NKPI

Интересные Факты

Fitoterapiya - 1

Azərbaycanda dərman bitkilərinin elmi əsaslarla öyrənilməsi

Floramızın tərkibində yayılan dərman bitkilərinin növ müxtəlifliyinin zənginliyi müasir dövrə qədər elmi əsaslarla öyrənilməmişdir. Bu çatışmazlığı aradan qaldırmaq üçün 1968-ci ildən başlayaraq respublikamızın ayrı-ayrı rayonlarına planlı surətdə ezamiyyətlər və ekspedisiyalar təşkil edilərək minlərlə herbari materialı toplanaraq laboratoriyalarda tədqiq edilməyə başlandı. Toplanılan herbari materiallarının bir qismi Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda, əksər hissəsi isə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki keçmiş SSRİ-nin Botanika İnstitutunun Qafqaz herbariləri saxlanılan şöbəsində təyin edilməyə başlanmışdır. Aparılan gərgin elmi-tədqiqat işlərimiz zamanı ilk dəfə elmi əsaslarla sübut edilmişdir ki, floramızın tərkibində 1800 növdən artıq dərman bitkisi yayılmışdır. Dərman bitkilərinin tədqiqi onların genetik qohumluqları və kimyəvi tərkibləri nəzərə alınmaqla yerinə yetirilmişdir.

Tərəfimizdən elmə gətirilən 1800 növ dərman bitkisi 560 cins və 140 fəsilə daxilində birləşərək ümumi floramızın 40%-ni təşkil edir. 1800 növ dərman bitkisinin 1720-i yabanı halda bitir, 80-dən atıq növü mədəni halda becərilir. 1136 növ çoxillik ot, 193-ü ikiilliklər, 140-ı birilliklər, 69-u yarımkollar, 160-ı kollar, 102-si ağac formalarıdır.

Dərman bitkilərindən 420 növü kserofit, 370-i kseromezofit, 340-ı mezokserofit, 264-ü mezofit, 140-ı mezohidrofit, 24-ü hidrofit və s. ekoloji qrup bitkilər təşkil edir.

Dərman bitkilərinin 343 növü Asteraceae, 89 növü Rosaceae, 68 növü Fabaceae, 67 növü Lamiaceae, 58 növü Chenopodiaceae, 57 növü Brassicaceae, 53 növü Caprifoliaceae, 51 növü Ranunculaceae, 36 növü Liliaceae fəsilələrində rast gəlinir (cədvəl 3). Tədqiq etdiyimiz 1800 növ dərman bitkisinin əksəriyyəti 20 fəsilə daxilində yerləşərək ümumi müalicə bitkilərinin 62,9%-ni təşkil edirlər.

Floramızın tərkibində ehtiyatı bol olan dərman bitkilərindən yemişanı – Crataegus L., itburnunu – Rosa L., tüksüz biyanı – Glychyrrhiza glabra L., dazıotunu – Hypericum perforatum L., andızı – Inula helenium L., qatı quruçiçəyi – Helichrysum L., qaraqınığı – Origanum vulgare L., gicitkəni – Utrica dioica L., dəmirovotunu – Chelidonum majus L., baldırğanı – Heracleum L., bədrənci – Melissa L., boyaqotunu – Rubia L., üçbölümlü yatıqqanqalı – Bidens tripatia L., dəvədabanını – Tussilago officinalis L., cökəni – Tilia L., çobanyastığını (romaşka) – Matricaria chamomilla L., atşabalıdını – Aesculus hippocastanum L., ivançayı – Chamenerum angustifolium (L.) Holub., zirinci – Berberis vulgaris L., sarağanı – Cotinus coggygria Scop., kasnını (yolotu) – Cichorum intybus L., iyli kərəvizi – Apium graveolens L. və s.-i qeyd etmək olar. Floramızda yayılan dərman bitkilərinin bir çoxunun ehtiyatı böyük olduğuna görə Azərbaycanın ehtiyacını tam ödəməklə bərabər, onları başqa dövlətlərə də ixrac etmək olar.

 

Mənbə: Mayis Qasımov, Tofiq Məmmədov. Fitoterapiya. Bakı, “Elm”, 2014, 297 s.

2021-04-21   32454