NKPI

Maraqlı Məlumatlar

1902-ci ildə kimya üzrə Nobel mükafatçısı - GERMAN EMİL FİŞER

 

Üzvi kimyada analiz və sintezin atası GERMAN EMIL FIŞER

German Emil Fişer 1852-ci ilin oktyabrın 9-da Almaniyanın Oyskirxen şəhərində kommersant ailəsində anadan olmuşdur. Veslar dövlət məktəbinə və Bonnda gimnaziyaya daxil olana qədər Emil 3 il müəllim yanında fərdi dərslər keçmişdir. O, heyrətləndirici yaddaşa, elmlərə böyük marağa, nadir inadkarlığa və intuisiyaya malik idi. Atası istəyirdi ki, oğlu Köln mahalının Yuskirsen şəhərindəki ağac emalı üzrə ailə biznesini davam etdirsin. Təbiət elmlərinə, xüsusən də fizikaya maraq onu atasının istəyinin əleyhinə getməyə məcbur etdi. Üç ildən sonra o, təhsilini Vetsler və Bonn şəhərində davam etdirdi. 1869-cu ildə gimnaziyanı əla qiymətlərlə başa vurdu.

Akademik karyeraya can atmasına baxmayaraq, Fişer iki il atasının firmasında işləyir. Oğlunun işə könülsüz yanaşmasını görən atası onu Bonn Universitetinə təhsil almağa göndərir. Burada Fişer məşhur kimyaçı Fridrix Kekule, məşhur fizik Avqust Kundtun mühazirələrində iştirak edir. Təhsil mühiti onu fizika elminə daha çox çəksə də, bir ildən sonra o, qohumu, kimyaçı Otto Fişer ilə birlikdə Bonn şəhərini tərk edir. Fişer Strasburq Universitetinə daxil olur, burada Adolf fon Bayerin təsiri altında yenidən kimyaya qayıdır.

Gələcəyin Nobel mükafatçısı 1874-cü ildə doktorluq dərəcəsini aldıqdan sonra Strasburq Universitetində müəllim vəzifəsini tutur. Maliyyə cəhətdən asılı olmayan, təşkilati və pedaqoji öhdəliklərdən azad olan Fişer ömrünü laboratoriya tədqiqatlarına həsr edir.

Qohumu, kimyaçı Otto ilə birgə əməkdaşlıqda o, fenilhidrazini (yağlı maddələr) kömürdən alınan üzvi boyaqların istehsalında istifadə olunan maddələri tədqiq etmək üçün istifadə etməyə başlayır. Fişerin tədqiqatlarından qabaq bu maddələrin kimyəvi strukturu təyin olunmamışdı. 1875-ci ildə Adolf fon Bayer Münhen Universitetinə keçir və Fişer onun yanına gedərək assistent kimi üzvi kimyanı öyrənməyə başlayır. Sonralar gələcəyin Nobel mükafatçısı Erlanqen və Varsburqdakı Universitetlərdə dərs deyir. 1892-ci ildə onu Berlinə dəvət edirlər. O, ömrünün sonuna qədər burada elmi və pedaqoji fəaliyyət göstərir.

Bu universitetlərdə Fişer kofein, alkaloid kimi birləşmələri tədqiq edir və bunlardan asılı olmadan tapır ki, sidik turşusu və quanin onun purin adlandırdığı rəngsiz kristal maddədən əmələ gəlir. Sidik turşusu 1766-cı ildə Karl Şeele tərəfindən tapılmışdı. Kofein isə Ferdinand Runqe tərəfindən kəşf edilmişdir. Ancaq Fişer sübut etdi ki, bunların birləşməsi oxşar struktura malikdir və biri digərindən sintez oluna bilir. Bu mövzuda işlərini davam etdirən Fişer purinin özü də daxil olmaqla böyük sayda purin sırasının törəmələrini sintez etmiş oldu. Purin (latınca purus “təmiz”) - üzvi sintezdə mühüm birləşmədir və nuklein turşusunun mühüm komponentidir. Fişer öz tədqiqatlarını purin törəmələrinin alınmasında davam etdirirdi. Beləliklə, böyük alman kimyaçısı artıq 1890-cı ildə laboratoriyada fruktoza, mannoza və qlükozanı sintez etməyi bacardı. Bununla yanaşı, o, hidrazinləri öyrənməkdə davam edir və trifenilmetan boyalarının tərkibi əsasında yeni nəzəriyyə irəli sürür.

