NKPI

Maraqlı Məlumatlar

TÜRKLƏRİN BÖYÜK YERDƏYİŞMƏSİNİ BAŞA ÇATDIRAN QƏHRƏMAN ATİLLA

Hitler Almaniyasının liderlərindən biri olan Gebbelsin məşhur bir ifadəsi var: əgər xalqın tarixini ondan alsan, bir nəsildən sonra o, kütləyə çevriləcək, daha bir nəsildən sonra isə onu sürü kimi idarə etmək olar.

Bəla bundadır ki, bəzən türk türkü tanımır, ulu babalarını unudur. Türkləri, bir qayda olaraq, türklər özləri hörmətdən salır. Biz başımıza gələnlərə görə heç kəsi günahlandıra bilmərik. Bir çox elm adamları vaxtilə aparılan siyasətin qurbanı olaraq türkün tarixinin saxtalaşdırılmasında ya iştirak etmiş, ya da onu saxtalaşdıranlara qarşı seyrçi mövqe tutmuşlar.

Tarixi xronikalarda türkləri müxtəlif cür adlandırmışlar: avarlar, barsillər, bolqarlar, burqundlar, hunlar, peçeneqlər və s.

Murad Acinin fikrincə, türk dünyasının başlanğıcı qıpçaqlardır və biz qıpçaq olaraq da qalmalıyıq.

Bu gün qıpçaqlar əllidən çox kiçik xalqlara bölünmüşdür.

Türklər Altaydan dünyaya ilk addım atmışdılar və türkün coğrafiyasının hesablanma nöqtəsi buradan başlamışdır. “Düzünə” – şərqə getməyi, sağa – cənuba, sola - şimala, geriyə – qərbə getməyi ifadə edirdi.

Ali türklərin ən alisi olan, millətin şərəfi sayılan Atilla haqqında da həqiqət deyilməmişdir. Atilla türklərin böyük köçünü başa çatdırdı: Avropa onun ayaqları altında qaldı, bac ödədi. Məğlubedilməz Atillanı nə Roma Ordusu, nə də Avropanın birləşmiş orduları məğlub edə bildi, onu özünün təşəxxüsü məğlub etdi. Bu təşəxxüs Atillanı əzdi, o, öz xalqından sülhü aldı. Atillanin ölümündən sonra 184 oğlu (qızları saymırdılar) qalmışdı və onların arasında hakimiyyət uğrunda ciddi ixtilaflar var idi. Türklər özləri özləri ilə vuruşurdular. Və bu, o vaxta qədər davam etdi ki, onlar öz boyunlarına qul xaltası taxdılar.

Avropada heç bir xalq və heç bir ölkə haqqında Atilla, onun tayfaları, Deşti-Qıpçağın əsasını qoyanlar haqqındakı qədər açıq yalanlar uydurulmamışdır. Dünyaya məlum olan bütün günahlar türklərə aid edilirdi: vəhşilər, köçərilər, hünlar, dağıdıcılar, mədəniyyətsiz adamlar və s.

Çox böyük təəssüf hissi ilə qeyd edilməlidir ki, Azərbaycan Sovet Ensiklopediyasından və Uess Robertin 1988-ci ildə ABŞ-da çıxan “Hun Atillanın fəlsəfəsinin sirləri” adlı kitabında Atilla Hun hesab etmiş və bu sözulu türklərin ünvanına təhqir kimi işlədilmişdir və bunu bilməyən hər bir türkə bu qəbahət sayılır. Millətin tarixi dəqiq yazılmalı və dəqiq də öyrənilməlidir.

