NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasovun çap olunmamış aforizmləri və məsləhətləri

1. Ata qarğışı ana qarğışından daha təsirlidir, çünki ana balasına ürəkdən qarğış edə bilmir. Çalışın ki, ata qarğışınız olmasın. 

٭٭ ٭

2. Başqalarına rişxənd etmə, əgər etmək istəsən, əvvəlcə öz daxili güzgünə bax, sonra qərar ver.

٭٭ ٭

3. Əl tutan ol, əl alan yox, bunlar fərqli şeylərdir.

٭٭ ٭

4. Tarazlıq yaşamın ən optimal vəziyyətidir. Odur ki, heç nəyin pərsəngini pozmayın.

٭٭ ٭

5. Yaxşı valideynlərin ruhları da övladları çox bəlalardan hifz edir. Odur ki, yaxşı valideyn olun ki, gələcəkdə ruhlarınız balalarınızı hifz etsin.

٭٭ ٭

6. Övlad valideynlərin dialektik inkarıdır, yaşada bilən inkardır, odur ki, ailə qurun, övlad sahibi olun, belə inkar olunaraq yaşayın.

٭٭ ٭

7. Sevgi həyat deməkdir, yaşanılması istənilən həyat deməkdir, bu səbəbdən həmişə sevən olun.

٭٭ ٭

8. Şəhvət hissi tez sönər, həqiqi sevgi isə heç vaxt sönməz.

٭٭ ٭

9. Hər birimizin həyatında ən böyük haqqı olanlar sırasında müəllimin – öyrədənin yeri müqəddəs olduğunu bilin. O olmasa öyrənməzsiniz, öyrənməsəniz dərk etməzsiniz, dərk etməsəniz yaşamınız əzablı və mənasız olar. Bu haqqı heç vaxt unutmayın.

٭٭ ٭

10. İnsan həm özü, həm də başqaları üçün yaşayanda dəyərli olur. Çünki, adam insanlar arasında olduğu səbəbindən insan adına layiqdir. Əgər belədirsə, səni insan edən toplum üçün yararlı olmaq sənin ən müqəddəs borcundur.

٭٭ ٭

11. Misir fironu Kleopatranın məqbərəsindəki zinət əşyalarını qeydiyyata almaq üçün tam beş il lazım olub. Amma, insanlar hər zaman onun şəxsiyyətindən, yaşam tərzindən, həyatının acı və şirin anlarından danışır. Bu həqiqəti heç vaxt unutmayın.

٭٭ ٭

12. Qorxmazlıq, fədakarlıq, qətiyyətlik və məqsəd aydınlığı rəhbərin ən vacib məziyyətidir. Ailə rəhbəri üçün də bu məntiq keçərlidir.

٭٭ ٭

13. Xırda ağrılar böyük bəlaların ilk xəbərçisidir, onu yaradan səbəbləri ləngimədən müəyyənləşdirin və aradan qaldırın.

٭٭ ٭

14. Əsgər sevgisi vətən sevgisi qədər dəyərlidir, axı o, insana ən dəyərli olanı hifz edir.

٭٭ ٭

15. Özünüz üçün yox, digər insanlar üçün yazın. Onda yazdıqlarınız daha zəngin və daha faydalı olar.

٭٭ ٭

16. Heraklitin “Axar suya eyni yerdən iki dəfə girmək olmaz” ifadəsini unutmayın, axar suda su eyni yerdə qalmadığı kimi zaman da sizi gözləmir, o da öz axarındadır.

٭٭ ٭

17. İradəli olmaq istəyə nail olmaq üçün vacib olanların yarısına sahib olmaq deməkdir.

٭٭ ٭

18. “Bir daş altda, bir daş üstdə” ifadəsi hansısa varlığı əzmək mənasına deyilməyib, sirr saxlamaq üçün deyilib.

٭٭ ٭

19. Harasa hoppanmamışdan əvvəl hoppanacağınız yerin xüsusiyyətlərini nəzərə alın, əks halda həyatınızdan ola bilərsiniz.

٭٭ ٭

20. İnsanların qarşısında yox, vicdan qarşısında and içmək ən böyük insanı keyfiyyətidir.

٭٭ ٭

21. Eyni səhvi iki dəfə təkrar etmək dünyanı yaxşı dərk etməməyin sübutu deməkdir.

٭٭ ٭

22. Elə yaşa ki, adın gələndə həm cisminə, həm də ruhuna hörmət etsinlər.

٭٭ ٭

23. Məzarıstanda olarkən orada uyuyan pis insan haqqında da xoş olmayan söz demə. Çünki, dediyin sözün nəyisə düzəltmək üçün faydası yoxdur.

٭٭ ٭

24. Fikirlərin müharibəsindənsə onların bərabər hüquqlu mübadiləsi daha faydalıdır, həm söyləyənlər üçün, həm də cəmiyyət üçün.

٭٭ ٭

25. “Başqaları nə deyər” məntiqi ilə yaşamayın, həyat sizindir, onun məqsədini özünüz müəyyən edin, məqsədə çatmaq ideyasını həyata keçirmək üçün tarixi təcrübəyə əsaslanan plan qurun və onu ardıcıl həyata keçirdin.

٭٭ ٭

26. Unutmayın ki, vəzifə hər şeydən əvvəl məsuliyyətdir.Əks halda təkcə vəzifənizdən yox, həm də gələcəyinizdən olarsınız.

