NKPI

Maraqlı Məlumatlar

ATATÜRK – “YURDDA SÜLH! CAHANDA SÜLH!” DEYƏN, TÜRK DÖVLƏTİNİ MƏHV OLMAQDAN XİLAS EDƏN DAHİ RƏHBƏR, XALQIN ATASI

 

Atatürk 1881-ci ildə Salonikidə, xırda məmur, Əli Rza Əfəndinin ailəsində dünyaya gəlmişdi. İbtidai məktəb yaşına çatdıqda Mustafa Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində oxumağa başlayır. Sonra atasının arzusu ilə Şəmsi Əfəndi məktəbinə keçir. Bu arada atası 47 yaşında vəfat edir və Mustafa məktəbdən ayrılır. Bir qədər dayısının yanında qalır, sonra Salonikiyə qayıdaraq ibtidai təhsilini davam etdirir, ibtidai məktəbi bitirdikdən sonra Salonikidə orta məktəbə daxil olur.

Saloniki hərbi məktəbinə daxil olanda Mustafanın 12 yaşı vardı. Buradakı riyaziyyat müəlliminin adı da Mustafa idi. O, şagirdinin ağıllı və çalışqan olduğunu görür, onu çox sevirdi. Bir gün riyaziyyat müəllimi ona deyir: “Mustafa, mənim də adım Mustafa. İkimizin adı bir-birinə qarışır. Sənin adının yanına bir Kamal da qoyaq. Sənin adın Mustafa Kamal olsun”. Beləliklə, o, müəlliminin təklifi ilə Mustafa Kamal oldu.

Mustafa Kamal həmin məktəbdə iki il oxuduqdan sonra, 1886-cı ildə hərbi liseyə qəbul olunur, 1889-cu ildə oranı bitirir. Elə həmin il İstanbul hərbi məktəbinin Piyada sinfinə daxil olur və bununla da gələcəyin ən böyük hərbi rəhbərinin əsgər həyatı, milli qurtuluşu təmin etmək üzrə ilk addımları başlayır.

1902-ci ildə Mustafa Kamal Hərbi Akademiyaya daxil olur və burada siyasi dünyagörüşünü genişləndirir. O vaxt Hərbi Akademiyada çox da böyük olmayan gizli bir təşkilat yaranmışdı və onun rəhbərlərindən biri də Mustafa Kamal idi.

1905-ci ilin yanvarında Mustafa Kamal kapitan rütbəsi alır. Artıq təhsil illəri arxada qalır. Yeni həyatı - vətənpərvərlik ruhu ilə dolu əsgər həyatı başlayır. Amma onun bu sevinci uzun sürmür. İsmayıl Paşanın gizli agenti onu ələ verir. Gizli qəzet buraxmaqda və gizli təşkilat yaratmaqda günahlandırılan Mustafa Kamal həbsxanaya salınır. Bir qədər sonra o, “əfv” olunaraq, Avropaya yox, Suriyaya göndərilir. Mustafa Kamal Dəməşqdə yerləşən Otuzuncu süvarı alayına daxil olur. Burada o, qiyamçı Mustafa Cantəkinin yaratdığı gizli təşkilatın (“Vətən” adlanırdı) üzvü olur. Mustafa Kamal təşkilatın adını dəyişdirərək “Vətən və azadlıq” qoymağı təklif edir.

1918-ci ildə Mustafa Kamal Makedoniyada xidmət edən zabitlərlə birlikdə gənctürklər inqilabında iştirak edir, amma tezliklə siyasi fəaliyyətdən kənarlaşır. Buna səbəb onun ordunu siyasətdən ayırmaq tələbinə gənctürklərin rəhbərlərinin etirazı idi. Gənctürklərin bütün hakimiyyəti dövründə Mustafa Kamal yalnız hərbi işlə məşğul olmuşdu. O, hərbi mövzuda bir neçə kitabça çap etdirir, hərbi ensiklopediyalarda iştirak edir. Pikardidə fransız qoşunlarının manevrlərində müşahidəçi kimi iştirak edir, Tripolitanda və Balkanlarda döyüşür. 1911-ci ildə mayor, 1914-cü ildə podpolkovnik rütbələrini alır.

