NKPI

Maraqlı Məlumatlar

ŞEYX ŞAMİL – MÜQƏDDƏSLİK, KAMİLLİK, MÜDRİKLİK SİMVOLU

 

1797-ci ilin iyunun 26-da Dağıstanın Qimri aulunda avar, dəmirçi Denqav Maqomedin ailəsində bir oğul dünyaya gəldi. Babası adına Əli dedi. Amma Denqav və xanımı Bahu-Mesedin sevinci uzun sürmədi. Uşaq zəif və xəstə idi. O, çiçək xəstəliyinə tutulmuşdu və o zaman bu xəstəlikdən, hətta yaşlı adamlar da ölürdü. Uşağın valideynləri bütün ümidlərini itirmişdi. Hətta molla dəvət olunmuşdu ki, uşaq üçün son dua oxusun. Əfsanəyə görə, bu anda aul üzərində ağ qartal görünür. Adamlar qədim əfsanədən ağ qartal haqqında eşitmişdilər, amma onu görməmişdilər. Qartal uzun müddət Qimri üzərində fırlanaraq, qəfildən özünü yerə, daşların arasına çırpır, yenidən səmaya qalxır və Denqavın daxmasının önündəki armud ağacından sürünən ilanı da caynaqlarında qaldırır. Ağsaqqallar bunu yaxşı əlamət kimi qiymətləndirir və təklif edirlər ki, uşağın adını dəyişsinlər. Dağlıların inancına görə, yalnız belə radikal vasitə Əlinin canını almağa gələn şeytana qalib gələ bilərdi.

Valideynləri oğullarını xilas etmək üçün ona çox nadir, həmin vaxta qədər heç kimin eşitmədiyi Şamil adını verdilər. Hamının təəccübünə səbəb olan hadisə baş verir, Şamil tezliklə sağalmağa başlayır, hətta inkişaf sürətinə görə öz yaşıdlarını ötüb keçir.

Bibliyadakı əfsanə ilə təəccübləndirici oxşarlıq Şamilin həyatında da baş verir. Şamil öz üzərinə çox ağır məsuliyyəti, inamı təmizləmək, kafirləri qovmaq və öz xalqını Haqq-talaya ürəkdən ibadətə hazırlamaq kimi ağır bir iş götürür.

Şamil dağlıların üzərinə gələn bədbəxtliklərin səbəbini Dağıstanı parçalayan düşmənçilik və nifaqlarda görür, bunları aradan qaldırmaq üçün qanunlar qəbul edirdi. O, Allahın köməyi ilə öz güclü düşmənlərinə qalib gəldi. Ən başlıcası o idi ki, Şamil Dağıstan tayfalarını vahid xalq kimi birləşdirə bildi və beləliklə, Qafqazın tarixini dəyişdi.

Dağlıları anadangəlmə döyüşçü hesab edirlər, amma onlar özləri döyüş igidliyindən də çox biliyi, ağıl və gözəlliyi qiymətləndirirlər.

Ticarətlə məşğul olan atası onu məscid nəzdindəki mədrəsəyə qoyur. Atası istəyirdi ki, o, molla olsun. Amma Şamildən müti şagird çıxmadı. Onun yaşca böyük dostu Maqomedin üzərinə eyni zamanda bir neçə yeniyetmə hücum etdikdə o, dostunun köməyinə çatdı və elə savaşdı ki, qimrililər onu şir balası adlandırdılar.

Şamil özünü möhkəmlətmək qərarına gəlir. Gündüzlər uzun müddətli dərslər, ilahiyyət kitablarının köçürülməsi işlərindən sonra gecələr atasının dəmirçixanasında ağır dəmirçi çəkici ilə məşqlər edirdi.

Gizli olaraq bağa çəkilər və sanki qarşısında duran düşmənlə qılıncdavası edərdi.

Gənclik dövründə insanlar Şamilin əlində ya “Quran”, ya qılınc və ya hər ikisini birgə görürdülər.

Şamil hələ gəncliyində “Quran”ı əzbər bilirdi və kitabxanada onun oxumadığı kitab qalmamışdı.

Qeyd edək ki, Şamilin atası şərabı çox sevirdi, Şamil hər vəchlə onu bu yoldan çəkindirmək istəyirdi. Amma atasını bu yoldan çəkindirmək mümkün olmurdu. Bu halda Şamil ən sərt və qəti qərara əl atır. O, “Quran”a and içir ki, əgər atası günah olan əməllərdən çəkinməsə, atasının gözü qarşısında özünü öldürəcək. Denqav oğlunun xarakterini və dönməzliyini bildiyindən içməyi tərgitmək məcburiyyətində qalır.

