NKPI

Maraqlı Məlumatlar

İrəvan mahalının dünyaya bəxş etdiyi dahi azərbaycanlı alim – MUSTAFA AĞABƏY TOPÇUBAŞOV

Hörmətli oxucular! Əzəli Azərbaycan torpağı olan İrəvan mahalının xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətləri saymaqla qurtarmaz. Xalqımızın şanlı tarixində bu şəxsiyyətlərin əvəzsiz xidmətləri var. Onlar sonradan bu torpaqlara gətirilmiş ermənilərin saxta Ermənistan tarixinin ifşa olunması üçün tarixin həqiqətləridir. Bu şəxsiyyətlər sırasında Mustafa Ağabəy oğlu Topçubaşovun xüsusi yeri var. O, böyük ziyalı, əsl vətəndaş, fövqəl bacarıqlı cərrah, dahi alim, müdrik şəxsiyyət idi.

Mustafa bəyin həyatı

Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci ilin avqustun 5-də İrəvan şəhərinin yaxınlığındakı Göykümbət kəndində anadan olub. Ailəsində elm və maarifə böyük maraq var idi. O, ibtidai məktəbi qurtardıqdan sonra, 1904-cü ildə oğlanlar üçün təşkil olunan şəhər gimnaziyasına daxil olur. Bu gimnaziyada da təhsilini müvəffəqiyyətlə başa vurur. 1914-cü ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. 1919-cu ildə Universiteti bitirərək Bakıya qayıdır. Ordinator, həkim işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissarlığının cərrahlıq xəstəxanasının müdiri vəzifəsində işləyir, eyni zamanda Azərbaycan Dövlət Universitetində yeni açılmış tibb fakültəsində dərs deyir.

1922-ci ildə N.Nərimanovun təklifi ilə Mustafa bəy Topçubaşovun rəhbərliyi ilə bir qrup həkim Naxçıvana göndərilir. Onlar Naxçıvan şəhərində xəstəxana, ambulatoriya, Ordubadda feldşer məntəqələri təşkil edirlər.

Mustafa bəy Topçubaşov Almaniyada uzunmüddətli elmi ezamiyyətdə olub

O, 1926-cı ildə Almaniyaya uzunmüddətli elmi ezamiyyətə göndərilir, orda görkəmli alimlərin təcrübəsi və elmi yenilikləri ilə tanış olur. Cərrahiyyənin nəzəri və praktiki sirlərini mükəmməl mənimsəyir.

Analgezinin kəşfi və cərrahiyyədə ağrısızlaşdırma probleminin həllində yeni mərhələ

Mustafa bəy Topçubaşov cərrahi müdaxilədən öncə xəstənin ağrı və iztirablarını azaltmağı, onu qorxu hissindən xilas etməyi vacib sayırdı. Onun fikrincə, xəstə həkimə nə qədər çox inanarsa, əməliyyata bir o qədər qorxusuz gedər və əməliyyat, əməliyyatdan sonrakı sağalma prosesi daha sürətlə və uğurlu olar. Mustafa bəy bu haqda yazmışdı: “Cərrahiyyə müdaxiləsinə gedən xəstənin ruhi vəziyyətinin çox böyük əhəmiyyəti var. İnsan orqanizmində gedən pataloji proseslərdə psixikanın rolu şübhəsizdir. Orqanizmin bütün fəaliyyətinin mərkəzi sinir sistemindən asılı olduğunu göstərmək kifayətdir. Bu, həkimləri, xüsusilə cərrahları cərrahiyyə şöbəsində olduqları müddətdə diqqətli və həssas olmağa sövq etməlidir.

Əgər bütün həkimlər patalogiyanın psixi faktorunun mahiyyətini dərk etsələr, xəstənin müalicə işi bundan xeyli qazanar. Ona görə də xəstənin psixikasının ətraflı öyrənilməsi vacibdir.

Cərrah xəstəni özünə elə inandırmalıdır ki, o, bütün varlığı ilə həkiminə etibar etsin. Bu, ona görə vacibdir ki, böhranlı dəqiqələrdə həkimin özü də xəstəyə əlavə güclü bir faktor kimi təsir göstərir. Nahaq yerə demirlər ki, cərrah sözlə də, bıçaqla da eyni dərəcədə məharətlə işləməlidir.