Birinci Dünya müharibəsi başlayarkən Mustafa Kamal Sofiyada Osmanlı imperatorluğunun hərbi ataşesi idi. O, gənctürklərin rəhbərlərinin Türkiyəni müharibəyə cəlb etmək istəklərini bilir və onları bu yoldan çəkindirməyə cəhd edirdi, amma onun bu cəhdləri boşa çıxdı. 1915-ci ildən Mustafa Kamal cəbhələrdə vuruşur. Əvvəlcə Dardanel cəbhəsində diviziyaya, sonra diviziyalar qrupuna rəhbərlik edir, ittifaq desantlarının hücumlarını uğurla dəf edir və polkovnik rütbəsi alır. 1916-1917-ci illərdə o, artıq general rütbəsi ilə və paşa titulu ilə 16-cı korpusa, sonra Qafqaz cəbhəsində 2-ci orduya, Fələstində 7-ci orduya, 1917-ci ilin sonunda 1918-ci ilin əvvəlində sultanın sarayında fəxri adyutant rütbəsi ilə varis şahzadə Vahidəddin ilə alman cəbhəsinə, kayzer qərargahına gedir.

Mustafa Kamal 1918-ci il avqustunda Fələstin cəbhəsində ingilislərin cəbhəni yarması ərəfəsində ikinci dəfə 7-ci ordunun komandanı təyin edilir. O, həmin ordu ilə bütün Suriyadan keçir, Aleppodan şimalda müharibəni qurtarır.

Burada o, oktyabrın 30-da Mudros barışıq sazişi bağlanması xəbərini alır. Bu saziş, əslində Osmanlı imperiyasının sonu demək idi. Amma qüdrətli qalib dövlətlər ərəb torpaqlarını zəbt etməklə kifayətlənmədilər. Onlar Türkiyənin özünü parçalamağa və əsarət altına almağa çalışırdılar. Türk xalqı üzərində məhvedici təhlükə dolaşırdı.

1918-ci il noyabrın 13-də Mustafa Kamal İstanbula qayıdır. Ölkə sərt hərbi məğlubiyyətə məruz qalaraq, sanki düşmənə müqavimət göstərmək üçün heç bir gücə malik deyildi. Gənctürklərin rəhbərləri öz siyasətlərinin iflasını açıq etiraf edərək, alman komandanlığının rəhbərləri ilə xaricə qaçdılar. 1918-ci ilin yayında VI Məhəmməd adı ilə taxta çıxarılmış sultan Vahidəddin və onun dayaqlarını təşkil edən feodal-klerikal dairələri tələsik yeni sahiblərinə - qalib dövlətlərin Türkiyə paytaxtına göndərdikləri “ali komissarlara” uyğunlaşdılar.

