NKPI

Interesting Informations

Şabran rayonu

 

Böyük Qafqazın şimal-şərqində yerləşən, şərqdən Xəzər dənizi ilə əhatə olunan Şabran rayonu 1930-cu ildə təşkil edilmiş, 1940-ci ilin fevral ayında onun ərazisinin bir hissəsində Siyəzən rayonu təşkil edilmiş və 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək yenidən ona birləşdirilmişdir (1992-ci ildən yenidən ayrılmışdır). 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Dəvəçi rayonunun Bakıdan məsafəsi 122 km, sahəsi 1090 km2-dir.

2010-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Bu vaxt Şabranın tarixi şəhər olduğu, V  əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülmüşdür.

Relyefi

Şabran rayonu Böyük Qafqazın şimal-şərqində yerləşir. Relyefi çox müxtəlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Səthi, əsasən, dağlıq olub Baş Qafqaz silsiləsinin cənub şərq qurtaracağı, Xəzəryanı ovalıq hissəsi (Samur-Dəvəçi ovalığı) ilə əhatə olunur. Ən aşağı hissəsi Xəzəryanı ovalıqda dəniz səviyyəsindən 28 m aşağı, ən yüksək hissəsi Dəhnə kəndindən cənubda Quytar dağıdır (1593 m). Ərazi neft-qaz (Zağlı-Zeyvə neft yataqları), çınqıl, qum, gil və digər faydalı qazıntılar ilə zəngindir. Rayonda, həmçinin palçıq vulkanları var.

Coğrafi mövqeyi

Şabran (Dəvəçi) rayonu Bakıdan şimalda Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Quba, Xaçmaz və Siyəzən rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu, Bakı-Rostov avtomobil yolu, Bakı-Novorosiysk neft kəməri, Samur-Abşeron kanalı, 1914-cü və Sovet dövründə çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir.

Geoloji quruluşu

Rayonun dağlıq hissələrində Tabaşir, Paleogen və Neogen, ovalıqda Antropogen çöküntüləri yayılmışdır. Ərazi neft, qaz, çınqıl, qum, gil və digər faydalı qazıntı yataqları ilə zəngindir. Müalicə əhəmiyyətli mineral suları, Qalaaltı sanatoriyası, Xaltan istisuyu əhali tərəfindən müxtəlif daxili xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Çayları və su hövzələri

Əsas çayları Vəlvələ, Gilgil, Dəvəçi, Şabran çaylarıdır. Gilgilçayın mənbəyi Gülüm-dostu (2713 m) dağında yerləşir. Dəvəçiçayın mənbəyi Gümyurddağda (1530 m) yerləşir. Şabrançayın mənbəyi Yan silsilənin Klit dağının şərq yamacından (1680 m) yaranır. Vəlvələçayın mənbəyi Babadağın yamaclarında (2920 m) yerləşir.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi ovalıq və dağətəyi yerlərdə mülayim-isti, quraq-subtropik, dağlıq yerlərdə isə mülayim-soyuqdur. Yayı quraq keçməklə illik yağıntının miqdarı 300-600 mm-dir. Dağlıq sahədə qəhvəyi dağ-meşə, dağ şabalıdı, açıq-şabalıdı, ovalıqda şorakətvari, boz qonur və s. torpaqlar vardır. Dəniz sahilində qumluqlar yayılmışdır.

Əsas bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, yovşanlı şoran otlu yarımsəhralardan, dağlıq sahələrdə isə meşəliklərdən ibarətdir.

Rayonun dağlıq əraziləri geniş meşə sahələrinə malikdir. Burada, əsasən, palıd, şərq fıstığı, vələs, göyrüş, ağcaqayın, ardıc cinslərinə aid ağaclara rast gəlinir. Müşayiətedici ağac-kol cinslərindən alma, armud, itburnu, əzgil və s. növlərə rast gəlinir.

Dənizə doğru ərazilər üçün tək-tək söyüdyarpaq armud ağaclarından ibarət geniş çəmənliklər xarakterikdir. Sahilə yaxınlaşdıqca ağac-kollar öz yerini yüksəkboylu ot bitkilərinə verir.

Tarixi

Ptolomey (II əsr) bu şəhərin adını Sapothrenae kimi çəkir. Mənbələrə görə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur. Şəbəran (Şaburan) vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) şəhərinin qalıqları və xarabalıqları Şahnəzərli kəndinin yaxınlığında, Padar-Şəbran kəndi yaxınlığında aşkar edilmişdir. Burada gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edir.

Əhalisi

Burada azərbaycanlılar əksəriyyət (96%) təşkil edir. Sayca ikinci yerdə tatlar üstünlük təşkil edir. Digər xalqların nümayəndələri ləzgilər, türklər, ruslar yaşayır.

Geoloji təbiət abidələri

Ərazinin ən gözəl geoloji təbiət abidələri buradakı palçıq vulkanlarıdır. Nohurlar kəndi yaxınlığında dəniz səviyyəsindən 1000 m yüksəklikdə dağ gölləri yerləşir.

Çempion ağacları

Şabran rayonu qocaman ağac abidələri ilə zəngindir. Şərq çinarı, lberiya palıdı, Ağayarpaq qovaq və s.

Arxeoloji abidələr

Aygünlü kəndi yaxınlığında erkən Tünc Dövrünə aid Çaqqallıtəpə yaşayış yeri. Baş Əmirxanlı kəndi yaxınlığında erkən Dəmir Dövrünə aid Ağmul yaşayış yeri. Gəndob kəndi yaxınlığında orta əsrlərə aid Almastəpə, Gülüstantəpə yaşayış yerləri. Şabran şəhəri yaxınlığında Orta əsrlərə aid Rustəpə yaşayış yeri. Gəndob kəndi yaxınlığında Orta Əsrlərə aid Gülüstantəpə və Kömürtəpə yaşayış yerləri.

Tarixi-mədəni abidələr

Qalaaltı kəndi yaxınlığında, ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş Cıraqqala qalası (V-VI əsrlər). Qala müdafiə xarakterli olmuşdur. Qalanın divarları və 12 yarımdairəvi bürcləri daşdan tikilmiş, baş bürcə kərpicdən üzlük çəkilmişdir. Düşmənin yaxınlaşdığını xəbər vermək üçün qalanın baş bürcünün üstündə tonqal yandırılırmış. “Çıraqqala” adı buradan yaranmışdır. Şahnəzərli kəndi yaxınlığında Orta Əsrlərə aid Şabran şəhəri. Aygünlü, Gilvar, Ləcədi, Baş Əmirxanlı, Zeyvə kəndlərində XIX əsrə aid məscid.

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-29   37572