NKPI

Maraqlı Məlumatlar

MAKEDONİYALI İSGƏNDƏR – yalnız qalibiyyət üçün doğulmuş sərkərdə

Makedoniyalı İsgəndər qədim ellin sərkərdəsi kimi tarixə düşüb. O, heç bir döyüşdə məğlub olmayıb. On ilə yaxın müddətdə etdiyi hərbi yürüşlər Qədim Yunanıstanın hərb sənətinin çiçəkləndiyini göstərirdi. O, olduqca böyük əraziləri fəth etmişdi – Qərbdə Dunaydan şərqdə Hindistana qədər, cənubda Nildən şimalda Amudəryaya qədər. Bununla da dünya dövləti yaratmışdır.

İsgəndərin vətəni Makedoniya

Balkan yarımadasının orta, meşəlik hissəsində makedoniyalılar yaşayırdı. Qədim Makedoniyanın ərazisi 30 min kvadrat kilometr, əhalisi 500 min nəfərə yaxın idi. Əhalinin əsas məşğuliyyəti əkinçilik idi.

Ərazisi meşə ilə zəngin olan Makedoniyadan Yunanıstana meşə materialları ixrac olunurdu. Bununla yanaşı, dağ-mədən sənayesi və silah istehsalı da inkişaf edirdi.

Dəniz sahilində yaşayan əhalinin balıqçılıqla məşğul olması donanmanın inkişafına müsbət təsir edirdi. Atçılığın inkişafı isə Yunanıstanda olmayan süvari qoşunlarının yaranması üçün baza idi.

Həmin dövrdə Makedoniya mədəniyyəti yunan mədəniyyəti kimi xarakterizə olunsa da, yerli qədim ənənələr daha güclü təsirə malik idi. Bu cüzi fərq yunanların makedoniyalılara nifrətinə səbəb olurdu. Yunanlar makedoniyalıları yadellilərin nəslindən hesab edirdilər.

Makedoniya digər yunan dövlətlərinə nisbətən daha mərkəzləşmiş dövlət idi. Onu hökmdar idarə edirdi və taxt uğrunda tez-tez qanlı toqquşmalar baş verirdi. Demək olar ki, Makedoniyanın hər bir hökmdarı öldürülürdü. Ölkədə hərbçilər ciddi rol oynayırdı.

Nüfuzlu və varlı makedoniyalılardan ibarət Şura hökmdara kömək göstərir, daxili və xarici siyasətin əhəmiyyətli məsələlərini həll edirdi.

Makedoniyanın yüksəlişi hökmdar II Filippin zamanında (bizim eradan əvvəl 359-336-cı illərdə) başlayıb. O, Makedoniyalı İsgəndərin atası idi.

II Filipp tarixdə qonşu Yunanıstanı fəth edən hökmdar kimi qalıb. O, yeni ordu yaradıb, xalqın qüvvələrini birləşdirə bilib və dövlətinin sərhədlərini genişləndirib. Amma onun uğurları oğlu Makedoniyalı İsgəndərin uğurlarının yanında kölgədə qalıb. Və o, tarixə İskəndərin atası kimi düşüb.

II Filippin həyatının uğur dərsi

Makedoniyalı İsgəndərin atası II Filipp bizim eradan əvvəl 382-ci ildə Pellada, qədim Makedoniyanın paytaxtında anadan olub. O, hökmdar III Amintin oğlu idi. III Amint ölkəsini birləşdirə bilmişdi, amma onun ölümündən sonra Makedoniya yenidən dağıldı və zəiflədi.

Bizim eradan əvvəl 368-ci ildə yunanlar Makedoniyaya hücum edərkən 14 yaşlı Filipp Fivlərə əsir düşür. Qəribə də olsa, tarixçilər qeyd edirlər ki, gəncin Fivlərdə olması ona xeyir verib. Belə ki, o, ellinlərin ictimai quruluşu, inkişaf etmiş mədəniyyəti ilə tanış olub, yunanların hərb sənətini mənimsəyib. Qazandığı bilik və təcrübədən Makedoniyanın idarə olunmasında istifadə edib. Filipp 17 yaşında vətənə qayıdıb, onda böyük qardaşı III Perdikke taxtda idi. III Perdikke bizim eradan əvvəl 359-cu ildə illirilərlə döyüşdə həlak olur. Makedoniyanın və hökmdarlıq edən dinastiyanın vəziyyəti olduqca ağır idi. Taxta iddialılar çox idi. Lakin hakimiyyət vərəsəliklə həlak olan hökmdarın kiçik oğlu Amintə keçir, 23 yaşlı Filipp isə onun yanında regent (monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs – V.M.Abbasov) olur. O, həmin vəzifədə özünü əsl lider kimi göstərir. Bu səbəbdən makedoniyalıların siyasi elitası onu hökmdar görmək istəyir. Amint taxtdan salınır və II Filipp hökmdar olur. O, dövləti ömrünün sonuna, bizim eradan əvvəl 336-cı ilədək idarə edir.

II Filipp hərbi gücə yox, güclü ağlına güvənirdi. O, qonşu dövlətlərin nüfuzlu şəxslərini ələ alır, onların dəstəyini qazanırdı. Ən başlıcası isə qızıl yataqlarına malik Antipolu ələ keçirdi, bundan sonra Makedoniyada qızıl pul kəsilməyə başlandı. Bu pulla Elladada ən güclü ordu yaradıldı. II Filippin hökmdarlığı dövründə Makedoniya Balkan yarımadasında ən böyük dövlətə çevrilir. Filipp uğurlu müharibələr aparır və bütün istiqamətlərdə ölkənin sərhədlərini genişləndirir.

II Filippin yaratdığı Makedoniya ordusu

II Filipp Makedoniya ordusunu tamamilə yenidən qurur. Nəticədə o vaxta qədər dünyada mövcud olan ordulardan daha güclü hərbi güc qazanır. Bu milli ordu intizamı və yunan könüllülərinin vərdişlərini əsgər-vətəndaşların patriot sədaqəti ilə birləşdirdi. İlk dəfə olaraq insanların, silahların və o zamanın təchizatının imkanlarının dərin analizinə əsaslanan elmi fikir birləşmiş qoşun növlərinin əlaqələnmiş taktiki fəaliyyətinin dəqiq konsepsiyasına çevrildi. Dəqiq təşkil və məşq proqramları insan kütləsini hərbi maşına çevirdi. Bu hərbi maşın şəxsən II Filippin, sonra isə oğlu Aleksandrın komandanlığı ilə istənilən digər ordulara qarşı məharətlə vuruşurdu.

Makedoniya ordusunun əsasını piyadalar təşkil edirdi. Piyada qoşunları yüngül, orta və ağır piyada növünə bölünürdü. Atlı qoşun ağır (katafraktlar), orta (dimaxi) və yüngülə bölünürdü. Atlı qoşun növü müntəzəm qoşun növü kimi məhz Makedoniyada yaranıb. Makedoniya ordusunda atlı qoşun əhəmiyyətli rol oynayırdı, o, döyüşdə əsas zərbəni vururdu və düşmənin piyada qoşununa əsasən cinahlardan hücum edirdi.

Ağır piyada nizəli idi və onların uzunluğu təqribən 2 metrdən 8 metrə qədər uzadılmışdı. Bu nizələrlə altı sıra silahlanmışdı, beləliklə, cinahlar ucu iti nizələrdən divarla örtülmüş olurdu. Sarisoforlar həm də qılınclı idi. Böyük olmayan yunan qalxanları iri düzbucaqlı qalxanlarla əvəz olunmuşdu. Əsgərlərin hamısı şlem taxırdı.

Yüngül piyadalar kaman, sapand, mizraq, yüngül atlılar isə kaman, qısa nizə və mizraqla silahlanmışdı. Ağır atlılar isə sarisə, qılınca və ya əyri qılınca malik idi.

