NKPI

Maraqlı Məlumatlar

Ağcabədi rayonu

 

Ağcabədi rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. 1965-ci ildən yenidən müstəqil rayon olmuşdur. Bakıdan məsafəsi 263 km, inzibati mərkəzi Ağcabədi şəhəri, sahəsi 1756 km2-dir.

Relyefi

Rayon Kür - Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşir. Relyefi düzənlikdir. Şimal - şərqdən cənub - qərbə doğru tədricən yüksəlir.

Geoloji quruluşu

Ərazinin səthi Antropogen sisteminin kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur.

Çayları və su hövzələri

Rayonun çay şəbəkəsi nisbətən seyrəkdir. Şimal - şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqarçay axır. Qarqayçay kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlifəliçay ilə Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi 2080 m yüksəklikdədir. Onun 11 qolu vardır. Bunlardan ən böyüyünun ümumi sahəsi 3.1 min.ha olan Ağgöldür.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi mülayim - isti və quru subtropikdir. Boz - çəmən, boz və çəmən - boz torpaqlar yayılmışdır. Bitkiləri bozqır və yarımsəhra tiplidir. Kür çayı sahillərində kolluqlar və seyrəlmiş tuqay meşələri vardır.

Ərazinin xarakterik su bitkiləri, əsasən, saçaqotu, suincilosu, sünbüllü suçiçəyi, dəniz nayası və s.-dən ibarətdir. Meşələrində, əsasən, söyüd, ağyarpaq qovaq, qarağac, tut, uzunsaplaq palıd, saqqızağac və s. ağac növləri yayılmışdır.

Faunası

Məməliləri ceyran, canavar, qaban, çaqqal, adi tülkü, qamışlıq pişiyi, bataqlıq qunduzu, porsuq, boz dovşan, kiçik asiya qum siçanı və s. canlılardan ibarətdir. Su hövzələrində 30-a yaxın balıq növlərinə rast gəlinir. Bunlar qılıncbalıq, durnabalıq, qızılüzgəc, həşəm, lilbalıq və s. balıqlardır. Sürünənlərdən xəzər və bataqlıq tısbağaları, adi suilanı yayılmışdır.

Ağcabədi rayonu quşlarla zəngin olub 150-ə yaxın növ ilə təmsil olunmuşdur. Bunlardan 90-dan çox növ yuvalayandır. Ərazinin ornitofaunası, əsasən, turac, cöl göyərçini, qaraqarın bağrıqara, qırqovul, sultantoyuğu, adi flaminqo, qaraquş, ərsindimdik və s. quşlardan ibarətdir.

Ağgöl Milli Parkının bir hissəsi Ağgöl Dövlət Təbiət Yasaqlığı Ağcabədi ərazisinə düşür.

Ağcabədi rayonu ərazisinin bir hissəsi Mil, digər hissəsi isə Qarabağ düzünə aiddir. Mil düzündə yerləşən digər rayonlara nisbətən burada qocaman ağac abidələr çoxdur. Tədqiqat zamanı rayon ərazisində 12 yerdə ağac abidəsi qeydə alınmışdır. Onlardan səkkizi şərq çinarı, biri saqqızağac, ikisi hamar dağdağan və bir sahədə palıd qarışıq saqqızağaclıq olmuşdur.

Arxeoloji abidələri

Sarıcalı kəndi yaxınlığında antik dövrə aid Səngərtəpə yaşayış yeri. Poladlı kəndi yaxınlığında Tunc Dövrünə aid Gavurtəpə, Dəmir Dövrünə aid Yolçəkəntəpə, Aşıxlıtəpə kurqanları. Ağcabədi şəhərində Tunc Dövrünə aid Üçtəpə və Şahtəpə kurqanları. Hindarxı kəndində Eneolit və Tunc Dövrlərinə aid Çaqqaltəpə yaşayış yeri, Qasımtəpə və Hüseynbəy kurqanları. Boyat kəndi yaxınlığında Eneolit Dövrünə aid Töyrətəpə yaşayış yeri, Tunc Dövrünə aid Boyatqala. Arazbar kəndi yaxınlığında m.ə. I minilliyə aid yaşayış yeri. Salmanbəyli kəndi yaxınlığında antik dövrə aid Qaragöbər nekropolu, Tunc Dövrünə aid Üçtəpə yaşauış yeri.

Tarixi-mədəni abidələri

Boyat kəndi yaxınlığında Solaxaytəpə yaşayış yeri. Qaradolaq kəndi yaxınlığında antik dövrə aid Qaratəpə yaşayış yeri. Kəbirli kəndi yaxınlığında orta əsrlərə aid Əmirəhməd yaşayış yeri. Hacılar kəndi qədim qəbiristanlıq. Hindarx qəsəbəsində məscid (1907).

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-11-24   36580