Biz xəstənin psixikasını sözlə müalicə edirik. Cərrahiyyə müdaxiləsini gözləmə müddətində keçirilən həyəcan xəstənin psixikasını zədələyir. “Cərrahiyyə müdaxiləsi olacaqmı və nə vaxt?” Bu fikirlər xəstəni sakit qoymur, yuxusunu və ruhi müvazinətini pozur. Cərrahın vacib vəzifələrindən biri xəstəni müdaxiləni gözləməklə əlaqədar olan bu gərgin psixoloji vəziyyətdən çıxarmaq, onun ağır həyəcanını yüngülləşdirməkdir. İnandırmaq və əmin etmək üsulu ilə o, xəstəni sakitləşdirməlidir. Bax, elə bu an üçün xəstənin inamını qazanmaq lazımdır. Bu, asan məsələ deyil, amma mümkündür. Həkimdən tələb olunur ki, mərhəmətli, xeyirxah, səbirli və sakit təbiətli olsun. Həkim xəstə üçün ata, sağalmağa başlayan üçün onu mühafizə edən, sağlam üçün dost olmalıdır, xəstədə xilas olmağa ümid, həyata sevgi yaratmalıdır”.

Mustafa bəyin bu cərrahlıq, bütövlükdə həkimlik fəlsəfəsi həkim olmaq istəyən hər kəs üçün öyrənilməsi vacib olan müdrik dərsidir.

Mustafa bəy Topçubaşov uzun müddət cərrahiyyədə ağrısızlaşdırma problemi üzərində çalışmışdı və 1938-ci ildə yeni üsul işləyib hazırladı ki, bu, cərrahiyyədə yeni bir səhifə açdı. Mustafa bəy Topçubaşov 3 hissə efir, bir hissə bitki yağı və yarım qram novokaindən ibarət olan məhlulu analgeziya vəziyyəti əmələ gətirmək qabiliyyətinə görə analgezin adlandırdı. Onun təklif etdiyi analgezin ağrısızlaşdırmasının əsas üstünlüyü çox zaman xəstəyə zərər verən narkoz yuxusunu yox, mürgüləmə vəziyyətini əmələ gətirməsidir. Bundan əlavə, analgezin ağrısızlaşdırması zamanı qanda narkoz əmələ gətirən maddələrin miqdarı inqalyasiya narkozuna nisbətən iki-üç dəfə az olur, lakin onun təsir müddəti ən mürəkkəb cərrahiyyə əməliyyatını başa çatdırmağa kifayət edirdi. Sonralar analgezinin tətbiqedilmə texnikası daha da təkmilləşdirilmiş, ağrısızlaşdırmanın bu növü neyroplegeziya vasitələrinin kiçik dozaları ilə birgə tətbiq edilərək, müəllif tərəfindən potensiallaşdırılmış analgeziya və ya cəmləşdirilmiş analgezin ağrısızlaşdırılması adlandırılmışdır. Ağrısızlaşdırmanın bu növü Mustafa bəy Topçubaşovun rəhbərlik etdiyi klinikada müvəffəqiyyətlə tətbiq edilmiş və ən mürəkkəb cərrahiyyə müdaxilələrində dörd min dəfədən artıq tətbiq olunmuşdu.

Analgeziya ağrısızlaşdırması travma şoku, qıcolmalar və tetanusa qarşı, eləcə də doğuşu ağrısızlaşdırma praktikasında işlədilir. Bu üsulu işləyib təklif etdiyinə görə Mustafa bəy Topçubaşov 1964-cü ildə Vişnevski adına xatirə medalı ilə təltif edilib.

Mustafa bəy Topçubaşov özü bu üsulun yaranması haqqında belə yazıb: “O zaman (30-cu illərin ortaları nəzərdə tutulur) mən böyük səylə öddaşı xəstəliyini efir-yağ qarışığı inyeksiyaları ilə müalicə edirdim. Əvvəlcədən aparılan tədqiqatlar göstərdi ki, öd yollarından çıxarılmış daşların 75%-i bu göstərilən qarışıqda qısa müddətdə narın quma çevrilir. Daşlarda baş verən dəyişkənlik efir buxarında da baş verirdi. Belə ki, 3 ml efir-yağ qarışığının dəri altı inyeksiyaları qısa müddətdə öddaşı xəstəliyinin tez-tez baş verən ağrı tutmalarını dayandırıb, xəstənin yuxusunu normal hala salırdı. Çoxlu müşahidələrdən alınan müsbət nəticələr əsasında belə bir fikir yarandı: ola bilərmi ki, efir-yağ narkozunun ağrıkəsici və yuxugətirici xüsusiyyətləri cərrahiyyə müdaxilələrində ümumi ağrısızlaşdırıcı kimi işlədilsin? Belə inyeksiyaların texnikası çox asan olduğuna, insan orqanizminə təsiri isə heç bir şeylə fəsadlaşmadığına və normal yuxu vəziyyəti yaratdığına görə bu fikir çox cəlbedici idi.

