NKPI

Maraqlı Məlumatlar

Kimyadan 13-cu DƏRS - Birləşmə reaksiyaları

Məqsəd: birləşmə reaksiyalarının tənliklərini tərtib etməyi, təhlükəsizlik texnikası (TT) və əmək mühafizəsi (ƏM) qaydalarını gözləməklə birləşmə reaksiyalarını həyata keçirməyi, çevrilmələr sxemi əsasında reaksiya tənliklərini yazmağı və uyğun nəticələr çıxarmağı öyrətmək.

Əsas anlayışlar: birləşmə reaksiyaları, dönər və dönməz reaksiyalar, katalitik və qeyri-katalitik reaksiyalar.

Avadanlıqlar: qaz almaq üçün cihaz, talaşa, asbest tor, spirt lampası, maddələri yandırmaq üçün kiçik qaşıq, sınaq şüşələri, kalium nitrat, kömür, kalium permanqanat, kükürd, universal indikator, kalsium oksid, su, fenolftalein; TT və ƏM üzrə təlimat.

Dərsin gedişi

  1. Təşkilati an.
  2. Biliklərin aktuallaşdırılması. Ev tapşırıqlarının seçmə yoxlanılması.
  3. Yeni materialın öyrənilməsi.

Plan.

  1. Birləşmə reaksiyası.
  2. Dönər kimyəvi reaksiya.
  3. Katalitik və qeyri-katalitik reaksiyalar.
  4. Çevrilmələr sxemləri.

Sxem tərtib edək və parçalanma reaksiyasına əks olan reaksiyanı müəyyən edək.

Birləşmə reaksiyası elə reaksiyadır ki, onun nəticəsində iki və ya bir neçə ilkin maddədən bir mürəkkəb maddə əmələ gəlir.

Birləşmə reaksiyası istilik ayrılması ilə gedir, bəzən reaksiyanın başlanğıcında istilik vermək lazım olur. Birləşmə reaksiyaları ekzotermiki reaksiyadır.

(Müəllim təcrübələr aparır).

Təcrübə 1.

Kalium permanqanatın parçalanması nəticəsində alınmış oksigen yığılmış kolbaya bir kiçik qaşıq yanan kükürd əlavə edək.

  • Nə müşahidə edirik? (Kükürdün yanması çox intensiv gedir, alov parlaqdır, göy rənglidir).

Birləşmə reaksiyasının tənliyini tərtib edək:

         S + O2 = SO2 + Q.

Reaksiyaya götürülən maddələr kükürd və oksigen bəsit maddələrdir.

Reaksiyanın son məhsulu kükürd (IV) oksid mürəkkəb maddədir.

Təcrübə 2.

İçərisində alınmış kükürd (IV) oksid olan kolbaya su tökürük, şəffaf məhlul əmələ gələnə qədər çalxalayırıq və universal indikator daxil edirik.

Nə müşahidə edirik? (Kolbanı çalxaladıqda kükürd (IV) oksidin su ilə qarşılıqlı təsiri müşahidə olunur, belə ki, məhlul şəffaflaşır. Kolbaya universal indikator daxil etdikdə o, çəhrayı-qırmızı rəng alır).

  • Hansı birləşmələrin məhlullarında universal indikator çəhrayı-qırmızı rəng alır? (Turşuların məhlullarında).

Birləşmə reaksiyasının tənliyini tərtib edək:

         SO2 + H2O = H2SO3.

Reaksiyaya girən maddələr: kükürd (IV) oksid, su, mürəkkəb maddələrdir.

Reaksiyanın son məhsulu – H2SO3, sulfit turşusu, mürəkkəb maddədir.

Qısa formada yazaraq bu reaksiyalara baxaq:

Sxemdə neçə ox varsa, bir o qədər də kimyəvi reaksiyalar gedir. Reaksiya tənliklərində mütləq kimyəvi reaksiyanın getmə şəraiti göstərilir: qızdırılma (t), təzyiq, katalizator.

Tənlik 1. 

S → SO2, S + O2  t→ SO2 + Q

Tənlik 2.

SO2 → H2SO3, SO2 + H2O = H2SO3.

(Müəllim şagirdlərə təklif edir ki, reaksiyaları özləri aparsın).

Laboratoriya təcrübəsi.

Kalsium oksidin su ilə reaksiyası.

Kalsium oksid üzərinə su tökün. Sınaq şüşəsinə toxunun.

  • Nə hiss edirsiniz? (Sınaq şüşəsi isinir. Bu reaksiya ekzotermikdir.)

Alınan məhlula fenolftalein (indikator) əlavə edək.

  • Nə müşahidə olunur? (rəngsiz məhlul moruğu rəngə boyanır).
  • Hansı maddələrin məhlullarında fenolftalein moruğu rəng alır? (Qələvilərin məhlullarında).

Birləşmə reaksiyasının tənliyini tərtib edək:

         CaO + H2O = Ca(OH)2 + Q

Reaksiyaya girən maddələr (CaO, H2O) mürəkkəb madələrdir.