Bəzən Atilla böyük kimi Vizantiya elçiləri ilə at üstündə oturaraq danışırdı. O, Avropanın sahibi idi və elçilər də bunu bilirdilər. Onlar hökmdarın qarşısında, yol kənarındakı toz içində duraraq onun hər baxışına diqqət edirdilər. Vizantiyalılar gücsüzlükdən dəli olurdular, onlar Atillanı dəfələrlə zəhərləməyə cəhd etmişdilər. Növbəti sui-qəsdi ifşa edən Atilla üzrxahlığa cavab olaraq, yalnız bir söz işlətdi: “müharibə“. Və bu, kifayət etdi ki, bütün böyük Vizantiyada çaxnaşma yaransın. İmperator Feodosi həmin anda iki dəfə artıq bac verəcəyini bildirdi. Konstantinopol razılaşaraq, hirslənmiş Atillanın bütün əmrlərini yerinə yetirdi ki, təki müharibə olmasın. Qorxaq yunanlar hər dəfə şimaldan qara buludlar gələndə büzüşürdülər. Roma Atillanı məharətlə təhrik edə bilirdi, amma ona qarşı getməkdən qorxurdu. Türklərin adətini bilən romalılar tanınmış ailənin övladı olan Aesini böyütmək üçün qıpçaqlara göndərdilər. Aesi çar Atillanın rəğbətini qazanmağa nail oldu. Qıpçaqlar özləri hörümçəyi böyütdülər və özləri də milçək kimi ilişib onun torunda qaldılar. Onlar inanmırdılar ki, duz-çörəyi böldüyün insan alçaqlıq edə bilər. Bu, Böyük Səhra əxlaqına uyğun gəlmirdi. Amma sən saydığını say, gör düşmən nə sayır.

Atillanın qısa fikirləri daima türklərin ürəyini alovlandırdı:

“Müdafiə qorxu əlamətidir!”

“Zərbə vuran cəsarətlidir!”

“Qisasalma təbiətin ən böyük hədiyyəsidir!”

“Qələbəyə gedənə ox çatmır!”

“Atilla döyüşərkən kim sakit durursa, o, artıq dəfn olunmuşdur!”

Bununla da, Atilla öz ordusunun döyüş ruhunu artıraraq, onları yenidən döyüşə səsləyirdi.

Atilla 434-cü ildən qıpçaqların hökmdarı olmuşdur. Şərqi imperiyaya (443, 447-448-ci illərdə), Qalliyə (451-ci ildə), Şimali İtaliyaya qarşı viranedici yürüşlərə başçılıq etmişdir. Atilla dövründə qıpçaq tayfalarının ittifaqı ən böyük gücə malik idi. Dahi sərkərdə 453-cü ildə İldikoya – romalıların göndərdiyi gözələ aşiq oldu. Böyük məhəbbət ziyafətsiz və şirin gecəsiz olmur. Məhz həmin gecədə Avropanı lərzəyə salan fateh – Atilla qanına qəltan oldu. Atilla insanlara hədsiz dərəcədə inamı ucbartından həlak oldu.

Qeyd etdiyimiz kimi, Uess Robert 1988-ci ildə ABŞ-da “Hun Atillanın fəlsəfəsinin sirləri” adlı kitab yazmışdır. Bu kitab haqqında dünyanın bir çox görkəmli şəxsiyyətləri olduqca yüksək fikirlər söyləmişlər.

Fəlsəfə doktoru Veyn Ü.Dayer yazmışdı: “Bu kitab “Güc verir və ruhlandırır! Sizə rəhbər potensialınızı axıra qədər reallaşdırmağa kömək edəcək”.

“General Motors Corporation”un eks prezidenti Pol Q.Zaletski demişdi: “Mən onu 20 dəfə oxudum və hər dəfə özüm üçün yeni bir şey kəşf etdim. Hesab edirəm ki, bu nadir işdir, çoxlu sayda insan üçün məsuliyyət daşıyan hər kəs onu oxumalıdır”.

“Success” jurnalının baş redaktoru Skott De Qarmo yazmışdı: “Kitab çox gözəldir, fikri oyadır. Cəlbedici və aydındır, hər bir rəhbər üçün olduqca aktualdır... Müdrikliklə doludur”.

