NKPI

Maraqlı Məlumatlar

DÜNYALAR İÇİNDƏ BİR DÜNYA SEVDİM...

 
Dünyalar içində bir dünyam oldu,
Cənnəti Gülüstan deyərdim ona.
Dünyalar içində bir dünya sevdim,
Hər zaman canımı verərdim ona.
 
Cənnətin özüdür Ana dünyası,
Həyat nəğməsidir Ana laylası.
Baladır Ananın yaşam arzusu,
Hər zaman analar möhtacdır ona.
 
Əgər Anan varsa, hər şeyin var, bil,
Qədrini bilməsən, tez yox olar, bil.
Ananın yerini kimsə verməz, bil,
Vaxtında qayğını göstər sən ona.
 
Anan yox olarsa, varın yox olar,
Anan yox olarsa, dünyan boş qalar.
Ana itirənlər Ana arzular,
Vaxtında qayğını göstər sən ona.
 
Hər gün ağ saçların oxşa Ananın,
Səcdə qıl önündə həyat verənin.
Vaxtında bilərək Ana dəyərin,
Vaxtında qayğını göstər sən ona.
 
Ayağı altına cənnət dedilər,
Vətəni müqəddəs Ana bildilər.
Ananı sevənlər xoşbəxt oldular,
Vaxtında qayğını göstər sən ona.
 
Cəfakeş Anama mələk dedim mən,
Onu nur çöhrəli mələk gördüm mən.
O zərif məxluqu həyat bildim mən,
Ömrümdə hər zaman “can” dedim ona.
 
Ananın istəyi ən ali qanun,
Anaya ağ olan itirər varın.
Bil ki, ölçüsü yox Ana haqqının,
O haqqı qaytarmaq olarmı ona?
 
İstərdim yenidən analı olam,
Öpəm gözlərindən, ona sarılam.
Abuzər ananın Vaqif oğluyam.
Bütün varlığımı borcluyam ona.
 
Varmıdır dünyada İlahi qüvvə,
Qaytara ananı bir an geriyə.
Anam bircə kərə “ay oğul” deyə,
Vaqif qurban edə özünü ona.
 

2017-05-12   35571