NKPI

Maraqlı Məlumatlar

İsmayıllı rayonu

 

İsmayıllı rayonunun ərazisi erazmızdan əvvəl IV əsrin sonu, III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-ci ildə təşkil olunmuşdur. İnzibati mərkəzi İsmayıllı olan rayon, Bakıdan məsafəsi 185 km, sahəsi 2060 km2-dir. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.

Relyefi

Rayon Böyük Qafqazın cənub yamacında yerləşir. Səthi, əsasən dağlıqdır. Rayonun şimal kənarı Baş Qafqaz silsiləsinin cənub yamacına daxildir. Bundan cənubda Niyaldağ silsiləsi uzanır. Qanıx-Həftəran vadisinin cənub-şərq qurtaracağı İsmayıllı rayonu ərazisinə düşür. Rayonun cənub hissəsi, əsasən, alçaq dağlıqdır (Acınohur ön dağlığının cənub-şərq hissəsi). Ərazinin Şirvan düzünə aid hissəsi isə ovalıqdır. Ərazi dərin çay dərələri ilə parçalanmışdır. Hündürlüyü 200 m-dən (Şirvan düzü) 3629 m-ə (Babadağ) qədər dəyişir. Rayonun ərazisində əsas zirvələr Babadağ (3629 m), Əsəddağ (3471 m), Qaraburğa (3345 m), Şahnəzərdağ (2874 m), Qovdağ (2437 m) və Niyaldağ (2268 m) dağlarıdır.

Geoloji quruluşu

Yura, Tabaşir, Antropogen və Neogen çöküntüləri yayılmışdır. Yuxarı qalxdıqca Dördüncü, Üçüncü, Tabaşir və Yura Dövrləri bir-birini əvəz edir.

Çayları və su hövzələri

Əsas çayları Kür hövzəsinə aid olub Girdiman, Əyriçay, Axoxçay və Göyçay çaylarıdır. Mineral bulaqlarla zəngindir (Diyallı, Qalacıq və s.).

Landşaftları və bioloji müxtəlifliyi

Əsasən, şabalıdı və acıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi, qəhvəyi dağ-meşə, aııüvial çəmən-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən, torflu və ibtidai dağ-çəmən torpaqlar yayılmışdır.

İsmayıllı Yasaqlığı, Şahdağ Milli Parkının (Keçmiş İsmayıllı Dövlət Təbiət Qoruğu) bir hissəsi, İsmayıllı Yasaqlığı İsmayıllı ərazisinə düşür. Landşaft gözəlliyi baxımından ən mənzərəli yerlər Topçu və Qalıncaq əraziləridir.

Topçu dağ meşəliyi ərazisi dəniz səviyyəsindən 800-2500 m hündürlükdə yerləşən dağlıq hissədir. Bura şimaldan yay otlaqları, şərqdən Axox çayı, qərbdən Göyçay çayı, Zarat çayı ilə, cənubdan isə Topçu meşəliyi yerləşir. Qalıncaq düzən meşəliyi Qanıx –Həftəran vadisinin şərq qurtaracağında dəniz səviyyəsindən 600 m yüksəklikdədir. Burada adı “Azərbaycanın Qırmızı Kitabı”na daxil edilmiş bitkilərdən: budaqlı dana, şabalıdyarpaq palıd, yalanqoz, giləmeyvəli qaraçöhrə, səhləblər, heyvanlardan isə Karelin tritonu, qafqaz xaçlıcası, qafqaz köpəkləri, bərküt, quzugötürən, ütəlgi, tetraçalan, ilanyeyən yaşayır.

Flora

Aşağı dağ qurşağı meşəlikləri dəniz səviyyəsindən 500 – 800 m hündürlüyə qədər yuksəklikləri əhatə edir. Buranın meşə əmələgətirici növləri palıd, fıstıq, vələs, göyrüşdən ibarətdir. Bu qurşaqda zoğal, alça, itburnu, əzgil, aşı sumağı, alma, armud, qara gəndalaş geniş yayılmışdır.

Fauna

Onurğalı heyvan növləri daha geniş yayılmışdır.Rayonun çaylarında, əsasən, çay qızılxallısı, kür xramulyası, kür şirbiti yayılmışdır. Amfebilərdən Karelin tritonu, yaşıl quru qurbağası, Kiçik Asiya qurbağası, bataqlıq qurbağası növlərinə rast gəlmək olar. İsmayıllı ərazisində sürünənlər sinfi 20-dən çox növlə təmsil olunur. Bunlar xəzər, aralıqdəniz və göl tısbağaları, koramal, zolaqlı və Qafqaz qayalıq kərtənkələləri, adi və su ilanları, Şərqi çöl gürzəsi, Qafqaz dam ilanı və s. növləridir.

Yırtıcılardan  qonur ayı, canavar, çaqqal, tülkü, daşlıq dələsi, porsuq və s. növlər yayılmışdır. Dırnaqlılar isə nəcib maral, cüyür, qaban, şərqi qafqaz turu və köpgər ilə təmsil olunur.

Tarixi

Qafqaz Albaniyasının ərazisinə aid olan İsmayıllı rayonu çox qədim tarixə malikdir. Qədim Daş və Tunc Dövrünə aid edilən arxeoloji tapıntılar, Lahıc yaxınlığında erkən orta əsrlərə aid Qədim Girdiman qalası (V əsr), Talıstan yaxınlığında Cavanşir qalası (VII əsr).