٭٭ ٭

27. Sənət zirvəsi dağ zirvəsi kimi əbədi olmur. Bu zirvəni yaradan da, yaşadan da sənətkar özüdür. Zirvənin uzun ömürlüyü və heyran ediciliyi sənətkarın yorulmaz və fasiləsiz fəaliyyətindən asılı olaraq müəyyənləşir.

٭٭ ٭

28. Elmi ideyanı irəli sürərkən elə ideya təklif edin ki, ən çoxu altı ilə həlli mümkün olsun.Əks halda ideya köhnələr və mənasını itirər.

٭٭ ٭

29. Uşaqları dinləmək mədəniyyəti sabahı yaratmaq yolunda ən vacib şərtdir. Axı gələcək bu günkü uşaqlarındır.

٭٭ ٭

30. Başqalarını tənbeh özünü tənbehdən asandır, amma, ikincinin faydası birincidən daha çoxdur.

٭٭ ٭

31. Xalqın tarixinə aid başqasının bu gün yazdığı və az təsirli saydığınız bir yanlış məlumat gələcəkdə xalq üçün böyük təhlükə mənbəyi ola biləcəyini unutmayın.

٭٭ ٭

32. Şərəf pul ilə alınmır, var-dövlət sayəsində əldə olunmur. Şərəf insanın yaşam tərzi, davranışı, əməlləri, xalqına və dövlətinə sevgisi ilə qazanılır.

٭٭ ٭

33. İnsan var qırxında qocadır, insan var atmışında cavandır. Bunun səbəbkarı insan özüdür. Odur ki, atmışda da cavan olmaq öz əlinizdə olduğunu unutmayın. Eyni zamanda buna nail olmaq üçün vacib olanları nəzərə alaraq yaşayın.

٭٭ ٭

34. Həmişə şirin şeylər yemək istəyində olmayın, acıların da faydası var. Axı həyat da həm acılı, həm də şirinlidir. Mütləq şirin və ya mütləq acı həyat yoxdur.

٭٭ ٭

35. Düşmənin səni tərifi sənə sevgidən deyil, sənin ehtiyatlılığını əlindən almaq üçündür. Ehtiyatlılığı əldən verdinsə, uduzmağın qaçılmazdır.

٭٭ ٭

36. Qaydasız savaşda da müəyyən qaydalılıq var. Həyat savaşında isə heç bir qaydalılıq yoxdur. Odur ki, bu savaş üçün həm fiziki gücünüzü, həm ağlınızı yetərincə hazırlayın. Əgər dostlarınız yoxdursa, bunların da yetərli olmadığını nəzərə alın.

٭٭ ٭

37. Həyat yolu qum fırtınaları ilə dolu səhra kimidir, bələdçisiz bu yolu keçmək çətindir. Bələdçi isə müdrik kəlamlar, öyrədənlər, bu yolu keçmiş təcrübəlilərdir.

٭٭ ٭

38. Həqiqətən inansanız, ümid etsəniz və sevsəniz həyat uğurlarınız çox olar.

٭٭ ٭

39. Dosta  xəyanət özünə xəyanət, düşmənə xidmətdir.

٭٭ ٭

40. Dostun acı iradı düşmənin bal kimi tərifindən daha yaxşıdır. Düşmən tərifi səni məglub etmək üçün xüsusi hiyləgərliklə gizlədilmiş tələdir. Heç vaxt bu tələyə düşmə.

٭٭ ٭

41. İt qaçan adamın üzərinə hücum edir, o, adamın qorxudan qaçdığını hiss edir. Qorxu isə zəiflik əlamətidir. İt də məhz bunu hiss edərək hücum edir.

٭٭ ٭

42. İlanın quyruğundan yox, başından tutarlar ki, sancmaq imkanı olmasın. Ağıllı adam ilanın quyruğunu kəsib onu hirsləndirmir, başını əzir ki, ziyan vermək imkanı qalmasın.

٭٭ ٭

43. Başsız bədən, bədənsiz baş mənasız olduğunu unutmayın. Bədəndə lazımsız heç nə yoxdur. Odur ki, bütövlükdə bədəninizin qeydinə qalın. Əks halda ən dəyərli hesab etdiyiniz başınızı da, həyatınızı da itirərsiniz.

٭٭ ٭

44. Gülərüz olun, diş ağardan yox. Gülməyi bacarmaq özü böyük mədəniyyətdir. Yalandan gülmək özünü güldürməkdir.

٭٭ ٭

45. Zirvəyə qalxarkən geri qayıdacağın yolu yadında yaxşı saxla ki, uçuruma getməyəsən.

٭٭ ٭

46. Həyat zarafatı sevmir, o, ilahi tərəfindən verilmiş yeganə şansdır, dəyərləndirməsən tez sona çatar.

٭٭ ٭

47. Çörək ən müqəddəs nemətdir, onu əməyinlə qazanmalısan, əl açıb yardım kimi istəsən onun müqəddəsliyi itər.

٭٭ ٭

48. Çörək müqəddəsliyi unudulan evdən xeyir-bərəkət yox olar.

٭٭ ٭

49. Məktəb ilk növbədə tərbiyə vermək üçündür, sonra öyrətmək üçün. Çünki, şəxsiyyətin inkişafında tərbiyənin rolu əvəzsizdir.

