NKPI

Maraqlı Məlumatlar

Azərbaycan aşıq şerindən seçmələr - 10-cu hissə

MİSKİNLİ VƏLİ
 (1900-1968)
OĞULA NƏSİHƏT
 
Kamil sənətkar ol, mehriban oğul,
Arada çox gəzmə aciz-avara.
Gecəni gündüzə qataraq çalış,
Bir namus, qeyrətə, bir etibara.
 
Dərs al, oxu, öyrən, təmiz ad qazan,
Yaxşı qabaqcıl ol, oxuyan, yazan.
Ölər, itər, batar yolundan azan,
Dilindən od olan tez yanar nara.
 
Sakit ol məclisdə, havayı gülmə,
Nəfsinə allanma, lovğalıq bilmə.
Qatarından qalma, eldən üzülmə,
Sayqıdan sayıq ol, tez düşmə dara.
 
Qəlbin çox düz olsun pis yola getmə
Qarşına gələndən salamsız ötmə,
Əmək sev, ərinmə, tənbəllik etmə,
Həyatın şən olsun, güvənmə vara.
 
Miskinli Vəlini salma nəzərdən,
Öyrən bu sözləri yada sal hərdən,
İnsana mərifət üstündü zərdən,
Dosta yalan satma, düz ol ilqara. 

 

Mənbə: Azərbaycan aşıq şerindən seçilmələr. Baki, "Sərq-Qərb", 2005, 424 səh.

2017-04-19   35579