NKPI

Maraqlı Məlumatlar

“NOBEL”in tarixi haqqında qısa məlumat

Dünyada az adamlar var ki, onların adı bütün dünyada Alfred Nobelin adı kimi məşhurdur. Biz onun adından başqa onun haqqında nələri bilirik? O kimdir – zənginmi və ya şöhrətin zirvəsində daima qalan görkəmli şəxsiyyətmi?

O, özü haqqında danışmağı və yazmağı sevməmişdir.

Yalnız bir dəfə Nobel öz prinsipini pozmaq məcburiyyətində qalmışdır. Dünyanın ən qədim universitetlərindən biri olan Upsal universitetində doktorluq dərəcəsi alaraq avtobioqrafiya yazmaq məcburiyyətində qalmış və bu halda da avtobioqrafiyanı özünə məxsus tərzdə yazmışdır:

“İmza atan 1833-cü ildə oktyabrın 21-də anadan olmuşdur. O, öz biliklərini məktəbə getmədən evdə hazırlaşmaqla əldə etmişdir. O, başlıca olaraq özünü tətbiqi kimyaya həsr etmiş və partlayıcı maddə dinamiti, guruldayıcı həlməşiyi və ballistit adı ilə məhşur olan tüstüsüz barıtı kəşf etmişdir. İsveç Kral elmlər akademiyasının, London Kral cəmiyyətinin və Parisdəki mülki mühəndislər cəmiyyətinin üzvüdür. 1880-ci ildən Qütb ulduzu ordeni kavaleridir. O, Fəxri legionun zabitidir. Yeganə çap olunmuş əsəri ingilis dilində məqaləsidir ki, buna görə də gümüş medala layiq görülüb”.

Nobelin siması həqiqətən də ziddiyyətlərdən hörülmüşdür: demək olar ki, heç vaxt İsveçdə yaşamamış isveçli, məktəbdə oxumamış mühəndis, elmi işləri çap etdirməmiş akademik, anadan işbaz doğulmuş sirayət edici və qənaətcil xəyalpərəst, öz varidatını bəşəriyyətə vermiş dünya konserninin başçısı, vəsaitləri sülh mükafatına vəsiyyət etmiş barıt zavodlarının sahibi.

Xəstəlik səbəbindən məktəbə getmək imkanından məhrum olan Alfred Nobel təkliyə uyğunlaşır ki, bu da onun ömürlük qisməti olur. Onda səbirlilik  və sonralar özünə qapanmaq xarakteri əlamətləri inkişaf edir. Lakin zəif sağlamlıq ona mane ola bilmir, inanılmaz inadkarlıqla öyrənir, öyrənirdi...

Xüsusi maraqla Alfred kimya ilə məşğul olmağa başlayır və əsl kimyaçı alim olur.

Qeyd edək ki, Alfred Nobelin adı Bakı nefti ilə də bağlıdır və onun varidatının formalaşmasında bu neft müstəsna rolu var.

Bunun təsdiqi olaraq Nobellər ailəsi cəmiyyətinin sədri / Tomas Tidenin aşağıdakı fikirlərini təqdim edirəm:

“Keçmişin yeniliklləri gələcəyin rəhbər prinsipləri kimi”.

Bir çox insanlar Nobel adını “Nobel mükafatı ilə əlaqələndirirlər. Lakin, ailəmizdə bu ad bizim üçün daha geniş məna kəsb edir və Azərbaycan, Rusiya  və bir çox başqa ölkələr assosiasiya olunur. “Nobel” mükafatının ianəçisi Alfred Nobel vəfat edən zaman onun varidatının əksər hissəsini onun dinamit istehsalı ilə məşğul olan şirkətlərindən deyil, digər şirkətlərindən, daha konkret desək, o vaxtlar dünyanın ən böyük neft şirkətlərindən biri olan “Nobel Qardaşları” neft hasilatı şirkətindən əldə etdiyi gəlirlər təşkil edirdi.

1870-ci illərin əvvəllərində Nobel qardaşlarından ən böyüyü Robert Nobel Bakıda kiçik emal zavodunu almaqla, lazımi avadanlıqlara alqı-satqı əməliyyatlarını həyata keçirmək üçün düzgün məkan və düzgün zaman seçmiş oldu. Bu, böyük uğurun, düzgün intuisiyanın və dərin biliklərin nəticəsi idi.

Zamanında Nobel qardaşlarını Azərbaycana gətirən səbəb silah məsələsi olmuşdu. Yüz minlərlə tüfəng qundağı üçün Almaniyadan baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına bir o qədər də sərfəli olmadığından, Sankt-Peterburq və İjevsk ətrafında isə qoz ağacı bitmədiyindən qardaşlar bunu imperiyanın müxtəlif bölqələrində axtarmağa başladılar. Mütəxəssislər qoz ağacının Qafqazda, xüsusən də Lənkəran meşələrində çox olmasını söylədikdən sonra Lüdviq Nobel 1873-cü ildə qardaşı Robert Nobeli Azərbaycana göndərdi. Lakin o, Lənkəranda qoz ağacı massivi tapa bilmədi və Nobel qardaşları tüfənq qundağı düzəltmək üçün qoz ağacını daha ucuz qiymətə başa gələn toz ağacı ilə əvəz etdilər.

Buna baxmayaraq, Robert Nobelin Azərbaycana səfəri hədər getmədi. O, yolüstü Bakıda qaldı. Qaraşəhər və Ağşəhəri neft mədənlərini gəzdi, maliyyə, sənaye və iqtisadi vəziyyəti öyrəndi, əsl  gəlir mənbəyinin Bakıda olduğunu qabaqcadan çox düzgün qiymətləndirdi.

Ümumiyyətlə, Nobellərin Bakı haqqında ilk təsəvvürləri XIX əsrin 60-cı illərində yaranmışdı.

“Nobel Qardaşları” şirkətinin böyük şöhrəti Lüdviq Nobelin adı ilə bağlıdır.

Qeyd edək ki, 1883-cü ildə Qaraşəhərdə “Nobel Qardaşları” şirkətinə məxsus kimya zavodu inşa edilmişdir və həmçinin Bakı mədənlərində ilk dəfə olaraq yer üstü və dəmir çənlərin  yaradılması da “Nobel Qardaşları” şirkətinə məxsus olmuşdur.

Dünyanın ən nüfuzlu mükafatı olan Nobel mükafatının yaranmasında Bakı neftinin rolu bir mənalı olaraq çox böyükdür və bunu Nobellər nəslinin bu günki davamçıları da böyük  ehtiramla qeyd edirlər.

1896-cı ildə San-Remoda vəfat edən Alfred Nobel geriyə buraxdığı mirasın 33200000 kronunu hər il insanlığa xidmət göstərən böyük elmi kəşfləri edən alimlərə mükafat kimi verməyi vəsiyyət etmişdir.

2015-08-21   47618