NKPI

Интересные Факты

Siyəzən rayonu

 

Siyəzən rayonu 1940-cı ildə təşkil olunmuşdur. Rayon, 1959-cu ildə ləğv edilərək yenidən Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmiş, 1992-ci ildə yenidən müstəqil rayon olmuşdur.

Relyefi

Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqazın şimal-şərqində, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur - Dəvəçi ovalığında yerləşir.

Geoloji quruluşu

Rayon ərazisinin geoloji quruluşu Paleogen – Neogen və onun üzərində olan Üst-Tabaşir çöküntülərindən ibarətdir.

Çayları və su hövzələri

Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülümdostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır. Gilgilçay daşqın rejimli çaydır. Əsas qida mənbəyi yağış suları (75%) və yeraltı sulardır (15%). Hövzəsində isti və soyuq mineral bulaqlar var. Ataçayın mənbəyi Dübrar dağından (2205 m) şərqdə 1870 m yüksəklikdə yerləşir. Ataçay daşqın rejimli çaydır. Əsas qida mənbəyini yağış suları (74%), qar suları (18%), yeraltı sular (8%) təşkil edir.

Landşaftları və bioloji müxtəlifliyi

Buranın yayı çox isti olur. Landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Siyəzən kükürdlü su bulaqları, neft və qaz yataqları ilə məşhurdur. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz - çəmən şabalıdı-qəhvəyi torpaqlar yerləşməklə meşə - çəmən landşaftı xarakterikdir. Altıqğac Milli Parkının bir hissəsi bu əraziyə düşür. Rayonun dağlıq əraziləri geniş meşə sahələrinə malikdir. Burada, əsasən, palıd, vələs, göyrüş, ağcaqayın cinslərinə aid ağaclara rast gəlinir. Müşayiətedici ağac - kol cinslərindən alma, armud, itburnu, əzgil və s. Növlərə rast gəlinir. Alçaq dağlığın arıd meşələri seyrək şəkildə yemişan, ardıc, saqqızağac, söyüdyarpaq armud, qaratikan, dovşanalması kimi ağac - kollardan ibarətdir. Dənizə doğru ərazilər üçün tək-tək söyüdyarpaq armud ağaclarından ibarət geniş çəmənliklər xarakterikdir. Nadir növlərdən şoranyer qarğasoğanı, ilankölgəsi, adi nar. Sahilə yaxınlaşdıqca ağac-kollar öz yerini yüksəkboylu ot bitkilərinə verir. Yalnız rütubət və mineralların toplaşdığı qayalıqlarda nar, əncir, hamar dağdağan, xırdameyvə albalıya rast gəlinir.

Meşələrdə ayı, canavar, çaqqal, tülkü, qaban və s. məməli heyvanlara rast gəlinir.

Tarixi

“Siyəzən” sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində “qara torpaq”, digərlərinə görə isə hələ qədimdən burada çıxan neftlə əlaqədar “qara su” deməkdir.

Əhalisi

Milli tərkibinə görə əhali, əsasən, azərbaycanlılardan ibarətdir. Həmçinin rayonda ləzgilər, ruslar, türklər, ukraynalılar, tatlar və digər millətin nümayəndələri də yaşayır.

Geoloji təbiət abidələri

Ərazinin ən möhtəşəm geoloji təbiət abidəsi Beşbarmaq dağıdır. Dib kəndində Daş mağara karst mağarası.

Çempion ağaclar

Siyən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsi Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır.

Arxeoloji abidələri

Siyəzən şəhəri yaxınlığında Tunc Dövrünə aid nekropol.

Tarixi-mədəni abidələri

Siyəzən rayonu ərazisi dünya və regional əhəmiyyətli tarixi-mədəni və irsi abidələrlə zəngindir. “Beşbarmaq” müdafiə səddi (VI - VII əsrlər). İstehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m aralı iki divardan ibarət olmuşdur.

Qalaaltı kəndi ərazisinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində Sasanilər dövrünün V - VI əsrlərində tikilmiş Çıraqqala və Gilgilçay səddi          (III - VII əsrlər).

Gilgilçay səddi - müdafiə istehkamlar kompleksi (VI əsr). Böyük Çin səddindən sonra dünyada ikinci ən böyük səddir.

Gilgilçay qəsəbəsində şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi (XVII əsr). Sədan kəndi yaxınlığında dağın zirvəsində orta əsrlərə aid Sədan qalası qalıqları. Siyəzən şəhərinin şimal hissəsində orta əsrlərə aid Şəhərgah yaşayış yeri. Zarat kəndinin yaxınlığında Su ovdanı (1906). Gilgilçay stansiyasında Dəmiryol vağzalı (1898). Zarat satnsiyasında Dəmiryol vağzalı, Qızılburun stansiyasında Dəmiryol vağzalı və Qızılburun stansiyasının su anbarı (1913).

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-30   37005