٭٭ ٭

50. Uşaqlara örnək kimi ilk növbədə öz xalqının müdrikləri, dahiləri, tarixi şəxsiyyətləri tanıdılmalıdır. Əks halda onun xalqına sevgisi arzuolunan səviyyədə olmaz.

٭٭ ٭

51. Keyfiyyət kəmiyyətdən daha vacibdir, az olsa da keyfiyyətli olan daha dəyərli olur.

٭٭ ٭

52. Dəniz ciddi adamları sevir, qeyri-ciddiləri yox. Dənizdə batan varsa, günah dənizdə deyil, onun ciddiliyini bilməyib batandadır.

٭٭ ٭

53. Sanmayın ki, dəniz böyük olduğundan ona tökdüyünüz çirki tez yox edər, onu çirkləndirsəniz təkcə özünüzə yox, minlərlə insana pislik etmiş olarsınız.

٭٭ ٭

54. Savadı təsdiq edən sənədi olmayan dahilər axtarsanız Aşıq Ələsgərin, Dədə Şəmşirin yazdıqlarını oxumağınız yetərlidir.

٭٭ ٭

55. Aristokrat görünmək xatirinə dilinizi yad sözlərlə çirkləndirməyin, əks halda onu təmizləmək üçün yüz illər lazım olar.

٭٭ ٭

56. Dil xalqın söz heykəlidir, xalqını sevən onu qorumalıdır.

٭٭ ٭

57. Özünü dəyişmədən başqasını dəyişməyə cəhd faydasız itirilən enerji və zamandır.

٭٭ ٭

58. Təkcə görən gözlərin yox, həm də bəsirət gözlərin açıq olsun, onda qərarlarında yanılmarsan.

٭٭ ٭

59. Tək icra etdiyin işin nəticəsi haqqında danışarkən də “mən” etdim demə, “biz” etdik de. Çünki işin icrasında istifadə etdiklərində başqalarının zəhməti böyükdür.

٭٭ ٭

60. İsmət təkcə qadın üçün yox, kişi üçün də vacibdir.

٭٭ ٭

61. Qadını təhqir insanlığı təhqirdir, keçmişi, bu günü, sabahı təhqirdir.

٭٭ ٭

62. Qadın sevilmək, əzizlənmək, qorunmaq üçün yaranıb, əzab çəkmək üçün yox.

٭٭ ٭

63. Boşanmaq cismani ayrılığı təmin edir, namusu boşamaq mümkün deyil.

٭٭ ٭

64. Qadın səsi həyat nəğməsi. Bu nəğmə eşidilməyən ən gözəl saraylar da xarabazardan dəyərsizdir.

٭٭ ٭

65. Poeziya həzin musiqi kimidir, qulaq asanda ruh dincəlir.

٭٭ ٭

66. Elə şair var ki, onun yazdıqlarını oxuduqca sözlərin aid olduqları nə varsa həm xarici görünüşü, həm də məxsusi keyfiyyətləri ilə göz önündə canlanır.

٭٭ ٭

67. Şairlik sonradan qazanılan olmaz, o, allahın bəxş etdiyi istedaddır.

٭٭ ٭

68. Heç kəsin özünə şair deməyi doğru deyil. Görünən dağa nə bələdçi? Şair olanı xalq tanıyır, o adı xalqdan alan insan xoşbəxtdir.

٭٭ ٭

69. Şairliyin təsdiqi yazıçılar birliyinin vəsiqəsi yox, şairin yazdıqlarına oxucu sevgisidir.

٭٭ ٭

70. Hər bir insan öz fikirlərini ifadə formasını seçməkdə azaddır, amma, şer yazsa da özünə şair adı verməyə haqqı yoxdur. Yazdığı sözlərin onu ucaltmaq haqqı var.

٭٭ ٭

71.  Şerin təsir gücünü artıran bir faktor da onun ifadə tərzidir. Şeri sevməyənlərə, onu duya bilməyənlərə və yaxşı ifadə edə bilməyənlərə sizin iştirakınız olduğu yerdə şerinizi oxumağa izin verməyin.

٭٭ ٭

72. Böyük qardaş ata, böyük bacı ana əvəzidir. Bu haqqı və məsuliyyəti zamanında bilmək atasız və anasız zamanlarda ailənin idarə olunması üçün olduqca vacibdir.

٭٭ ٭

73. Xalqın dəyərli insanlarını aşağılamaq yox, hətta bu haqda düşünməyin özü bağışlanmaz günahdır.

٭٭ ٭

74. Nəvə sevgisinin həqiqi ölçüsünü bilmək üçün baba olmaq gərəkdir.

٭٭ ٭

75. “Dünyanın vətəndaşı” statusunu qazanmış və qlobal mədəniyyətin yaranmasında, zənginləşməsində əvəzsiz xidmətləri olan dahilərimizi tanıyın, sevin, gənc nəslə tanıdın. Onlar xalqımızı ucaldan insanlardır. Mənim uca zirvə saydıqlarımı siz də tanıyırsınız. Yenə də xatırlatmağı lazım bildim:

Söz allahı Nizami Gəncəvi, qəzəl allahı Məhəmməd Füzuli, haqq allahı İmadəddin Nəsimi, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyli, dil yolunda şəhid olmuş Hüseyin Cavid, Azərbaycan elminin bənzərsiz zirvəsi Yusif Məmmədəliyev, Turan dünyasının liderliyinin qoşa zirvələrindən biri olan dahi və müdrik Heydər Əliyev.