 

Аttillanın hökmdar keyfiyyətləri haqqında

“Xidmətin ilk başlanğıcından bizim rəhbərliyimiz müəyyən əsas keyfiyyətləri əldə etməli və onlarla təkmilləşməlidir.”

“Başçının heç bir fəaliyyəti hökm verməyə və hərəkətə düzgün an seçilmədən keçmir. Zamanı hiss etmək vərdişi üçün sehirli resept mövcud deyil. Bu bacarığı rəhbər çox vaxt öz səhvləri üzərində öyrənməklə əldə edir.”

“Kifayət qədər təlim və təcrübə rəhbərdə qətilik yaradır, bu, istənilən başçı üçün qaçılmaz olan toqquşma zamanı ona güc verir. Gücünə arxayın olmayan başçı tabeliyində olanlara və özünə bərabər rəislərə nümayiş etdirir ki, vəzifələrin ağırlığı onun gücündə deyil, odur ki, zəif başçı və faydasız rəhbər olur.”

“Rəhbərin inama ehtiyacı var, dost da düşmən də onun sözünə və işinə inanmalıdır. İnam olmasa rəhbər kifayət qədər təsir əldə etməyəcək, beləsini təcili vəzifədən kənarlaşdırmaq lazımdır, çünki ona arxayın olmaq olmaz.”

 

               Atilla rəhbər olmaq istəyinin vacibliyi haqqında

“Rəhbərlik etməyə can atan, hər şeydən əvvəl, tayfa üzvlərinin hörmətini qazanmalıdır. Onu şərəf və vicdanla qazanmaq üçün isə mütləq güclü istək olmalıdır.”

“Siz mürəkkəb problemləri həll edərkən, ilk növbədə, sağlam düşüncəyə əsaslanmalısınız.”

“Siz hörmət və təşəkkür gözləmədən xidmət eddikləriniz və sizə xidmət edənlər üçün könüllü qurban verməlisiniz.”

“Sizi müvəffəqiyyətlər qazanmaq ehtirası incitməməlidir – özünüzü və qıpçaqlarınızı zirvəni fəth etməyə tələsdirən ehtiras....”

 

                          Atilla adətlər haqqında

“Mərd əcdadlarımıza ehtiram əlaməti olaraq mahnı və rəqslərimiz bir növ vahid olmalıdır. Onlara hansısa kənar yamaq, ləkə vurmaq olmaz, yoxsa bizim irsimiz itib-batar.”

“Bütün qıpçaqlara istisnasız olaraq şəxsi və milli qeyrət xasdır. Bu, vacib qəhrəmanlıqdır. Əgər söz vermisənsə, o bütün istənilən fikirlərdən, hətta siyasi məqsədəuyğunluqdan da üstündür. Amma eşidilən vədi verməzdən əvvəl düşünmək lazımdır.”

“Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətlə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir.

Piramidanı öz şəxsi şərəfin, mənafeyin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq.”

“Biz vahid qıpçaq xalqı kimi özünüdərketməni möhkəmlədən mahnı və rəqslərimizi, oyunlarımızı, zarafatlarımızı və bayhramlarımızı qorumalıyıq.”

 

                          Atilla əxlaq və intizam haqqında

“Əxlaq və intizamsız birlik də ola bilməz.”

“Bizim adamlarımız daim yadda saxlamalıdırlar ki, qıpçaq olmaq nə deməkdir. Onlar hər dəfə asanlıqla fəth edə biləcəyimiz xalqla ittifaqa getdikdə milli ruh pozulur.”

“Başçı tayfada əxlaq və intizamı formalaşdırmaq üçün var gücü ilə çalışmalı, sonra isə yorulmadan onu möhkəmləndirməlidir.”

“İntizam fərdiliyi itirmək demək deyil.”

“Əxlaq bizim qıpçaq qürururnuzdan axır. İntizam isə əxlaqdan yaranır.”

