxın qohumları və dostları arasında təbliğ etdi, sonra açıq təbliğata başladı. Tədricən tərəfdarları yarandı və Məkkənin hakimiyyəti ona ixtişaşçı kimi baxmağa başladı. 622-ci ildə Məhəmməd (s.ə.s.) təqiblərdən yaxa qurtarmaq üçün Mədinəyə qaçdı və burada hiss olunacaq dərəcədə hakimiyyət əldə edə bildi.

«Hicri» adlanan bu gediş Peyğəmbərin həyatında dönüş mərhələsi oldu. Əgər Məkkədə tərəfdarlarının sayı az idisə, Mədinədə onlar kifayət qədər çoxaldı və Məhəmməd (s.ə.s.) tezliklə elə güclü təsir imkanı əldə etdi ki, əslində məhdudiyyətsiz hökmdara çevrildi. Məhəmmədin (s.ə.s.) tərəfdarlarının sayının sürətlə artdığı sonrakı illərdə Məkkə ilə Mədinə arasında hərbi toqquşma baş verdi. Bu müharibə 630-cu ildə Məhəmmədin (s.ə.s.) qalibiyyəti və Məkkəyə zəfərli qayıdışı ilə başa çatdı. Peyğəmbərin həyatının sonrakı iki il yarımı ərəb tayfalarının sürətlə yeni dinə keçmələri ilə yadda qaldı.

Məhəmməd (s.ə.s.) 632-ci ildə, ölümü ərəfəsində artıq bütün Cənubi Ərəbistanın hökmdarı idi.

Ərəb bədəviləri qəddar döyüşçü kimi məşhur idilər. Onların sayı az idi, əhalisi oturaq əkinçiliklə məşğul olan şimal ölkələrində olduğu kimi böyük orduları da yox idi, öz aralarında isə tez-tez tayfa müharibələri baş verirdi. Lakin tarixdə ilk dəfə olaraq Məhəmməd (s.ə.s.) tərəfindən və həqiqi Allaha böyük inamdan güc alan kiçik ərəb orduları genişmiqyaslı heyrətləndirici istilaları həyata keçirə bildi. Ərəbistanın şimal-şərqində Sasanilərin yeni fars imperiyasının hakimiyyəti, şimal-qərbdə isə Bizans imperiyasının təsiri vardı. Ərəblər sayca öz düşmənlərindən az idi. Buna baxmayaraq, öz dinindən ruhlanan ərəblər tezliklə döyüş meydanında Mesopotamiya, Suriya və Fələstini fəth etdilər. 642-ci ildə onlar Misiri Bizansdan aldılar. Fars qoşunlarını isə 637-ci ildə, Kadisi zamanında və 642-ci ildə, Nəhavəndi dövründə darmadağın etdilər. Məhəmmədin (s.ə.s.) yaxın dostları və davamçıları olan Əbu Bəkr və Ömərin rəhbərliyi ilə həyata keçirilən böyük istilalar ərəb ekspansiyasının sonu olmadı. 711-ci ildə ərəblər Şimali Afrikanı tutdular və Atlantik okeanına çatdılar, bundan sonra Cəbəlüttariq boğazını keçərək vestqot İspaniyasını fəth etdilər. Bu zaman, hətta müsəlmanların bütün xristian Avropasını fəth edəcəyi zənn olunurdu. Amma 732-ci ildə Fransanın mərkəzinə çatan müsəlman orduları franklar tərəfindən məğlub edildi. Buna baxmayaraq, Peyğəmbərin sözlərindən ruhlanan bədəvi döyüşçülər yüz il ərzində o dövrdə çox geniş olan Hindistan sərhədlərindən Atlantik okeanına qədər ərazidə imperiya yaratdılar. Bu yerlərdə yeni dinin çoxlu tərəfdarları yarandı, amma inam hər yerdə eyni səviyyədə deyildi. Farslar Peyğəmbərə inamlarını saxlasalar da, sonralar ərəblərin asılılığından azad oldular. İspanlar yeddi əsrdən sonra xristian rekonkistisi nəticəsində bütün yarımadanı geri aldılar. Mesopotamiya və Misir kimi qədim sivilizasiya beşikləri, Şimali Afrika ərəb əraziləri kimi qaldı. Yeni din sonrakı dövrlərdə müsəlmanların ən əvvəl fəth etdikləri sərhədlərdən uzaqlara yayılmağa başladı. Hazırda on milyonlarla müsəlman Afrika və Mərkəzi Asiyada, daha çox sayda Pakistan, Şimali Hindistan və İndoneziyada yaşayır. İndoneziyada yeni din, həm də bir vaxtlar birləşdirici faktora çevrilmişdir. Hindistanda isə əksinə, induslar və müsəlmanlar arasındakı ziddiyyətlər hələ də davam edir və birliyə mane olur.

