NKPI

Maraqlı Məlumatlar

1901-ci ildə kimya üzrə Nobel mükafatçısı - YAKOB HENDRİK VANT-HOFF

Yakob Hendrik Vant-Hoff 1852-ci ildə avqustun 30-da Hollandiyanın Rotterdam şəhərində həkim ailəsində anadan olmuşdur.

Yakobun kimyaya həvəsi hələ uşaq yaşlarından oyanmışdır. Gələcəyin Nobel mükafatçısının maraq dairəsi çox geniş idi, eyni zamanda fəlsəfə və poeziya ilə də maraqlanırdı.

 

Vant-Hoff molekulların fəza quruluşunu öyrənən müasir stereokimyanın əsasını qoymuşdur.

Gələcəyin Nobel mükafatçısı 1877-ci ildə Amsterdam Universitetində lektor vəzifəsinə təyin olunduqdan sonra bu ali məktəbdə işlədiyi 18 ildə hər həftə üzvi kimyadan 5 mühazirə və minerologiya, kristalloqrafiya, geologiya, paleontologiyadan bir mühazirə oxumaqla yanaşı, həm də kimya laboratoriyasına rəhbərlik edirdi.

Riyaziyyatı dərindən bilməsi onu digər kimyaçılardan fərqləndirirdi.

Bu biliklər ona kimyəvi tarazlıqlara təsir edən reaksiyaların sürətinin öyrənilməsi kimi mürəkkəb məsələlərin həllində yardımçı olurdu.

1887-ci ildə Amsterdam Universiteti şəxsən Vant-Hoff üçün yeni kimya laboratoriyasının inşa edilməsi qərarını vermişdir. Lakin böyük kimyaçı bundan imtina etmişdir. O bunu pedaqoji və administrativ fəaliyyətin onun vaxtını çox aldığını və elmlə məşğul olmaq imkanlarının azaldığı səbəbilə izah etmişdir.

1896-cı ildə o, Berlin Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1901-ci ildə İsveç Akademiyası, Yakob Hendrik Vant-Hoffun “kimyəvi dinamika və məhlullarda osmotik təzyiq qanunları”nı kəşf etməsinin böyük əhəmiyyətini nəzərə almaqla onu kimya üzrə Nobel mükafatına layiq görmüşdür.

Nobel mükafatı ilə yanaşı, Vant-Hoff London Kral Cəmiyyətinin “Devi” medalı, Rusiya Elmlər Akademiyasının “Helmholts” medalına layiq görülmüş, Hollandiya və Rusiya Elmlər Akademiyasının, Britaniya Kimya Cəmiyyətinin, Amerika Kimya Cəmiyyətinin, Amerika Milli Elmlər Akademiyasının, Fransa Elmlər Akademiyasının üzvü seçilmiş, Çikaqo, Harvard və Yell universitetlərinin yüksək elmi dərəcələrini almışdır.

Vant-Hoff, 1911-ci ildə martın 1-də Berlində vəfat etmişdir.

2015-08-28   4576