Heyvanlar üzərində eksperimentlər və klinik müşahidələr aparıldı. Xroniki apendisit, yırtıq (qrija), hidroselez və bir çox başqa xəstəliklər zamanı xəstələrə müdaxilədən 15-20 dəqiqə əvvəl dəri altına efir yağı məhlulu müxtəlif miqdarlarda (seriyalar üzrə 5, 10, 15, 20 ml) yeridilirdi. Bu zaman müdaxilə və eləcə də müdaxilələrdən sonrakı dövrün gedişinin çox yaxşı olduğu qeydə alındı. Anesteziyaedici məhlul az işlədilir, ağrı hissiyyatı isə demək olar ki, olmurdu. Bəzi xəstələrdə əlavə olaraq uzun sürən mürgüləmə vəziyyəti qeyd olunurdu. Xəstələrdə çox diqqətlə aparılan kliniki və laboratoriya müayinələri ağrısızlaşdırma nəticəsində hər hansı bir qeyri-normal vəziyyət baş verdiyini təyin etmədi. 1938-ci il may ayının dördü tarixini davamlı anelgeziyanın anadanolma günü adlandırmaq olar”.

Mustafa bəy Topçubaşovun doktorluq dissertasiyası

Mustafa bəy Topçubaşov XX əsrin 20-ci illərində geniş yayılmış malyariya xəstəliyinin fəsadı olan splenomeqaliyanın klinikasını dərindən öyrənib, bu ağır xəstəliyin müalicəsində cərrahiyyə müdaxiləsini geniş tətbiq etməyə başlayaraq yorulmadan apardığı elmi-praktiki işləri ümumiləşdirdi və 1930-cu ildə “Malyariya splenomeqaliyasının kliniki, patoloji və cərrahiyyə müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Alimin elmi nailiyyətlərinin yüksək səviyyəsi nəzərə alınaraq ona professor elmi adı verildi, Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahiyyəsi kafedrasının müdiri seçildi. Ömrünün sonuna qədər, 52 il müddətində bu kafedranın müdiri oldu.

1945-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Elmlər Akademiyası təşkil olundu. Akademiyanın ilk heyətində Azərbaycanın 15 ən görkəmli alimi, o cümlədən Mustafa bəy Topçubaşov da var idi.

Dahi alimin elmi uğurları

Mustafa bəy Topçubaşov 1947-1949-cu illərdə Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdi. 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində işləmiş, 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdi.

Onun rəhbərlik etdiyi kafedrada müasir cərrahiyyənin əsas problemləri – ölkə xəstəliklərinin cərrahiyyə ağırlaşmalarının problemləri, öd yolları cərrahiyyəsi, cərrahiyyədə ağrısızlaşdırma, bərpaedici cərrahiyyə, zədələnmə məsələləri və s. həll olunurdu.

Yemək borusunda və mədədə venaların varikoz genəlməsi nəticəsində baş verən qanaxmalara qarşı bir sıra üsullar təklif olunmuşdu. Mustafa bəy Topçubaşov yemək borusunun yanıqlar nəticəsində əmələ gələn xoşxassəli daralmalarının müalicəsində bağırsaqlardan düzəldilmiş süni yemək borusu tətbiqində böyük uğur əldə etmişdi.

Qabırğaaltı orqanların cərrahiyyəsi zamanı tətbiq olunan orijinal abdomino-diafraqma və bel-diafraqma kəsikləri üsulu da Mustafa bəy Topçubaşov tərəfindən hazırlanmışdı. O, sovet cərrahiyyəsinin inkişafındakı xidmətlərinə görə 1943-cü ildə SSRİ Dövlət mükafatına layiq görülüb.