Ordunun əsas hissəsini ağır çəkili Makedoniya falanqı təşkil edirdi. Falanqın dərinliyində 8, 10 və hətta 24 sıra var idi. Falanqın dərinliyi nə qədər çox olurdusa, onun cəbhəsinin uzunluğu da bir o qədər az olurdu. Belə falanqın hərəkəti hazırlıq tələb edirdi. Makedoniya ordusunun falanqını 16 384 insan təşkil edirdi. O, dərinlikdə 16 sıradan ibarət idi və hər sırada 1024 insan olurdu. Falanqın cəbhəsi bir kilometrə bərabər idi. O, dəqiq təşkil olunmuş struktura malik idi və hər bölmənin başında komandir dururdu. Aşağı bölmə lox idi – sıra üzrə 1 nəfər, dərinlikdə 16 nəfər. Sonrakı bölmələr 2, 4, 8 və 16 loxlardan ibarət idi. Sıra boyu 16 və dərinliyə 16 nəfər (256 nəfər) olmaqla kolon sintaqm adlanırdı və ən kiçik bölüm idi. 16 sintaqm kiçik falanq təşkil edirdi, 4 kiçik falanq böyük falanqı əmələ gətirirdi. Qvardiya (qiraspistlər) 6000 nəfərə qədər gücləndirilirdi.

Tarixdə ilk dəfə olaraq Makedoniya ordusu artilleriya prototipini yaradıb. II Filipp yüngül katapultları və mancanağı silah kimi istifadə edib. Makedoniyalı İsgəndər bu silahlardan döyüşlərdə, xüsusən də dağlarda və çaylardan keçidlərdə istifadə edib.

II Filipp və Makedoniyalı İsgəndər daha mükəmməl adminstrativ və ştab təşkilatları işləyib hazırlamışdı. Əmr səs, kərənay (çalınan nəfəsli alət) və nizə hərəkəti ilə verilirdi. Uzaq əlaqə hündür tüstü siqnalları və gecələr siqnal tonqalları ilə həyata keçirilirdi.

İsgəndər döyüş meydanında tapşırıqlar vermək üçün ya yeddi adyutantını, ya da gənc pajların daha çox saylı bölmələrindən kimi isə istifadə edirdi.

Makedoniya ordusunu cərrahlar müşayiət edirdi. Hətta hospital xidmətinə bənzər xidmətin olduğu barədə də məlumatlar var.

İsgəndərin uşaqlıq və gənclik illəri

Makedoniyalı İsgəndər (III İsgəndər) bizim eradan əvvəl 356-cı il iyulun 20-də Makedoniyanın paytaxtı Pellada anadan olub. O, ənənəyə uyğun olaraq erkən yaşlarında evdə yox, qohumlarının yanında tərbiyə alıb. Sonra Mieredə təhsil alıb, müəllimləri Leonid və aktyor Lisimax olub. 13 yaşından sonra İsgəndəri dahi və müdrik Arximed tərbiyə etməyə başlayıb. Məhz onun təlim-tərbiyəsi İsgəndəri zəmanəsinin ən təhsilli adamlarından biri kimi yetişdirib.

İsgəndər 10 yaşında ikən atası II Filippin tərsliyinə görə götürmək istəmədiyi ayğırı (atı) ram edib. Atası bilirdi ki, İsgəndər təbiətcə tərsdir, inadcıldır və hirsləndikdə heç bir təzyiqə dözmür, amma ağıllı sözlə onu doğru qərar qəbul etməyə meyilləndirmək olar.

Dahi və müdrik filosof, ensiklopedist alim Aristotel (bizim eradan əvvəl 384-322-ci illər) hərbçi olmayıb. Amma İsgəndərin atası bilirdi ki, orduya yalnız yaxşı təhsilli adam rəhbərlik edə bilər. Aristotel şagirdinə riyaziyyat, tarix, məntiq, pedaqogika, təbiət elmləri, musiqi, tibb, həm də fəlsəfəni öyrədirdi.

17 yaşından sonra İsgəndər təhsilinə tez-tez ara verirdi, çünki atası ilə yürüşlərdə və döyüşlərdə iştirak edirdi. Amma o, hətta taxta çıxandan sonra da 3 il Aristoteldən dərs alıb.

Atası hər bir döyüşdə ona həyat dərsləri keçirdi, öz fəaliyyəti ilə ölkəni necə idarə etməyin sirlərini öyrədirdi. İsgəndər başa düşürdü ki, müharibə vaxtı hökmdar iki saat döyüşərək digər 100 saatı düşərgəni ərzaqla təmin etməyə, düşmən haqqında məlumat yığmağa sərf edir. O, çaparları dinləməli, xidməti idarə etməlidir. İsgəndər dərk edirdi ki, ixtiyarında olanları çöldə qurulmuş çadırdan da idarə etmək olar, amma bir şərtlə ki, əlaqələr yaxşı qurulsun və hamı uzaqdan onun zəhmini hiss etsin.

Atası tezliklə ağlına, məharətinə və gücünə inanaraq İsgəndəri döyüşdən Makedoniyaya geri qaytarır və hökmdar naibi (regent) təyin edir.

Qısa regentlik dövründə o, özünü həm diplomat, həm də hərbi rəhbər kimi göstərə bilir. Onun ilk uğurlu danışıqları fars diplomatları ilə olub. O, diplomatlara yüksək dərəcədə diqqət və ehtiram göstərməklə, onların hökmdarı haqqında nəzakətlə suallar verməklə rəqib haqqında ən dəyərli məlumatları öyrənə bilib.

İsgəndərin ilk hərbi qələbəsi və atasını ölümdən xilas etməsi

İsgəndərin regentliyi dövründə Makedoniyanın şimal-şərqində yaşayan medlər tayfası üsyan edir. Döyüşdən qayıdan Filippin yolu da buradan keçirdi. Onlar Perinfom yaxınlığında və Vizantiya ilə döyüşlərdə uğursuzluqlardan yorulmuş Filipp qoşunlarının yürüşdən qayıtmasını gözləyirdilər. Və qəflətən hökmdarın Makedoniyada qoyduğu İsgəndərin qoşunları gəlib çıxır. Onlar medlərin gözləmədiyi tərəfdən hücüm edirlər. Tezliklə İsgəndər şəhəri alır, əhalini şəhərdən qovur və əmr edir ki, bundan sonra həmin şəhər Aleksandropol adını daşıyacaq.

Lakin qalib İsgəndərin və Filippin qoşunları birlikdə Makedonyaya qayıdarkən dağ dərəsində medlərin pusqusuna düşür. Döyüşdə ata və İsgəndər bir-birini itirir. Qəfil dönən İsgəndər görür ki, nizə Filippin atının qarnına batıb, onun özünün isə ombası yaralanıb. Yanı üstə yıxılan at yaralı hökmdarı sıxırdı. Atdan sıçrayan İsgəndər Filippin yanına qaçır, onu öz qalxanı ilə gizlədir və kömək gələnə qədər düşmənlə döyüşür. İsgəndər olmasaydı, həmin gün Filipp ölə bilərdi. Bunu Filipp özü də etiraf edir və oğluna təşəkkürünü bildirir.

Makedoniyalı İsgəndərin Xeronee yaxınlığında döyüşü

Bu döyüş eramızdan əvvəl 338-ci il avqustun 2-də Makedoniya hökmdarı Filippin qoşunları ilə birləşmiş yunan dövlətlərinin, əsasən də Afin və Fiv qoşunları arasında baş vermişdi. Döyüş Fiv yaxınlığında Xeronee adlanan yerdə olmuşdu. Qədim yunan tarixçisi Didor yazır ki, bu döyüşdə Filippin 30 min piyadası və 2 mindən çox atlısı iştirak edib. Bir cinaha rəhbərlik edən İsgəndər bu döyüşün uğurlu sonluğunda mühüm rol oynayıb. Həmin vaxt onun cəmi 18 yaşı var idi. Afinalıların döyüşdə min nəfər əskəri həlak olmuşdu və 2 min nəfər əsir düşmüşdü.