Şamilin 15 yaşı olanda Maqomed ona demişdi: “Kimin müəllimi yoxdursa, onun müəllimi şeytandır”.

Maqomed və Şamil çox öyrənmək istəyirdilər, dostlar hələ şagird ikən yeni biliklər və yeni müəllimlər axtarışı ilə bütün Dağıstanı gəzirlər.

1818-ci il mayın 12-də general Yermolov hələ 1781-ci ildə Qafqaz xalqlarının Rusiya ilə bağladığı müqaviləni pozaraq Qafqaz müharibəsini başlayır və çar birinci Aleksandra söz verdiyi kimi müharibəni yarım ilə başa çatdırmaq istəsə də, bütün Qafqazın ayağa qalxması və çar ordusu ilə vuruşması buna mane olur. Bu isə 25 ilə yaxın davam edəcək Qafqaz müharibəsinin başlanğıcı idi.

General Rozenin ordusu Gimri qalasına hücumu zamanı Qazi-Maqomed öldü və Şamil çox ağır yaralandı. Yuxarıdan atılmış daş Şamilin çiynini və bir neçə qabırğasını qırmışdı, amma o, qarşısındakı əsgəri öldürərək, qaçmağa başladı. Uçurum boyu düzülmüş əsgərlərdən biri süngünü Şamilin döşünə taxdı. Şamil özünü itirmədi, əsgəri özünə tərəf çəkərək qılıncı ilə öldürdü, sinəsindən süngünü çıxararaq yenidən qaçmağa başladı. Az sonra gənc gimrili gücü tükənməkdə olan Şamili çiyninə götürür, özünü onunla birlikdə uçuruma atır. Qeyd edək ki, Şamilin uçuruma atıldıqdan sonra sağ qalması ilahi möcüzə idi. Şamil ayıldıqda özünü qayanın dar dərəsində, itburnu kolları arasında görür. Məhz tikanlı itburnu kolları Şamili və onun həmkəndlisini ölümdən xilas etmişdi. Şamili müalicə edən ara həkimi inana bilmirdi ki, bu qədər yaralara, sümük qırıqlarına malik insan necə sağ qalıb. Amma o, həqiqətən də, sağaldı və Qimriyə qayıtdı. Burada gözlərinə inanmadı. İnsanların şəriətdən uzaqlaşdığını görəndə qəzəblənərək dedi: “Siz düşünürsünüz ki, Qazi-Maqomedlə birlikdə şəriət də o dünyaya köçüb?” O, sözlə şəriətə qayıtmayan insanları güc vasitəsilə şəriətə qaytardı. Qurban bayramı münasibəti ilə qimrilər məscidə toplandığı vaxt Şamil insanlara müraciət edərək dedi: “Qimrililər! Yəqin düşünürsünüz ki, Qazi-Maqomedlə uğrunda səylə mübarizə apardığımız iş də ölüb? Amma mən sübut edəcəyəm ki, siz yanılırsınız. Bu məscidə və onda olan bütün İlahi kitablara and içirəm ki, mən müqəddəs inamı layiq olduğu səviyyəyə qaldıracağam. Şəriəti dəyişmək istəyənlər qoy indi özlərini göstərsinlər. Mən bu qoçaqlara baxmaq və onların cəsurluqlarını seyr etmək istəyirəm”.

1834-cü il sentyabrın 19-da dağlı icmalarının nümayəndələri və hörmətli alimlər Aşilta auluna toplaşdılar ki, yeni imamı seçsinlər.

Öz növbəsində nümayəndələr hesab etdilər ki, yalnız Şamil xaosu dayandıra və xalqı nəhəng düşmənə qarşı mübarizəyə qaldıra bilər. Hakimiyyət yalnız onun əlində olduqda xalqa xeyir verə bilər. Hətta bəzi nümayəndələr hiddətlənərək Şamili Vətəni və dini müdafiə etmək istəyində olmamaqda ittiham etdilər. Qurultayın rəhbəri birbaşa Şamildən soruşdu ki, Şamil imam adını və xalqın ona etimadını qəbul etməyə razıdırmı? Şamil cavab verdi: “Razıyam”. Şamilin imam kimi ilk nitqi də möhtəşəm idi. Şamil xalqı layiqli yaşamaq uğrunda mübarizəyə çağırdı, Vətən xainlərini lənətlədi, qarşılıqlı incikliklərini unutmağı və tamamilə əsarətə düşmək təhlükəsi qarşısında birləşməyi təklif etdi. O, bütün Dağıstan xalqlarının müstəqil dövlətdə – İmamatda birləşməyinin vacibliyini elan etdi. Böyük ruh yüksəkliyi ilə dağlıları inandırdı ki, yalnız azad dağlıların vahid dövləti özünü qoruya bilər, yalnız bu yolla sadə dağlılar ehtiyacdan və sıxışdırılmaqdan azad ola bilər, beləliklə, böyük dövlətlər də onlarla hesablaşar. Yalnız bu yolla sülh əldə etmək və müharibələrdən yaxa qurtarmaq olar.