٭٭ ٭

76. Dünyanın sənətkarlıq zirvələri sırasında öz layiqli yeri olan sənətçilərimizi mən belə qəbul etdim: mayestro Niyazi, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Müslüm Moqamayev, Zeynəb Xanlarova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Habil Əliyev, Ramiz Quliyev......

٭٭ ٭

77. Dünya musiqi tarixinə adları qızıl həriflərlə yazılmış dahi bəstəkarlarımız: Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova......

٭٭ ٭

78. Saz aləti mənəvi dünyamızın səslə ifadəsini ən ali səviyyədə təmin edən milli musiqi aləti olduğunu unutmayın. Saz olan evdən xeyir-bərəkət əskik olmaz.

٭٭ ٭

79. Aşıq dünyası bənzərsiz bir dünyadır, bu dünyanı sevmədən azərbaycanlıyam demək ən azı özünü aldatmaq deməkdir.

٭٭ ٭

80. İyirminci əsrdə Azərbaycanın ən böyük aşıq-şairi olmuş Dədə Şəmşiri dinlədim, sazının bənzərsiz səsinə qulaq asdım, 50 il öncə o sözlərin və səsin sehrinə düşdüm. Bu günə qədər də sehrə düşən ruhum onlardan ayrılmayıb.

٭٭ ٭

81.  Dünyanın mövcud olan on bir iqlimindən doqquzunu ölkəmizə, xalqımıza bəxş etmiş böyük Allah təkcə bu ənamına görə də sevilməlidir. Allah sevginiz əbədi və tükənməz olsun.

٭٭ ٭

82. Yeməli qanqal qartımadan yeyildiyi halda meyvələr tam yetişdikləri halda yeyiləndə dadlı olur. Bu məlumatda dərində gizlənən məlumatlar var. Biliksiz və duyğusuz bu mənaları dərk etmək çətindir.

٭٭ ٭

83. Ətirsiz qızıl gül süni güldən də dəyərsizdir. Çünki, onu yetişdirənlər təbiəti aldadıblar. Bu, süniliyin ən xoşagəlməz nümunəsidir. Güllər təkcə zahiri gözəlliyi ilə yox, ətiri ilə birlikdə sevilir.

٭٭ ٭

84. Bal arısı da, eşşək arısı da insanı sancır. Amma heç kəs onu sancan bal arısını nə söymək, nə də öldürmək istəyində olmur. Çünki, bal arısı bəşəriyyətin ən bənzərsiz, əvəzsiz (əlbəttə ki, ana südü müstəsna olmaqla) qidası olan balı yaradandır. Eşşək arısı isə yalnız pislik edəndir, əzab verəndir.

٭٭ ٭

85. Yalnız bir halda yalan danışmaq olar. Həqiqəti sübut etmək üçün bütün vasitələr tükəndikdə onu sübut etmək üçün istifadə olunan yalan.

٭٭ ٭

86. Evinizi tikdirərkən diqqətli olun. Bəzək adı altında yad simvolların yerləşdirilməsinə izin verməyin. Bu təkcə sizin nəsliniz üçün yox, xalqın gələcəyi üçün də çətinliklər yarada bilər.

٭٭ ٭

87. Valideynlər övladların olduğu mühitdə münaqişə yaratdıqda, bir-birinin heysiyyətinə toxunduqda valideynlərin qıcıqlanmış səsindən uşaqlar qorxur və onlarda belə bir gizli inam formalaşır ki, bu ailə mühiti təhlükəlidir və hər zaman bu mühitdən qorunmaq lazım olduğunu düşünür. Bu isə uşaqda ailəyə gələcəkdə reallaşdıracağı nifrəti formalaşdırır.

٭٭ ٭

88. Uşaq yaşından asılı olmayaraq Şəxsiyyətdir. Onun maraqlarını və istəklərini boğmaq olmaz. Elə incə üsul tapmaq lazımdır ki, uşaq səhvini başa düşsün.

٭٭ ٭

89. Hər bir insan öz fikirləri və hərəkətləri ilə yaratdığı həyatı yaşayır. Əgər həyatınız xoşunuza gəlmirsə, günahı özünüzdə axtarın.

٭٭ ٭

90. Uşaqların gözü qarşısında heyvan kəsmək uşaqlarda qəddarlığın formalaşmasına xidmət edən hərəkətdir. Odur ki, belə etməyin.

٭٭ ٭

91. Ömür qatar kimidir, zamanında layiqli yerini tutmasan və sonuncu vaqona otursan, son mənzilə qədər əzab çəkəcəksən.

٭٭ ٭

92. Sənin məqsədlərinin dolu olduğu qatara minə bilmədinsə, həyatından yalnız gedən qatarı izləmək qalar.

٭٭ ٭

93. Təmiz çaylarda və göllərdə olan su şəffaf və rəngsiz olur, şəlalədə isə bəyazlıq əldə edir. Bu suyun şəlalədən aldığı enerjinin təsirindəndir. Bəyazlığı yaradan şəlalə su birliyidir.

٭٭ ٭

94. Qartal olun, sar yox, axı ən möhtəşəm zirvə də sarı sevdirə bilmir.

٭٭ ٭

95. Uşaqlar tükənməz enerjiyə malik zərrəciklər birliyi dünyasıdır. İmkan yaradın ki, usaq dünyasının enerjisi həm özünə, həm də bəşəriyyətə fayda versin.

