NKPI

Интересные Факты

TEODOR RUZVELT – AMERİKANIN DAHİ İSLAHATÇISI, AMERİKANI DÜNYA SİYASƏTİNƏ ÇIXARMIŞ PREZİDENT

 

Teodor Ruzvelt 1853-cü ilin oktyabrında Nyu-Yorkda, aristokrat ailəsində anadan olmuşdur.

O, kitab oxumağı dünyaуa pəncərə kimi qəbul edirdi.

Çoxlu sayda kitab oxumaqla həqiqi mənada görmə qabiliyyətini itirən Teodor Ruzvelt (müasirlərinin əksəriyyəti bilmirdi ki, onun sol gözü praktiki olaraq görmür) geniş biliyə və güclü erudisiyaya malik idi.

Öz həyatı boyu Teodor Ruzvelt 150 mindən çox məktub yazmışdı.

O, 1869-cu ildə, hələ 11 yaşında ikən Avropaya səyahətə çıxarılmışdı və onun doqquz ölkəsini gəzmişdi.

Teodor Ruzvelt 1876-cı ildə Harvard universitetinə daxil olmuşdu. 1880-ci il iyunun 30-da Teodor Harvard Universitetinin bakalavr pilləsini bitirdi. O, 177 məzunun arasında 21-ci idi.

O, partiya mənsubiyyətini seçməkdə çətinlik çəkməmişdi.

Onun seçimi Respublikaçılar Partiyası idi.

O, qısa zaman ərzində partiya üzvləri və funksionerləri arasında məşhurlaşır. 1881-ci il oktyabrın 28-də Ruzvelt Respublikaçıların partiya iclasında 21-ci dairədən ştatın assambleyasına namizəd irəli sürülür. Həmin gün onun 23 yaşından cəmi bir gün keçmişdi. Hələ o vaxt Teodor Ruzvelt öz gündəliyində yazmışdı ki, deputatların ən azı üçdə biri korrupsiyaya qurşanmışdır.

Teodor Ruzvelt 1884-1885-ci illərdə Dakotda ədəbi yaradıcılıqla məşğul olmuşdu. 1886-cı ildə siyasi həyata qayıdaraq Nyu-York meri postuna namizəd kimi seçkilərdə iştirak etdi. 1895-ci ildə Nyu-Yorkun polis komissarı oldu, 1897-ci ilin aprelində hərbi-dəniz nazirinin müavini təyin olundu.

1898-ci ildə nazir müavinliyindən istefa edərək Kubada hərbi əməliyyatlarda iştirak edir, əməliyyatlar qurtardıqdan sonra Nyu-Yorkun qubernatoru, 1900-cu ildə Vitse-prezident seçilir. 1901-ci ildə prezident U.Makkinli həlak olduqdan sonra  ABŞ-ın prezidenti olur.

O, 1902-ci ildə şaxtaçıların işində hakim kimi çıxış etmişdir.

1903-cü ildə Ticarət və Əmək nazirliyi yaratdı, Panamanın Kolumbiyadan ayrılmasına kömək etdi, Panama kanalının inşasının başlanğıcını qoydu.

1904-cü ildə ikinci dəfə ABŞ-ın prezidenti seçildi. O, sənayenin dövlət tərəfindən idarəçiliyini təmin edən qanunlar qəbul etdi və dövlət monopolist kapitalizminin əsasını qoydu. Milli qoruqlar yaratdı. 1905-ci ildə Rusiya ilə Yaponiya arasında Portemut müqaviləsinin imzalanmasında vasitəçi kimi çıxış etdi və buna görə də Nobel mükafatına layiq görüldü.

Ruzvelt 1908-ci ildə ABŞ-ın hərbi-dəniz gəmilərini dünya səyahətinə göndərdi. Bu, Amerika hərbi gücünün ilk nümayişi oldu.

O, 1909-1910-cu illərdə Afrikada olur, Avropanı gəzir.

1913-1914-cü illərdə Braziliyaya ekspedisiya təşkil edir.

1914-1919-cu illərdə ABŞ-ın siyasi həyatında fəal iştirak edir, Amerikanın Birinci Dünya Müharibəsində Antantanın tərəfində iştirakına nail olur. V. Vilsonun ABŞ-ın Millətlər Liqasına daxil olması lahiyyəsi ilə mübarizə aparır.