Şamil iqamətgah kimi özünə çar istehkamlarından uzaqda yerləşən, anasının Vətəni olan Aşiltunu seçdi. O, buradan imam hakimiyyətini dağlara genişləndirmək üçün aktiv fəaliyyətə başladı.

Fezenin beş mindən çox əsgərə malik hərbi dəstələri toplarla silahlanaraq, Xunzaxa doğru irəliləyir. Xunzaxda aydın olur ki, Şamil öz dəstəsi ilə Xunzaxdan şimalda yerləşən Aşiltada yox, cənubda yerləşən Teletldədir. Feze əvvəlcə Aşiltanı ələ keçirmək istəyir. İmamatın paytaxtı Fezeni tam hərbi hazırlıqla qarşıladı. Dəstənin çoxunu itirən Feze Xunzaxda yeni qüvvə yığaraq, Teletlə hücum etdi ki, Şamili məhv etsin. Lakin burada da ağır itkilərə məruz qalan Feze öz karyerasını rüsvayçılıqla başa vurmamaq üçün yeganə yolu Şamillə danışıqlarda gördü. Bu, Feze üçün yeganə şans və tarix üçün isə böyük şans idi. Feze və Şamil arasındakı müqavilə hər iki tərəf üçün əlverişli idi. Müqavilə əhəmiyyətli siyasi mahiyyətə malik idi – onda Şamil faktiki olaraq dövlətin rəhbəri kimi qəbul olunur.

Müqavilənin bir bəndinə uyğun olaraq Şamil öz qohumu Qamzatı əmanət olaraq rus ordusuna verir. Sonradan o, Rusiyaya göndərilərək, bir neçə il orada saxlanılır və Şamil onu bir neçə ildən sonra Vətənə qaytarmağa nail olur.

Şamilin Feze ilə mübarizədə qalib gəlməsi onun şöhrətini daha da artırdı. Bu şöhrət rus çarını onunla görüşməyə sövq etdi. General Rozen Şamillə bu görüşə razılıq almaq üçün Klyuqenaunu danışıqlara göndərdi. O, Şamili nə qədər şirin vədlərlə Tiflisdə çarla görüşə dəvət etsə də, Şamil bu vədlər məhəl qoymadı. Səhərisi Klyuqenauya belə bir məktub yazdı: “Sizə bildirirəm ki, nəhayət, qərar verdim ki, hətta məni tikə-tikə doğrasalar da Tiflisə getməyim. Çünki mən sizdən bir neçə dəfə xəyanət görmüşəm, bu da hamıya məlumdur”.

Bu xəbər Rozeni qorxuya saldı. Şamil öz dağlarında oturmaqda davam edir, çar isə sürətlə Tiflisə yaxınlaşırdı. Vəziyyət Rozeni təşvişə salmışdı. Vəziyyətdən çıxmaq və çarı rəhmə gətirmək üçün Rozen Tiflis yaxınlığında Didubiysk çölündə möhtəşəm hərbi parad təşkil edir. Lakin onun bu hiyləsi baş tutmur. Qafqazda baş verənlərdən yaxşı xəbərdar olan çar bütün ordunun önündə Rozenin kürəkəninin çiynindən akselbantı qopararaq (xəzinə vəsaitini mənimsədiyinə görə) başqasının çiyninə taxır. Bu təhqirə dözməyən Rozen çara işdən çıxmaq haqqında ərizə verir. Ərizə 1837-ci il noyabrın 30-da çar tərəfindən qəbul olunur və Xüsusi Qafqaz korpusu komandiri vəzifəsinə general-leytenant E.Qolovin təyin olunur.

Şamil bilirdi ki, onu sakit buraxmayacaqlar və Imamatın yeni paytaxtını – Axılqa qalasını tikməyə başladı. Qalanın indiki dövrə qədər qalmış qalıqları da onun nə qədər möhtəşəm olduğunu göstərir. Bu qala o dövrlərdə alınmaz idi. Elə ki, yeni paytaxt bir qədər hazır oldu, Şamil ailəsi ilə paytaxta köçdü və onun böyük kitabxanası da paytaxta gətirilərək, xüsusi yeraltı anbarda saxlanıldı.