Qələbə sevincindən özündə olmayan Filipp birbaşa döyüş meydanında, cəsədlər arasında ziyafət təşkil etmişdi. Bu döyüşdən sonra bütün Yunanıstan makedoniyalıların gücü qarşısında təslim oldu.

Qələbədən sonra Korinfsk konqresi keçirildi. Bu konqres materik Yunanıstan dövlətlərinin Makedonyaya tabe olmasını rəsmiləşdirdi.

II Filippin ölümü ilə əlaqədar problemlər

Eramızdan əvvəl 337-ci ildə Makedoniya hökmdarı Persiyaya hücuma hazırlaşırdı. Lakin qəfildən yaranan ailə böhranı nəticəsində hücum təxirə salındı, burada hökmdarın insan faktoru mühüm rol oynadı. Belə ki, II Filipp gözlənilmədən makedoniyalı sərkərdə Attalın qohumu, 18 yaşlı Kleopatra ilə evlənir. Yeni evlilik taca varisliklə gəlməli olan böyük oğul İsgəndərə təhlükə yaradır. Attal qonaqları dua etməyə çağırır ki, Allah Kleopatraya oğul – Makedoniya hökmdarına varis göndərsin. Sərxoş olan Filipp ürəkdən Attalın bu çağırışına qoşulur. Bu, İsgəndəri hiddətləndirir, o qışqırır: “Bizi qeyri-qanuni doğulmuş hesab edirsən?”. Filipp qılıncını sıyıraraq oğlunun üzərinə atılır. Yalnız Filippin büdrəyib yıxılması İsgəndəri xilas edir.

İsgəndərin atası, demək olar ki, hər döyüşdən sonra yeni qadınla evlənirdi və onlardan uşaqlar dünyaya gəlirdi. Bir dəfə İsgəndər bunu Filippə irad tutur, atanın oğluna cavabı isə belə olur: “Bu, ona görədir ki, sən çarlığa namizədləri görərək daha yaxşı və xeyirxah olasan, hakimiyyətə görə mənə yox, özün özünə borclu olasan.”.

İsgəndərin anası Olimpiada II Filippin Kleopatra ilə evliliyini təhqir sayaraq Epirə, qardaşı, hökmdar Aleksandr Molosskinin yanına gedir. Olimpiada Epir kralı (müasir Albaniya) Neoptolemusun qızı idi. Olimpiada qardaşını qızışdırır ki, Makedoniyaya hücum etsin. İsgəndər əvvəlcə anasının ardınca gedir, sonra isə illiriyalılara qoşulur.

Nəhayət, Filipp kompromisə nail olur, nəticədə İskəndər qayıdır. Filipp Olimpiadanın qardaşının könlünü almaq üçün qızı Kleopatranı (Filippin yeni evləndiyi qadının adı da Kleopatra idi) ona ərə verir. Toy məclisində Flippin cangüdəni qəflətən xəncərini çıxarıb onu vurur və qaçır. Filipp yıxılır və taqətsiz qalır. Digər cangüdənlər canini yaxalayaraq öldürürlər.

Makedoniyanın qüdrətli dövlət olmasında müstəsna xidmətləri olan II Filippin faciəli ölümü də bir ibrət dərsidir. Ailədaxili münaqişələrə zəmin yaradan çoxarvadlılıq idarəçilik və sərkərdəlikdə böyük uğurlar qazanmış bir hökmdarın faciəli ölümünə səbəb oldu. Əslində, bu, təkcə II Filippin şəxsi faciəsi deyildi. Onun övladları da acı tale yaşadılar. İsgəndər “Böyük İsgəndər” adı ilə Makedoniyanın hökmdarı oldu. Ondan sonra zəif, ağıllı Arridey Filipp Avridey adı ilə hökmdarlıq etdi, amma analığı Olimpiadanın əmri ilə öldürüldü. Olimpiada II Filippin Kleopatradan olan qızı Avropanı da doğulduqdan az sonra öldürür. II Filippin arvadı Audatdan olan qızı Kinana isə diadoxlarla müharibədə həlak olur. Kleopatra Epirin hökmdarı olur və diadox Antiqonun əmri ilə öldürülür. II Filippin Ferdən olan arvadı Nikesipolidanın dünyaya gətirdiyi qızı Fessalonika Kasandra ərə gedərək hökmdar dinastiyasını davam etdirir, amma öz oğlu tərəfindən öldürülür. İsgəndər isə Karanı taxtda arzuolunmaz rəqib kimi öldürür.

Makedoniyalı İsgəndərin yenilməzliyinin tarixi qeydiyyatı olan zəfər yürüşləri

II Filipp öldürüləndən sonra Yunanıstanda belə düşünürlər ki, artıq Makedoniyadan qisas almaq vaxtıdır, çünki indi hökmdar təcrübəsiz cavan oğlan uşağıdır. Demosfen bayram paltarında başında çələng Afina şurasının iclasına gələrək şura üzvlərini “tiranın” ölümü münasibətilə təbrik edir və deyir: “Bu təcrübəsiz oğlan isə bizim üçün qorxulu deyil!”. Sonrakı hadisələr isə Demosfenin nə qədər yanıldığını sübut etdi. Yüksək idarəçilik məharəti, iti ağlı və zəkası, fiziki gücü, döyüş məharəti, zamanında və düzgün qərar vermək bacarığı İsgəndəri yenilməzliyə aparırdı. Bu keyfiyyətləri ona dahi və müdrik müəllimi Aristotel və atası II Filipp aşılamışdı.

On ildə İsgəndərin yürüşləri, əslində məğlubedilməzlik seriyası kimi dəyərləndirilməlidir. Bu tarixi zəfərləri öyrənməyə dəyər. Burada, hətta adi yaşam üçün də faydalı olan çox məqamlar var. İlk növbədə, ölkədə bir məqsəd, bir amal uğrunda mübarizə, böyük vətən və xalq sevgisi bu zəfərlərin möhkəm təməli olub.

Makedoniyalı İsgəndərin məğlubiyyətsiz səfərlərinin tarixi qeydlərindən qısa xülasələr onun böyük şəxsiyyət olduğunu, “Böyük İsgəndər” adına layiq olduğunu təsdiq edir.

Şimala yürüş (eramızdan əvvəl 335-ci il)

Eramızdan əvvəl 335-ci ildə İsgəndər qiyam qaldıran illirilər və frakiyalılara qarşı yürüşə başlayır. Mənbələrdə onun şimal yürüşündə 15 mindən çox makedoniyalının iştirak etdiyi qeyd olunur. İlk döyüş Emon dağlarında olub. İsgəndər Frakiya ordusu ilə döyüşdə düşməni məğlub edir. Tezliklə makedoniyalılar Frakiyada triballar tayfası ilə toqquşur. Bu, yeganə Frakiya xalqı idi ki, uzun illər öz müstəqilliyini müdafiə edirdi. Bizim eradan əvvəl 376-375-ci illərdə onlar Frakiya sahillərini talan etmişdilər və Abderi ələ keçirmək istəyirdilər. Bizim eradan əvvəl 345-ci ildə Makedoniya hökmdarı II Filipp tribalları fəth etdi. Filippin ölümündən sonra triballar Makedoniyanın zülmündən qurtardıqlarını zənn edirdilər. Amma İsgəndər vaxtında etdiyi gedişlə tribalları məğlub edir, onlar İsgəndərə xidmətə hazır olduqlarını bildirirlər, hətta Persiyaya qarşı müharibə üçün yardımçı dəstələr də göndərirlər. İsgəndər şimal yadellilərinin hamısı ilə ittifaq müqaviləsi bağlayır.

