NKPI

Интересные Факты

MÜQƏDDƏS

 

Bir gün mən soruşdum özüm-özümdən,

Səninçün dünyada kimdir müqəddəs?

Dünyada nə çoxdur maddi varlıqlar,

Maddilər içində nədir müqəddəs?

Hər iki sualın cavabı asan,

Sadəcə, dünyanı dərk edən zaman.

Hər şeyi var edən Allah müqəddəs,

İnsanı yaradan Allah müqəddəs.

Səmanı yaradan Allah müqəddəs,

Hər şeyi nizama düzən – müqəddəs.

Dünyanı hər zaman görən – müqəddəs.

Sevgini insana verən – müqəddəs,

Ona ucalığı verən – müqəddəs,

Bizləri əfv edən Allah müqəddəs.

İkinci müqəddəs Allah elçisi,

Odur ki, müqəddəs Peyğəmbər sözü.

Məhəmməd adında Peyğəmbərimiz,

Odur, bil, ikinci müqəddəsimiz.

İslamın təməlin o qoydu, getdi,

İslam bayrağını ucaltdı, getdi.

O bayraq heç zaman enmədi yerə,

İslamı apardı hər an zəfərə.

Peyğəmbər müqəddəs Kəbə yaratdı,

Gözəl səcdəgahı belə ucaltdı.

Dünyaya bəxş etdi “Qurani-Kərim”,

Beləcə, fərqlidir, bax, Peyğəmbərim.

“Qurani-Kərim”də hər şey nizamlı,

Yüz illər sonranın özü bəyanlı.

Onda gizli sirlər aşikar oldu,

Çünki yazılanlar Allahdan gəldi.

Sonuncu Peyğəmbər ən güclü varlıq,

Digər peyğəmbərlərdən fərqli bir varlıq.

Dünyada İslam tək dini yaratdı,

Sərkərdə olaraq zəfərə çatdı.

Yaratdı yeni bir islam dövləti,

Dünyaya səs saldı onun qüdrəti.

Müsəlman olanlar dünyada çoxdur,

İslama gələnlərin heç sonu yoxdur.

Belə uğurların sonu görünməz,

Bizim Peyğəmbərin əvəzi gəlməz.

Odur ki, hər zaman İslamı sevin,

İslam Peyğəmbərin müqəddəs bilin.

Üçüncü müqəddəs Anadır, bilin,

Hər zaman Anaya səcdədə olun.

Yaratdı bizləri əzablarından,

Çox sevər övladı əziz canından.

Sənə varlığını bəxş edir Ana,

Bil ki, varlığını borclusan ona.

Sənə varlığını verən müqəddəs,

Səninçün canından keçən müqəddəs.   

Tanrının haqqıdır Ananın haqqı,

Çalış qaytarmağa bu ali haqqı.

Hər zaman şərəfli bir ömür yaşa,

Anan da sevinsin sənə alqışa.

Heç zaman Ananın qəlbinə dəymə,

Vaxtsız qocaldaraq qəddini əymə.

Çalışıb hər zaman sevinclə yaşat,

Sevərək Ananı göylərə ucalt.

Əgər sevirsənsə əziz Ananı,

Bil ki, sevirsən sən bütün cahanı.

Ananı sevməyən lənətli olar,

Vaxtsız itirərək Anasız qalar.

Anasız qalanda yaman gec olur,

Tikdiyin saraylar viranə qalır.

Gəlin, zamanında sevək Ananı,

Üçüncü müqəddəsi – Ana tanrını.

Dördüncü müqəddəs Atanın özü,

Allahdan ənam tək yaratdı bizi.

Tanı yer üstündə Ata Allahı,

Tanrısı pay verdi ona bu haqqı.

Səni gətirsə də dünyaya Anan,

Atadır dünyada səni yaşadan.

Halal çörəyini gətirən də o,

Səni sevindirən, sevdirən də o.

Sənə varlığını o edir fəda.