Qolovin istəyirdi ki, Axulqonu – imamın iqamətgahını məhv etsin. Qolovin Cənubi Dağıstan əhalisini ram etmək və orada qala tikmək üçün gedir. Birbaşa Şamilə qarşı vuruşacaq ordunun rəhbəri general-leytenant qraf P.Qrabbeni təyin edir. O, Qafqazda yeni olsa da, Napoleonla müharibədə, Valaxiyada türklərə qarşı savaşda iştirak etmişdi.

Qrabberin dəstəsi 8 min nizə və qılınca, 22 topa və 3 minə yaxın dağ milisinə malik idi. Amma Dağıstana yollanarkən o, Şamilin naibi Taşov-Hacının rəhbərlik etdiyi üsyançılarla qarşılaşdı. Elə ilk döyüşdə Qrabbe başa düşdü ki, o, əvvəlcə Şamillə yox, onun Çeçenistandakı naibləri ilə vuruşmalı olacaq. O, bütün gücünü toplayaraq, Taşov-Hacıya qarşı hücum edərək bir neçə aulu yandırır, Sayasan aulunu ələ keçirir. Amma o, naibi və əsas köməkçilərini ələ keçirə bilmədi və dəstənin bir hissəsini itirərək, Vnezapnıya döndü. Öz dəstəsini möhkəmlətdikdən sonra mayın 21-də yenidən Axulqoya hücum edir. Axulqoya yaxın aullar uğrunda ağır döyüşlər gedir və hər iki tərəf çox ağır itki verir. Şamil öz dəstəsinin qalıqları ilə Axulqoya çəkilir. Yalnız iyunun 12-də Qrabbe imamın iqamətgahına yaxınlaşır. Axulqonun qorxuducu görünüşü, hətta çox döyüşlərdə vuruşmuş əsgərləri heyrətə salır. Əsgərlər deyirdilər: “Axulqo minarəsindən ayparanı qoparmaq göydən ayı götürməkdən çətindir”. Axulqo qarnizonu 5 min dağlı kişi və qadından ibarət idi.

Axulqonu almaq mümkün olmur və Qrabbe Şamilin təklifi ilə danışıqlara gedir.

Şamillə görüşə general Pullo göndərilir. Qrabbenin şərtləri daha çox ultimatum xarakterli idi. Bu şərtlərin əsasları o idi ki, Qrabbe Şamilin 8 yaşlı böyük oğlu Camaluddini əmanət istəyirdi və imamın Axulqodan çıxmasını istəyirdi. Bunun əvəzində Qrabbe imama və onun tərəfdarlarına sağ qalmaq, ailələrinə və mülklərinə toxunulmazlığı təklif edirdi.

Şamil bu ağır təklifləri rədd edir və avqustun 17-də Qrabbe yenidən hücuma keçir.

Axulqo uğrunda döyüşün sonu görünmürdü. Dağlılar gündüz dağıdılmış istehkamları gecələr bərpa edirdilər. Qadınlar kişi paltarı geyinirdilər ki, Axulqonun müdafiəçilərinin sayı çox görünsün və hətta özləri də kişilərlə bərabər vuruşurdular. Şamil sanki son gücü ilə vuruşurdu, Qrabbenin də gücü tükənməkdə idi. Hər iki tərəfdə qida və silah çatışmırdı. Hamı son həddə qədər yorulmuşdu. Şahidlərin yazdıqlarına görə, partlayışlardan dağlar belə titrəyirdi.

Uzunmüddətli qarşıdurma və vəziyyətin qeyri-müəyyənliyi hər iki tərəfi yenidən danışıqlara sövq etdi.

Şamil qərara aldı ki, öz oğlunu Qrabbeyə əmanət versin ki, qan tökülməsinin qarşısı alınsın. Amma Qrabbeni girov təmin etmirdi, o, Axulqodan çəkilmədi, Şamilin özünü istədi.

