NKPI

Maraqlı Məlumatlar

İBN SİNA – dahi filosof, həkim, şair, müdrik vəzir və səyyah

Dahi alim və filosofun əsl adı Əbu-Əli Əl-Hüseyn ibn-Abdullah İbn-Sinadır.

Əş-Şeyx ər-Rəis (İbn Sina) 980-ci ildə Buxara yaxыnlığındakı kəndlərdən birində anadan olmuşdur. O, ilk təhsilini Buxara şəhərində almışdır və 10 yaşına qədər Quranı mükəmməl öyrənməsi ilə məşğul olmuşdur.

Daha sonra müsəlman hüququnun əsaslarını və riyaziyyatı öyrənir və Buxaraya gəlmiş alim Əbu-Abdallax an-Natilin yanında məşğələlərə başlayır.

İbn Sina yazırdı: “Məndə təbabətə meyl yarandı və ona aid yazılar oxumağa başladım. Həkimlik elmi heç də çətin elmlərə aid deyil və odur ki, mən onu qısa zamanda elə öyrənməyə başladım ki, hamı tərəfindən hörmətlə qəbul olunan həkimlər məndən öyrənməyə başladı. Mən xəstələr üçün əvvəllər heç kimə məlum olmayan müalicə üsulları yaratdım və mənim onda cəmi on altı yaşım var idi”.

Onun atası vəfat etdikdən sonra o, Buxarada qala bilmir və Xarəzmin paytaxtı Ürgəncə köçməyə məcbur olmuşdur. Şəhərin elmi həyatı “Mamun akademiyası” ətrafında cəmlənmişdir. Bir sıra məşhur alimlər, o cümlədən Əbu-Royhan əl-Biruni, Əbu-Sahil əl-Məsihi, Əbu-l-Xeyr əl-Xəmmar və Əbu-Nasr əl-Ərrak da burada toplaşırdılar.

İbn Sina Gürgan dövründə, yəni 1012-1014-cü illər ərzində “Həkimlik elmi kitabı” üzərində çalışmışdır.

Həyatının İsfahanda keçən son illəri (1024-1037) İbn Sina üçün çox məhsuldar olmuşdur. Buna əmirin İbn Sinaya böyük diqqəti də təsir etmişdir. Məhz burada o, özünün ensiklopedik “Şəfa kitabı”nı tamamlamışdır və aşağıdakı fəlsəfi əsərlərini yazmışdır: “Xilsa kitabı”, “Bilik kitabı”, “Göstərişlər və qeydlər kitabı”, “Şərq fəlsəfəsi”, “Ədalətli təhqiqat kitabı”.

İbn Sina, hər şeydən əvvəl tədqiqatçı ruhu ilə yaşayan, öz dövründə mövcud olan bütün elm sahələrində ensiklopedik bilik qazanmağa cəhd edən alim idi.

İbn Sina zəngin müşahidəçilik qabiliyyəti, fenomenal yaddaşı və fikrinin itiliyi ilə fərqlənirdi.

İbn Sina olduqca tükənməz iş qabiliyyətinə malik idi, gecə və gündüz, istənilən şəraitdə - evdə, müvəqqəti dayanacaqda, düşmənlərindən və casuslardan gizlənəndə, həbsxanada, səfərdə, hətta, hərbi yürüşlərdə yazırdı. Məhz bu səbəbdən də onun meydanda 276 əsəri var.

İbn Sina əsərlərinin çoxunu ərəb dilində yazırdı. Onun ədəbi irsi təkcə təbiət elmləri və fəlsəfi traktatlardan ibarət deyildi, o, həm də şeirlər yazırdı.

Onun elmi əsərləri içərisində “Həkimlik elmi kitabı” mühüm yer tutur. Beş kitabdan ibarət olan bu fundamental əsərdə İbn Sina özünün dövrünə qədər toplanmış tibbi bilikləri və praktiki həkim kimi təcrübələrini sistemləşdirmişdir. Bu əsər, hətta XVII əsrə qədər Avropada təbabət sahəsində əsas kitab sayılmışdır.

İbn Sinanın “Həkimlik elmi kitabı”nın yalnız mündəricatını oxumaq kifayətdir ki, onun dahiliyi qəbul olunsun. Təbabətə aid bu qədər müfəssəl biliklərə malik olmaq, üstəlik, flora və faunaya aid olduqca zəngin məlumat sahibi olmaq bir insan üçün ağlasığmazdır, əlçatmazdır.

Türk mənşəli olan İbn Sina dari dilində yazıb yaratmışdır.

İbn Sinanın təbiət elmlərinə dair görüşləri “Şəfa” və “Nicat” əsərlərində, habelə bəzi risalələrində öz əksini tapmışdır.

İbn Sina bütün əsərlərində əxlaq məsələlərinə əhəmiyyətli yer ayırmışdır. Əxlaqi məsələlərdə o, öz əxlaqi və metafizik (mənəvi) baxışlarını islam dini ilə uzlaşdırmağa çalışırdı.

İbn Sinanın fikrincə, xeyir şərdən çoxdur, şər xeyirə olan ehtiyacdan doğur. Hissi ləzzət bir xülyadır, əsl ləzzət mənəvi ləzzətdir, ariflər mənəvi ləzzət sayəsində səadətə qovuşurlar.

İbn Sinaya görə, peyğəmbərlər aləmdəkilərdən ən üstün olan şəxsiyyətlərdir. Peyğəmbərlər möcüzə göstərmək qabiliyyətinə və mələklərlə əlaqə saxlamağa qabildirlər.

İbn Sina yazırdı: “Məlum olduğu kimi, insan digər canlılardan onunla fərqlənir ki, əgər o, tək qalsa və xüsusi yaşasa öz işini, vacib tələbatlarını yerinə yetirmək üçün ona kömək edən olmadan görsə, xoşbəxt yaşaya bilməz”.

İbn Sina hesab edirdi ki, xoşbəxt ailə həyatı üçün başlıca məsuliyyət evin böyüyünün – atanın üzərinə düşür.

İbn Sina uşaqların tərbiyəsinə, daha dəqiq desək, oğlanın ata və pedaqoq tərəfindən tərbiyəsinə çox böyük diqqət yetirir.

İbn Sina qeyd edir ki, kimisə idarə etməyə başlamazdan əvvəl insan öz-özünü idarə etməyi öyrənməlidir. İnsan özünü tənqidi müşahidə etməyi bacarmalı, özünün bütün qüsurlarını mütləq olaraq müəyyən etməlidir. Belə özünü analizdə kifayət qədər obyektivlik çətin olduğundan insan yaxın dostunun köməyinə söykənə bilər. Sədaqətli dost insanın yaxşı və pis xüsusiyyətlərini deyə bilər ki, bu da pis xüsusiyyətləri aradan qaldırmağa kömək edər.

İnsan özündə dörd şeyi tərbiyə etməlidir: təmkinlilik, cəsarətlilik, müdriklik və ədalətlilik.

Şərq dünyası onu “əş-Şeyx” – Müdrik, Mənəvi Rəhbər və ya “ər-Rəis” – Başçı, Hökmdar adlandırır.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-08-31   44106