Fivin mühasirəsi və işğalı

Eramızdan əvvəl 335-ci il yayın sonunda onun yalan ölüm xəbərini eşidən Fivdə qiyam qalxır. Fiv əhalisi bütün Yunanıstanı qiyama çağırır. Lakin yunanlar fivlərlə sözdə həmrəy olsalar da, işdə gözləmə mövqeyi tuturlar.

Yunanıstandakı qiyamdan xəbər tutan İsgəndər Makedoniya ordu ilə İlliriyadan Beofiyaya irəliləyir, 14 gün sonra artıq Fiv yaxınlığına çatır. Mühasirə bir neçə gün davam edir. Hücumdan öncə İsgəndər bir neçə dəfə sülh danışıqları təklif etsə də, rədd cavabı alır. Strateji olaraq fivlər Yunanıstanın ortasında yerləşirdi və hesab olunurdu ki, Fivə nəzarət bütün Yunanıstana nəzarət deməkdir.

Hələ Xeroney müharibəsindən sonra II Filipp Fivin cənub sərhəddində, Kadmey qalasında Makedoniya qarnizonu qoymuşdu. Qiyam başlayarkən fivlilər həmin qarnizonda olan iki hərbi rəhbəri öldürmüş və qalanı mühasirəyə almışdı. Fivlər İsgəndərin ordusuna qarşı 7 minə qədər atlı döyüşçü çıxara bildi. İsgəndərin isə 30 min piyada və 3 min atlı döyüşçüsü vardı. Fiv ətrafında olan yaşayış məntəqələrində yaşayan beotililər fivlilərlə qatı düşmən olduqlarından onlar da İsgəndərin ordusuna qoşulur. Tarixçilər hesab edirlər ki, İsgəndərin döyüşçülərinin sayı uşaqlar və qadınlar da daxil olmaqla şəhərin bütün əhalisinin sayına yaxın idi.

Şəhərə hücum İsgəndərin əmri olmadan başlayır. Hücum uzunmüddətli və arasıkəsilməz olur. Döyüşlərdə 6 min fivli həlak olur, 30 min nəfər əsir götürülür. İsgəndərin ordusundan cəmi 500 nəfər həlak olur. Fiv qarət olunur, dağıdılır, əsirlər qul kimi satılır.

İsgəndər əldə etdiyi qənimətlə Makedoniya xəzinəsinə borcu tam və ya qismən qaytarır.

Makedoniyalı İsgəndərin Diogenlə görüşü haqqında əfsanə

Diogen qədim yunan filosofu idi. Onun həyatı təkcə sirlərlə dolu deyildi, komik vəziyyətlərlə də zəngin idi. Əfsanədə qeyd edilir ki, İsgəndər Attikaya gələndə məşhur “marginal”la tanış olmaq istəyir. Çox gözləyir ki, filosof onun yanına gələcək və ehtiram göstərəcək, lakin Diogen gəlmir. İsgəndər özü onun yanına getməyi qərara alır və Krinfdən uzaqda olmayan gimnaziyaya gəlir. O, gün altında qızınan Diogenə yaxınlaşaraq deyir:

“Mən böyük hökmdar İsgəndərəm...”.

Diogen cavab verir: “Mən isə it Diogenəm...”

İsgəndər: “Nə üçün səni it adlandırırlar?”

Diogen: “Kim tikə atırsa, ona quyruq bulayıram, kim atmırsa, ona hürürəm, kim pis adamdırsa, tuturam...”.

İsgəndər: “Məndən qorxursanmı?”

Diogen: “Sən nəsən – pis, yaxud yaxşı?”

İsgəndər: “Yaxşı...”

Diogen: “Yaxşıdan kim qorxar?”

Nəhayət, İsgəndər deyir: “Məndən nə istəyirsən, istə...”

Diogen: “Kənara dur, Günəşin qarşısını kəsirsən...”.

Söyləyirlər ki, İsgəndər deyib: “Əgər mən İsgəndər olmasaydım, Diogen olmaq istəyərdim...”.

Qəribədir ki, taleyin hökmü ilə İsgəndər Diogenlə eyni gündə, bizim eradan əvvəl 322-ci il iyunun 10-da vəfat edib.

Persiya müharibəsi

İsgəndər Persiya ilə müharibəyə hazırlaşanda Makedoniyada nüfuzlu müxalif nəsillərin nümayəndələrini özünə tabe edir, ölkənin şimal sərhədlərini qonşu tayfaların hücumlarından qoruyur, Peleponnes şəhərində çaxnaşmaların qarşısını alır, Yunanıstan-Makedoniya ittifaqını möhkəmlədir və özünün hərbi güclərin baş komandanı kimi tanınmasına nail olur.

İsgəndər ordusunu kifayət qədər ərzaq, mühasirə texnikası və su sədlərini sürətlə keçmək üçün vasitələrlə (hücum güllələri, pontonlar və s) təmin etmişdi. Ordunun bir hissəsi, təxminən 14 minə yaxın insan Antipartın komandanlığı altında Makedoniyada saxlanılmışdı ki, sərhədləri və qaydaları qorusun. İsgəndər özünün şəxsi dəftərxanasını, eləcə də çarlıq və müttəfiqlərlə əlaqələri idarə etmək üçün çox işgüzar və mədəni Evmeni seçir (Evmen Kardidən idi) və Eritreidən olan Diotu ona köməkçi verir.

Eramızdan əvvəl 334-cü ilin yazında İsgəndər 30 min piyada və 5 min atlı ilə Qellespontdan Kiçik Asiyaya keçir. Və Qərbi Kiçik Asiyada 40 min nəfərdən ibarət Persiya ordusu ilə qarşılaşır. Persiya ordusunun yarıya qədəri muzdlu yunanlar idi. Persiyalılar Qranik çayının yüksək sağ sahilini tutmuşdular. İrəlidə Persiya atlıları və piyada oxatanlar düzülmüşdü: mərkəzdə piyadalar, cinahlarda atlılar. Arxada yüksəklikdə muzdluların flanqı dururdu. Qranik çayı üzərində döyüşdə Makedoniya ordusunun 30 min piyada və 5 min atlı əskəri vardı. Qranik çayı üzərində qələbə makedoniyalılara Persiya dövlətinin mərkəzinə yol açdı. İsgəndərin əmri ilə Makedoniya qoşunları Persiya imperiyasının Aralıq dənizi sahillərini tutmağa başlayır. Eramızdan əvvəl 334-333-cü illərdə o, Kiçik Asiyanın sahilyanı rayonlarını ələ keçirərək, bir-birinin ardınca qalaları, o cümlədən Frigiyanın əsas şəhəri Qordionu tutur.

Qalikarnasın mühasirəsi

Qranik çayı üzərində döyüşdə sağ qalan Persiya əskərləri Qalikarnasa geri çəkilir, şəhərə girərək orada gizlənirlər. Qalikarnas təkcə şəhər deyildi, həm də qala idi: o, hündür daş hasarla əhatə olunmuşdu. İsgəndər mühasirəni tezliklə qələbə ilə başa çatdırmağa tələsir. Hücumla şəhəri almağı əmr edir. Lakin ilk hücum qələbə ilə nəticələnmir. Mühasirə bir neçə həftə çəkir. Nəhayət, İsgəndər qəti hücuma keçir və tezliklə Qalikarnas təslim olur. Qalikarnası ələ keçirən Makedoniya ordusu Kiçik Asiya sahilləri boyunca 400 kilometr ərazidə möhkəmlənir. Bu qələbə gənc sərkərdənin strateji uğuru idi.

Dərin arxa cəbhənin təhlükəsizliyinin təminatı

İsgəndər Persiyaya hücuma hazırlaşarkən Makedoniyada sərhədləri və qayda-qanunu qorumaq üçün 14 min əskər saxlamışdı. Gənc sərkərdənin bu ehtiyatlı tədbiri tezliklə özünü doğrultdu. Xeyli strateji uğurlara baxmayaraq, makedoniyalı işğalçıların siyasi və hərbi vəziyyəti hələ də möhkəm deyildi.

