NKPI

Maraqlı Məlumatlar

1912-ci ildə kimya üzrə Nobel mükafatçısı (Pol Sabate ilə birlikdə) - FRANSUA OQYUST VİKTOR QRİNYAR

 

Viktor Qrinyar 1871-ci ilin mayın 6-da Fransanın Şerburq şəhərində anadan olmuşdu. Viktor Lion Universitetini 1892-ci ildə bitirir.

1894-cü ildə Qrinyar universitetin kimya fakultəsində asistent olur. Tezliklə öz qabiliyyətini göstərən Qrinyar 1898-ci ildə fiziki elmlər üzrə magistr dərəcəsi alır və Lion Universitetinin fakultə rəhbəri Filipp Antuan Barbenin yanında böyük demonstrant (nümayişçi) olur. Barbe üzvi radikalın bir molekuldan digərinə keçirilməsi üçün metal istifadə  edilməsi üsulunu tədqiq etməyə başlayır.  Metalın bir və ya daha çox radikala birləşməsi nəticəsində alınan birləşmələr metal üzvi birləşmələr adlandırıldı. O dövrdə səmərəli ötürücü agent kimi yalnız bir tip metal üzvi birləşmələr - sinkin üzvi birləşmələri məlum idi. Lakin bu prosess çox əmək tələb edici idi və alınan nəticələr qeyri stabil idi (təkrarlandıqca eyni nəticələr alınmırdı).

Barbe bunu problemə başqa tərəfdən yanaşaraq həll etməyə çalışdı. Amma alimlərin etdiyi kimi maqnezium üzvi birləşmələr almaq əvəzinə o, sadəcə iki üzvi birləşməni götürərək maqnezium iştirak ilə reaksiyanı apardı və bu variant da reaksiya daha yaxşı getdi. Bununla belə, bu nəticələr də biri-birinə düz gəlmirdi. Barbe bu problemin həllini Qrinyara dissertasiya mövzusu kimi verir.

Qrinyar bilirdi ki, ingilis kimyaçıları Edvard Frenkland və Ceyms Uonklin üzvi birləşmələri susuz efir mühitində metal ilə birlikdə qızdıraraq sinküzvi birləşmələr almışdılar. Maqnezium sinkə nəzərən daha asan reaksiyaya  girdiyini bilərək Qrinyar ehtimal etdi ki,  belə reaksiyalara maqnezium daha aktiv girə bilər.  Belə ehtimal sübut olundu və Qrinyar bu üsulu müxtəlif metal üzvi birləşmələr almaq üçün istifadə etdi və bu birləşmələrin bəziləri ilk dəfə idi ki, alınırdı.

1900-cü ildə Qrinyar öz tədqiqatlarının nəticələrini çap etdirir və bu işlərə görə 1901-ci ildə ona doktorluq dərəcəsi verilir. Qrinyar reaksiyası onun karyerasının zirvəsi olub üzvi kimyada çox saylı eksperimentlərdə istifadə olunur. Onun adı ilə adlanan reaksiyadan istifadə edərək  digər tədqiqatçılar geniş spektrdə  üzvi birləşmələri  səmərəli və sadəcə sintez edə bildilər.

1905-ci ildə Qrinyar Bezanson Universitetində kimya kursu üzrə lektor olur və sonraki il Liona qayıdaraq Barbenin elmi köməkçisi  olur. 1908-ci ildə o, adyunkt-professor adını alır. Bir ildən sonra Qrinyar Nan Universitetinə  keçir və 1910- cu ildə üzvi kimya üzrə professor olur.

1912-ci ildə Qrinyar “Son illərdə üzvi kimyanın inkişafına kömək etmiş Qrinyar reaksiyası adlanan reaksiyanın kəşvinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. O, mükafatı Pol Sabate ilə bölmüşdür.

Lionda maqnezium üzvi birləşmələrlə yanaşı Qrinyar aldehidlərin və ketonların kondensasiyası, karbohidrogenlərin krekinqi, aşağı təzyiqlərdə katalitik hidrogenləşməsi  və dehidrogenləşməsi kimi geniş əhatəli problemləri də tədqiq etmişdir.

Qrinyanın Nobel mükafatından  başqa da təltiflər var idi:

  • Bertlo medalı (1902);
  • Fransa Elmlər Akadamiyasının Jekker mükafatı (1905);
  • Fransa kimya cəmiyyətinin Lavuaze medalı.

Ona Fəxri legionun komandoru  rütbəsi və Brüssel və Luven Universitetlərinin fəxri elmi dərəcələri verilmişdi.

O, İngiltərə, ABŞ, Belçika, Fransa, Rumınıya, Polşa, Hollandiya və İsveç kimya cəmiyyətləri  də  daxil olmaqla çoxlu sayda kimya cəmiyyətlərinin üzvü idi.

Qrinyar ağır xəstəlikdən sonra 1935-ci ilin dekabrın 13-də Lionda vəfat etmişdi.

2015-10-16   36121