Şamilin Pullo ilə yeni görüşü hər iki tərəfin gözü qarşısında, neytral ərazidə keçirildi. Pullonun adamları və silahları daha çox idi və o, Şamili tuta bilərdi. Pullo Şamilə təklif etdi ki, Qrabbenin düşərgəsinə getsin və onun taleyini yalnız Qrabbe müəyyən edə bilər. Şamil hazır idi ki, əvvəlki razılaşmanı pozaraq, oğlunu əlindən alan və özünə tələ quran generalın üzərinə atılsın. Amma Şamilin müridlərindən biri olan Hüseyn günorta namazına çağırmaqla vəziyyəti xilas edir (həmin vaxt namaza xeyli müddət qalırdı). Şamil Pulloya deyir: “İbadətə çağırışdan sonra danışıq olmur” və Axulqoya qayıdır.

Avqustun 21-də Axulqoya qəti hücum başladı. Avqustun 22-də gecə istehkamçılar qayalarda minalar qoyaraq dəhşətli partlayışlar törətdilər və bu, batalyonun qalaya yolunu açdı. Şiddətli əlbəyaxa döyüşlər başladı. Müridlər ölərkən əsgərlərə deyirdilər: “Bizim ruhumuz səmaya qalxır, amma bura mələklərlə qayıdacaq və doğma Vətən uğrunda vuruşacağıq”.

Döyüşün nəticəsi dəhşətli idi. Minlərlə ölü və yaralı parça-parça olaraq dağlara səpələnmişdi. Şamilin xanımı Cavaharat körpə balası ilə öldürüldü, dayısı Bartıxan həlak oldu, bacısı Patimat üzünü yaylığı ilə örtərək özünü qayadan atdı.

Axulqo alınsa da, bir neçə gün yeraltı sığınacaqlarda və mağaralarda döyüşlər davam etdi. Şamil bir neçə müridi ilə birlikdə xilas olaraq Çeçenistana doğru yol aldı.

Şamilin oğlu Camaluddin əvvəlcə Birinci Moskva kadet korpusuna, sonra isə Çar kəndindəki kiçik yaşlı yetimlər üçün Aleksandrovsk korpusuna verildi.

Qrabbenin Şamilə qalib gəlməsi haqqında çara raportu əslində həqiqət deyildi. Şamil təslim olmamışdı, əsir düşməmişdi. O, yenə də sevilirdi, ona inanırdılar, onun uğrunda vuruşmağa hazır olanlar minlərlə idi. O, adi bir dağlı deyildi. O, bilikli, ağıllı, cəsarətli, zamanında qərar verə bilən müdrik rəhbər, sərkərdə, dini lider idi.

Axulqo döyüşlərinin sədası Şamilin özündən qabaq Çeçenistana çatmışdı. Onu qəhrəman kimi qarşıladılar, ehtiram göstərdilər, hamı ona qonaqpərvərlik üçün növbəyə dururdu. Qurban olaraq çoxlu sayda qoyun və öküz kəsilirdi. Şamilin Çeçenistanda qarşılanması, Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə qarşılanmasına bənzəyirdi.

Şamil Benoy aulunda qalır və burada onun oğlu Maqomed Şəfi dünyaya gəlir. Sonra Şamil Vedenoya, oradan da Şatoya gedir. Onun yanına hər yerdən sağ qalan müridlər, naiblər və çeçenlərin hörmətli rəhbərləri gəlirdilər.

Keçilməz İçkeriya meşələrinin dərinliyində Şamil İmamatın yeni paytaxtının – yeni Darqonun əsasını qoydu və buradan öz naiblərini istiqamətləndirdi. 1840-cı ilin yayında Şamil güclü dəstə düzəltdi və yenidən Dağıstanı öz tabeliyinə qaytardı. Şamil varlı Çirkey aulunu, sonra da böyük Karanay və Erpeli kəndlərini tutdu. Bununla da o, Temur-Xan-Şuro və dağlıq Dağıstandakı çar istehkamları arasındakı əlaqəni kəsdi və bütün Avarıstanda hakimiyyətini möhkəltmək imkanı əldə etdi.

O, Erpeldə knyaz Ullubinin evini dağıdaraq yandırdı. Çünki Ullubi Axulqo uğrunda döyüşlərdən sonra Qimridə starşina təyin edilmişdi və Şamilin evini yandırmışdı. Bununla yanaşı, Ullubi iki dəfə Şamili zəhərləmək istəmişdi və hər ikisində də onun sui-qəsdinin üstü açılmışdı.

Klyuqenau öz dəstəsini gücləndirdikdən sonra yenidən dağlara üz tutur ki, Şamilin Dağıstanda möhkəmlənməsinə imkan verməsin. Bu vaxt Şamil artıq güclənmiş, bir çox kəndlərdə öz hakimiyyətini möhkəmləndirərək Qimriyə gəlmişdi. Sentyabrın 14-də Klyuqenau Qimriyə hücum edir. Bir həftə döyüşdən sonra Şamil doğma kəndini geri qaytara bilmir və geri çəkilir.