Mustafa Kamal ilk vaxtlar sultanda, nazir və deputatlarda vətənpərvərlik hissi oyatmağa çalışır, amma tezliklə bu ümidlərin əsassız olduğuna inanır, İstanbulu tərk etmək qərarına gəlir. O, Anadoluya getməyi və orada – türk xalqının mərkəzində imperialistlərin planlarına qarşı xalqın müqavimətini təşkil etməyi qərara alır. Anadoluda artıq bunun üçün hərbi-strateji əlverişli şərait yaranmışdı. 1918-ci ilin sonunda Mudros sazişindən dərhal sonra burada qeyri-mütəşəkkil xalq hərəkatı yaranmışdı. Cənub və qərb rayonlarında işğalçılara qarşı mübarizə aparan partizan dəstələri yaranmışdı. Şərq vilayətlərində milli “hüquqları müdafiə cəmiyyətləri” aktiv fəaliyyət göstərirdi. Burada, həm də keçmiş Qafqaz cəbhəsinin nizamlı qoşunlarının qalıqları (dörd diviziya) qalmışdı. Mustafa Kamalın Anadoluya getməsi 9-cu ordu inspeksiyanın (sonradan 3-cü adlandırılmışdı) ən yüksək vəzifəsinə təyinolunma ilə sənədləşdirilir. Sultan hökuməti bu təyinatı təsdiq etdi və Mustafa Kamala geniş səlahiyyətlər verdi ki, onun köməyi ilə Şərqi Anadoluda “qayda-qanun yaratsın”. Eyni zamanda bu yolla şöhrətli və inadçı generalı İstanbuldan uzaqlaşdırmaq istəyirdi. Əslində sultan hökuməti bunun özünə qarşı nə qədər təhlükəli olduğunu hiss etmirdi. Əksinə, Mustafa Kamal əvvəlcədən bilirdi ki, nəyə gedir. O, Samsuna gələn kimi (19 may 1919-cu il) öz səlahiyyətlərindən, general rütbəsindən, paşa titulundan, “sultanın fəxri adyutantlığından” istifadə edərək hərbçiləri və mülki rəisləri öz tərəfinə çəkməyə başladı.

Bir az keçdikdən sonra İstanbul höküməti Mustafa Kamalın Anadoluya getməsinə icazə verməkdə “səhv etdiyini” anladı. Sultan Mustafa Kamala geri qayıtmaq əmrini verdi. Amma artıq o, öz taleyini antiimperialist hərəkatla möhkəm bağlamışdı. O, 1919-cu ilin iyulun 8-də istefa ərizəsi yazır və elan edir ki, xalqına xidmət etmək üçün Anadoluda qalacaq.

Qeyd edək ki, həmin dövr Türkiyənin tarixində ən ağır dövr idi. Birinci Dünya müharibəsində müttəfiqləri ilə birgə məğlub olmuş Osmanlı imperatorluğunun tərksilah  olunması şərti irəli sürülmüşdü. İmperialist dövlətlər artıq İzmiri, İstanbulu, Anadolunu işğal etməyə başlamışdılar. Yunanlar İzmirdən qərbdə Anadolunu ələ keçirərək Bursadan Mudanyaya və Ankara dolaylarına qədər ərazidə dayanmışdılar. Hətta Cənubi Anadoluda Qara dəniz elləri üzərində haqları olduğunu iddia edirdilər. Məqsədləri yenidən Pontus Dövlətini qurmaq idi.

İtalyanlar tarixi haqları olduğunu irəli sürərək Güney Anadolunu istila etmişdilər. Fransızlar Qaziantəp, Maraş, Hatay, Mərsin ellərini işğal etmişdilər.

İngilislər, fransızlar donanmaları ilə Çanaqqala boğazını rahatca keçib Mərmərəyə gəlmiş, Osmanlı Dövlətinin paytaxtı İstanbulu işğal etmişdilər.  

Anadolunun bir çox ellərində türklərlə qapı-qonşu olan ermənilər də türk qonşularını öldürməyə başlamışdılar. Şərqi Anadoluya və Adanaya göz tikmişdilər.

Mustafa Kamalın 1919-cu ilin iyulun 23-də Şərqi Anadolu “Hüquqları müdafiə cəmiyyətinin” Ərzurum konqresindəki çıxışı böyük siyasi hadisə idi. Bu çıxışın əsas mahiyyəti ölkənin bölünməzliyinə və onun sərbəst mövcudolma hüququna, Anadolunun İstanbula nəzərən üstün olmasına, Milli Məclis çağırılmasının vacibliyinə və “xalqa söykənən” dövlət yaratmağa həsr olunmuşdu. 1919-cu ilin sentyabrında Sivasda “Hüquqları müdafiə cəmiyyətinin”  ümumtürk konqresi oldu. Sivas konqresinin seçdiyi Nümayəndələr komitəsi Mustafa Kamal başda olmaqla Anadoluda vahid səlahiyyətli hakimiyyət əhəmiyyəti qazandı, bu, əslində yeni Türkiyənin müvəqqəti hökuməti idi.

