NKPI

Maraqlı Məlumatlar

Neftçala rayonu

 

Neftçala rayonu 1940-cı ildə təşkil edilmişdir. Əvvəllər Salyan rayonunun və Xıllı (1939) rayonunun tərkibində olmuşdur. Xıllı rayonu 1959-cu ildə ləğv edilərək Neftçala rayonuna verilmişdir. Bir neçə dəfə (1963, 1965) ləğv edilərək yenidən  Salyan rayonuna verilmişdir. 1973-cü ildən yenidən müstəqil rayon statusu almışdır. Bakıdan məsafəsi 176 km, inzibati mərkəzi Neftçala şəhəri, sahəsi 1452 km2-dir.

Ərazinin tarixi adı “Xanqışlağı” olmuşdur. Müasir adı palçıq vulkanları püskürməsi zamanı brekçiya ilə neftli fraksiyaların da çıxması ilə bağlıdır.

Relyefi

Neftçala rayonunun ərazisi, əsasən, düzənlikdir. O, Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, Kür - Araz ovalığının şərqində, cənub - şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıdadır.

Ərazi palçıq vulkanları ilə zəngindir. Neftçala sahillərində bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov - Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir.

Geoloji quruluşu

Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir.  Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.

Çayları və su hövzələri

Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Ərazidə Düzdağ gölü vardır.

Landşaftları və bioloji müxtəlifliyi

Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru - çöl tiplidir. Yarımsəhra çöl və şoran, boz - çəmən, karbonatlı allüval - çəmən torpaqlar geniş yayılmışdır. Ərazinin flora və faunası Salyan rayonu ilə demək olar ki, eynidir. Şirvan Milli Parkı və Şirvan Dövlət Təbiət Yasaqlığının bir hissəsi Neftçala rayonu ərazisinə düşür. Ərazidə bakı gəvəni, itikənarlı, şişkin vələmir, şober şorgiləsi, aralıqdənizi tısbağası, ceyran, turac kimi nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar yaşayır.

Geoloji təbiət abidələri

Ərazinin ən gözəl geoloji təbiət abidələri buradakı palçıq vulkanları və Kür çayının Xəzərlə qovuşduğu sahəsi – Kürün deltasıdır.

Palçıq vulkanları aşağıdakılardır: Düzdağ palçıq vulkanı (Xıllı kəndinin cənubunda). Bu, Kürün sağ sahilindəki ən hündür yüksəklikdir (18 m);

Qolovaçev sayı palçıq vulkanı. Kür çayının deltasından cənub - şərqdə yerləşən sualtı palçıq vulkanıdır. Oblivnoy adası palçıq vulkanı Bəndovan burnundan cənub - şərqdə və Svinoy adasından cənub - qərbdə yerləşmişdir. Ada palçıq vulkanı konusunun qalığıdır.

Kür Daşı adası Bəndovan burnundan cənub - şərqdə yerləşir. Bu ada palçıq vulkanı mənşəlidir. Onun uzunluğu 308 m, eni 252 m-dir.

Kornilov - Pavlov sayı palçıq vulkanı Bəndovan burnundan cənub - şərqdə yerləşmişdir. Say qərbdən şərqə uzanmış üçbucaq şəkilli kəsik konus formasında sualtı palçıq vulkanıdır.

 

Mənbə:  Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-11-26   36639