Onun rəhbərliyi altında 35 doktorluq və namizədlik dissertasiyası müdafiə olunub.

Mustafa bəy Topçubaşovun həyat və fəaliyyətinin xronologiyası

1895-ci il, 5 avqust

Qərbi Azərbaycanın İrəvan şəhəri yaxınlığındakı Göygümbət kəndində anadan olub.

1904-cü ilə qədər

Mirzə Rza Qədimov və Mirzə Hüseynovun yaratdıqları ibtidai məktəbdə təhsil alıb.

1904-cü il

İrəvandakı rusdilli kişi gimnaziyasına daxil olub.

1914-cü il

Gimnaziyanı bitirib.

1914-cü il

Kiyev Universitetinin tibb fakültəsinə daxil olub.

1919-cu il

Kiyev Universitetinin tibb fakültəsini bitirib.

1919-cu il

Professor A.Osmanın təklifi ilə Bakı Universitetinin tibb fakültəsində ordinator vəzifəsinə işə qəbul edilib.

1919-1922-ci illərdə

Kafedranın ordinatoru vəzifəsini yerinə yetirib.

1920-ci il

Bakıda yeni təşkil olunmuş uşaq bağçalarının fəxri üzvü olub

1922-ci il

N.Nərimanovun təklifi ilə bir qrup həkimin rəhbəri kimi Naxçıvana göndərilib.

1923-cü il

Naxçıvandan Bakıya qayıdıb və Bakı Universitetinin tibb fakültəsinin Cərrahiyyə kafedrasında assistent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirib.

1923-cü il

Professor Qoşmanın təqdimatına əsasən Azərbaycan Xalq Səhiyyə komissarlığının Bayıldakı Paster adına Xəstəxanasının “Cərrahiyyə” şöbəsinin müdiri təyin edilib.

1923-cü ildən etibarən

Azərbaycan Xalq Səhiyyə Komissarlığının Klinikasının rəhbəri vəzifəsində çalışıb.

1925-ci il

Tiflisdə Zaqafqaziya Cərrahlarının I Qurultayında elmi məruzələrlə çıxış edib.

1926-cı il

Zaqafqaziya Cərrahlarının I Qurultayının materialları kitabında qurultaydakı çıxışlarına müvafiq olaraq “Exinokokkun cərrahi müalicəsi” və “Qalxanabənzər vəzin köçürülməsinə aid” adlı ilk elmi məqalələri çap olunub.

1926-cı il

Azərbaycan Xalq Maarif Komissarlığının Almaniya (Berlin, Münhen, Leypsik şəhərlərinə) uzunmüddətli elmi ezamiyyətə göndərdiyi 20 həkimdən biri Mustafa bəy Topçubaşov olub.

1926-1927-ci illərdə

“Öddaşı xəstəliyində travmanın rolu” məqaləsi çap olunub.

1930-cu il

“Malyariya splenomeqaliyasının klinikası, patogenezi və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülüb.

1931-ci il

Azərbaycan Cərrahlar Cəmiyyətini yaradıb və ona rəhbərlik edib.

1932-ci il

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Fəxri fərmanları ilə təltif edilib.

1934-cü il

Operasiya otağı ilə auditoriyanı birləşdirmək ideyası Bakı Şəhər Səhiyyə İdarəsinin müdiri Əziz Əliyev tərəfindən dəstəklənib və Azərbaycan Xalq Səhiyyə Komissarı M.Qədirli tərəfindən bəyənilərək Topçubaşovun “Auditoriya-cərrah otağı”nın yaradılması reallaşıb.

1936-cı il

“Şərəf Nişanı” ordeninə layiq görülüb.

1937-ci il

İlk dəfə “Efir-yağ ağrıkəsici – Analgezini” kəşf edib.

1938-ci il

Respublikada “Efir-yağ ağrıkəsicisi”nin kütləvi istifadəsinə başlanıb.

1938-ci il

Xarkovda Cərrahların XXIV Ümumittifaq Qurultayında Mustafa bəy 75 xəstə üzərində yeni ağrıkəsicinin tətbiqinə aid məruzə ilə çıxış edib. Qurultay “Efir-yağ ağrıkəsicisinin klinikalarda geniş tətbiqi” haqqında qərar qəbul edib.