Reaksiyanın son məhsulu – Ca(OH)2 mürəkkəb maddədir.

Baxdığımız reaksiyaların hamısı katalizator iştirakı olmadan aparılır, odur ki, onlar qeyri katalitik reaksiyalar adlandırılır. Bu reaksiyalar bir istiqamətdə gedir – onlar dönməz reaksiyalardır.

Lakin, elə kimyəvi reaksiyalar var ki, eyni vaxtda iki istiqamətdə – düzünə və əksinə gedir. Belə reaksiyalar dönər reaksiyalar adlanır.

Kükürd (IV) oksidin kükürd (VI) oksidə oksidləşməsi reaksiyası (sulfat turşusu istehsalında da istifadə olunur) – dönər reaksiyadır, katalitik reaksiyadır (katalizator V2O5);

2SO2 + O2 → 2SO3 + Q,                  düzünə reaksiya

2SO3 → 2SO2 + O2 – Q,                  əks reaksiya.

Birləşmə reaksiyalarında üç maddə də iştirak edə bilər.

(Müəllim şagirdlərin diqqətinə nitrat turşusunun alınması reaksiyasının tənliyini çatdırır).

         NO2 + H2O + O2 → HNO3 + Q.

1. Azot atomlarının sayını müqayisə edirik. Tənliyin sol və sağ tərəflərində hər birində bir azot atomu var – bərabərləşdirmək lazım deyil.

2. Hidrogen atomlarının sayına baxırıq. Tənliyin sol tərəfində 2 hidrogen atomu, sağ tərəfdə isə bir hidrogen atomu var. Nitrat turşusunun formulunun qarşısında 2 yazaq:

         NO2 + H2O + O2 → 2HNO3.

3. Əgər azot atomlarını yenidən müqayisə etsək, onda reaksiya tənliyinin sağ tərəfində onların sayı 2 olur, sol tərəfdə isə bir qalır. Tənliyin sol tərəfində azot (IV) oksidin formulunun qarşısında 2 əmsalı yazaq:

         2NO2 + H2O + O2 → 2HNO3.

4. Oksigen atomlarının sayını müqayisə edək. Reaksiya tənliyinin sol tərəfində 7 oksigen atomu (4 + 1 + 2), sağ tərəfdə 6 oksigen atomu var, tənliyin sol tərəfində oksigenin formulu qarşısında 0,5 əmsalı qoyaq:

         2NO2 + H2O + 0,5O2 → 2HNO3.

5. Bəsit maddələrin formulları qarşısında kəsir əmsallar yazmaq olar, lakin lazımdır ki, əmsallar iki dəfə artırılsın.

Reaksiyanın son tənliyi:

         4NO2 + 2H2O + O2 = 4HNO3 + Q.

Beləliklə, kimyəvi reaksiyaların tənliklərini xarakterizə etmək üçün plan tərtib edək:

  • Reaksiyaya girən maddələr və reaksiyada alınan məhsullar, onların sayı və tərkibi (bəsit və ya mürəkkəb maddələr);
  • Reaksiyanın tipi;
  • Reaksiyanın istiqaməti;
  • Katalizatorun olması;
  • İstiliyin ayrılması və ya udulması.

CaO + H2O = Ca(OH)2 + Q

reaksiya tənliyinin xarakteristikasını verək.

  • Reaksiyaya girən maddələr: CaO – kalsium oksid, mürəkkəb maddə, 1 mol; H2O – su, mürəkkəb maddə, 1 mol. Reaksiyanın məhsulu: Ca(OH)2 – kalsium hidroksid, mürəkkəb maddə, 1 mol.
  • Reaksiyanın tipi – birləşmə reaksiyası. Çünki iki mürəkkəb maddədən bir yeni mürəkkəb maddə əmələ gəlir.
  • Adi şəraitlərdə reaksiya dönməzdir.
  • Reaksiya ekzotermikdir.

IV. Öyrənilən materialın möhkəmləndirilməsi.

Şagirdlər tapşırıqları həll edirlər.

V. Dərsin yekunlaşdırılması.

  1. Birləşmə reaksiyası iki və daha çox ilkin maddələrdən bir mürəkkəb maddənin alınması reaksiyasıdır.
  2. Kimyəvi reaksiyalar dönər və dönməz, katalitik və qeyri-katalitik, ekzotermik və endotermik olur.
  3. Kimyəvi reaksiya tənliyinin xarakteristikası plana uyğun verilir: ilkin maddələr və reaksiya məhsulları, onların sayı və tərkibi (bəsit və ya mürəkkəb maddələr), reaksiyanın tipi, reaksiyanın istiqaməti, katalizatorun olması, istiliyin ayrılması və ya udulması.
  4. Maddələrin çevrilmələrinin qısa sxemi keçid zənciri və ya çevrilmələr sxemi adlanır.

Ev tapşırığı.

 

Mənbə: Н.П.Троегубова.Поурочные разработки по химии. 8 класс. Москва, «ВАКО», 2013, 400 с.

2016-10-20   43313