Rodos adasında olan Memnon uzun illər muzdlu kimi persiyalılara işləmişdi. Bizim eradan əvvəl 334-cü ildə III Dara onu Persiyanın hərbi qüvvələrinin baş komandanı təyin edir. Memnon İsgəndərlə arxa cəbhədə mübarizə aparmağa üstünlük verir. Bu məqsədlə Egey dənizində persiyalıların donanmasını gücləndirməyə başlayır və hərbi fəaliyyəti Yunanıstanda aparmağı qərara alır. Güman edilir ki, o, Makedoniya hakimiyyətinin tabeliyində olan yunan şəhərlərini qaytarmaq niyyətində idi. Memnon, hətta Yunanıstana desant çıxarmağa cəhd edir, amma bu cəhd uğursuz olur, çünki Antipart zamanında Peloponnes sahillərini tutmuşdu. Vavilonda persiyalılar böyük ordu yığır və Suriyaya doğru hərəkət edir. Yunanıstanın özündə isə Makedoniya əleyhinə əhvali-ruhiyə hökm sürürdü: afinalılar öz elçilərini Daranın yanına göndərir, spartanlar qiyam qaldırır. Amma Antipatr Spartanın və ona qoşulan digərlərinin qiyamını yatızdırır. Strateji ehtiyat özünü doğruldur, döyüşən Makedoniya ordusunun arxa cəbhəsinin təhlükəsizliyini təmin edir.

İsse yaxınlığında döyüşə hazırlıq taktikası

Bizim eradan əvvəl 333-cü ilin yazında Makedoniyalı İsgəndər Kilikiyeni ələ keçirir. Burada ona məlumat verirlər ki, persiyalılar Suriyanın şimal hissəsində böyük qüvvə cəmləşdirib. Həmin yerə dağ keçidlərindən keçən və aralarında 50 km olan iki dağ yolu vardı. İsgəndər persiyalıların yerləşdiyi əraziyə Cənub keçidindən (İssdən keçən) istifadə etməklə ordu çıxarmağı qərara alır. İsgəndərin Suriyada Cənuba hərəkət etdiyini bilən III Dara isə rəqibin arxa cəbhəsinə keçməyə tələsir. O, 100 mindən çox qoşunla İsse şəhəri yaxınlığında (müasir İsgəndərun şəhəri, keçmiş Aleksandretta) Kilikiya sahillərində (müasir İsgəndərun körfəzi) mövqe tutur.

İsgəndərin komandanlıq məharəti, zamanında qəbul etdiyi düzgün döyüş taktikası ona 100 minlik orduya qalib gəlmək imkanı verdi. İsse yaxınlığında döyüşdə persiyalılar 50 min nəfərdən çox, makedoniyalılar isə cəmi 450 nəfər itki vermişdi. Bu qələbə Makedoniyalı İsgəndərin ordusu üçün siyasi və hərbi vəziyyəti xeyirli tərəfə yönəltdi. Bu döyüşdən sonra Persiya donanmasında parçalanma baş verdi. Əksər donanma ekipajını təşkil edən finikiyalılar mekedoniyalıların mümkün olan hücumlarından qorxaraq evlərinə qaçırlar. Egey dənizində hökmranlıq yunan-makedoniya donanmasına keçir.

İsgəndər döyüşdə Butsefal adlı atının belində döyüşmüşdü və bu at yalnız öz sahibinə itaət edirdi. At öləndən sonra isə İsgəndər ona abidə ucaltdırmış, onun şərəfinə şəhər salmışdı. Butsefal şəhəri indi də Hindistanda qalır. Böyük İsgəndərin öz atının xidmətini belə qiymətləndirməsi də çox ibrətamizdir. Tarixdə at və itin sahibinə sədaqətinə dair çox sayda ibrətli faktlar var. Təəssüf ki, dünyanın əşrəfi sayılan insanlar bəzən bu sədaqətin dəyərini bilmir, uzun illər onlara sədaqətlə xidmət edən canlılara adi ehtiram göstərməyi ağıllarına belə gətirmirlər. Hətta bir çox hallarda onu ucaldan, onlara dəstək verən insanlara da xəyanət edirlər. Bu baxımdan, bəzən kiminsə ünvanına “heyvan”, “heyvan deyilsən” kimi ifadələri işlətməklə də əslində sədaqətli heyvanları təhqir edirlər.

İsse yaxınlığındakı qələbə, əslində İsgəndərin döyüşdə şəxsən iştirakı ilə bağlı idi. O, düşmənin zəif yerini müəyyən edərək seçmə ağır atlı qoşunu ilə sürətlə çaydan keçərək Persiya piyada qoşununa hücum edir. Bundan vahiməyə düşən düşmən qaçır, beləliklə, Daranın cəng arabasının yerləşdiyi mərkəz atlılar üçün açılır. Persiya hökmdarı isə canını qurtarmaq üçün ata minib qaçmalı olur.

Bizim eradan əvvəl 332-ci ildə III Dara İsgəndərə 10 min qızıl talant (təxminən 300 milyon dollar) və Fəratdan qərbdə olan bütün Persiya imperiyasını təklif edir, həmçinin qızını İsgəndərə ərə vermək istəyini bildirir. İsgəndər isə deyir ki, əsir düşmüş qızla Daranın izni olmadan da evlənə bilər.

Tir şəhərinin mühasirəsi və işğalı

Finikiya şəhərlərinin əhalisi və qarnizonları müqavimət göstərmədən Makedoniya ordusuna təslim olur. Yalnız Tir (Sur) şəhəri qapılarını açmadı, amma söz verdilər ki, İsgəndərlə ittifaq bağlayacaq və persiyalılara kömək etməyəcəklər. Lakin Tir hökmdarı Adremilk persiyalılar tərəfində vuruşurdu və Tir donanması Aralıq dənizində ən böyük donanmalardan biri idi. Danışıqlar heç bir nəticə vermədikdə, İsgəndər Tir liman-şəhərini mühasirəyə alır. Mühasirə eramızdan əvvəl 332-ci ilin yanvarından avqustuna qədər davam edir. Mühasirəni çətinləşdirən səbəb Tirin materikdən bir kilometr aralıdakı adada yerləşməsi idi. Şəhəri 8-9 min tirli kişi müdafiə edirdi. İsgəndər şəhərə çatmaq üçün materikdən adaya 60 metr enində bənd salınmasını əmr edir. Dənizin dərinliyi artdıqca bənd salınması işi çətinləşir və dənizdə qalxan fırtına bəndi dağıdır.

İsgəndər 200 gəmi ilə Tiri dənizdən blokadaya almağa qərar verir. Tir şəhərinin donanması isə dənizdə döyüşə girmək istəmir, amma limana girişə mane olur. Makedoniya ordusu gəmilərin mühafizəsində geniş bənd salır və onun üzərində çoxlu sayda divardağıdan maşın quraşdırılır. Tezliklə şəhərə hücum başlanır, ağır döyüşlərdən sonra Tir alınır. Döyüşdə 800 nəfər tirli həlak olur, 30 min nəfər əsir götürülərək qul edilir. Şəhər tamamilə dağıdılır.

Belə bir əfsanə də var ki, eramızdan əvvəl 332-ci ildə İsgəndərin əskərləri Tir (Liman) şəhərinə dənizin dibindən çıxan şüşə qablardan hücum edirdi. Bu, tarixdə sualtı gəmilər haqqında ilk məlumat idi.

Qəzzanın mühasirəsi və Qəzzaya hücum

Tirin mühasirəsi zamanı İsgəndər qoşunların bir hissəsini Suriya və Fələstinin digər ərazilərini tutmağa göndərmişdi. Yalnız Qəzza müqavimət göstərmişdi. İsgəndər təcili olaraq Qəzzaya yola düşür və şəhərin mühasirəsinə rəhbərlik edir. Mühasirə iki ay (eramızdan əvvəl 332-ci ilin sentyabr-oktyabr ayları) davam edir.