Mustafa Kamal Atatürk 1919-cu ildə türk millətini Qurtuluş savaşına hazırlayarkən demişdi: “Türk milləti min ildən artıq bir zamandır bu torpaqlarda yaşamaq haqqına sahibdir. Osmanlı dövlətinə gəlincə, bu dövlət yeddi yüz ildən bəri yaşamaqdadır və möhtəşəm keçmişi və tarixi ilə öyünə bilər. Biz qüdrəti və haşəməti bütün dünyada, Asiya, Avropa və Afrika qitələrində tanınan bir millətik. Gəmilərimiz okeanları aşaraq bayrağımızı Hindistana qədər aparmışlar. Qabiliyyətimiz bir zamanlar sahib olduğumuz və bütün dünyada tanınan hegemonluğumuzla isbat edilmişdir. Bu gün içində bulunduğumuz acı durum heç bir zaman əsasdan ehtiyatsızlığımızı və ya müasir mədəniyyətə uyğunlaşmağımızı göstərə bilməz”.

Atatürkün aşağıdakı kəlamı çox ibrətamizdir: “Tarix yazmaq tarix yaratmaq qədər mühümdür. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət insanlığı sarsıdacaq bir mahiyyət alar”. Bu fikri hər kəsin yadda saxlaması vacibdir. Millətin, xalqın və dövlətin tarixinin saxtalaşdırılması gələcəkdə onun başına gətiriləcək dəhşətli bəlaların başlanğıc nöqtəsidir.

1919-cu ilin dekabrında Atatürk Nümayəndələr komitəsinin iqamətgahını Sivasdan Ankaraya köçürür. Bu yerdəyişmə praktiki baxımdan edilmişdi. Belə ki, Ankara İstanbulla dəmir yolu və birbaşa teleqraf əlaqəsi ilə əlaqəli idi. Artıq milli azadlıq hərəkatı şərq vilayətləri çərçivəsindən çıxmış və ümumxalq müqaviməti xarakteri almışdı. Məhz Türk inqilab tarixinin ən mühüm nöqtələrindən biri də şübhəsiz ki, Atatürkün Ankaraya gəlişidir.

1920-ci ilin yazında Yaxın Şərqdə rəhbər rol oynayan İngiltərə də daxil olmaqla imperialist qüvvələr Türkiyə millətçilərinə qarşı hücuma keçdilər. 1920-ci il martın 16-da İstanbulun işğalı və Osmanlı parlamentinin buraxılması, əslində Anadoluya müharibə elan etmək idi. Milli təşkilatlar bu çağırışı qəbul etdilər. Və nümayəndələr komitəsi yeni ali hökumət yaratmağı qərara aldı.

Qeyd edək ki, bu dövrdə Atatürk çox çətin və təhlükəli bir şəraitdə fəaliyyət göstərirdi və bir neçə istiqamətdə mübarizə aparırdı.

Bir yandan padşahlıq, bir yandan savaş, bir yandan da Ankarada Atatürkün topladığı Türkiyə Böyük Millət Məclisində yeni bir Türk Dövləti qurulması uğrunda mübarizə gedirdi.

Atatürk təkbaşına, ya da Türkiyə Böyük Millət Məclisindəki (TBMM) nümayəndələrlə söhbətlərində padşahlığın davam etməsini istəyənlərlə də mübarizə aparırdı. O təkcə savaşlarda uğur qazanan bir komandan deyildi, həm də böyük bir dövlət adamı kimi türk millətinə azadlığını qazandırmaq, onu dünya ölkələri arasında layiqli yerinə çıxarmaq üçün də mübarizə aparırdı.

