NKPI

Maraqlı Məlumatlar

Fitoterapiya - 9

Sarımsaq – Allium sativum L.

II hissə

 

Sarımsağın tərkibində 200-dən artıq bioloji fəal maddə aşkar edilmişdir. Bu da onun yüksək müalicəvi təsirə malik olduğundan xəbər verir. Harada ki, sarımsaq becərilir yerli əhali ondan ürək-damar, soyuqdəymə, mədə-bağırsaq xəstəliklərində, həmçinin tükün tökülməsinə qarşı vasitə kimi istifadə edir. Tədqiqatlardan məlum olmuşdur ki, sarımsaq yaxşı profilaktik vasitə olub insanları aterosklerozdan, infarktdan və insultdan qorumaqla yanaşı, hüceyrələrdə xərçəngin əmələ gəlməsinin qarşısını alır.

ABŞ-da aparılan tibbi araşdırmalar zamanı təsdiq olunmuşdur ki, sarımsaq xərçəngin inkişafının qarşısını alır. Çin, Yaponiya, İtaliya və bir sıra başqa ölkələrdə sarımsaqdan gündəlik yeməklərdə istifadə edildiyindən mədədə xərçəngin əmələ gəlməsi 50% azalmışdır. Bundan əlavə sarımsaq mədə-bağırsaq sistemində kanserogen maddələrin neytrallaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

ABŞ-ın Milli Ekoloji Mərkəzində 3 minədək xərçəng xəstəliyinə tutulmuş insan üzərində aparılan müşahidələr zamanı sarımsağın böyük profilaktik xüsusiyyətlərə malik olması müəyyən edilmişdir. Bu zaman həkimlər ağız nahiyəsində, həzm yollarında, mədədə və yoğun bağırsaqda olan şişlərin inkişafdan dayanmasını müşahidə etmişlər.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan laboratoriyaların, eləcə də Pensilvaniya Universitetinin əməkdaşları sarımsaqdan hazırlanan preparatların ürək-damar sistemində baş verən xəstəliklərin müalicəsində effektivliyini öyrənməyə başlamışlar. İnfarkt keçirən 4 min xəstəni 2 qrupa ayırıb, birinci qrupa 1 stəkan südün tərkibinə bir neçə damcı sarımsaq ekstraktından əlavə edərək hər gün xəstələrə içirtmişlər. Bu qrupda ikinci dəfə infarkt keçirmə halları 40% azalmış, arterial təzyiq aşağı düşmüş, qanda xolesterinin miqdarında azalma müşahidə edilmişdir. Buna baxmayaraq sarımsağın müalicəvi spektri indiyə kimi tam öyrənilib başa çatdırılmamışdır.

Vaşinqtonda çağırılmış Beynəlxalq konfransda sarımsağın yeni müalicəvi təsirləri haqqında maraqlı çıxışlar zamanı onun “pis” xolesterin sintezinin qarşısını alması fikri konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır. İnfarkta səbəb olan üçqliseridin toplanma faizinin aşağı salınmasında mühüm rol oynadığı aşkar edilmişdir. Bundan başqa sarımsaq orqanizmdə (qanda) trombun yaranma imkanlarını azaltmaqla insult və infarktın yaranma imkanlarını məhdudlaşdırır. Nəhayət, onun tərkibindəki fitonsid antimikrob xüsusiyyətlərinə malikdir.

Məlumdur ki, XX əsrdə hərbi sahədə çalışan cərrahlar müharibə zamanı yaralanan əsgərlərdə qanqrena yaranmaması üçün sarımsaq şirəsindən istifadə edirmişlər. 1954-cü ildə aparılan təcrübələr zamanı qanqrena törədən bakteriyaların sarımsaq şirəsi tərəfindən məhv edildiyi aşkar olmuşdur. Bundan başqa sarımsaq yağı ağcaqanad yumurtalarını məhv edərək, qızdırmanın, sarılığın və malyariyanın qarşısını alır. Həmçinin, sarımsağın tərkibindəki fitonsidin yatalaq, vərəm, tif və dezinteriya çöplərinə qarşı təsirini öyrənmək üçün xəstə üzərində geniş kliniki təcrübələr aparılmağa başlanmışdır.

Xalq təbabətində sarımsaqla hipertoniyanın, yuxusuzluğun, podaqranın, qripin, digər infeksion xəstəliklərdə, yuxarı tənəffüs yollarının, mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə edilirdi. Sarımsaqdan həmçinin dəridə əmələ gələn çibanların, psoriazı, ilan və həşərat sancmalarının, irinli yaraların, bağırsaq parazitlərinin, sinqanın əleyhinə, sidikqovucu, o cümlədən şişlərə qarşı da geniş surətdə istifadə edilməkdədir.

 

Mənbə: Mayis Qasımov, Tofiq Məmmədov, Fitoterapiya. Bakı, “Elm”, 2014, 297 səhifə.

2021-04-29   32381