NKPI

Maraqlı Məlumatlar

Ağsu rayonu

 

Ağsu rayonu 1943-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək Kürdəmir rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon statusu almışdır. İnzibati mərkəzi Ağsu olan rayon Bakıdan məsafəsi 162 km, sahəsi 1020 km2-dir.

Relyefi

Rayonun əsas zirvəsi Komandərəsibaşı (929 m), relyefi şimalda və şimal şərqdə Niyaldağ, Hinqar, Ləngəbiz silsiləsindən ibarət olub dağlıqdır. Cənub əraziləri Şirvan düzü ilə hüdudlanaraq ovalıq ərazilərdir. Ərazinin mərkəzi hissəsindən Ağsuçay, qərbindən isə Girdimançay axır. Ağsu şəhəri Ağsuçayın hər iki sahilində, Şirvan düzünün şimal – şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyində yerləşir.

Rayonun dağlıq və dağətəyi yerlərində karbonatlı qəhvəyi dağ-meşə, dağ boz-qəhvəyi torpaqlar yayılmışdır. Düzən hissə açıq şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir.

Geoloji quruluşu

Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlik yerlərində isə Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Ağsu (mənbəyin hündürlüyü 2100 m), uzunluğu (85 km), Girdiman (mənbəyin hündürlüyü 2900 m), uzunluğu (88 km).

Landşaftları və biomüxtəlifliyi

Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir.

İqlimi düzənlik hissədə mülayim-isti və quru-subtropikdir. Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, əsasən, yovşanlı-şorangəli yarımsəhra bitkiləri yayılmışdır. Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət Qoruğu) Ağsu rayonu ərazisinə düşür. Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindəndir.

Flora

Dendroflorası, əsasən, qafqaz vələsi, şərq fıstığı, iberiya palıdı və şərq palıdından ibarətdir. Meşələrdə həmçinin, adi göyrüş, çöl ağcaqayını, çinaryarpaq ağcaqayın, qarağaclar, qaraçöhrə, tozağacı, söyüd, quşarmudu, itburnu və s. ağac-kollar vardır.

Fauna

Cücüyeyənlərdən qafqaz uzunquyruq ağdişi, kirpi, köstəbəyə rast gəlinir. Yarasalar nalburun, itiqulaq şəbpərə, dağ gönlücəsi və s. növlərə təmsil olunmuşdur. Ərazidə gəmiricilərin meşə süleysini, süleysin, sarıboğaz siçan və s. növləri yayılmışdır. Yırtıcılardan canavar, caqqal, bildirçin, kəklik və göyərçinə rast gəlinir.

Tarixi

1734-cü ildə Əfşar İmperiyasının hökmdarı Nadir şah Şamaxıya doğru hərəkət edir. Şəhər 2 ay müqavimət göstərir. Bundan qəzəblənən şah şəhəri dağıtdıqdan sonra onun köçürülməsi əmrini verir. Nəticədə 1735 – 1806-cı illərdə Şirvanın baş şəhəri olmuşdur. Şəhərin adı Ağsuçay ilə bağlıdır.

Əhalisi

Əhalinin 99%-i azərbaycanlılar, 1%-i ləzgilər, türklər və s. xalqlardan ibarətdir.

Arxeoloji abidələri

Qrlar kəndində Qırlıqtəpə eneolit-antik dövr abidələri (m.ə. V – IV minilliklər). Nüydü kəndi yaxınlığında m.ə. III – I əsrlərə aid Nüydü antik dövr yaşayış yeri və nekropolu. Nuran kəndi yaxınlığında m.ə. I minilliyə aid Qaraçıbulaq antik dövr abidələri. Sanqalan kəndi yaxınlığında m.ə. III- I əsrlərə aid Uzunboylar antik dövr abidəsi.

Tarixi-mədəni abidələr

Ağsu şəhəri qəbiristanlığında Şeyx Dursun türbəsi (1382-ci il). Bəyimli kəndi yaxınlığında orta əsrlərə aid Bəyimli qalası. Gürcüvan kəndi yaxınlığında orta əsrlərə aid Qız Qalası. Padar kəndi ərazisində, Girdimançayın sol sahilində “Xəzinədağ” qalası. Mustafalı kəndində Şeyx Əmir Əhməd türbəsi (1722). Ərəbmehdibəy kəndində Həzrə piri. Padar – Külüllü kəndlərinin arasında Bilal Əfəndi məscidi (1889). Qaraqoyunlu kəndi yaxınlığında Xarabaşəhər orta əsr şəhərinin qalıqları. Dördkünc və dairəvi bürcləri olan qala divarları ilə əhatə edilmişdir.

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-21   4856