1920-ci il aprelin 23-də qurulan TBMM-in ana təməli Milli Hegemonluqdur. Bu, əslində Atatürkün siyasi strategiyasında İstanbula münasibətdə dönüş nöqtəsi idi. Əvvəllər İstanbul hökumətinə təzyiq edərkən Atatürk mövcud qanunları pozmamışdı. İndi artıq imperalistlər tərəfindən İstanbulun işğalından sonra Atatürk birinci həqiqi inqilabi addım atır, Ankarada Türkiyənin Böyük Millət Məclisini çağırır. Bu məclis faktiki olaraq Osmanlı Konstitusiyasında nəzərdə tutulmamış səlahiyyətlərə malik yeni məclis idi və Atatürk ona bütün ölkəni idarə etmək səlahiyyətinin verilməsini təklif edirdi.

Böyük Millət Məclisinin açılmasına qədər Atatürkün bioqrafiyasının əsas mərhələləri belə idi. Formal olaraq o artıq paşa deyildi, hətta bəy də deyildi; sadəcə, Mustafa Kamal Əfəndi idi, vəzifəsini itirmiş, rütbələrindən və fəxri titullarından məhrum olunmuşdu, şeyxülislamın fətvası ilə qiyamçı kimi ittiham edilmişdi.

O dövrdə Avropa Türkiyəsi Rumeli adlanırdı ki, Makedoniya da onun tərkibində idi. Atatürk də Makedoniyada doğulmuşdu. O dövrün adətlərinə görə, Anadolu üçün Atatürk yad sayılmalı idi. Tamamilə əksinə oldu. Makedoniyalı Atatürk milli maraqları Anadoluda olduğu kimi qəbul etdi, anadoluların azadlıq hərəkatına başçılıq etdi və milli ideyaların ifadəçisi kimi siyasi olaraq özü anadolulu oldu.

Qeyd edək ki, Atatürkün Vətənini istiladan xilas etmək üçün ən böyük xidmətlərindən biri də düşmənə layiqli dərs verə bilən ordu yaratması, birbaşa bu orduya rəhbərlik edərək, onu zəfər yürüşünə aparmasıdır. Onun böyük əməyi boşa getməmişdi. 1922-ci il avqustun 18-də, gecə Mustafa Kamal Ağşəhərə - Qərb ordusunun qərərgahına gəlir. Ordu həlledici döyüşə hazır idi. Atatürk İsmət və Fevzi ilə cəbhənin yarılmaması nəzərdə tutulan sahələri yoxladı. Hücum güclü hazırlıqla başladı və yunan batareyaları elə həmin anda bu atəşlə susduruldu. Bu, əslində türk ordusunun zəfər yürüşünün başlanğıcı idi.

 

Atatürkün 1921-ci il oktyabrın 18-də Azərbaycan SSR-in səlahiyyətli nümayəndəliyi üzərində bayrağın qaldırılması ilə əlaqədar çıxışı da hər birimiz üçün çox qiymətlidir.

“Zati-aliləri səfir!

Böyük Millət Məclisi və onun hökuməti adından, həmçinin öz adımdan sizə təşəkkür edirəm ki, bu gün bizə çöx böyük sevinc hissi yaşatdınız. Bu bayram gününün mənim üçün xüsusi xoş tərəfi odur ki, müstəqil Azərbaycanın Sovet hökuməti onun bayrağını qaldırmaq şərəfini mənə verdi. Cənablar, əvvəllər kimsə istəyirdi ki, Ankarada yunan bayrağı, bizim düşmənimizin bayrağı dalğalansın. Xoşbəxtlikdən bu, onlara müəyəssər olmadı. Və biz burada qardaş xalqın, qardaş dövlətin bayrağının necə səmaya ucaldığını görərək sevinirik.