٭٭ ٭

96. Dumanlı havanın fasadlarına dözmək olar, dumanlı beyinin yox.

٭٭ ٭

97. Ürəyiniz sevgi eviniz olsun, nifrət mənbəyi yox.

٭٭ ٭

98. Alim adı şərəfli addır, onu şərəflə daşıya bilməyən elmə gəlməməlidir.

٭٭ ٭

99. Mənim akademik ucalığım mənə yazmağı öyrədən ibtidai sinif müəllimimdən başladığı üçün müəllimim həmişə məndən ucadır.

٭٭ ٭

100. Müəllim sözü önündə pis ifadəsini işlətmək bağışlanmaz günahdır. Müəllim, yaxşı müəllim və ən yaxşı müəllim var. Həqiqət budur. Bu həqiqəti unutmayın.

٭٭ ٭

101. Sənə edilən pislikləri unutmaq rahatlığını təmin edəcək, edilən yaxşılıqları yadda saxlamağın öz dəyərini bilməkdə sənə kömək edəcək.

٭٭ ٭

102. Şagirdini və ya tələbəsini öz övladı kimi sevən müəllim onlar tərəfindən layiq olduğu kimi sevilir.

٭٭ ٭

103. Şagirdlərin və ya övladların qarşısında səliqəsiz geyimlə səliqəliliyin vacibliyindən danışanın dediklərinə uşaqların inamı olmur. Səliqəlilikdən danışan adam səliqəlilik nümunəsi olmalıdır.

٭٭ ٭

104. Ağzı pis sözlərə öyrənmiş insanın təmiz ruhu və qəlbi olmur.

٭٭ ٭

105. Bayquş xislətlilərlə dostluq etməyin, xarabalıq sevən olarsınız.

٭٭ ٭

106. Həyatınızı boşuna verib ölüm qabağı aman istəməyin. Ya mənalı yaşayın ki, ölüm də sizi qorxutmasın. Ya da əks halda ölümü şərəflə qəbul edin ki, o dünyaya gedərkən tanıyanlarınız qarşısında alçalmış görünməyəsiniz.

٭٭ ٭

107. Vicdansız adama insan demək doğru deyil, çünki, insan yeganə canlıdır ki, vicdanın səsi onun daxili hakimidir.

٭٭ ٭

108. Əsil insan üçün əsas keyfiyyətlər vicdan, namus, şərəf və ləyaqətdir.

٭٭ ٭

109. Sənə ehtiramla yanaşanı kiçiltmə, o, böyüklüyündən sənə ehtiram edir.

٭٭ ٭

110. Bəzi insanların ünvanına təhqir edici ifadələr işlətdikdə bir çoxunuz “it kimi....” ifadəsini işlədirsiniz. Bu yanlışdır. Öz sədaqəti ilə çox insanlardan ucada olan itlər olub və var. Nəzərə alın ki, hər səhər işə gətirib, günorta saat üçdə professor sahibini universitet qarşısında gözləyən itin sahibi universitetdə qəflətən vəfat etdikdən sonra it 11 il hər gün eyni vaxtda eyni yerə gəlib   sahibini gözləyib.

Səyahət zamanı təsadüfən itmiş it 6 ay müddətində 4 min kilometr qət edərək öz sahibinə qovuşub.

Bu məlumatları başqalarının çiynində məzara gedən ata və ananın övladının 3-5 gün sonra gəlməsi və bir həftədən sonra da başqa ölkəyə qayıtması ilə müqayisə edin. Bir tərəfdə dünyanın əşrəfi sayılan insanın sədaqətsizliyi, bir tərəfdə it adı ilə təhqir olunan heyvanın insana sədaqətliliyi. İt qədər sədaqəti olmayana insan deməyin. Günahdır. Bu günahlar artdıqca dünyanın pərsəngi pozulur, ailə dəyərləri itir, cəmiyyətlərin idarə olunması çətinləşir, övlad istəməyənlərin sayı çoxalır. Nə qədər gec deyil hətta heyvanlardan ibrət götürülməlidir.

٭٭ ٭

111. Ana südü müqəddəs, əvəzsiz qidadır, onu digər canlıların südü ilə hətta müqayisə etməniz günahdır. Bütün həyatınız bu müqəddəs qidaya bağlıdır. Qidanı sizə bəxş edən ana müqəddəsliyini unutmayın, ananı Allah qədər sevin, onu qoruyun. O sizə həyat verəndir, dil öyrədəndir, sizi canından çox sevəndir, bütün həyatınız boyu sizə alqış edəndir. Unutdunuzsa vay halınıza.

٭٭ ٭

112. Bağınızdan bülbül, qaranquş, səsinin kəsilməsini istəmirsinizsə, onların yuvalarını dağıtmayın. Ümumiyyətcə yuva dağıdan olmayın.

٭٭ ٭

113. Elm dəryadır, sərhədləri görünməyən, dərinliyi bilinməyən, suları çirk götürməyən, cəsarəti, qabiliyyəti olmayanları sevməyən, sınağa çəkməkdə bənzəri olmayan. Elmə gəlmək istəyənlər bunları nəzərə almalıdır.

٭٭ ٭

114. Həqiqi alim heç vaxt tapdanmış yolla getmir, özü özünə elm yolu açır, bu yolun bənzərsizliyi, qeyri adiliyi, riskliliyi və nəhayətdə uğurluluq səviyyəsi alimə şərəf gətirir. Bu şərəf yox olan deyil, köhnələn deyil, tarixdən silinən deyil.