Fişer 1892-ci ildə Berlin Universitetinin Kimya Institutunun direktoru vəzifəsinə təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. O, tədqiqat işlərini şəkərdən fermentlərə qədər inkişaf etdirərək tapır ki, fermentlər yalnız kimyəvi qohumluğu olan maddələrlə reaksiyaya girir. O, tədqiqatları nəticəsində 40-a yaxın zülal tipini təsnifatlandırır.

1902-ci ildə German Emil Fişer “şəkər və purin qrupundan olan maddələrin sintezi ilə bağlı mühüm eksperimentlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görüldü. Onun tərəfindən hidrazin törəmələrinin kəşfi şəkərin və digər birləşmələrin süni yolla alınması probleminin ən gözəl həlli oldu. Digər tərəfdən onun qlikozidlərin sintezi metodu bitki fiziologiyasının inkişafına əvəzsiz töhfələr verdi. Bununla yanaşı, o, proteinlər, enzimlər (yunanca daxili mayalanma) və digər kimyəvi substansiyalar sahəsində də kəşflər etmişdir.

Fişerin Nobel nitqi olduqca böyük maraq kəsb etmişdir. Qısa nitqində o demişdir:

“Təbiətin sirlərini gizlətdiyi pərdə karbohidratlara aid məsələlərdə yavaş-yavaş açılmağa başladı. Buna baxmayaraq, üzvi kimya digər daha mürəkkəb predmeti - zülalları öyrənməsə, o vaxta qədər həyatın kimyəvi müəmmaları həll olunmamış qalacaq”.

Fişerin elmi kəşflərinin bir neçəsini illər üzrə qeyd etməyi vacib sayırıq.

1875-ci il - fenil hidrazinin sintezi.

Bu birləşmə aldehid və ketonlar üçün reaktiv kimi istifadə olunmuş, sonra da mo- nosaxaridlərin identifikasiyası üçün tətbiq edilmişdir.

1882-ci il - purin birləşmələrinin qurulu- şunun öyrənilməsi. Bu işlər sonralar kofeinin, teobrominin və s. sintezinə gətirib çıxardı.

1884-cü ildən başlayaraq karbohidratların miqyaslı tədqiqi, tərkibin və strukturun təyin edilməsi, nomenklaturanın işlənib hazırlanması.

1890-cı il - üzüm və meyvə şəkərinin sintezi.

1894-cü il - kimyəvi birləşmələrin sintezi üçün fermentlərin istifadəsi.

1899-cu ildən başlayaraq zülalların kimyası üzrə tədqiqatlar.

1901-ci il – amin turşuların analizinin efır metodunun işlənib hazırlanması, valin, prolin və oksiprolin amin turşuların kəşfı.

1902-cü il - dietilbarbitur turşusunun (veronal, barbital) kəşfi.

1907 - polipeptidlərin kəşfi.

Elmə verdiyi töhfələrə görə Fişer 1906-cı ildə Alman kimya cəmiyyətinin Hoffman adına medalına, 1913-cü ildə Franklin Institutunun Eliot Kresson Qızıl medalına layiq görülmüşdür.

1899-cu ildə Fişer Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü seçilmişdir.

Ölümündən sonra onun şərəfinə Almaniya kimya cəmiyyəti Emil Fişer xatirə medalı təsis etmişdir.

O, 1919-cu ildə Berlində vəfat edib. Abidəsi Berlində ucaldılıb.

2015-08-31   4491