NKPI

Maraqlı Məlumatlar

Şamaxı rayonu

 

Şamaxı rayonu 1930-cu ildə yaradılmışdır. Ptolomeyn (II əsr) “Coğrafi təlimnamə”sində “Samaxeya”, “Kemaxeya”, ərəb mənbələrində “Əş-Şəmaxiyyə” kimi qeyd edilmiş Şamaxı (m.ə. V-IV əsrlər) Azərbaycanın ən qədim şəhərlərindəndir. Şamaxı sözünün etimalogiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bəzi mütəxəsislər onu qədim yerli tayfa adı iıə bağlayırlar.

Relyefi

Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıqdır. Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Rayonun Şərq hissəsi Qobustana daxildir. Pirsaatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.

Geoloji quruluşu

Ərazidə Yura-Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayları Ağsu, Pirsaat, Qozluçay, Acıçay, Cigil çayları və kiçik göllər vardır. Ağsuçayın mənbəyi Sarıbulaq dağının (2268 m) yamacından (2100 m) başlayır. Pirsaatçayın mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi cənubda qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim istidir.

Çimli dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz-qonur, şorakətvarı boz-qonur, boz-çəmən və çəmən-boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və alp çəmənlikləri, dağ-bozqır və yarımsəhra bitkiləri vardır.

Şahdağ milli parkının cənub hissəsi (keçmiş Pirqili Dövlət Təbiət Qoruğu) Şamaxı rayonu ərazisindədir. 520 növ bitki, o cümlədən, 130 növ ağac və kol bitkisi, 440 növ çiçəkli bitki, 143 heyvan və quş növü, o cümlədən 33 məməli növü mövcuddur. Dağın zirvəsində (2000 m) övliya məzarı yerləşir.

Flora

Ərazinin dendroflorası, əsasən, qafqaz vələsi, şərq fıstığı, iberiya palıdı və iritozcuqlu palıddan ibarətdir. Meşələrdə, həmçinin, adi göyrüş çöl ağcaqayını, çinaryarpaq ağcaqayın, vələsyarpaq qarağac, şərq qarağacı, qaraçöhrə, tozağacı, söyüd, şərq alması, qafqaz armudu, çaytikanı, əzgil, zirinc və s. kimi ağac-kollar vardır.

Fauna

Burada cücüyeyənlər dəstəsindən uzunquyruq ağdişi, ağdöş kirpi, xırda köstəbəyə rast gəlinir. Yarasalar kiçik və böyük nalburunlar, itiqulaq şəpbərə, dağ gönlüçəsi və s. növlərlə təmsil olunub.

Ərazidə gəmiricilərin 10-a yaxın növü təsvir edilmişdir: adi sincab, sarıboğaz siçan və s. Yirtıcılardan canavar, çaqqal, tülkü, meşə pişiyi, qonur ayı, porsuq və s. növlər təsvir edilmişdir. Quşlardan qafqaz şahini, qırqovul, qaratoyuq, bildirçin, kəklik və göyərçinə rast gəlinir.

Tarixi

Ərazidən tapılmış qədim Roma, Makedoniya imperiyalarına mənsub antik sikkələr buranın hələ antik dövrlərdən mühüm mərkəz olduğunu göstərir.

Ərəblərin Qafqazı işğalından sonra Şamaxı mahal mərkəzi olmuşdur. X əsrin əvvəllərində Şamaxı Şirvanşahlar 9Məzyədilər) dövlətinin paytaxtı olub Yəzid ibn-Məzyədin şərəfinə Yəzidiyyə adlanırdı. 1578-ci ildən Şirvanda türk hərbi-inzibati idarə sistemi quruldu.

XI əsrdə Şamaxı şəhəri yaxınlığındakı Məlhəm kəndində Tibb Universiteti yaradılmışdır. Onun yaradıcısı Kafiyyətdin Ömər – dahi şirvan şairi Əfzələddin Xaqani Şirvaninin əmisi olmuşdur. Universitetdə təbabət farmokalogiya, anatomiya və digər elmlər öyrənilirdi.