İsgəndər mühasirəyə 30 min piyada və atlı cəlb etmişdi. O, dördüncü hücumdan sonra şəhəri ala bildi. Qeyd edilir ki, şəhər əhalisi İsgəndərə qarşı mərdliklə, son nəfəsə qədər vuruşub.

Misirə yürüş və İsgəndəriyyə şəhərinin yaradılması

Makedoniyalı İsgəndər Qəzzanı alandan sonra Misirə çoxdan nəzərdə tutduğu yürüşə çıxa bilərdi. Bir həftədən sonra Makedoniya dəstələri faraonlar diyarının hüdudlarına yaxınlaşdı. Burada onları Persiya əsarətinin xilaskarları kimi qarşıladılar. Eramızdan əvvəl 332-ci ilin dekabrından 331-ci ilin martına qədər davam edən bu yürüş mekedoniyalıların hərbi-siyasi mövqeyini daha da möhkəmləndirdi. İsgəndər Misirdə İsgəndəriyyə şəhərinin əsasını qoydu.

Qavqamela yaxınlığında döyüş

Makedoniyalı İsgəndər Daranın rəhbərlik etdiyi Persiya qoşunlarını Ərbildən (indiki İraq ərazisindədir) təxminən 110 km şimal-qərbdəki düzənlikdə tapdı. İsgəndər kəşfiyyat aparmaq və qoşunlarına istirahət vermək məqsədilə ordusunu Persiya ordusundan 11 km məsafədə saxlayır. Bu zaman Daradan yeni sülh təklifi gəlir. Persiya hökmdarı 50 min qızıl talant (900 milyon dollara yaxın), Persiyanın yarısını və qızını təklif edir. Təklif rədd olunur.

Ayrı-ayrı tarixçilər Persiya ordusunun sayını fərqli göstərdiklərindən onu verməyi məqbul saymıram. Ancaq qeyd etmək lazımdır ki, Persiya qoşunu İsgəndərin qoşunundan hədsiz dərəcədə çox idi. İsgəndərin qoşununda 47 min nəfər olub. Onun ordusu 4 gün dincələndən sonra, sentyabrın 29-da Persiya ordusunun mövqelərinə yaxınlaşır, amma İsgəndər hücumu ertəsi günədək təxirə salır. O, sentyabrın 29-da axşam qoşun rəhbərləri ilə dəqiq kəşfiyyat aparır və bu kəşfiyyat əsasında döyüş planı tərtib olunur. Ertəsi gün qanlı döyüşlər başlayır. Persiya ordusunda kəsici bıçaqlara malik cəng arabaları hərbi gücün əsasını təşkil edirdi. Amma Qavqamel yaxınlığında olan döyüşdə bıçaqlı cəng arabalarının uğursuz rolu dünya tarixində yeganə hadisədir. Belə ki, bəzi idarəolunmaz cəng arabaları persiyalıların öz sıralarına tərəf dönür, beləliklə, düşmənin yox, öz əskərlərinin ölümünə səbəb olur.

Həmin döyüşdə persiyalılar təxminən 30-50 min nəfər itki verir. Növbəti günün səhəri İsgəndərin atlı qoşunu Ərbili tutur. Persiya ordusu tam məğlubiyyətə uğrayır. Vavilona yol açılır, şəhər müqavimət göstərmir. Persiyanın əsas paytaxtı Persopol qarət olunur.

Böyük İsgəndər və Orta Asiya

İsgəndər Persepolda 4 ay qalır, Makedoniyadan əlavə qüvvələr gəlir və Makedoniya ordusu şimala – Midiyanın paytaxtı Ekbatana (indiki Xabatan) doğru irəliləyir (Dara orada sığınacaq tapmışdı). İsgəndərin atlı qoşunu 15 gündə min km yol qət edərək Qirkaniyə qaçan Daranın son xəzinəsini ələ keçirmişdi. İsgəndər Ekbatanda güclü qarnizon saxlayaraq atlı və yüngül silahlanmış piyada qoşunla Persiya qoşunlarının qalıqlarını izləyir. Makedoniyalılar Reqi şəhərinə qədər olan 400 km məsafəni 11 sutkaya qət edir. 500 seçmə atlıya başçılıq edən İsgəndər ordunu ötüb keçir və 11 gündə 650 km məsafə qət edərək qaçan persiyalılara çatır. Bu zaman Persiya əyanları Daranı öldürüb özləri də qaçır. O gündən İsgəndər Persiya imperiyasının hökmdarı olur. Persiya dövləti mövcudluğunu itirsə də, bu, müharibənin bitməsi demək deyildi. Xüsusilə də Baktri və Soqdian tayfaları müqavimət göstərməyə hazırlaşırdı. Baktri, Soqdian və Xarəzm tayfaları bu ərazilərin yerli sakinləri idi. Burada irriqasiya əkinçiliyi inkişaf etmişdi, odur ki, şəhərlər erkən yaranmağa başlamışdı. Baktriya və Soqdian şəhərləri əhəmiyyətli ticarət yollarının qovşağında yerləşirdi. Cəmi 35 ildə İsgəndər bu əraziləri də fəth edir, makedoniyalılar artıq Qirkaniyanı da ələ keçirməyi planlaşdırırdı.

Böyük İsgəndərə qarşı Skif müqaviməti

Makedoniyalılara müqavimət göstərən Soqdian xalqı skif tayfaları ilə ittifaqa arxalanırdı. Odur ki, İsgəndər Sırdəryadan cənuba və qərbə doğru dağ ayrımlarında vəhşi skif tayfaları ilə ağır döyüşlər aparmağa məcbur olur və həmin döyüşlərin birində yaralanır. Skiflərlə döyüşlər ağır olsa da, İsgəndər yenə qalib gəlir. Onun məğlubedilməzlik siyahısına daha bir qələbə də daxil olur. İsgəndərin iti ağlı, analitik təfəkkürü, zamanında qərar vermək qabiliyyəti, döyüşçüləri ruhlandırmaq bacarığı, özünün döyüşlərdə şəxsi iştirakı və şücaəti bütün qələbələrin əsasını təşkil edir.

Qədim yunan bioqrafı Plutarx İsgəndərin döyüşlərdə aldığı yaraları da qeydiyyata alıb: “Qranik yaxınlığında onun şlemi qılıncla kəsilib və qılınc saçlarına qədər nüfuz edib... İsse yaxınlığında qılıncla budundan yaralanır... Qəzza yaxınlığında mizraqla kürəyindən yaralanır... Marakanda yaxınlığında oxla baldırından elə yaralanır ki, parçalanmış sümük yaradan bayıra çıxır... Qirkanidə peysərinə daş dəyir, bundan sonra görməsi zəifləyir və bir neçə gün ərzində o, kor olmaq təhlükəsi ilə üzləşir... Assonanlar vilayətində hind nizəsi ilə topuğundan yaralanır... Mollar vilayətində iki dirsək uzunluğunda ox zirehi deşərək sinəsini yaralayır, elə orada toppuzla boynuna zərbə vurulur...”.

Bu məlumatlar Makedoniyalı İsgəndərin döyüşən sərkərdə olmasını təsdiq edir. Sərkərdənin şəxsi nümunəsi isə ordunun zəfərləri üçün çox önəmlidir.

Böyük İsgəndər və Hindistan

Makedoniyalı İsgəndərin müharibəsinin sonuncu dövrünün strateji mahiyyəti zəngin Hindistanı ələ keçirmək cəhdi oldu. Eramızdan əvvəl 327-ci ildə Makedoniya ordusu Hindistana doğru irəliləyir. Əvvəlcə İnd çayının sağ sahilindəki torpaqları ələ keçirmək qərara alınır. Bu məqsədlə ordu Baktra yola düşür, Hinduquşu keçir və 10-cu sutkada Paropamissadların torpağına daxil olur. İsgəndər burada hind hökmdarlarından biri olan Taksili və yaxın hind rəhbərini yanına çağıraraq ittifaq bağlayır.