Əhalisi

İnzibati rayon ərazisinin əhalisi, əsasən, azərbaycanlılar, ləzgilər, ruslar, və tatlardan ibarətdir. Tatlar, əsasən, rayonun dağlıq ərazilərində - Lahıc qəs., Gəndob, Namazgah, Zərnəva, Müşkəmir, Müdrü, Əhən, Ərəgit, Brovdal, Zarat və s. kəndlərində - yaşayırlar. Məhəmməd Baharlıya görə tatlar Böyük Qafqaza 1600 il əvvəl, Sasanilərin (Yəzidləri, Xosrov Ənuşirəvanın) dövründə, IV əsrdə imperiyanın şimal sərhədlərini köçəri türk tayfalarının (xəzər, xaylandur, hun, kenq-er, savir) basqınlarının qarşısını almaq və yerli əhali arasında zərdüştiliyi yaymaq məqsədi ilə İranın cənub və cənub-qərb ərazilərindən (İsfahan, Təbəristan, Lahican və s.) Azərbaycanın şimal-şərq ərazilərinə və Xəzər dərvazasına köçürmüşlər. “Tat” sözü köçəri türk tayfalarının oturaq tayfalara verdikləri ad əsasında formalaşmışdır.

Geoloji təbiət abidələri

Ərazi geoloji təbiət abidələri ilə zəngindir. Qalacıq kəndi yaxınlığında, Şahdağ Milli Parkı ərazisində “Qalacıq Şəlaləsi” mövcuddur. Quba rayonu ilə sərhəddə  ölkənin ən yüksək zirvələrindən olan Babadağ  mövcuddur. Buynuz kəndi yaxınlığında göl vardır. Babadağ silsiləsi boyu bir neçə yüksək dağ gölləri mövcuddur. Babadağ həmçinin müqəddəs yer – ziyarətgahdır. Hər il minlərlə insan buraya ziyarətə gəlir. Əfsanəyə görə dağın ətəyində Adəm peyğəmbərin əshabələrindən biri olan Nənə dəfn edilmiş, dağın zirvəsindən isə Baba qeyb olmuşdur. Dağın zirvəsinin yaxınlığında “Şeytan dərəsi” və “Musa Peyğəmbər bulağı” vardır. İnsanlar əvvəlcə dağın ətəyindəki “Müqəddəs Nənə” qəbrini ziyarət edirlər. Sonra Babadağa qalxaraq əvvəlcə Şeytana daş atır, Musa Peyğəmbər bulağından su içir, sonda zirvəyə qalxaraq Babanın ruhuna dualar oxuyurlar.

Çempion ağacları

Ərazidə İsmayıllı yasaqlığı mövcuddur. Qalacıq kəndi yaxınlığındakı “Pirədavud” piri ərazisində, dəniz səviyyəsindən 800 - 900 m yüksəklikdə orta yaşları 400 - 500 olan  30 - 35 m hündürlüklü nəhəng fıstıq ağacları, Buynuz kənd dəyirmanının yanında 1120 yaşlı qocaman şərq çinarı qeydə alınmışdır.Bu qəbiristanlıqdakı ən qocaman ağacın 1300 il yaşlı vələs, buradakı qəbirlərin üzərində 1040, 1044, 1065, 1080 hicri tarixlər vardır. Qalancaq kəndindəki “Axunbaba piri”, “Sarı çinar piri” və “Yel piri”ndə 400 - 900   yaşlı palıd, çinar, hibrid qovaq və fıstıq ağacları vardır. Basqal kəndində, qədim məscidin qarşısında 600 yaşlı şərq çinarı mövcuddur. Topçu kəndində ölkənin ən qocaman palıdı - 750 yaşlı ”Topçu palıdı” yaşayır. Ağacın gövdəsinin çevrə uzunluğu 900 sm, gövdəsinin 1.3 m yüksəklikdəki diametri 3 m-ə yaxın, çətir proyeksiyasının sahəsi 1225 m2, hündürlüyü isə təxminən 30 m-dir.

Arxeoloji abidələr

Kürdüvan kəndində I əsrdən Son Orta Əsrlərə aid naməlum şəhər xarabalığı. Daş və bişmiş kərpicdən tikilmiş bina, kürəxana qalıqları, saxsı parçaları, kaşı, şüşə qablar, qala divarları, qəbir abidələri aşkar edilmişdir. Vəng kəndi yaxınlığında m.ə. I minilliyin II yarısına aid Şəkili yaşayış yeri. Küplər, saxsı qablar, dəmir qılınc, xəncər, nizə ucluğu, şüşə düymə, tünc üzük, torpaq qəbirlər aşkar edilmişdir.

Tarixi-mədəni abidələr

Talıstan kəndi yaxınlığında Cavanşir qalası. Xanəgah kəndi yaxınlığında Qız Qalası (XI - XII əsrlər). Basqal kəndində hamam və məscid (XVII əsr). Lahıc qəsəbəsi yaxınlığında Girdiman qalası. Sulut kəndi yaxınlığında Fitdağ (XVIII əsr). Lahıc qəsəbəsində türbə (XVIII əsr).

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-22   5116