Teodor Ruzvelt idarəçiliyinin xarakterik cəhəti o idi ki, o, hakimiyyətdə ən böyük icraçı vəzifələrinə ictimai maraq yaratmışdı.

ABŞ-ın 20-ci əsrdə ilk prezidenti ictimai marağı hiss edərək əlindən gələni edirdi ki, hətta ən sadə seçici də ölkənin şəksiz liderinə marağını itirməsin.

Bunun üçün o, hər şeydən əvvəl mətbuatın başlıqlarında olmağa cəhd edirdi. Bu mənada o, dövrünün ilk siyasətçisi idi ki, ictimai fikrin diqqətini qiymətləndirirdi. Həmişə deyirdi ki, “Ağ ev ən böyük tribunadır”.

Ona qədər heç bir lider bu tribunadan belə məharətlə istifadə etməmişdir. Məhz onun dövründə prezident iqamətgahından çıxan hər şey yenilik oldu.

Teodor Ruzveltin dinə münasibəti çox sadə idi. O, bu münasibəti Bibliyadan götürdüyü bir sitatla ifadə edirdi: “Ədalətli ol, digərlərinə mərhəmətlə yanaş, Allah qarşısına itaətlə və mülayim get”.

Onun gücü ədalətli olmasında idi.

Teodor Ruzvelt Ağ ev ritualına dəbdəbəlilik, böyük dövlət simvolu, kosmopolitik parıltı gətirdi.

O, ABŞ-ın prezidentləri arasında ən çox mütaliə edən rəhbər olmuşdur.

Teodor Ruzveltin siyasi dünyagörüşünü iki məqam xarakterizə edir.

Birincisi, o, hesab edirdi ki, ölkə daxilində, həm də ölkədən xaricdə ictimai proseslər güclü şəxsiyyətlərin istəkləri ilə müəyyən olunur. Qanunlara ədəb qaydalarını gözləmək kimi riayət etmək lazımdır, amma dahi adam özünü şərtlərlə buxovlamalıdır.

İkincisi, siyasətdə relyativizmi, məntiqi və tarixi sübutlar sistemində nisbiliyi qəbul edirdi.

Teodor Ruzvelt cəmiyyətin iqtisadi və siyasi problemlərində, daxili və xarici siyasətdə dövlətin rolunu yüksəltdi ki, bu da onun ən böyük tarixi xidməti idi.

Teodor Ruzvelt həm adamlar, həm də ölkələr arasında münasibətlərdə iqtisadi faktorun əhəmiyyətini qeyd edirdi, amma eyni zamanda hesab edirdi ki, dünyanı iqtisadi maraqlar yox, güc idarə edir.

Məhz Teodor Ruzvelt ABŞ-ın dünyanın nəhəng hərbi dövlətinə çevrilməsinin əsasını qoymuşdur.

Teodor Ruzvelt ABŞ tarixində ən gənc prezident olub. O, qərb dövlətlərini Qərb yarımkürəsindən sıxışdırıb çıxardı, okeanlar arasında kanal tikdirdi, dünya miqyaslı donanma yaratdı, əmək və kapital arasında yeni balans tapdı, afroamerikalıların vəziyyətlərini yaxşılaşdırdı, milli deltalara sosial ədalət anlayışını gətirdi.

Bu dahi insana, ABŞ-da 18 abidə ucaldılmışdır. Amma onun ən böyük abidəsi özünün yaratdığı beş milli qoruqdur.

Teodor Ruzvelt dahi Avraam Linkolndan sonra ən dahi Amerika dövlət xadimidir.

Səlahiyyətlərin həvalə olunması sahəsində Teodor Ruzvelt dövlət başçısı kimi ən gözəl nümunələrdən biridir. O, yazırdı: “Ən yaxşı rəhbər odur ki, görmək istədiyi işləri yerinə yetirə bilən insanları ağılla seçə bilir və həmin insanlar işin icrası ilə məşğul olduqları müddətdə onların işinə müdaxilə etmir”.

Teodor Ruzvelt 1919-cu il yanvarın 6-da Saqamor-xilldə vəfat etmişdir.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild). “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-10-18   41730