“Başçıya əxlaqın və intizamın zəifləməsi ilə barışmaq yolverilməzdir. O, əxlaq və intizama söykənir və elə özü də onları yayır.”

“İntizam qıpçaqlara inam verir. Beləliklə, intizam əxlaq möhkəmləndirir.”

“Qıpçaqlar intizama can atır və öz başçılarının arxasınca həvəslə gedirlər, çünki özləri də intizamlıdırlar.”

“Əxlaq və intizam, hər şeydən əvvəl, başçı onları gördüyü kimidir.”

“Müdrik başçı anlayır ki, həddən artıq sərt və ya artıq yayılmış intizam onun qıpçaqlarının əxlaqına öldürücü təsir göstərir.”

 

Atilla eyni qəbilə üzvlərinin hiyləgərliyi haqqında

“Heç vaxt uğursuzluğun günahını günahsızın üzərinə yıxmayın.”

“Qıpçaqları düzlük və ruh yüksəkliyinə görə mükafatlandırın, çünki belələri az tapılır.”

“Vahidlik ruhu bütün qıpçaqların hərəkət və əhvalını idarə edən kardinal prinsip olmalıdır. Biz bölünsək, yad millətlər bizi asanlıqla tabe edəcəklər.”

 

Atilla qiymətləndirmək və qiymətləndirilmək haqqında 

“Əgər başçı öz qıpçaqlarında və düşmənlərində hörmət hissi yaratmırsa, o, zəifdir və öz tituluna yaraşmır.”

“Öz vəzifənizin məsuliyyət və üstünlüklərinə həmişə olduqca ciddi yanaşın. Heç vaxt hakimiyyətdən təbəələrinizin ziyanına istifadə etməyin.”

“Çar düşməndən bac almaq üçün öz qeyzini və gücünü işə sala bilər, amma başçıda belə üstünlük yoxdur.”

“Başçı heç vaxt üstünlüklərin qayğısına qalmamalıdır, həmişə birinci yerdə məsuliyyət olmalıdır. Yalnız üstünlüklərə görə vəzifə axtarmayan başçı hörmətə layiq olur.”

“Həmişə sizə tabe olan rəhbərlərə lazımi hörmət göstərin, onlara hörmət göstərməsəniz, onların tabeliyində olanlar da sizdən nümunə götürəcəklər.”

“Rəqiblərinizə də hörmət etməlisiniz. Əgər siz onların qabiliyyətini, təsirini və potensialını nəzərə almasanız, onlar sizin qarşınızda üstünlük əldə edəcəklər.”

 

Atilla rəhbərin zahiri görünüşü haqqında

“Başçı öz qıpçaqlarının hesabına geyinməməli və silahlanmamalıdır. Onun geyim və silahı adətlərin tələb etdiyi kimi, cüzi fərqlənməlidir. Onlar həm qiymətinə, həm də işlənməsinə görə həddən artıq seçilməməlidir.”

“Qəbul olunub ki, bayramlarda başçı özünün yaxşı xəzini və gözəl işlənmiş dəri paltarını geyinsin. Amma çox bahalı paltarla öz üstünlüyünü göstərmək yalnız toplaşanların nifrətinə səbəb olur, onları bayram əhvali-ruhiyyəsindən yayındırır.”

“Əgər başçının xarici görünüşündən nəciblik yağırsa, qıpçaqlar da, düşmənlər də ona nəcib insan kimi münasibət bəsləyəcəklər.”

 

Atilla düşmənin seçilməsi haqqında

“Bütün rəqiblərinizi düşmən hesab etməyin. Tayfa daxilində və ondan kənarda digərləri ilə qarşıdurma da çox faydalı və dostcasına ola bilər.”

“Əgər bir işi başqasına tapşırmısınızsa, onu öz əlinizə almayın, yoxsa işdən kənarlaşdırılmış, tabeliyinizdə olan adamı özünüzə düşmən edərsiniz.”

“Səbəb olmadan özünüzdən çıxmayın.”