٭٭ ٭

115. Azərbaycanın şərəfli elm tarixini öyrənmədən azərbaycanlı alim adını daşımaq qəbahətdir.

٭٭ ٭

116. Müəllim öyrədən deyil, öyrənməyi öyrədəndir, müəllim öyrənməkdə yol yoldaşı deyil, öyrənmək yoluna nur saçandır. Müəllim təkcə öyrənməyi öyrədən, nur saçan deyil, həm də tərbiyə nümunəsidir, tərbiyə verəndir. Odur ki, müəllim sevən olun.

٭٭ ٭

117. Nəvələrin gülən gözləri, baldan şirin sözləri, baba-nəvəni sevələməsi, baba və nəvənin can və ruh məlhəmidir, qocalığı unutdurandır. Bu anları yaşayanlar dünyanın xoşbəxti olurlar.

٭٭ ٭

118. Ulduzlar ola bilsin ki, günəşdən də möhtəşəmdi, enerjilidi, nur verəndi, ama biz onların nə hərarətindən, nə də nurundan faydalana bilmədiyimizdən sevdiyimiz günəş, hətta öz hərarəti və nuru olmayan, amma, günəş nurundan gecələrimizə pay göndərən aydır.

٭٭ ٭

119. Hündürdə olarkən aşağıda olanlara özündən zəif kimi baxma. Yadda saxla ki, sənin həmin anda hiss etdiyin güc sənin şəxsi gücün deyil, hündürlüyün sənə müvəqqəti yaratdığı gücdür. Aşağı enəndə o güc olmayacaq.

٭٭ ٭

120. İnsan var oturduğu kürsü onun hörmətini qaldırır, insan da var oturduğu kürsünün hörmətini qaldırır. Çalışın hər zaman ikincilərdən olasınız, yəni oturduğunuz kürsünün hörmətini qaldırasınız.

٭٭ ٭

121. Həyat teatr səhnəsi deyil ki, aktyor kimi müxtəlif rollar oynayasınız. Sizin həyatda bir rolunuz var və onu ləyaqətlə oynamağa məhkumsunuz. Bu halda ömrünüz dəyəri olacaq, yaddaşlarda özünüz kimi qalacaqsınız.

٭٭ ٭

122. “Mən alimə arxa çevirmərəm” deyən diplomsuz traktorçunu, alimi təhqir edən diplomlu vəzifə sahibini görəndən sonra bir daha əmin oldum ki, diplom qüsurları gizlədə bilmir, əksinə, onun ağılsız və tərbiyəsiz sahibini hörmətsiz edir.

٭٭ ٭

123. Yolu səhv salanda nə it hürən tərəfə, nə də işıq gələn tərəfə getmək fikrinə düşməyin. Hər iki tərəf sizin üçün təhlükəli ola bilər. Çalışın ki, getdiyiniz yerlərin xüsusiyyətlərini, onların asan və çətin yerlərini əvvəldən biləsiniz.

٭٭ ٭

124. Sizi söyən adama söyüşlə cavab versəniz allahın gözəl mələkləri də sizi qorumaqdan imtina edər və sizləri tərk edər. Söyüş zəiflik, insani keyfiyyətlərin aşağı olması əlamətidir.

٭٭ ٭

125. Hər zaman yaşayaraq öyrənmək ömrü uzadır, öyrənməyi dayandıranın ömrü istədiyindən çox qısa olur.

٭٭ ٭

126. Qocalmağı arzulayıb qocalanda ondan gileylənənlər qocalığa qədərki ömrü düzgün yaşamayanlardır.

٭٭ ٭

127. Hər bir insan nahar yeməyindən sonra yarım saatdan bir saata qədər yatdıqda günün ikinci yarısını daha məhsuldar işləyir.

٭٭ ٭

128. Nərildəyən və quyruğunu bulayan şir bunu iki səbəbdən edir. Nərildəməyi qarşısındakını qorxutmaq üçündür, quyruğunu bulamağı öz qorxduğunun səbəbindəndir.

٭٭ ٭

129. Zahiri gözəlliyi itirmək olar, ruhun gözəlliyini itirmək yaşanan ömrün mahiyyətini itirməkdir.

٭٭ ٭

130. Özgəsinin sirrini başqalarına demək kişiliyə uyğun olmayan hərəkətdir.

٭٭ ٭

131. Sənə evində qonaq olan düşmən qonaq olduğu müddətdə qonaq ehtiramı imtiyazına malikdir.

٭٭ ٭

132. Əzrayılı aldatmaq olar, ölmək vaxtı çatmış cismi yox. O, ölümə hazır olduğunu bilir.

٭٭ ٭

133. Məktəb müqəddəs məkandır, onun müqəddəsliyini duymamaq insan olmağı duymamaqdır.

٭٭ ٭

134. Əgər Nobel komitəsi XX əsrin ən dahi alimi Albert Eynşteynə fizika üzrə Nobel mükafatını verməmək üçün həmin ildə bu elm üzrə mükafatın verilməməsini qərara alıbsa, bu komitənin səmimiliyi şübhəlidir.

(Bu, tarixi həqiqətdir, uydurma deyil).

