NKPI

Maraqlı Məlumatlar

Azərbaycan aşıq şerindən seçmələr - 25-ci hissə

AŞIQ ŞƏMŞIR
 (1893-1980)
 
DURA BILMƏZ
 
Sirr açma namərdə, söz demə pisə,
Namərdin qəlbində söz dura bilməz.
Yoldaş olma alçaq olan nakəsə.
Danışır ilqardan, tez dura bilməz.
 
Mərd ilə ülfət qıl, zəhmətə qatlan,
Salamat baş saxla hər ehtiyatdan.
Bədəni hifz elə, pisdən, bədzatdan,
Haram doğru yolda düz dura bilməz.
 
Çağırma zalımı, yetişməz dada,
Şəmşir çox imtahan edib dünyada,
Karsız qohum yaman gündə arxada,
Sən çox arzulama, az dura bilməz.
 
Mənbə: Azərbaycan aşıq şerindən seçilmələr. Baki, “Sərq-Qərb”, 2005, 424 səh.
 

2017-05-07   35297