Mənim fikrimcə, Türkiyə və Azərbaycan arasında səmimi və qardaşlıq münasibətlərinin dərəcəsini izah etməyə ehtiyac yoxdur. Azərbaycan hökuməti bu qardaşlıq əlaqələrini təsdiq etmək və möhkəmlətmək üçün bizə səfir İbrahim Əbilovu göndərib. Bu seçim çox uğurludur. Çünki zati-aliləri İbrahim Əbilov elə adamdır ki, bu dostluq əlaqələrinə ruhu ilə daxil olmuşdur və bizim üçün çox əhəmiyyətli olan missiyasını uğurla yerinə yetirmək üçün lazım olan bütün kefiyyətlərə malikdir. Hələ bizim birinci görüşlərimizdə o özünün qeyri-adi istedad və qabiliyyətini nümayiş etdirdi.

Zati-aliləri, əziz bizim məsləkdaşımız Əbilov, mən indi Azərbaycanın müstəqilliyinin simvolu olan bayrağı qaldırıram və hiss edirəm ki, əllərim bütöv duyğular kompleksini hərəkətə gətirir. Əslində mənim bu əllərim bayrağı qaldırır, amma onlara bugünki bayramda görünmədən iştirak edən bütün türk xalqının səmimi, həqiqi qardaşlıq hissləri təsir edir.

Zati-aliləri səfir! Türkiyə səmasının fonunda Azərbaycan və Türkiyənin bayraqlarının yanaşı dalğalanmasını görmək xalqımız üçün böyük bayramdır. Mən bir daha ona görə sizə təşəkkürümü bildirirəm ki, bizə bu bayram gününü yaşamaq imkanı verdiniz”.

Atatürk Ana sevgisinə də çox böyük önəm vermiş, anasını böyük məhəbbətlə sevmişdir. Bu sevginin böyüklüyünü sizlərə çatdırmaq üçün Atatürkün 1923-cü il yanvarın 27-də anasının məzarı üstündə söylədiyi nitqi təqdim edirəm: “Mənim yazıq anam İzmirin müqəddəs torpağında, bütün xalqın bu idealında uyuyur. Ölüm təbiətin ən təbii qanunudur, amma bununla belə, o, bəzən nə qədər kədərli hisslərə səbəb olur!

Təbii ki, mən Anamın ölümündən çox kədərlənmişəm. Amma tək bircə fakt kədərimi dağıdır. Məni o, sakitləşdirir ki, bizim Vətəni – Anamızı məhv edən quruluş həmişəlik dəfn edilmişdir və bir daha qayıtmayacaqdır. Bəli, milli müstəqillik əbədi davam edəcəkdir. Mənim Anam bu torpaqda yatır, amma qoy milli suverenlik daim yaşasın. Bax, bu böyük qüvvə məni sakitləşdirir. Mən burada Anamın ruhuna və bizim bütün əcdadlarımızın ruhuna həsr olunmuş vicdan andını təkrar edirəm. Mənim Anamın cənazəsi qarşısında, Allahın iştirakı ilə mən and içirəm və əmin edirəm ki, əgər millətin qanı bahasına yaranmış müstəqilliyi qorumaq və möhkəmləndirmək üçün lazım olarsa, heç bir tərəddüd etmədən anamın ardınca gedəcəyəm. Qoy həyatımı milli müstəqillik naminə qurban verməyim mənim üçün vicdan və şərəf borcu olsun!”

Mustafa Kamal Atatürk qısa ömrü ərzində gördüyü heyrətamiz və böyük işləri ilə bütün dünyanı özünə heyran qoydu. Görün, Mustafa Kamal Atatürk bütün uğurlarının səbəbini nədə görür: “Uşaqlıqda əlimə keçən hər iki quruşdan birini kitablara verməsəydim, hal-hazırda etdiklərimin heç birini edə bilməzdim.”

Bu fikir kitabın, mütaliənin insanın kamilləşməsində, zənginləşməsində, ləyaqətli vətəndaş, əsl vətənpərvər kimi yetişməsində hansı mühüm rola malik olduğunu bir daha təsdiq edir.

10 noyabr 1938-ci il saat 09:05-də İstanbulda Dolmabaxça sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-10-24   11100