Makedoniya ordusu Kofendən (Kabil) İnd çayına qədər iki kolonla hərəkət edir. Hind hökmdarı Poz Makedoniya ordusuna müqavimət göstərməyə hazırlaşırdı. O, Qidasp çayı yaxınlığında güclü ordu toplamışdı: 30 minə yaxın piyada, 3-4 min atlı, 300 döyüş arabası və 100-ə yaxın fil. Makedoniya ordusu müttəfiqlərlə birlikdə 30 min nəfərə yaxın idi, onlardan 6 mini ağır piyada, 5 mini isə atlı idi.

Porun rəhbərlik etdiyi hindu ordusu öz ölkəsinə girişin qarşısını kəsərək Qidasp çayının sol sahilində düşərgə salmışdı. Əks sahildə Makedoniya ordusu cəmlənmişdi. İsgəndərin sərkərdəlik məharəti bu döyüşdə də özünü göstərir, o, qalib gəlir və Por əsir götürülür. Sonra İsgəndər Qifar çayına doğru hərəkət edir.

Amma Makedoniya ordusunda narazılıq artır, intizam azalır. İsgəndər ordunun tələbi ilə razılaşmağa məcbur olur. O, İndin axarı boyu qoşunu aşağı apararaq yolboyu şəhərləri özünə tabe edir. Çayın mənsəbində İsgəndər ordunu üç hissəyə bölür. Bir hissə Nearxın rəhbərliyi ilə gəmilərlə Dəclə və Fərat çaylarının mənsəbinə doğru hərəkət edir. Digər hissə köhnə yolla – Şimali Hindistandan və Orta Asiyadan geri qayıdır. İsgəndər qalan qoşunla qərbə, Ərəb dənizi və Fars körfəzi sahilləri ilə irəliləyir. Yolda İsgəndərin ordusu isti yarımsəhraya düşür. Minlərlə əskər dözülməz isti, aclıq və susuzluqdan, zəhərli ilanların çalmasından həlak olur. Böyük itkilərə məruz qalan Makedoniya ordusu nəhayət, məhsuldar Qərbi Persiyaya çatır.

Bizim eradan əvvəl 325-ci ildə Mesopatamiyaya qayıdan İsgəndər Vavilonu öz paytaxtı elan edir. O, yeni yürüşlər və istilalar arzusu ilə donanma yaradır, Ərəbistanı keçərək Qərb ölkələrini işğal etməyi planlaşdırır.

Persiya və Makedoniyada olarkən (eramızdan əvvəl 324-323-cü illərdə) İsgəndər görür ki, o, uzaqlarda döyüşdüyü zaman imperiya səbatsız olub. O, vaxt itirmədən qaydaları bərpa edir, Yunanıstan və Persiyanın mədəniyyətinin ən yaxşı cəhətlərini qovuşdurmağın möhtəşəm planını işə salır.

Bizim eradan əvvəl 323-cü ildə İsgəndər xəstələnir və ölür.

Böyük İsgəndərin vəsiyyəti

2017-ci ilin əvvəlində ingilis nəşriyatı “The Daily Mail” məlumat verdi ki, Britaniya tarixçisi Devit Qrant Makedoniyalı İsgəndərin əfsanəvi vəsiyyətini tapıb. Hesab edilir ki, İsgəndərin ölümündən sonrakı 100 il ərzində yazılmış “İsgəndərin romanı” toplusunda sonuncu başlıq İsgəndərin vəsiyyətidir.

Böyük İsgəndərin həyat yoldaşları

Antik müəlliflər İsgəndərin həyat yoldaşları, sevgililəri, kənizləri, bəzən də uydurulmuş sevgililəri haqqında çox yazıblar. Həmin qeydlər Böyük İsgəndərin şəxsiyyətinin tam öyrənilməsi üçün vacib məlumatlardır.

Kalliksena. Bəzi antik əsərlərdə Makedoniyalı İsgəndərin birinci qadını kimi Kalliksenanın adı çəkilir. Qədim yunan filosofu və alimi, İsgəndərlə birlikdə Aristoteldən dərs almış Feofrast yazır: “Aristotel qadınlara meyilli deyildi, onda şəhvət hissi yox idi. Olimpiada və Filipp (İsgəndərin anası və atası – V.M.Abbasov) bunu bilirdi, ona görə də yüngül əxlaqlı, gözəl Kalliksenanı İsgəndərin yatağına salırlar. Onlar qorxurdular ki, İsgəndər qadın xislətli kişi olacaq. Olimpiada ona yalvarırdı ki, Kalliksena ilə sevgi münasibətində olsun”. Bu, İsgəndərin 18 yaşı olanda baş verib. O vaxt valideynləri görürdülər ki, İsgəndər qızlardan uzaq gəzir, halbuki onun yaşıdları çoxdan qadınlarla görüşürdülər.

Kompaspa. 20-22 yaşında İsgəndərin Fessaliya şəhəri Larissadan Kampansa adlı məşuqəsi olub. Qədim yunan yazıçısı və filosofu Klavdi Plini yazır ki, Kampaspa İsgəndərin həyatında ilk qadındır. Görünür, belə hesab edirlər ki, Kalliksena İsgəndərdə xüsusi hisslər oyatmadığından, Kompaspa onun həyatının ilk qadını olub.

Digər qədim yunan yazıçısı Böyük Plini isə yazır ki, İsgəndər Kompaspanın qənirsiz gözəlliyinin vurğunu olub, rəssam dostu Appellesə tapşırıb ki, onun lüt rəsmini çəksin. Kompaspa hökmdarın ən çox sevdiyi məşuqəsi olub. Rəssam Kompaspanın rəsmini çəkərkən ona vurulur, bunu bilən İsgəndər Kompaspanı dostuna hədiyyə edir.

Barsina. Bəzi mənbələrə görə, Barsina İsgəndərin eramızdan əvvəl 333-cü ildə İss üzərində döyüşdən sonra Persiya hökmdarı Daranın bütün sarayı ilə birlikdə qənimət götürdüyü persiyalı kənizdir. Amma İsgəndər ona kəniz kimi yox, çox böyük hisslərlə yanaşıb.

Barsina əvvəllər iki dəfə ərə gedib, bir oğlu və bir qızı olub. O, İsgəndərə əsir düşəndə 30 yaşında, İsgəndərdən yeddi yaş böyük olub, amma gözəlliyi itməyib. Barsina Persiya valilərindən olan Artobazın qızı idi.

Plutarx yazır: “İsgəndər Parmenionun bu gözəl və nəcib qadınla bağlı məsləhətini qəbul edir. Digər gözəl əsirlərə baxaraq isə zarafatla deyir ki, persiyalı qadının görünüşü gözə əzab verir”.

Plutarx qeyd edir ki, Barsina İsgəndərin, həqiqətən, sevdiyi yeganə qadın olub. Belə çıxır ki, Barsinadan başqa ona, ümumiyyətlə, heç kim lazım deyil. Cəmiyyət isə bu qadınla münasibəti hökmdara yaraşdırmırdı. Antik müəlliflərin yazdıqlarına görə, Barsina sadəcə ilahi gözəl olmayıb. Zahiri gözəlliklə yanaşı, onun yaxşı təhsili, həlim xasiyyəti olub. Sonralar Barsina bütün yürüşlərdə İsgəndərin yanında olub.

İsgəndər Tirin alınmasından sonra Barsina əsir götürüləndə qardaşı Farnabarı nəinki bağışlayır (o vaxt Farnabar Dara donanmasının komandanı olub), hətta edam əvəzinə onu ordunun bir bölməsinə rəhbər təyin edir. Bildirilir ki, burada Barsinanın təsiri də güclü olub. Barsinanın atası Artobazın da bəxti gətirib. Dara öləndən sonra Artobaz İsgəndərin yanında işə götürülüb, hətta qızı, sonralar isə Böyük İsgəndərdən olan nəvələri ilə görüşə bilib.

