NKPI

Maraqlı Məlumatlar

FƏTULLAYEV-FİQAROV ŞAMİL SEYFULLA OĞLU

(1928-2015)

Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır.

Ş.Fətullayev-Fiqarov 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalma tarixi üzrə dərin elmi bi­liklərə malik olan Ş.Fətullayev öz elmi məktəbini yaratmışdır. Məhz bu məktə­bin elmi bazasında ilk dəfə tanınan Zivərbəy Əhmədbəyovun, Qasımbəy Haci- bababəyovun, Kərbəlayi Səfixan Qarabağinin, Məşədi Mirzə Qafar İzmayılovun və b. görkəmli memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tədqiqat obyektinə çevrilmiş, dəyərli elmi əsərlər yazılıb çap etdirilmişdir.

Azərbaycan Dövlət mükafatı laureatı olmuş, Əməkdar memar adını almış, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti, Beynəlxalq Me­marlıq Akademiyasının müxbir üzvü (Rusiya), Türk İncəsənəti üzrə Beynəlxalq Konqresin həqiqi üzvü seçilmişdir.

Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliğ olunmasında Ş.Fətullayevin xidmətləri böyükdür. Bu baxımdan o, Polşa (1971), İran (1991- 1998), Türkiyə (1991), İordaniya (1996), Hollandiya (1999) və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlı­ğını layiqincə təmsil etmişdir.

Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişmişdir. Ş.Fətullayev 150-dən artıq elmi əsərin müəllifidir. Onlardan «XIX-XX əsrin əvvəl­ləri Bakının şəhərsalma memarlığı» (1978), «XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı» (1986), «Azərbaycan məscidləri» (1996), Tehranda çap olunmuş «İran şəhərləri Qacarlar dövründə” (2000), «Bakının Memarlıq ensiklopediyası» (1998), «Abşeron memarlığı» (2003, 2013), «Memar Məşədi Mirzə Qafar İzmaylov» (2013) monoqrafiyaları xüsusilə qeyd olunmalıdır.

Görkəmli alim elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülmüş, 1986-cı ildə «Şərəf Nişanı» ordeni, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Həmçinin 2008-ci ildə Polşa Respublikasının Qızıl medalına layiq görülmüşdür.

Akademik Şamil Fətullayev-Fiqarov 2015-ci il mart ayının 9-da Bakı şəhə­rində vəfat etmişdir.

2017-01-17   35864