٭٭ ٭

135. Eynşteyn olmaq çətindir, amma, nüfuzlu alim olmaq şansı olan alimlər çoxdur.

٭٭ ٭

136. Çalışın ki, alim olaraq heç bir alimə bənzəməyəsiniz, əks halda daima o alimin kölgəsində qalarsınız.

٭٭ ٭

137. Dağların sərtliyi ona görə seviləndir ki, onun sinəsində incəlik simvolu olan ahular, gözəllik simvolu olan marallar, min bir dərdin dərmanı olan bitkilər də var.

٭٭ ٭

138. Dağların əzəmətinin səbəbini duymayanlara özünün və başqalarının əzəmətinin səbəbini duymaq müyəssər olmur. Axı bu əzəmətlərin hər ikisinin əsasında eyni səbəb durur.

٭٭ ٭

139. Dağ çaylarında daşlar parlaq və səs yaradan olduğundan lal axan çaylarda lil basmış daşlardan fərqli olaraq sevilən olurlar.

٭٭ ٭

140. Daş ümumi addır, amma, elə daş var ki, dəyər ölçüsü hələ də tapılmayıb. Odur ki, daş sözünü pis mənada işlətməkdən çəkinin.

٭٭ ٭

141. Nəm çəkən daşı evin bünövrəsinə qoymaq onun qısa ömürlülüyünün təməlini qoymaqdır. Etibarsız insanla dosdluq qurmaq da eyni taleyi yaşamaqdır.

٭٭ ٭

142. Əgər haradansa başına daş düşürsə, günah daşda deyil, sənin yeri düz seçməməyindədir.

٭٭ ٭

143. Sev ki, seviləsən, dəyər ver ki, dəyərlənəsən, yaşat ki, yaşadılasan, unutma ki, unudulmayasan.

٭٭ ٭

144. Səni ucaldanı unutma, unutsan, balalarını, nəvələrini ucaldan tapmazsan.

٭٭ ٭

145. Qar çox incə hissəcikdir, amma, bu hissəciklərin birliyi payız şumunu undan da incə hala salır. Birliyin hikməti bundadır.

٭٭ ٭

146. Bitkilərə və heyvanlara rəftarında kobud olan insanlarla münasibətində incə ola bilməz. Çünki, xarakter obyektdən asılı olaraq dəyişmir.

٭٭ ٭

147. Dənizin sahilinin əzəməti onun özündən çox dənizin əzəmətinə bağlıdır. Onların birliyi böyük əzəmət yaradır.

٭٭ ٭

148. Dənizdə ada, meşədə tala, zirvədə qar göz oxşadığı kimi, onları sevdirdiyi kimi, insanın da sadəliyi, səmimiliyi, mehribanlığı, nəzakətliliyi, ədəb-ərkanı, xeyirxahlığı onu sevilən edir.

٭٭ ٭

149. Alimin və sənətkarın əməlləri zaman baxımından fiziki yaşam zamanına münasibətdə sonsuzluq ölçüsündədir. Bu fikir həqiqi alimlər və sənətkarlar üçün keçərlidir.

٭٭ ٭

150. İnsan var-dövlət olanda xoşbəxt olmur, sevildiyini biləndə xoşbəxt olur.

٭٭ ٭

151. Ailə karvan saray deyil ki, müvəqqəti qonaqları çox olsun, o, məbəddir, amma, ibadətə gələnlər üçün yox, onu yaradanlar üçün.

٭٭ ٭

152. Başqasının kədərinə şərik olmaq öz kədər yükünü azaltmağın ən yaxşı üsuludur.

٭٭ ٭

153. Kədəri olmayan insan olmayıb, yoxdur və olmayacaq. Kədər yükünü paylaşmaq mədəniyyəti bu yükə dözmək, onun təsirindən çıxmaq üçün çox önəmlidir.

٭٭ ٭

154. Bir çox insanlarda at və itin sədaqəti olsaydı, dünyamız bu günkü bir çox problemləri yaşamazdı.

٭٭ ٭

155. Kiməsə pislik edirsənsə, bilki ilk növbədə özünə pislik edirsən, çünki, bu zaman mənfi enerji, daxili gərginlik cismində arzu olunmayan proseslər yaradır.

٭٭ ٭

156. Nifrət nifrət yaradır, həm də onu yaradandan daha güclü.

٭٭ ٭

157. Suyu bulandırıb balıq tutmaq olar, ünsiyyət mühitini bulandırıb heç nəyə nail olmaq olmaz. Çünki balıqdan fərqli olaraq, insanın ağlı var. O bilir ki, mühiti kim və nə üçün bulandırır. Odur ki, mühiti bulandırana sərt cavab qaçılmaz olur.

٭٭ ٭

158. Ev yaradanda təkcə onun zahiri gözəlliyini yaratmayın, həm də daxilini yaşam üçün əlverişli edin.

٭٭ ٭

159. Heç bir məclisdə yuxarı başda olan, amma, sizin üçün olmayan yer boş da olsa orada oturmayın. O yerin sahibi istənilən vaxt gələ bilər və sizi yerinizdən qalxmağa məcbur edərlər, siz də hörmətsiz olarsınız.

٭٭ ٭

160. Makedoniyalı İsgəndər onun həyatnı qızmış filin pəncəsindən xilas edən və həyatını itirən sevimli köpəyini böyük ehtiramla dəfn edib, hətta bir şəhərə onun adını verib. Həyatlarını kimlərə borclu olduğunu unudanlar bu ibrətli tarixi həqiqətdən dərs götürməlidir.

