NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - HƏYATI MƏNASIZ OLAN BƏDBƏXTDİR...

 
Hər zaman maddilər vurğunu olan,
Vara-dövlətə də çox həris olan,
Qızılın-gümüşün əsiri olan,
Həyatı mənasız olan bədbəxtdir.
               
Zamanında almayan əxlaq dərsini,
Qaba vərdişlərə salıb meylini,
Seçərək özünə nadan yolunu,
Həyatı mənasız olan bədbəxtdir.
 
Ağıla, biliyə meyli salmayan,
Yaratmaq, yaşatmaq meyli olmayan,
Nəslini ucaltmaq meyli olmayan,
Həyatı mənasız olan bədbəxtdir.
               
Kitabdan hər zaman uzaq qaçaraq,
Alimdən, aqildən uzaq qaçaraq,
Nadana, qabaya yoldaş olaraq,
Həyatı mənasız olan bədbəxtdir.
               
İnsan sevgisindən bixəbər olan,
Bəd niyyət, xisləti yamanlıq olan,
Yalanlar üstündə bir həyat quran.
Həyatı mənasız olan bədbəxtdir.
               
Böyüyün, kiçiyin yerin bilməyən,
Sözünü deməyin yerin bilməyən,
Acı dil olaraq söz güləşdirən,
Arzu olunmayan insan bədbəxtdir.
 
Ömr edib zamanın qədrin bilmədən,
Atlı zaman ilə yarışa girən,
Zamanla yarışda uduzan olan,
Sonradan peşiman olan bədbəxtdir.
               
Sabahlar gec durub yuxuya qalan,
Bu günün işini sabaha qoyan,
Mənzili bilinməz yollara çıxan,
Yollar ayrıcında qalan bədbəxtdir.
               
Hər şeyi  talehin üstünə atan,
Başına gələni bilmədən nədən,
Ölümlü gününü çox yaxın edən,
Dünyadan tez köçən insan bədbəxtdir.

2016-09-06   4156