Bil ki, Allahın var Ata adında.

Səninçün əzaba qatlaşan odur,

Ömrünə gur işıq saçanın odur.

Odur ki, hər zaman Atanı sevin,

Atanı dördüncü müqəddəs bilin.

Beşinci müqəddəs müəllim, bilin,

Belə qibləgaha salama gəlin.

İnsanın varlığı Ata, Anadan,

Müəllim insana elmi anladan.

Ondan öyrənirik necə yazmağı,

Dünyada hər şeyi doğru yozmağı.

Onunla yaranıb dünyanın dərki,

Ən uca zirvədir müəllim yeri.

Minlərlə insana bilik öyrədir.

Beləcə, özünü o, fəda edir.

Hər kəsin balası onun övladı,

Odur balaların uçan qanadı.

Müəllim öyrədir, insan ucalır,

İnsanlıq, beləcə, dərsini alır.

İnsanı ucaldan insan müqəddəs,

Müəllimi sevənin özü müqəddəs.

Cəmi beş müqəddəs varlığı saydıq,

Müqəddəs olanlar az oldu bildik.

Cansız müqəddəsi saymağa gəldik,

İndi də öyrənək hara müqəddəs?

Harda müqəddəs var, ora müqəddəs.

Ən böyük müqəddəs Kəbənin özü,

İslamın dünyaya paklıq ölçüsü.

Bəli, müqəddəsdir Məkkəm, Mədinəm,

Onlardır hər şeydən müqəddəs dünyam.

Allahın evləri müqəddəs məkan,

Onlardan paklığı pay alır cahan.

İnsana müqəddəs Vətən torpağı,

O verir Vətənə Vətən olmağı.

Vətən torpağını bilin müqəddəs,

Torpaqsız insanın Vətəni olmaz.

Onu ən müqəddəs əmanət bilin,

Alnından xəcalət tərini silin.

Vətən torpağını çox sev canından,

Torpağı sevəndə ucalır insan.

Vətən torpağını sev anan kimi,

Torpağın yolunda sən ol Nəsimi.

Qoy onun yolunda dərin soyulsun,

Şəhidlik bu yolda amalın olsun.

Qoru bu torpağı varlığın qədər,

Vətənsiz insana varlıq nə verər?

Nəhayət, insana məktəb müqəddəs,

İdraka çatdıran kitab müqəddəs.

Hər zaman məktəbi müqəddəs bilin,

Burda müqəddəslik dərsini alın.

Bilin ki, məktəbi sevməsəz əgər,

Kitabın qədrini bilməsəz əgər,

Sizdən uzaq olar dünyanın dərki.

Bilinməz müqəddəs alilik yeri,

Yaşam da sizlərə məşəqqət olar.

Dünyamız dağılar, viranə qalar.

Beləcə, qalarsız müqəddəslərsiz,

Digər canlılara siz tay olarsız.

Dünyanın pərsəngi pozular bir an,

Yer də ayrılar, bil, öz məhvərindən.

Dünyaya yenidən fəlakət gələr,

İnsan Yer üzündən tamam yox olar.

Hər bir müqəddəsi sevənə alqış,

Müqəddəs qədrini bilənə alqış.

Hər zaman Allahı müqəddəs bildim,

Əziz Peyğəmbərə salama gəldim.

Anamın, Atamın mən qulu oldum,

Onlardan yaşamaq gücünü aldım.

Müəllim müqəddəslər müqəddəsimdir,

Müəllim dünyada şərəf, şanımdır.

Həyatın Kəbəsi məktəbi sandım,

Hər zaman sevilən məktəbli oldum.

Kitab müqəddəslər müqəddəsimdir,

Kitabım varsa da, mənə bəsimdir.

Yaşam dünyamın da əsası kitab,

Məni göylərə də ucaldan kitab.

Beləcə, sevdim mən müqəddəsləri,

Onlar da çin etdi xoş arzuları.

Vaqif ABBASOV

2015-11-25   37401