NKPI

Maraqlı Məlumatlar

İmişli rayonu

 

Muğan düzü, Kür - Araz ovalığında yerləşən İmişli rayonu 1930-cu ildə yaradılaraq Qaradonlu adlanırdı. 1938-ci ildə rayon mərkəzi İmişli kəndinə köçürülmüşdür. Həmin vaxtdan da rayon İmişli adlanır. Bakıdan məsafəsi 230 km, inzibati mərkəzi İmişli şəhəri, sahəsi 1820 km2-dir.

İmişli sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bu adın bu ərazidə yaşamış qədim “imaşlı” tayfalarının adı ilə bağlı olduğu bildirilir.

Relyefi

Kür - Araz ovalığında, Mil düzünün şimal, Muğan düzünün qərb hissəsində yerləşir. İmişli rayonu ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır. Ərazisinin xeyli hissəsi dəniz səviyyəsindən aşağıdadır.

Geoloji quruluşu

Ərazinin geoloji quruluşunda  Antropogen çöküntüləri nisbətən geniş yayılmışdır.

Çayları və su hövzələri

Rayonun şimal sərhədi boyu Kür, mərkəzi hissəsindən Araz çayı axır. Sarısu gölünün çox hissəsi İmişli ərazisindədir.

Landşaftları və bioloji müxtəlifliyi

Əsasən, yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi yayılmışdır. Əsas bitki örtüyü yovşan və şorangə formasiyasından ibarət yarımsəhra tiplidir. Meşə sahəsi qovaq, qaragac, tut, adi nar, yemişan, itburnu, yulğun kimi ağac və kollardan ibarətdir.

Ərazi özünəməxsus heyvanlar aləminə malikdir. Burada qaban, canavar, adi  tülkü, boz dovşan, ceyrana çox rast gəlinir. Xırda məməlilər, əsasən, qumsiçanı ilə təmsil olunmuşdur. Quşlardan turac, qırqovul, qaraqarın bağrıqara, bəzgək və dovdaq daha çoxdur.

Arxeoloji abidələri

Qızılkənd kəndində Tunc və Dəmir Dövrlərinə aid Yedditəpə kurqanı.

Tarixi - mədəni abidələri

Qızılkənd kəndində orta əsrlərə aid Qızıltəpə yaşayış yeri. Aranlı kəndində orta əsrlərə aid Abıştəpə yaşayış yeri. Qaradonlu kəndində IX - XIII əsrlərə aid yaşayış yeri.

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-12-03   36829