Şamil Çeçenistana qayıtdıqda Axberdilav onun qarşısında baş əyir, Mozdok qalasını ala bilmədiyi üçün üzrxahlıq edir və məlumat verir ki, ona elə bir sərvət gətirib ki, bütün qalaların hamısı birlikdə onun qiymətinə dəyməz. Şamil gözəl əsirə uzun müddət baxaraq susur. Hiss edir ki, qızın heyrətləndirici gözəlliyi onun özünü əsir edir. O, xəyaldan ayılaraq öz naibinə deyir: “Mələklərə görə pul götürmürlər”. Bir neçə gündən sonra Şamil əmr verir ki, əgər Anna onun arvadı olmaq istəmirsə, əvəzinə heç nə istəmədən öz evinə qaytarılsın. Amma Anna evə qayıtmaqdan imtina etdi və Şamilə ərə getməyə razılaşdı. Annanın cəmi 18 yaşı vardı. Yalnız eyni dinə mənsub olanlar bir-biri ilə evlənə bildiklərindən Anna islamı qəbul edir və ona Şuaynat adı verilir. Şuaynat ömrünün sonuna qədər Şamilin sədaqətli arvadı oldu. 1840-cı ilin sonunda məşhur Hacı Nurəddinin Şamilin tərəfinə keçməsi ilə Qafqaz müharibəsinin sonrakı gedişi də dəyişdi. Vaxtilə çar ordusu tərəfində Şamilə qarşı vuruşmuş Hacı Murad artıq Şamilin tərəfində idi və onun ən güclü silahdaşı idi. 1841-ci ilin əvvəlində Xunzaxdan uzaqda olmayan Selmes aulu bütün Avarıstanda qiyamın mərkəzinə çevrildi.

Şamil dövlət quruculuğu haqqında düşünərkən Axulqada gizli yeraltı anbarda saxlanılan, sonra Darqoya köçürülən möhtəşəm kitabxanasına müraciət edir. O, elmə və real həyat şərtlərinə əsaslanır, dövlət quruculuğunun əsasında əhalinin təbii tələbatlarını, hamı üçün eyni olan məqsədi və dağlıların təbii xarakterini qoyur.

Şamil dövləti səmərəli idarə etmək məqsədi ilə onu naibliklərə böldü, bölgü xalqların və cəmiyyətlərin yerləşməsinə uyğun yaradıldı. Bu məsələni həll etmək üçün o, Andi kəndində xüsusi toplantı çağırdı. Bu tədbirin mürəkkəbliyini nəzərə alaraq Şamil toplantıya naibləri, alimləri və qanunşunasları dəvət etdi.

Şamil dövlətçiliyin əhəmiyyətini və əhalinin istəyini nəzərə alaraq naibləri özü təyin edirdi.

O, dövlətin tələbatına uyğun yeni-yeni qanunlar qəbul etdi. Bu, sonralar vahid qanunlar toplusu kimi İmamatın konstitusiyası oldu və “Şamilin Kodeksləri” adı ilə tarixə düşdü. Dünya tarixində analoqu olmayan bu kodeks K.Marksı o qədər heyran etmişdi ki, o, Şamili “fədakar demokrat” adlandırmışdı. Şamil bir sıra təhlükəli və lazımsız adətləri ləğv etdi. İndi qanun hamı üçün bir idi və günahkarların cəzalandırılmasını dövlət öz üzərinə götürürdü. Min illərlə adət halını almış qan davası qadağan edildi. Insanlar Şamilin bu yeniliyini razılıqla qəbul etdi. O, dağlarda çoxlu sayda günahsız insan həyatını xilas etdi.

O vaxt arzuolunmaz adətlərdən biri də kəbin hədiyyəsi (başlıq) verməklə bağlı adət idi. Bu adətin üzündən hətta valideynlər razı olsalar da, bir-birini sevən gənclər evlənə bilmirdilər. Şamil ailəni cəmiyyətin əsası hesab edərək bu sahədə də qayda-qanun yaratmaq qərarına gəldi. Oxuduğu kitablarda başlıq haqqında heç bir məlumat tapmadığından ən etibarlı mənbəyə müraciət etdi. Məhəmməd Peyğəmbər (s.ə.s.) kimi başlığı qız üçün 20 rubl, dul qadın üçün 10 rubl müəyyən etdi. Gəlinin oğurlanması qadağan edildi, mollalara qoşulub qaçmış adamların kəbinini kəsməmək tapşırıldı. Oğlanlara 17 yaşdan sonra, qızlara isə lazımi yaşa çatdıqda ləngimədən evlənmək təklif olunurdu. Şamil hesab edirdi ki, subay əsgər əsil əsgər deyil, çünki onda öz ailəsini qorumaq zərurəti olmur.