1939-ci il

Moskvanın Elmi-Tədqiqat Neyrocərrahiyyə İnstitutunda keçirilən Neyrocərrahların Ümumittifaq Sessiyasında “Travmatik şokun müalicəsində efir yağ ağrıkəsicisinin tətbiqi” mövzusunda çıxış edib.

1939-ci il

Azərbaycan Dövlət Tibb İnstitutu M.A.Topçubaşovun “İnyeksiya efir-yağ narkozu” adlı məqalələr məcmuəsini çap etdirib.

1940-1949-cu illər

M.Topçubaşov 2 dəfə Lenin ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, “Qızıl ulduz” ordeni və çoxlu medallarla təltif olunmuşdur.

1940-cı il

“Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

1941-ci ilin yanvar ayı

M.Topçubaşov Minsk şəhərində keçirilən Belarusiya Cərrahlarının II qurultayında efir-yağ narkozu altında apardığı 663 əməliyyat haqqında məlumat verib.

1942-ci il

M.Topçubaşovun təklifi əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını müəyyən etməyə imkan verən universal cihaz quraşdırılıb və müvəffəqiyyətlə neyrocərrahiyyə hospitallarında tətbiq edilib.

1942-ci il

Cəbhə xəttinin yaxınlaşması ilə əlaqədar olaraq Şimali Qafqazda bir sıra evakohospitallar Bakıya köçürülüb. Hospitalların hamısına görkəmli cərrah M.Topçubaşov rəhbərlik edib.

1943-cü il , 26 mart

SSRİ Dövlət (Stalin) mükafatına layiq görülüb.

1944-cü ilin sentyabr ayı

Mustafa bəy Bakıya gəlmiş professor L.Oprbelinin iştirakı ilə apardığı əməliyyatda özünün ixtira etdiyi portabiv stereokop aparatı ilə yad cismin lokalizasiyasının təyinin nümayiş etdirib.

1944-cü il

Sabunçudakı Çaparidze adına xəstəxananın “Cərrahiyə” şöbəsinə rəhbərlik edib.

1945-ci il, 31 mart

M.Topçubaşov Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən olub və həmin Akademiyanın həqiqi üzvü seçilib.

1946-cı il

M.Topçubaşovun təşəbbüsü ilə Elmi-Tədqiqat Naftalan Problem Laboratoriyası yaradılıb.

1946-cı il

Elmi Forumda özü kəşf etdiyi portativ stereoskop aparatını nümayiş etdirib.

1946-cı il

ET Kliniki və Eksperimental Təbabət İnstitutunun təşkili və rəhbərliyi M.Topçubaşova həvalə olunub.

1949-cu il

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.

1947-1949-cu illərdə

Azərbaycan Respublikası Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun direktoru olub.

1947-1949-cu, 10 may

Azərbaycan Elmlər Akademiyasının böyük zalında M.Topçubaşovun elmi-tibbi və ictimai fəaliyyətinin 30 illiyi qeyd edilib.

1950-ci il

Dalağın çıxarılması zamanı abdomino-diafraqmal kəsiyi təklif edib.

1950-ci ildən ömrünün sonuna qədər

Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, eləcə də Sovet Sülhü Müdafiə Komitəsinin, Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin üzvü olub.

1951-ci il

Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilib.

1951-1956-cı illər

Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti kimi fəalliyyət göstərib.

1951-ci il, 28 avqust

Sovet Sülhü Müdafiə Komitəsinin Plenumunda iştirak edib.

1952-ci il

Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1952-ci il, 27 sentyabr

Azərbaycan K(b)P XIX Qurultayında nitq söyləyib.

1954-cü il

Cərrahların XI Lissabon Konqresində dünyanın 20 ən görkəmli cərrahından biri kimi Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilib.

1955-ci il

M.Topçubaşov “Atom enerjisindən dinc məqsədlər üçün istifadə etməli: Atom müharibəsi əleyhinə” şüarı altında müraciət edib.

1955-1959-cu illər

Azərbaycan SSR Ali Sovetinin sədri olub.

1956-cı il

M.Topçubaşovun Berlinə ikinci səfəri. Bu səfər alim akademik rütbəsi alandan sonra baş tutub.

1959-cu il

Ümumdünya Sülh Şurasının gümüş medalına və Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanına layiq görülüb.