Barsina eramızdan əvvəl 327-ci ildə 36 yaşında ikən İsgəndərin birinci övladını dünyaya gətirib. Hökmdar onu Herakl adlandırıb. İsgəndərin həyatından yazan tarixçilər qeyd edirlər ki, oğlu doğulandan sonra İsgəndərin Barsinaya ehtirası sönür. Belə bir ehtimal da var ki, bunun səbəbi kəbindən kənar oğulun doğulmasıdır. İsgəndər başa düşür ki, bu övladı varis etmək olmaz. Əgər belə edərsə, onda Makedoniya elitası ilə münaqişə yaranar. Bu isə məqsədəuyğun deyildi.

Tezliklə İsgəndər baktriyalı knyaz qızı Roksana ilə evlənir. Rəsmi həyat yoldaşı olandan sonra Barsina oğlu ilə birgə Perqama çəkilir, diadoklar dövrünə qədər orada sakit yaşayır. Barsinanın Mentordan olan qızı bizim eradan əvvəl 324-cü ildə İsgəndərin dostu və admiral Nearxa ərə verilir.

Diadokların müharibəsi zamanı Antiqon Barsinanı oğlu ilə birlikdə Perqamdan Polisperxonun himayəsinə göndərir ki, həmin vaxt Makedoniyanın hökmdarı olan Kossandra təzyiqi artırsın. Bizim eradan əvvəl 309-cu ildə Polisperxon Makedoniyaya təsiri gücləndirmək üçün Böyük İsgəndərin sağ qalan yeganə oğlundan istifadə etməyi qərara alır. Heraklın bədbəxtliyindən onu (18 yaşı tamam olan kimi) taxtın varisi elan edirlər. Lakin Kassandr Polisperxonu fikirindən daşındıra bilir, əvəzində güzəşt təklif edir.

Eramızdan əvvəl 309-cu ildə Brasina və Herakl Polisperxonun əmri ilə öldürülür.

Roksana. O, baktriyalı knyaz qızı idi. Eramızdan əvvəl 327-ci ildə, 14-16 yaşında İsgəndərin birinci arvadı olub. Həmin vaxt İsgəndərin 29 yaşı var idi. Tarixçilərin yazdıqlarına görə, İsgəndər, həqiqətən, Roksanaya aşıq olub. Bu, makedoniyalıların baktriya qalası Qala Soqdianı tutandan sonra baş verir.

Bizim eradan əvvəl 326-324-cü illərdə Roksana İsgəndəri Hindistana yürüşündə müşayiət edib, bu vaxt onların yeni doğulmuş oğlu ölür. Yürüşdən qayıtdıqda İsgəndərin baktriyalı knyaz qızına romantik hissləri azalır. O, iki şərq gözəlini – hökmdar Daranın qızı Statiri və Persiya hökmdarı III Artakseksin qızı Parisatidanı özünə arvad edir.

İsgəndər vəfat edərkən Roksana hamilə olub. İsgəndərin ölümündən bir ay sonra onun oğlu olur və adını İsgəndər qoyur. Antik müəlliflər onun qısqanclığını xüsusi qeyd edirlər. Plutarx yazırdı: “Statirə nifrət edərək, saxta məktubla onu və bacısını öz yanına gətirir, hər ikisini öldürür, cəsədləri quyuya atır və torpaqla örtür”.

Regentlər Perdikk və Antipatrın himayədarlığı ilə Roksana oğlu ilə Makdoniyada yaşayır. Onlar öldükdən sonra, bizim eradan əvvəl 318-ci ildə Roksana oğlu ilə İsgəndərin anası Olimpiadanın himayəsinə keçir, qoşunun rəhbərliyində Makedoniyaya daxil olur. Makedoniyalılar ürəkdən sevdikləri İsgəndərin varisini sevinclə qarşılayırlar. Amma Roksana və Olimpiadanın hakimiyyəti uzun sürmür. Bizim eradan əvvəl 316-cı ildə Makedoniyanı mühasirəyə alan Kassandr (keçmiş regent Antipatrın oğlu) Olimpiadanı öldürür. Roksananın oğlu böyüyür, tezliklə hökmdar IV Aleksandr kimi taxta otura bilərdi. Lakin bizim eradan əvvəl 309-cu ildə Kossandrın əmri ilə 14 yaşlı Aleksandr (İsgəndər) və anası Roksana öldürülür.

Statira. O, Persiya hökmdarı Daranın böyük qızı idi. Bizim eradan əvvəl 324-cü ildə İsgəndərlə evləndi, onun ikinci arvadı oldu. O vaxt Statiranın 21, İsgəndərin isə 32 yaşı vardı. Roksana bizim eradan əvvəl 323-cü ildə qısqanclıq üzündən Statiranı öldürür.

Parisatida. İsgəndərin üçüncü arvadıdır.

İsgəndərin hərəmxanası

Onun hərəmxanasında 360-dan çox məşuqəsi olub. Diodor İsgəndərin hərəmxana qadınları haqqında yazır: “Onlar hər gecə hökmdarın taxtının qarşısından elə keçirlər ki, o, həmin gecəni keçirmək istədiyi qadını seçə bilsin.”.

Böyük İsgəndərin dəfn olunduğu yer

2011-ci ilin payızında dünyanın bir sıra agentlikləri xəbər verdilər ki, Yunanıstanda Makedoniyalı İsgəndərin məzarı tapılıb. Onlarla müxbir Taos adasına üz tutdu. Lakin arxeoloji qazıntılar nəticə vermir. Sensiyasiyalı məlumat özünü doğrultmur, əfsanəvi hökmdarın qəbri tapılmır.

Böyük İsgəndərin məzarının yeri dəqiq məlum deyil. Bu barədə çoxlu mülahizə və iddialar öz təsdiqini tapmır.

Böyük İsgəndərin qəribə və əfsanəvi həyatında örnək, eləcə də arzuolunmayan məqamlar çox olub. Böyük sərkərdənin həyat dərsləri ibrətlidir:

1. İnsan dahi və müdriklərdən dərs alanda əfsanəyə çevrilə və sevilə bilir. Aristotelin İsgəndərin həyatında rolu əvəzsizdir.

2. İsgəndərin valideynlərinin onu oxutmaq istəyi təqdirə layiqdir.

3. İsgəndərin öz müəlliminə sonsuz ehtiramı ibrətlidir. O, Aristotelin doğulduğu şəhəri aldıqdan sonra onun xatirinə dağılmış şəhəri bərpa, əsirləri isə azad edir. Böyük İsgəndərin böyük həyat dərsi budur.

4. İsgəndər mərdliyi, cəsarəti, şəxsi nümunəsi, döyüşən sərkərdə olması ilə yenilməzlik tarixi yaradıb.

5. İsgəndər yalnız ona itaət edən, onu zəfərdən-zəfərə aparan vəhşi fessal atı Butsefalı da unutmayıb, ona abidə ucaldıb, Hindistanda onun adını daşıyan şəhər salıb.

6. Çoxarvadlılıq ailə daxili nifaqa, bəzən də böyük sülalənin məhvinə səbəb olur. Qadın qısqanclığı qədər fəlakətə səbəb olan heç bir qısqanclıq mümkün deyil.

7. Hər bir dahi şəxsiyyətin, dövlət başçısının, sərkərdənin tarixi zamanında yazılmadıqda, sonralar yaradılan uydurma tarix təkcə onların özü üçün yox, xalqı, dövləti üçün də arzuolunmaz problemlər yaradır.

8. İsgəndər adlı sonsuz sayda insan olub və var, amma Böyük İsgəndər təkdir və o, insanlıq tarixi üçün şərəf, qürurdur. Hər halda, mənim qənaətim belədir...

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri (III cild). Bakı, “Elm”, 2020, 428 s.

2021-01-26   34931