Şamil ibtidai təhsili məcburi və hamı üçün münasib etdi. Oğlanlar məscidlərdəki məktəbdə oxuyurdular. Bu məktəblər İmamatın vəsaiti və şəxsi ianələr hesabına saxlanılırdı. Burada müxtəlif elmlər öyrədilirdi: şer sənətindən riyaziyyata və fəlsəfəyə qədər. Qızlar üçün oxumağı öyrənmək kifayət hesab edilirdi.

Daha dərin bilik almaq istəyənlər təhsillərini davam etdirə bilərdilər.

İmam Şamil hərbi sənayenin inkişafına da böyük diqqət yetirirdi.

Şamil top istehsalını da təşkil etdi. Bu toplar rusların toplarından yüngül idi və dağ şəraitinə uyğunlaşdırılmışdı. Hətta sonralar bu toplar rusların əlinə keçdikdə onlar da öz toplarının konstruksiyasını dəyişmişdilər.

Qeyd edək ki, Şamil dövlət qurulucuğu, o cümlədən güclü hərbi hazırlıqdan sonra 1843-cü ilin avqustunda geniş hücum əməliyyatlarına başlayır.

1843-1858-ci illər ərzində Qafqazda baş verənlər Şamilin şöhrətini daha da artırdı, onun mərdlik, əyilməzlik, müdriklik, sərkərdəlik və hökmdarlıq məharətini bütün dünyaya göstərdi. Böyük bir Imperiya Şamilin yaratdığı miqyasca kiçik, lakin alınmazlıq simvoluna çevrilən İmamat ilə uzun illərin savaşında qalib gələ bilmirdi.

1858-ci il avqustun 25-də rus ordusunun Qafqazdakı baş komandanı Baryatinski Qunib aulunda olan Şamilə Lazarev vasitəsilə ultimatum göndərdi.

Lazarev aula gələrək, Şamilə belə müraciət etdi: “Şamil! Sənin igidliklərin  bütün dünyaya məlumdur və onların şöhrəti azalmır. Əgər sən taleyin hökmünə tabe olaraq, bu gün baş komandanın qarşısına çıxsan və imperatorun alicənablığına tabe olsan, sənə sədaqətli və sağ qalmış minlərlə insanın həyatını xilas etmiş olarsan. Öz şöhrətli qəhrəmanlıqlarını ağıllı hərəkətinlə və alicənablığınla başa vur, sərdar da çar qarşısında vəsadət qaldıracaq ki, sənin və ailənin gələcəyi təmin olunsun”.

Sonra Lazarev Baryatinskinin yazılı ultimatumunu Şamilə verərək geri qayıdır.

Şamil ağır düşüncələrə daldı. O artıq çoxdan başa düşməyə başlamışdı ki, nə qədər ki, Rusiya özü azad olmayıb, Qafqaz azadlığa nail ola bilməz. Müharibə yalnız qarşılıqlı azad olmamağı uzadır. Və əgər indi barışsaq, böyük ordu geri qayıdacaq və içəridən Imperiyanı dağıdacaq. Şamil əvvəlcə öz oğlunu çara əmanət kimi (girov) vermişdi. İndi vaxt çatmışdı ki, Şamil xalqının gələcəyi naminə özü girov olsun.

Şamil ağ atın üstündə öndə gedirdi.

Çar ordusu donub yerində qalmışdı, birdən gur “Ura!” səsləri ucaldı. Kənardan elə görünürdü ki, Şamil çar ordusunun paradını qəbul edir. Əslində, çar ordusu bu yenilməz sərkərdəni, dövlət başçısını, dağların mərdlik simvolunu belə ehtiramla qarşılamağa məcbur olmuşdu.

İmamı qarşılamağa çıxan general da Şamillə özünə layiq hörmətlə görüşdü.

1859-cu il sentyabrın 5-də Şamil Mаzdоka, 7 sentyabrda Stavropola, 13 sentyabrda Xarkova, 19 sentyabrda Kurska və 22 sentyabrda Moskvaya gətirilir. Hər yerdə o böyük hörmət və ehtiramla qarşılanır.

1859-cu ilin sentyabrında Şamil Sankt-Peterburqa daxil olur və vağzalda onu fəxri qarovul hərbi orkestrlə qarşılayır.