Sonrakı dövrlərdə Şamaxı Şirvan bəylyərbəyinin mərkəzinə çevrildi. 1734-cü ildə Nadir şah şamaxını dağıdaraq indiki Ağsu şəhərinin yaxınlığına – Yeni Şamaxıya köçürdü. Nadir şahın ölümündən sonra (1747) yaranan Şamaxı Xanlığı sonradan osmanlı işğalına məruz qaldı. Şamaxı 1805-ci ildə Rusiya imperiyası hakimiyyətini qəbul etdi. Şamaxı şəhəri 1846-cı ildə quberniya mərkəzi oldu. O, müxtəlif dövrlərdə Xəzər vilayətinin, Şamaxı qəzasının, Şamaxı quberniyasının mərkəzi olmuşdur. 1667, 1859, 1902-ci illərdə Şamaxıda fəlakətli zəlzələ olmuşdur.

Arxeoloji abidələri

Çıraqlı kəndinə m.ə. I minilliyin sonu – antik dövrə aid qədim qəbiristanlıq.

Tarixi abidələr

Göylər kəndində XII-XIV əsrlərə aid “Pir-Mərdəkan Xanəgahı”. Bir versiyaya görə dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri buradadır. Dədəgünəş kəndi yaxınlığında köhnə qəbiristanlıq və “Piri-Sultan Dədəgünəş” məqbərəsinin xarabalıqları yerləşir. Buradakı kitabədə bu sözlər yazılmışdır: “Bu məzar mərhum, Bağışlanmış, xoşbəxt şəhid olmuş, əhalinin iftixarı, yüksəklərin və böyüklərin görkəmlisi, möminlərin qulu-yoldaşı, həqiqəti meydana çıxaran, kəramət sahiblərinin rəisi, Dədəgünəş övladlarından Şeyx Dədəqulunun oğlu şeyx Məhəmmədə aiddir (1602-1603)”.

Dədəgünəş şair Əfzələddin Xaqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın ləqəbidir. O, zəmanəsinin tanınmış həkimi, həm də görkəmli filosofu olmuşdur. Burada Kəfiəddin ibn Osmanın təşkilatçılığı və rəhbərliyi ilə bütün şərqdə məşhur tibb akademiyası olan “Mədrəseyi tibb” (tibb mədrəsəsi) və müalicəxana fəaliyyət göstərmişdir. Şamaxıda XIX əsrə aid türbələr kompleksi. Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmiş 7 türbədən 4-ü qalmışdır. Kələxana kəndində XVII əsrə aid memarlıq kompleksi. 9-türbədən 8-i qalmışdır. Türbələrdən biri üzərindəki kitabədə abidənin 1663-cü ildə sərkar Əbüləzim Əmirəli oğlu tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilib.

Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası. Qalanın ön istehkamı dağın yamac hissəsində, narınqalası isə zirvəsində inşa edilmişdir. XI-XVII əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olmuşdur. Yeraltı gizli yolları olan bu qala odlu silahın meydana gəlməsi ilə əhəmiyyətini itirmişdir.

Əhalisi

Əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Burada ruslar, ukraynalılar, tatarlar, ləzgilər, türklər, tatlar və s. xalqlar və milli azlıqlar yaşayırlar.

Geoloji təbiət abidələri

Şamaxı rayonu çox nadir geoloji təbiət abidələri ilə zəngindir. Ərazidə bir sıra karst mağaraları mövcuddur. Əsrarəngiz və nadir geoloji təbiət abidəsi Dəmirçi kəndi yaxınlığındakı “Dəmirçi palçıq vulkanı”dır. Qövsi-qüzey çalarlı gözəlçiçəkli bitki xalısı fonunda və seyrək çaytikanı kollarının əhatəsində yer almış bu vulkan yaz və yay aylarında öz gümüşü əbası ilə çox yüksək estetik və valehedici görünüşlü olur. Çarahan, Məlikçobanlı və Quşçu vulkanları da özünəməxsus xüsusiyyətləri, gözəlliyi və unikal landşaftı ilə seçilir.

 Çempion ağacları

Nadir təbiət abidələrindən dəniz səviyyəsindən 1000 m yüksəklikdə, Dədəgünəş kəndi yaxınlığında köhnə qəbiristanlıq və “Piri-Sultan Dədəgünəş” məqbərəsinin xarabalıqları yerləşir. Ərazi 8 ha olub 100 – 400 yaşlı ağaclardan ibarət liberiya palıdı meşəliyidir. Məqbərə 2 otaqdan ibarətdir. Buradan tapılmış kitabəyə görə məqbərə Dədəgünəş nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olmuşdur. Digər rəvayətə görə bu məzar şair Əfzələddin Xaqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın qəbiridir.

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-19   37105