Xristianlar dünyada müsəlmanlardan təxminən iki dəfə çox olduğundan təəccüblü görünə bilər ki, niyə Məhəmmədin (s.ə.s.) adı İsadan əvvəl yazılıb. Bunun üçün iki tutarlı əsas var. Birincisi, Məhəmmədin (s.ə.s.) İslamın inkişafındakı rolu İsanın xristianlığın inkişafındakı rolundan daha böyükdür. Xristos xristianlıq əxlaqı və fəlsəfəsinin əsasını qoysa da (çünki bu norma yəhudilikdən fərqlənir), xristian ilahiyyatının yaradılmasında əsas xidməti məhz müqəddəs Pavel göstərmişdir. O, «Əhdi-Cədid»in (İncilin və başqa xristian dini kitablarının adı) xeyli hissəsinin müəllifidir və dindarların sayının çoxalması üçün olduqca çox iş görmüşdür.

Məhəmməd (s.ə.s.) isə bütövlükdə İslam teologiyası və əxlaqının yaradıcısı olmuşdur. O, İslam prinsiplərini həyata keçirmiş birinci şəxsdir, dindarların sayının artmasında da əsas rol ona məxsusdur. Bundan başqa, Peyğəmbər Quranın müəllifidir. Məhəmmədin (s.ə.s.) Qurana daxil olan bütün kəlamları onun sağlığında ikən yazılmışdır, vəfatından dərhal sonra isə tamamlanmış və avtoritar forma almışdır.

Lakin İsa Peyğəmbərin təliminin daha ətraflı və dəqiq yazısı qalmamışdır. Quranın müsəlmanlar üçün əhəmiyyəti Bibliyanın xristianlar üçün əhəmiyyətindən az olmadığından Məhəmmədin (s.ə.s.) ideyalarının Quran vasitəsilə təsiri olduqca böyükdür. Bu da həqiqətdir ki, Məhəmmədin (s.ə.s.) müsəlmanlara təsiri İsa Peyğəmbərin və müqəddəs Pavelin birlikdə xristianlara təsirindən güclüdür. Yalnız təmiz dini səviyyədə isə, yəqin ki, Məhəmmədin (s.ə.s.) insanlıq tarixinə təsiri İsa Peyğəmbərin təsirindən az olmamışdır.

Eyni zamanda, Məhəmməd Peyğəmbər (s.ə.s.) İsa Peyğəmbərdən fərqli olaraq, təkcə dini lider yox, həm də dünyəvi lider idi. Onun ərəb istilalarının ilhamçısı kimi rolu nəzərə alınsa, onda Məhəmmədi (s.ə.s.) bütün dövrlər üçün ən təsirli siyasi rəhbər hesab etmək olar.

Beləliklə, VII əsrdəki ərəb istilalarının nəticələri bu gün də insanlığın həyatına təsir etməkdədir. Bax bu böyük dini və dünyəvi təsir birliyi məni, Məhəmmədi unikal tarixi şəxsiyyət kimi ayırmağa məcbur etdi.»

O.H.Qüdrətov və N.Q.Qüdrətov göstərirlər ki, Məhəmməd Peyğəmbərin (s.ə.s.) mənsub olduğu nəslin kökü Nuhun övladı Sim və onun törəmələrindən olan İsmayıl Peyğəmbərlə bağlıdır. Onların fikrincə, Peyğəmbərin ulu babası Qeysin (Kusayın) Kəbəyə gəlişi və burada məskən salması 400-450-ci illərə təsadüf edir. Müəlliflər öz kitablarında Peyğəmbərin mənsub olduğu Qureyş tayfasının şəcərəsini də vermişlər.

Karen Armstronq isə Məhəmməd Peyğəmbərin (s.ə.s.) nəsli və ona qohum olan ailələrin şəcərəsini aşağıdakı kimi vermişdir:

Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, İslam dininin banisi Məhəmməd Peyğəmbər (s.ə.s.) dünyanın ən müdrik, ən böyük dahisidir və bəşər tarixində ali insan olmuşdur.

Daha bir maraqlı məqam budur ki, dahi alman şairi Höte İslam Peyğəmbərini tərənnüm etmiş, “Məhəmmədin (s.ə.s.) tərənnümü” adlı şeir yazmış və özü də İslamı qəbul etmişdir. 

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-08-25   20699