Şamilin gəlişinə elə möhtəşəm çıraqbanlıq hazırlanmışdı ki, Peterburqda heç vaxt belə olmamışdı. Hətta çarın tacqoyma mərasimindəki atəşfəşanlıq  da bunun  yanında çox zəif idi.

Qəzetlər bir neçə gün yazırdı ki, “Qafqazın Napoleonu” gəlir, “Təhlükəli imam imperator tərəfindən əzizlənmiş, dost adlandırılmış və səxavətlə hədiyyələndirilmişdir”.

Şamil Peterburqda xüsusi mehmanxanada saxlanılırdı və ona nəzarət rəhbərliyi polkovnik Dmitri Nikolayeviç Boquslavskiyə tapşırılmışdı. Hətta gizli gözətçilər də qoyulmuşdu.

Bir neçə gündən sonra Şamil Çar kəndinə gətirilir və imperatriça Mariya Aleksandrovna ilə görüşür və ona bahalı hədiyyələr verilir. Elan edilir ki, onun sürgün yeri Kaluqa şəhəri təyin olunmuşdur. 1859-cu il oktyabrın 10-da Şamil Kaluqaya gətirilir. Ona bir illik xərc üçün 10.000 rubl gümüş pul verilir.

1860-cı il yanvarın 5-də Şamilin ailəsi də Kaluqaya gətirilir.

Baryatinski Şamilin çox zəngin, lakin oğurlanmış kitabxanasına aid kitabları tapdıqdan sonra onları Kaluqaya Şamilə göndərir.

İyulun 28-də Peterburqda II Aleksandr Şamili qəbul edir. Şamil ən yaxşı ustaların hazırladığı və Qazı-Maqomedin Dağıstandan gətirdiyi çox gözəl və bahalı qılıncı çara hədiyyə edir. O, çardan xahiş edir ki, Məkkəyə Həcc ziyarətinə getməsinə icazə versin. Çar söz verir ki, yaxın zamanda bu izni verəcək.

1866-cı il avqustun 26-da Şamil və iki oğlu Kaluqada Rusiyaya sadiq təbəəlik andı içirlər.

1868-cı il noyabrında Şamil xəstəliyi ilə əlaqədar olaraq Kiyevə köçürülür.

1869-cu il fevralın 16-da onun Həcc ziyarətinə getməsinə izn verilir.

1869-cu il mayın 12-də Kiyevdən gəmi ilə yola çıxan Şamil mayın 19-da Bosfor boğazını keçərək, İstanbula çatır və burada onu minlərlə insan qarşılayır. Türk sultanı öz sarayının qapısında Şamili ehtiramla qarşılayır, onu hərbi marş və toplardan açılan atəşlərlə salamlayır. Şamil təkcə sultanın yox, xalqın qonağı idi.

1869-cu il avqustun 30-da II Aleksandrın doğum günündə Şamil və övladlarına nəslən zadəganlıq imtiyazı verilir.

1869-cu ilin sonunda Şamil Məkkəyə Həcc ziyarətinə gəlir. Həcc ziyarəti onsuz da zəifləmiş Şamilin daha da zəifləməsinə səbəb olur və o, yalnız 1870-ci ilin martında Mədinəyə gələ bilir. O, Həzrəti Peyğəmbərin məzarını ziyarət edir.

Mədinənin isti havası Şamilin yaşaması üçün çətin olduğundan onun İstanbula qayıtması təklif olunur, lakin o, geri dönmək istəmir. 1871-ci il fevralın 4-də Şamil dünyasını dəyişir. Onun cənazəsi son vida üçün Məhəmməd Peyğəmbərin (s.ə.s.) qəbrinin yanına gətirilir və vida duaları oxunur. Şamil Əl-Bakiyə qəbirstanlığında Abbasidlər mavzoleyinin arxasında Peyğəmbərin qızı Fatimənin məzarından bir az aralıda dəfn olunur.

Şamilin nəslinin çoxlu sayda nümayəndələri bütün dünyaya səpələnmişdir.

Ölüm anında onun cənazəsi önündə toplaşmış alimlər, sufilər, din xadimləri göz yaşları tökərək: “Ey islamın sultanı! İnam yolunda vuruşanların və din müdafiəçilərinin tacı, sənin ölümün böyük fəlakətdir!” deməklə böyük Şamilin həqiqətən görkəmli alim, ali din xadimi, dövlət başçısı, sərkərdə, diplomat olduğunu təsdiq etmişlər.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-10-18   42589