٭٭ ٭

161. Kəfənin cibi olmadığından heç kəs bu dünyadan maddi heç nə apara bilmir. Maddilərə vurulanlar zamanında bu həqiqəti bilməlidir.

٭٭ ٭

162. Uzun illərin dostluğunu çox çox asanlıqla maddiyətə dəyişən varsa, onların ünsiyyəti dostluqdan çox uzaq olub. Sadəcə onlar dostluğun nə olduğundan xəbərsiz olaraq adi ünsiyyət yaşamış insanlardır.

٭٭ ٭

163. Dostu dar gündə başqaları ilə mübarizədə tək qoyub hətta mübarizədən çəkilməyi təklif edən dost varsa, vay dostluq adı altında yaşamış bu insanların halına.

٭٭ ٭

164 Dostu dar günündə tək qoyan özü bu vəziyyətə düşdükdə etdiyi xətanı anlaması artıq gec olur.

٭٭ ٭

165. 1974–cü ildə bir ağbirçəyin “dözəssən” sözü məni zirvəyə ucaltdığını heç vaxt unutmadım və son nəfəsimə qədər də unutmayacağam. Onun haqqını qaytara bilmədim. Bu gün onun pak və gözəl ruhu səmadan görür ki, mən ona olan borcumu qaytarmaq istəyirəm. Ordubadlı Dilşad Dadaşova! Ruhuna çox borcluyam.

٭٭ ٭

166. Dosta xəyanət yeganə xəyanətdir ki, bağışlanması mümkün deyil.

٭٭ ٭

167. Gəlinini qızı qədər sevməyən ata və analar göstərirlər ki, onlar oğullarını bir o qədər güclü sevmirlər. Axı gəlin onların oğulları üçün xoşbəxt həyat, övlad bəxş edən bir insandır, ömür savaşında onun tək silahdaşıdır.

٭٭ ٭

168. Sənə özün qədər sevəcəyin nəvələri bəxş edən gəlini qızından da çox sevmək gərəkdir. Belə etsən sənin gəlin gedən qızın da həmin haqqa sahib olar.

٭٭ ٭

169. Peşəkar yox, özfəaliyyət ilə məşğul olduğunuz sənətin sənətkarı ilə bu sənətə aid mübahisə etməniz sizi arzuolunmaz vəziyyətə sala bilər.

٭٭ ٭

170. Alimi elmi, sənətkarı sənəti yaşadar.

٭٭ ٭

171. Ucalmağı istəməyən həyatından nə istədiyini bilməyəndir.

٭٭ ٭

172. “Kəndçi” sözünü təhqir olaraq işlədən sözü dediyi insanı yox, öz soy kökünü təhqir edir.

٭٭ ٭

173. Müdrikliyə aparan yol öyrənməkdən, dərk etməkdən, müşahidələrdən, şəxsi təcrübədən keçir.

٭٭ ٭

174. Böyüklərə ehtiram öz sabahına ehtiram qazanmaqdır.

٭٭ ٭

175. “Daşdan çörəyini çıxardan” kişinin ailəsi ac qalmaz.

٭٭ ٭

176. Şirin yuxu yatmaq üçün yuxu öncəsi qəzəbdən, həsəddən, nifrətdən, qisas hissindən azad olun.

٭٭ ٭

177. Xəzan yarpaqları ona görə qızılı rəngdədir ki, gözlər xəzan zamanının ağırlıqlarına dözə bilsin.

٭٭ ٭

178. Ata və ananın ağarmış saçlarının səbəbkarı olduğunuzu və o saçların sahiblərinin üzərinizdə böyük haqqı olduğunu unutmayın.

٭٭ ٭

179. Şəhriyarı tanımamaq bütöv Azərbaycanı tanımamaq qədər qəbahətdir.

٭٭ ٭

180. Sözlərində xalqın adətləri, ənənələri, xarakteri, qəhrəmanlığı, sədaqəti, səmimiyyəti, qonaqpərvərliyi, yaşadığı mühiti tam aydın bilinən və XX əsrdə yaşamış ən qüdrətli şairimiz Şəhriyar olduğu qənaətindəyəm.

٭٭ ٭

181. Araz xalqımızın yaşadığı məkanı ikiyə bölsə də mənəvi dünyasını ikiyə bölə bilmədi.

٭٭ ٭

182. Kamança çalanlar çox olub və bu gün də var, amma, onu yalnız Habil Əliyev danışdıra bilib.

٭٭ ٭

183. Xalqın şərəf tarxini yaradanlar təkcə özlərini yox, mənsub olduqları xalqı da yaşadırlar.

٭٭ ٭

184. Teatr ruha qida verən, onu zənginləşdirən məbəddir.

٭٭ ٭

185. İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov, Həsən Turabov, Əliağa Ağayev, Səməndər Rzayev, Lütfi Məmmədbəyov, Nəsibə Zeynalova, Məhluqə Sadıqova, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Bəşir Səfər oğlu, Amalya Pənahova, Fuad Poladov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Mövsüm Sənani, Nəcibə Məlikova, Səyavuş Aslan, Hacıbala Bağırov Azərbaycan teatr sənətinin bənzərsiz simalarıdır.

٭٭ ٭

186. Nəsiminin özündə iki cahan saxlayan, amma, yaşadığı cahana sığmayan ruhunu duymadan onu dərk etmək olmaz.

٭٭ ٭

2017-02-20   39310