“Böyük və ya kiçik olmasından asılı olmayaraq sabah sizə qarşı çıxış edəcək düşmənin gücünü qiymətləndirməmək olmaz.”

“Düşmənin zəifliyindən öz xeyrinizə istifadə etmək imkanını əldən verməyin. Digər tərəfdən, onun çox təhlükəli olduğunu bildikdə geri çəkilin və onu aradan qaldıra biləcəyiniz vaxt qayıdın.”

 

Atilla başçının vəzifələri haqqında

“Rəhbər tabeliyində olan komandirlər arasında əxlaq, düzlük və ədaləti sözlə yox, əməli ilə yayır. Sözün əməldən fərqlənməsi yolverilməzdir.”

“Rəhbər tabeliyindəkilərin, ona bərabər olanların və rəislərin yüksək qarşılıqlı inam ruhuna nail olmağa çalışmalıdır.”

“Rəhbər tabeliyindəkilərin təhsil və tərbiyə qazanmaq hesabına daim kamilləşməsinə nail olmalıdır.”

“Rəhbər tabeliyindəkilərin fərasət və ixtiraçılığını mükafatlandırmalıdır, belə ki, yalnız söylənilən keyfiyyətlər tayfanın və ya millətin işinin ziyanına istifadə olunmur.”

“Rəhbər öz qıpçaqlarına hər an nəzarət etməlidir ki, onlar məqsədsiz  dolaşmasınılar.”

“Başçı anlamalıdır ki, qanunun tələbi həmişə onun özündən yüksəkdir.”

 

Atilla qətiyyətin vacibliyi haqqında

“Müdrik başçı mahiyyətə varmadan heç vaxt qərar qəbul etmir. Qərar onu qəbul edənin şücaəti, ağılıdır.”

“Alternativ seçərkən müdrik başçı elə variant axtarır ki, onun nəticələri risk və məsrəflərdən çox olsun. Əsl başçı ümumi rifahın xeyrinə qərar qəbul edir.”

“Uğur qazanan başçıya gözüaçıqlıq, qətiyyət, enerji, aydın məqsəd, ehtiyatlardan ağıllı istifadə etmək və işə sadiqlik lazımdır.”

 

Atilla səlahiyyətlərin verilməsi məharəti haqqında

“Sizin şəxsi diqqətinizi tələb edən vəzifələri heç bir halda başqasına həvalə etməıyin.”

“Birbaşa başçının qayğısını tələb etməyən fəaliyyətləri qazanmaq olmaz.”

“Müdrik başçı xalqa xidmətini və qabiliyyətini yalnız səlahiyyətlərin verilməsi məharəti ilə genişləndirir.”

 

Atilla danışıqlar məharəti haqqında

“Bütün danışıqlarda mütləq diplomatik təşəbbüsü ələ alın. Bir an belə düşmənlə təmasdan ayrılmadan həmişə hücum edin ki, onu pis vəziyyətə salasınız və qalib gələ biləsiniz.”

“Danışıqlarda ciddi ölçülüb-biçilmiş riskə getmək lazımdır. Çalışın ki, bütün mümkün olan nəticələri qabaqcadan görə və arzuolunan nəticəni əldə edə biləsiniz.”

“Heç vaxt qorxutmağa çalışmayın.”

“Vaxtı diqqətlə izləyin. Danışıqlar anında rəqibin vəziyyətini başa düşərək cəlbedici alternativ təkliflər verin, yoxsa o sizin bütün təkliflərinizi rədd edəcək.”

“Danışıqlar zamanı öz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirin, yoxsa növbəti dəfə düşmən sizin sözünüzə inanmaz.”

 

Atilla uduzmağı bacarmaq haqqında

“Heç bir başçıya bütün döyüşləri udmaq nəsib olmayıb. O, tayfanı idarə etməkdə, yaxud döyüş meydanında, böyük və ya kiçik işlər görərkən daxili satqınlığa və itaətsizliyə qədər hər şeyə rast gəlir. Əgər uğuru asanlıqla qazanmısınızsa, məqsədinizin, həqiqətən də, yüksək olduğu haqqında yenidən düşünün.”

