NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - SONSUZ

              

İstədim öyrənəm sirli dünyanı,

Dünyanın açılmaz sirləri sonsuz.

Kaş onu görəydik hiylə, oyunsuz,

Nə fayda, hiyləsi, oyunu sonsuz.

 

Bir yanda tayfunlar, fırtınalar var,

Bir yanda minillik nəhəng buzlaqlar.

Bir yanda közərmiş qumlu səhralar,

Dünyanın özünün bölgüsü sonsuz.

                             

Bir yanda güllərin min bir rəngi var,

Bir yanda göz oxşar meyvəli bağlar.

Bir yanda bəhərsiz, bomboz səhralar,

Dünyanın görünən ahəngi sonsuz.

 

Dünya ki var, bir imtahan meydanı,            

Sınaqları çox haqlayır insanı.

Hər kəs üçün gerçək etməz arzunu,

Arzunun xəyala dönməsi sonsuz.

 

Biri başqasının haqqını yeyir,

Biri başqasını nahaqdan döyür.

İşə bax, haqlını haqsızlar söyür,

Dünyanın haqsızlıq hüdudu sonsuz.

 

Ataya, anaya sayğılar itir,

Nədən övladlara qayğılar itir.

Nədən bu harayım cahana yetmir,

Bəlkə də, səsimin ünvanı sonsuz.

 

Bu qoca dünyamız necə dəyişmiş,

Sevgi ocağının közü sönərmiş.

İnsanın qiyməti nə ucuz olmuş,

Belə ucuzluğun davamı sonsuz.

              

Naməlum cənnətin yolu bilinməz,

Yaxşılıq edərsən, izin silinməz.

Bir kəsi sevməyən insan sevilməz,

İnsanı sevənin cənnəti sonsuz.

 

Bir yerdə inəklər müqəddəsləşib,

Bir yerin bütləri ilahiləşib.

Min yerdə insanlar “Allahım!” deyib,

Dünyanın beləcə inancı sonsuz.

 

Bilin ki, cahanın bir Allahı var,

Dünyanın hər sirri ona aşikar.

Tanrıya sığınan arzuya çatar,

Odur ki, Tanrıya inamım sonsuz.

 

Mən Vaqifəm, zərrə-zərrə ucaldım,

Bu dünyada yaxşılıqdan güc aldım.

Yamanlıqdan yaman erkən qocaldım,

Dünyanın yamanı nə yaman sonsuz.

2015-11-30   35728