1960-cı il

SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

1960-cı ilin may ayı

M.Topçubaşov SSRİ Cərrahlarının “Yanıqların müalicəsi, profilaktikası” mövzusuna həsr edilmiş XVII qurultayında “Yanıqların müalicəsində parafin sarğılarının geniş tətbiq olunması, müalicəsinin nəticələri” haqqında məlumat verib. Qurultayda iştirak edən Çin, İngiltərə, Fransa, Bolqarıstan alimləri metodun sadəliyini və müalicəsinin yaxşı nəticələrini bəyənərək təqdir ediblər.

1963-cü ilin sentyabr ayı

SSRİ Tibb Elmləri Akademiyasının A.Vişnevski adına Cərrahiyə İnstitutunda keçirilən Elmi sessiya M.Topçubaşovun “Sürəkli analgeziya” adlı kəşfinə həsr edilib. Alim mövzu üzrə təqdimat nitqi söyləyib və həmin sessiyanın qərarı ilə akademik M.Topçubaşov A.Vişnevski adına mükafata və medala layiq görülüb.

1965-ci il

Respublika ictimaiyyəti akademik M.Topçubaşovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyini təntənə ilə qeyd edib.

1965-ci il

SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə M.Topçubaşov Lenin ordeni ilə (3-cü dəfə) təltif edilib.

1965-ci il

Azərbaycan Elmlər Akademiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş yığıncaqda akademik M.Topçubaşov hesabat məruzəsi ilə çıxış edib.

1967-1971-ci illər

Azərbaycan SSR Ali Sovetinin sədri olub.

1969-1981-ci illər

Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub.

1970-ci il

Bolqarıstan Xalq Respublikasının elmi nailiyyətləri üçün nəzərdə tutulan III dərəcəli “Kirill və Mefodi” ordeni ilə təltif olunub.

1975-ci il, 4 avqust

M.Topçubaşovun anadan olmasının 80 illik yubleyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına, Lenin ordeni (4-cü dəfə), “Oraq və çəkic” qızıl medalına layiq görülüb.

1975-ci il, sentyabr

Azərbaycan Elmlər Akademiyasının Böyük salonunda Azərbaycan Respublikası höküməti, SSRİ Tibb Elmləri Akademiyasının Rəyasət Heyəti akademik M.Topçubaşovun anadan olmasının 80 illik yubleyini təntənə ilə qeyd edib.

1977-ci il

Beynəlxalq Nobel mükafatları komitəsi akademik M.Topçubaşova və professor Q.Qəhrəmanova göndərdiyi məktubda təklif edirdi ki, onlar anket suallarına cavab yazaraq, nəşr edilmiş elmi işlərinin siyahısı ilə birlikdə Komitəyə göndərsinlər. Sənədlərlə birlikdə “Davamlı analgeziya təbabətin və fizialogiyanın problemidir” adlı kitab da Komitəyə göndərilib.

1978-ci il

Beynəlxalq Nobel Mükafatları Komitəsindən həmin müəlliflərə məktub gəlib ki, göndərdiyiniz sənədlərə baxılacaq və oktyabr ayının birinci yarısında nəticələr elan olunacaqdır. Həmin ildə “Bakinskiy raboçiy” qəzetində Nobel qardaşları əleyhinə dərc olunmuş məqalələr sənədlərin sonrakı taleyinə mənfi təsir göstərib.

1978-ci ildə tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatı heç kimə verilməyib.

1981-ci il, 20 noyabr

Akademik M.Topçubaşov Bakıda vəfat edib.

1995-ci il, 31 iyul

Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyev akademik M.Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb.

1995-ci il, 14 oktyabr

Azərbaycan Dövlət Opera və Balet teatrında görkəmli dövlət və elm xadimi, məşhur cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib. Təntənəli gecədə Azərbaycan Respublikasının Prezidenti, dahi Heydər Əliyev geniş nitq söyləyib.

Akademik M.Topçubaşov görkəmli alim olmaqla yanaşı, həm də insanlıq etalonu idi, onun ali ünsiyyət mədəniyyəti var idi, insanlara dəyər verməkdə çox dəqiq idi. M.Topçubaşovu tanıyan görkəmli insanlar onun şəxsiyyətini yüksək qiymətləndiriblər.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri (III cild). Bakı, “Elm”, 2020, 428 s.

2021-02-08   32817