NKPI

Maraqlı Məlumatlar

Fitoterapiya - 10

Sarımsaqdan müalicəvi preparatların hazırlanması

Qrip zamanı. Sürtgəcdən keçirilmiş təzə sarımsağı 1:1 nisbətində bal ilə qarışdırıb gündə bir neçə dəfə 1 çay qaşığı götürüb su ilə qəbul edin.

Uzun sürən öskürək zamanı. Sarımsaq və soğanı xırda hissələrə doğrayıb südə töküb yumşalana qədər bişirin. Südün içərisində əzib üzərinə cökə balı əlavə edərək gün ərzində 1 xörək qaşığı qəbul edin.

Boğaz ağrıları zamanı. Səkkiz diş sarımsağı əzib bircinsli kütlə əldə edib sonra üzərinə çay qaşığı üzüm sirkəsi əlavə edib ehtiyatla qarışdırın. Qarışığı soyuducuya qoyub bütün gecəni saxlayın. Səhərisi gün üzərinə 50 q qızdırılmış bal əlavə edib pastanı yenidən qarışdırın. Sonra qarışıqdan 2 çay qaşığı götürüb ağzınıza qoyub həll olana qədər saxlayın və kiçik qurtumlarla udun.

Çibanların müalicəsi zamanı. Yumşaq ensiz lentşəkilli kənaf parçası götürüb ona yağ hopdurun. Sonra xırda doğranmış sarımsağı sürtgəcdən keçirib yağ-sarımsaq qatı düzəldib kənaf lentinə yaxaraq çibanın üzərinə qoyun və sarğı ilə sarıyın. Sarğını gündə iki dəfə təzələyin.

Ateroskleroz zamanı. Bir baş sarımsağın dişlərinin qabığını təmizləyib, 1 ədəd limonla birlikdə süzgəcdən keçirib, qarışığı otaq temperaturunda olan bir litr qaynar suya töküb ağzını bağlayın və iki gün saxlayın. Sonra gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin.

Qrip, mədənin infeksion xəstəliyi, bronxit zamanı. 250 q təmizlənmiş sarımsaq dişlərini xırda hissələrə salıb üzərinə 1 litr araq tökün və 2 həftə saxlayın. Sonra qarışığı süzün. Alınan cövhəri bir il soyuducuda saxlamaq olar. Aldığınız ekstraktdan 10-15 damla götürüb bütün gün ərzində qəbul edin.

Sarımsağın kəskin tamı olduğundan o mədənin selikli qişasını qıcıqlandırmaqla onun turşuluğunu artıra bilər. Bu zaman yaxşı olar ki, sarımsaq yağından istifadə edəsiniz.

Yağı belə hazırlamaq olar. 50 q iri doğranmış sarımsağı tünd şüşə qaba töküb üzərinə 1 stəkan günəbaxan və yaxud zeytun yağı əlavə edib ağzını bağlayın. 5-6 gün dəmə qoyduqdan sonra istifadə edə bilərsiniz.

Artıq piydən, başda yaranan səslərin, eşitmə və görmə qabiliyyətinin yaxşılaşdırılması zamanı 500 q əzilmiş sarımsağı 300 ml spirtin üzərinə töküb 10 gün qaranlıq yerdə saxlayın və qarışığı süzün. Alınan ekstraktı südlə qarışdırıb gündə 3 dəfə yeməyə 10 dəq qalmış qəbul edin. Qəbul qaydası belədir: 1-ci gün yarım stəkan südün tərkibinə 1 damla ekstrakt əlavə etməklə qəbul edin. 2-ci gün 2 damcı, sonrakı günlərdə hər dəfə 1 damcı artırmaqla 25 damcı əlavə edənə qədər qəbul edin.

Kolumbiya tərəvəzçiləri uzun müddət apardıqları təcrübələr zamanı şirin tama malik yeni sarımsaq sortu əldə etmişlər. Onun iriliyi yumruq boydadır. Çiy halda o incə şirin tama malikdir.

 

Mənbə: Mayis Qasımov, Tofiq Məmmədov, Fitoterapiya. Bakı, “Elm”, 2014, 297 səhifə.

2021-04-30   32412