“Yadda saxlayın ki, sizə bərabər olanlar sizin ən rəşadətli zəfərlərinizə güləcəklər, çünki onlar sizin uğurlarınızdan hamıdan çox ziyan çəkir. Əgər sizin işiniz və ümidləriniz onlar üçün təhlükə yaratmırsa, deməli, sizin məqsədiniz, sadəcə diqqətə layiq deyil.”

“Özünüzün ruhi dözümlülüyünüzün bir hissəsini düşmənçilik vəziyyətlərinin sizdən bütün gücü son damlasına qədər tələb etdiyi şərait üçün qoruyub saxlayın. Əgər, hətta olduqca az geri çəkilmək və yenidən qruplaşma riski varsa, heç vaxt bütün  gücünüzü hücuma sərf etməyin.”

“Təəssüf, tonqal artıq sönür. Qoy iztirablarım sizə fayda versin. Mənim sirlərimə yiyələnməyiniz sabahkı uğurlarınız naminə ambisiyanızı azaldaraq geri çəkilmək və yenidən qruplaşmaq qətiyyətinizin alovuna yağ tökür. Çünki nə qədər ki, qıpçaqlar nəfəs alır, hələ hər şey bitməyib.”

 

Atilla şərəfli getmə haqqında

“Müdrik başçı vaxtının qurtardığı və hakimiyyət ixtiyarının yeni başçıya keçəcəyi qaçılmaz ana əvvəlcədən hazırlaşır. Tabelikdə olanların ürəyinə təhlükə hissi, yaxud inamsızlıq toxumu səpməmək və onların inamını itirməmək üçün bu hazırlığı ağılla və tələsmədən aparmaq lazımdır.”

“Şərəflidir ki, gedən başçı ona xidmət edənlərin hamısına təşəkkür etsin, onun güc və cəsarətini necə artırdıqlarını etiraf etsin.”

“Layiqdir ki, gedən başçı yeni başçının qıpçaqlara şərəflə xidmət etdiyinə və onların həyatını yaxşılaşdıracağına inamını söyləsin. Hətta simvolik olan belə inam ifadəsi qıpçaqları inamsızlıq və həyəcandan xilas edir.”

“Layiqdir ki, qıpçaqlar gedən başçıya onun xidmətlərini qiymətləndirdiklərini və ona minnətdar olduqlarını ifadə etməklə ehtiramlarını bildirsinlər.”

Doğrudan da, hələ 1500 il əvvəl deyilmiş bu ibrətamiz fikirlər dərs götürməyə, tətbiq olunmağa layiqdir. Tarix Atillanın bu ölməz fikirlərini dönə-dönə təsdiq etmişdir. Məhz bu baxımdan həmin kəlamları tarixin ibrət dərsləri adlandırmaq olar.

İnsan özündə mütamadi liderlik keyfiyyətlərini inkişaf etdirə bilər. Biz həmişə özümüzə baxmalı, fəlsəfi nöqteyi-nəzərdən güclü, psixoloji cəhətdən dözümlü və sosioloji baxımdan düşüncəli olmağın üsullarını tapmalıyıq.

Sabahkı gün üçün narahat olma, dünənki gün üçün təəssüflənmə, bu gün nəyi bacarırsansa onu et. Min kilometrlərlə yol birinci addımdan başlayır. Sizə, sadəcə düzgün istiqamət götürdüyünüzə inanmağınız qalır. Həyatda həmişə doğru istiqamət götürün və ilk addımı çəkinmədən atın. Həyatda hər kəsin uğur qazanmaq, özünə uyğun liderliyə ucalmaq şansı var. Şansınızı əldən buraxmayın. Həyatda uğur qazanmaq yolunda Allah yardımçınız olsun!

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-08-26   10167